Birinci hissəni burdan oxuyun
...Tərlan şustryak olub. Həddən artıq əfəl olmaqla yanaşı, əldən də təmiz deyildi. Arabir barakda oğurluqla məşğul olurdu. "Oğrudan oğruya halaldır" məsəli azadlıqda keçir, zonda isə məhbusun məhbusdan oğurluq etməsi qəbahət sayılır. Bu cür "oğru"ya "krısa" damğası vurulur. Belələrini oğurluq başında tutarlarsa, müxtəlif yollarla cəzalandırırlar. Vay o gündən ki, oğru əfəl, maymaq ola - Tərlan kimi. Onu bir neçə dəfə "tutmuşdular" və cəzalandırmaq məqsədilə sözarası deyiblər ki, sən artıq üzdəniraqsan.
Tərlan and-aman edir ki, belə işə yol verməmişəm. Nə faydası, artıq söz deyilmişdi və sözü deyən fikrini əsaslandırmalıydı. "Peçnik"i (zonlarda məhbuslar arasında xüsusi adamlar seçilirdi ki, onlar məhbusun üzdəniraq olub-olmamasını müəyyənləşdirməklə məşğul olardılar, həmin şəxslər "peçnik" adlandırılırdı) çağırırlar. O, Tərlanı "promzon"un xəlvət bir guşəsinə çəkib soyunmasını təklif edir.
Tərlan:
- Nə çün soyunmalıyam ki?..
"Peçnik":
- Baxım görüm sən həqiqətənmi üzdəniraqsan?
Tərlan sadəlövhcəsinə şalvarını aşağı çəkir (ümumiyyətlə, cinayət aləminin qaydalarına görə məhbusun gündəyməz yerini göstərməsi belə ona üzdəniraq damğası vurulmasına kifayət edir)…
Tərlan hər dəfə qapımı döyəndə çıxıb görürdüm ki, başını aşağı dikib yalvarıcı səslə soruşur:
- Ağakərim, bir tikə çürəgin (çörəyin) olmaz?
Onu qapıdan əliboş qaytarmazdım. Məhkumlara sutka ərzində norma üzrə bir ədəd çörək verilirdi. Çörək payımı iki, bəzən üç günə yeyib qurtarmırdım- adətən paxla, qreçka, makaron, hərdən bir xəngəl bişirərdim, çörəyə bir o qədər ehtiyacım qalmırdı. On gündə bir dəfə anam görüşümə gələrdi və gələndə bir neçə dağlı çörəyindən gətirərdi və bu vaxtlar üç-dörd gün çörək payımı almazdım. Normanın bir hissəsini Tərlana verirdim. "Promzon"dakı məktəb binasında bir otaq vermişdilər mənə, demək olar ki, gün ərzində otaqdan çıxmazdım (gündə iki dəfə səhər və axşam razvodu istisna olmaqla). Yaşayış zonasına yolum düşəndə Tərlan qarşıma qaçıb deyərdi:
- Ağa, bir paçka "Astra" al da, mənə.
Kömək etməyə çalışır, imkanım olanda ona siqaret alırdım. Onun mənə müraciət etməsi ənənə şəklini aldı. Sonralar gün ərzində çörək və siqaret üçün bir neçə nəfərə müraciət etdiyinin də şahidi oldum. Bu qədər çörəyi, siqareti nə etdiyi ilə maraqlandım. Demə, Tərlanın sakitliyi və maymaqlığından (sonra bu xüsusiyyətlər sırtıqlıqla əvəz olundu) istifadə edən qoluzorlu üzdəniraqlar onu dilənməyə göndərirmişlər…
...Mirzəli sakit, başıaşağı oğlan idi. Gündə iki-üç dəfə gələr, hər dəfə soruşardı:
- Nə iş görmək lazımdır?
Ona gah zibil atdırar, gah da məktəbin otaqlarını, dəhlizini süpürtdürərdim. Nə iş tapşırsaydıq, can-başla yerinə yetirərdi. B
ütün bunları bir paçka siqaret, bir atım quru çay və bir neçə qənd parçası almaq xətrinə edərdi. Amma çox vaxt verdiyim payı başqa üzdəniraqlar başından vurub əlindən alardılar. Hərdən ona yazığım gəlirdi, hərdən də nifrət edərdim.
Yazığım gəlirdi ona görə ki, cavan həyatını məhv etmişdilər.
Nifrətim isə özünü murdar kökə saldığına görə idi. Bir gün onun həyatı ilə maraqlandım. Danışmaq istəmədiyindən söhbətimi sual-cavab şəklində qurdum. Hər sözü elə bil kəlbətinlə çəkib çıxarırdım:
- Maddən nədir?
- Fərarilik. Gürcüstanda stroybatda qulluq edirdim…, qaçdım…
- Niyə qaçmısan ordudan?
- Pis baxırdılar bizə.
- Pis deyəndə nəyi nəzərdə tutursan?
- Ac qalırdım, hamam nə olduğunu bilmirdim, yatmağa yerim yox idi. Rotaya gələn günü təzə paltar vermişdilər. Elə birinci gecə oğurladılar. Komandirim Siçinavaya dedim. "Canın çıxaydı, paltarını qoruyub saxlayaydın" cavabını aldım.
- Yenisini vermədilər?
- Kim verəcəkdi ki? Satırdılar, almağa pulum olmadı.
Valideynlərimə xəbər göndərdim, soraq çıxmadı. Axı onlar çox kasıbdırlar...
- Sonrası nə oldu?
- Bax, bu əynimdəkiləri görürsən, onlar kimi idi paltarlar, geyinməyə məcbur oldum. Elə o vaxt da indikindən fərqlənmirdi. Axşamacan işləyir, günlərlə ac qalırdım. Xəstələndim, əhəmiyyət verən olmadı. Hər addımda təhqirlərə məruz qalırdım, söyüşlərlə üzləşirdim, hər gün döyürdülər məni...
- Evə buna görəmi qaçdın?
- Hər ay əsgərin neçəsini evə buraxırdılar, bir Allah bilir. Komandirə dedim, məni də buraxsın. İcazə vermədi, qaçdım. Bir neçə gün dincimi almaq, çörək yemək istəyirdim. Altı gündən sonra gəlib məni apardılar. "Cinayət işi"ni açmamaq üçün 500 rubl tələb etdilər. Atam düzəldib verə bilmədi. Məni hərbi prokurorluğa təhvil verdilər. Yeddi il iş aldım.
- Necə oldu üzdəniraqların içinə düşdün?
- Mirəli məni korladı.
- Başa düşmədim.
- Kamerada şkonkalarımız yanbayan idi. Gecə yuxudaykən ayağını belimə çıxarıbmış. Uşaqlardan kimsə görüb, xəbərçilik etmişdi...
- Bu hərəkətə görə səni "petux" adlandırmaq düzgün idimi?
- Əlbəttə ki, yox! Əslində heç nə olmamışdı. Nə edəydim, özümü müdafiə edə bilmədim. Kamera yoldaşlarım əleyhimə çıxdılar. Bax, beləcə "petux" adı üstümdə qaldı…
...Maraqlıdır ki, Cinayət Məcəlləsinin 109-cu maddəsi ("Zorlama") ilə həbsə alınıb azadlıqdan məhrum edilənlərin bəziləri "namus"larını qoruya bilirlər. Zonlara getməyə qorxur, yaxşı halda istintaq təcridxanasında təsərrüfat işləriylə məşğul olmağı üstün tuturlar. Zənnimcə, özündən zəif məxluqla, xüsusilə, azyaşlı qız uşaqlarına zorakılıq göstərərək onların namusuna təcavüz edənlərə qarşı ən ağır cəza tətbiq edilməlidir. Ən ağır cəza deyəndə Cinayət Məcəlləsində bu əməl üçün nəzərdə tutulmuş cəzanın ən yüksək həddini nəzərdə tuturam. Hərçənd bunu da (7 il) az sayıram...
Cəza çəkdiyim müəssisədə bir nəfər məhbusla söhbət yadıma düşdü. Cinayət Məcəlləsinin hansı maddəsi ilə mühakimə olunduğunu və neçə il cəza aldığını soruşdum. O, utanıb-çəkinmədən:
- 109-la altı il almışam - dedi.
- Heç utanmırsan maddəndən? Axı 109 kişi maddəsi deyil!
- Bilirsiniz, məni Cinayət Məcəlləsinin birdən-birə beş maddəsi ilə həbsə almışdılar.
- Hansı maddələrlə?
- 95 ("Qəsdən adamöldürmə"), 220 ("Qanunsuz silahgəzdirmə"), 226 ("Uyuşdurucu maddələrdən istifadəetmə"), 242 ("Fərarilik"), bir də 109.
- Necə oldu təkcə 109-la mühakimə etdilər?
- Müstəntiqə pul verib 220 ilə 226-nı üstümdən götürdük, hakimə "hörmət"dən sonra 95-lə 242-yə də xitam verildi.
Bunları eşidəndə hirsləndim və ona ağzımdan çıxanı dedim:
- Adını kişi qoymusan! Üstündən 109 kimi damğanı götürmək əvəzinə kişi maddələrinə xitam verilməsinə nail olmusan. İki-üç il artıq alaydın sroku, amma təmiz adla! Heç utanıb-qızarırsan, tutduğun əmələ görə xəcalət çəkirsən?
Başını aşağı salıb, özünü utanırmış kimi göstərərək dedi:
- Krasavçik, vallah, başa düşməmişəm...
"Başa düşməmişəm" dedi, yadıma başqa bir "üzdənirağ"ın söhbəti düşdü. O, danışırdı:
- Axmaqlığım ucbatından düşmüşəm "üzdəniraqlar" arasına. On altı yaşım tamam olmamışdı. Bir nəfərlə mübahisəm düşdü, bıçaqladım onu. Necə vurmuşdumsa, yerində keçinmişdi.
Gətirdilər məni polis şöbəsinə. İki-üç gün o qədər döydülər ki, dördüncü gün naradan dura bilmirdim. Sürüyə-sürüyə apardılar məni müstəntiqin yanına. Stulda oturdanda nadzor qolumdan tutmuşdu ki, yıxılmayım. Dedilər, bu kağıza qol çək. Qorxudan heç bilmədim nə kağız idi, qol çəkdim. Həmin anda özüm özümün ölüm hökmünə də qol çəkirdim. Sonra düz bir həftə dəymədilər mənə. Ağrılarım təzə keçmiş müstəntiqlə görüşə çıxartdılar. Bu dəfə o, mənimlə səmimi rəftar etdi:
- Hə igid, necəsən? - soruşdu.
- Yaxşıyam, - dedim.
- Adam öldürmüsən, işin fırıqdır, azı 10-12 il oturacaqsan srokda. Amma razılaşsan, statyanı dəyişib işini yüngülləşdirərəm.
- Nə etməliyəm?
- 109-la bir cinayət işi var, onu öz üzərinə götürməlisən.
- Mən nə bilim 109 nədir?
- Sən sənədə qol çəkmisən. Qalır onu bir daha təsdiq etməyin. Elə böyük iş deyil. Qətl hadisəsi törədəndən iki gün əvvəl sən bir qadınla intim əlaqədə olmusan.
Açığı, intim əlaqə nə olduğunu da bilmirdim, müstəntiq mənə bunun mənasını "başa" saldı. Hətta dedi ki, sən qadınla olub kişiləşmisən. Mən axmaq, kütbeyin nə biləydim ki, bu nə "torba"dır tikiblər mənim üçün. Razılaşdım. 95 və 109-la məhkəməm oldu. Altı il iş verib göndərdilər maloletkaya. Zona gələn günü (onu da deyim ki, məni Bayıla göndərməmişdilər, Şəhər Polis İdarəsinin podvalından birbaşa kolona yatab elədilər) bir neçə məhkum düşdü üstümə. Əvvəlcə döydülər, sonra zorladılar. Həmin gündən mən dönüb oldum "petux".
18 yaşımın tamamında dedilər məni böyüklər üçün zona köçürürlər. Sevinirdim ki, canım işgəncələrdən qurtaracaq, çünki hər gün əzab-əziyyət verirdilər maloletkada. Əsl işgəncə, əzab-əziyyət maloletkadadır. Orada elə bil uşaqlar deyil, vəhşilər cəza çəkirdi. Hərdən deyirlər, maloletkada qayda-qanun var. Yalandır! Qayda-qanun üzdədir, məhbuslar arasındakı münasibətlər dəhşətdir. Allah heç kimə göstərməsin mənim gördüklərimi…
… İnanın ki, hər dəfə müstəntiq tərəfindən aldandığımı yada salanda özümə, yaşadığım həyata nifrət edirəm. Nə isə... Yatab olundum zona. Fikirləşirdim burada yaxşı olar. Lakin burada da yaxşı heç nə görmədim. "Petux" idim, ona görə də atdılar məni "üzdəniraq"ların arasına. Zonda bir neçə it və pişik var, hərdən onların zondakı sərbəstliyinə qibtə edirəm. Onlara dəyib-dolaşan yoxdur. Mənim günüm it və pişiklərin günündən də pisdir. Hər gün Allaha yalvarıram ki, mənə ölüm yetirsin... Özümə qəsd etməyə cəsarətim çatmır...
"ÜZDƏNİRAQLAR"
...Əməliyyatçı Ş.Kərimov "üzdəniraq" Pərvizə "xüsusi" hörmətlə yanaşırdı. Bu da səbəbsiz deyildi.
İslah-əmək koloniyasında adətən "üzdəniraq"lar ayrı barakda yaşayırlar. Bəziləri istisna olmaqla. Məsələn, barəsində söz açdığımız Volodya kimi Pərviz də barakda yaşamırdı. Volodyadan fərqli olaraq konkret bir iş görmürdü. Qarajda özünə kiçik bir otaq düzəltmişdi və "başqa" "üzdəniraqlar" onun qulluğunda dururdular. Pərviz hətta "çort"lara (alçaldılmışların ayrıca dəstəsinə çert, yəni şeytan deyilir) da göstəriş verə bilirdi. Onun tapşırıqlarını can-başla yerinə yetirirdilər, çünki ondan çəkinirdilər. İstənilən vaxt Pərviz onları "ilişdirə" bilər, Ş.Kərimovun qarmağına keçirərdi...
...Kolonda iki dəfə (səhər və axşam) "razvod"a çıxırdıq. Adətim üzrə yoxlamaya 15-20 dəqiqə tez gəlir, uşaqlarla görüşür, söhbətləşirdim. Təzə məlumatlar əslində razvodda yayılırdı. Bir gün ləngidim və yoxlamanın başlanmasına göstəriş verilməsinə üç-dörd dəqiqə qalmış dəstəmizə qoşulmaq istədim. Ş.Kərimov bir neçə nəzarətçi ilə "vaxta"nın (promzonla yaşayış zonasına keçid postu) qarşısında durub gecikənləri kletkaya salır, bir sutkadan sonra günahının dərəcəsindən asılı olaraq cəza verirdi. Bu, üç sutka da ola bilərdi, beş-on sutka da. Əgər Ş.Kərimova bir üçlük, beşlik versən, canını qurtara bilərsən. Əməliyyatçı məni barmağı ilə göstərərək:
- Kletkaya keç! - dedi.
Dinməz kletkaya keçdim. (Onu da qeyd edim ki, kletka deyilən yer qəfəsi xatırladırdı. Razvoddan qayıdan məhbuslar qəfəsdə adamları görüb ayaq saxlayırdılar və zarafatla qəfəsi "zoopark" adlandırırdılar. Zənnimcə, türmədə insanların alçaldılmasının bir üsulu da "kletka əməliyyatı"dır.) Nə üçün kletkaya göndərildiyimi başa düşmədim. Oğrun-oğrun cibimdəki saatı çıxarıb baxdım. Yoxlamanın başlanmasına hələ iki dəqiqə qalırdı. Başıma əl gəzdirdim, tük yox idi, bir neçə gün əvvəl ülgüclə qırxdırmışdım. Üst-başıma diqqət yetirdim. Geyimim də tələblərə uyğun idi. Bəs təqsirim nəydi? Bunu bir azdan öyrənəcəkdim.
Yoxlama başa çatdı. Məni və bir neçə məhbusu doprixoda aparmaq istədilər. Nə yaxşı ki, müəssisə rəisinin müavini Qəhrəman müəllim vardı və nə yaxşı ki, o, insan adam idi. Məni çağırıb:
- Kimmə-kimə, sənə yoxlamaya gecikmək olmaz - dedi. Və əlavə etdi: - Gedin, çalışın, bir də gecikməyin.
Rəis müavininə təşəkkürümü bildirib otağıma qayıtdım. Gecikmədiyimi sübut etməyə cəhd göstərmədim. Çünki bütün hallarda əməliyyatçı "düz" deyəcəkdi. Məhkumlar azad cəmiyyətdən təcrid olunduqları kimi koloniyada öz fikirlərini bildirməkdən də məhrumdurlar. Buna təşəbbüs göstərəni cəzalandıra bilərlər, xərcə salarlar.
Əməliyyatçıya Pərviz kimilər lazım idi. Çünki belələri onun üçün gəlir mənbəyi idi. Pərvizə saat da saxlamaq olardı, radio dinləmək də, yoxlamaya gecikmək də!
Hər gün yoxlamalara beş-on dəqiqə gecikən Pərvizə heç kim bir söz demirdi. Bir əli cibində, bir əlində siqaret razvoda gələr, saymazyana dəstəyə yaxınlaşardı (maraqlı burasındaydı ki, Pərviz "üzdəniraq" ların dəstəsində durmaq əvəzinə, məlumat toplamaq məqsədilə tamam başqa dəstəyə təhkim olunmuşdu).
Pərviz kimilərin arasında Salam adlı birisi də vardı - "üzdəniraq"ların "mama"sı. Promzonda şef kimi gəzirdi. Ona yaxın "üzdəniraq"ların birindən belə bir hadisə eşitmişdim:
Salam bir qadınla gəzirmiş. Qadın heç nədən korluq çəkməyə qoymurmuş oynaşını. Salam ona çörək verən qadının azyaşlı qızına "girişir" və arvad evdə olmayanda ona təcavüz edərək bakirəliyini pozur. Hadisəni eşidən qadın Salamı öz əliylə polisə təhvil verir.
Məhkəmə Salamı səkkiz il müddətinə azadlıqdan məhrum edir. "Qəhrəman" Bayıl istintaq təcridxanasında məhbusların haqlı cəzasından özünü qoruya bilir. Lakin qadın intiqamı daha ağır olur. Zona gələn Salamı "petux"a çevirtdirir. Həmin gündən onun gününü qara edirlər. Salam "petux"laşandan sonra "üzdəniraq"ların dəstəsinə qoşulur. "Böyüyənə", yəni baş petux olana qədər hər cür təcavüzə məruz qalır.