Bu gün mərhum yazıçı və tənqidçi Məsud Əlioğlunun anım günüdür. Kulis.az bu münasibətlə Azər Turanın ona həsr etdiyi “Eşq və kədər yağmuru” yazısını təqdim edir.
Maqnitofon lentində Məsud Əlioğlunun səsi eşidilir. Ürpənərək bu səsi dinləyir və bilirəm ki, 1969-cu ilin o əlçatmaz 10 oktyabr günündə mən də onun yanındayam. Altı yaşım var. Vüqarlı duruşuna, şahanə qamətinə baxıram, yəqin ki, həm də heyrətlə, təəccüblə baxıram. Cazibədar səsini və bu duru, şaqraq səslə söylədiyi sözlərini dinləyirəm. Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin, Hadinin adlarını və onların şeirlərini ilk dəfə o gün, Məsud Əlioğlunun dilindən eşitdim və həmin sözlər - "Arkadaşlar, şu parlayan günəşin, / feyzi birdir cahanda hər kəs için", yaxud, "Ucundadır dilimin həqiqətin böyüyü, nə qoydular deyəlim, nə kəsdilər dilimi", yaxud, "Mən solmalıyam, taki açılsın da baharım, / Mən ölmədən əvvəl vətənim oldu məzarım..." - altı yaşımdan etibarən beləcə yaddaşıma sancılıb qaldı. Ancaq Məsud Əlioğlu həmin şeirləri söyləyərkən daha nələr deyib - o sözləri mən indi lent yazısındakı səsin hesabına bilirəm. 1969-cu ildir. Təfəkkürün azad uçuşuna baxın: "Ürək yandığı, beyin qandığı, insan inandığı, eşq cağlandığı anda gözəldir... Mən istəyirəm bu ziyarətgahın ən böyük şəxsiyyəti Əli bəy Hüseynzadənin şeirindən ayrılaq burdan… İnsan ziyarətgah yaradan olsa, onu Salyanda da yaradar, Qarabağda da yaradar. Ziyarətgah yaratmaq duğusunu Allah bizi yox eləməmək məqsədi ilə qoyub qəlbimizə ki, onu da ayrı-ayrı adamlar saxlayır…" Demək ki, əsas olan, "ziyarətgah yaratmaq duyğusu"ymuş… Əsas olan hali-vətəni anlamaqmış... Yazdıqları bir yana, hətta Məsud Əlioğlunun dalğalı və sanki qeybdən gəlirmiş kimi eşidilən səsində Cavid barədə söhbətlər dinləmək bütün ömrü boyu adamı Cavidlə ruh simsarı edərmiş. Məsələn, məni, hələ oxuyub-yazmağı bilmədiyim həmin o altı yaşımdaykən, Cavidə, Əli bəy Hüseynzadəyə və Məhəmməd Hadiyə bağlayan ilk səbəb Məsud Əlioğlunun vəsf etdiyi "həyatın ruhu olan ümid", "şu parlayan günəş" və bir də "Hali-Vətən" oldu...
Onda Məsud Əlioğlunun qırx bir, mənim isə altı yaşım vardı. İndi mən əbədiyyən qırx dörd yaşında qalacaq Məsud Əlioğludan on bir yaş böyüyəm. Və "Ədəbiyyat qəzeti"ndəki iş otağımın divarından yanaşı asdığım fotoşəkillərdən - Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin və Məhəmməd Hadinin rəsmlərindən ətrafa dalğalanan sükutun qoynunda Məsud Əlioğlu barədə yazıram.
Azərbaycanda ədəbiyyat senzoru, fikir yasaqları dövründə şifahi söhbətlər şəklində izhar olunmuş gizli bir ədəbiyyat mərhələsi də mövcud olub. Məsələn, mən bilirəm ki, Şəhriyarın adını Azərbaycanda fikir dövriyyəsinə qatanların ən fədakarı Məsud Əlioğludur. İndi atamdan mənə qalan əmanətlər içində "Heydərbabaya salam"ın Məsud Əlioğlunun oxusundan keçib göy qələmlə redaktə olunmuş nadir nüsxəsi də var...
Azərbaycanda kağıza yazılmamış, kitablara ötürülməmiş nə qədər ədəbi mətnlər var. Bu mənada maqnitofon lentinin yaddaşına dalıb, Məsud Əlioğluya məxsus kədərli bir mətnə rast gəlmək gözlənilməz deyil. Məsələn, belə bir mətnə:
"Tale insana cəza verəndə də, nəşə verəndə də, zövq verəndə də, səadət verəndə də onu cəzalandırır. Lakin ən böyük cəzanı, Allah onda insana verir ki, dostları bir-birinə verir: görün kim kimi, kim kimdən nə qədər çox sevəcək, kim kimə nə qədər sadiq olacaqdır? Bu özü də Allah tərəfindən verilmiş cəzadır. Məhəbbət cəzası! Məcnun da bu cəzanı çəkib, Fərhad da! Biz xoşbəxtik ki, bu gün də məhəbbət cəzasına mübtəlayıq. Necə ki, eşq tanrımız, şeir tanrımız deyib: "Ya Rəbb... Bəlayi-eşqdən etmə cüda məni". Mən deyirəm, deyəcəyəm, nə qədər nəfəsim var deyəcəyəm, nəfəsim çıxandan sonra da deyəcəm: yaşasın bizim qardaşlıq, dostluq təriqətindən əmələ gələn vəhdət məhəbbəti!"
Miqyaslı yaradıcılığı, çırpınan ağrısı, davamlı iztirabı və işıqlı, ahəngdar üslubu ilə sanki fikir həyatımızın qeybinə çəkilmiş Məsud Əlioğlunun aşıb-daşan, firavan səsini qeybin sədası kimi dinləyirəm. Taleyə, bəlayi-eşqə, cəfaya, cəzaya, vəhdət təriqətinə doğru baş alıb gedən o səsin sahibində ruhani bir hal vardı ki, Məsud Əlioğlu həmin halın həm zahidiydi, həm də rindi. O, həm "Leyli və Məcnun" poemasını əzbər bilirdi, həm də "Koroğlu" operasını. Söhbət zamanı "Koroğlu" operasından Çənlibel xorunu necə "sitat" gətirməsinin şahidiyəm. Maqnitofon lenti də buna şahidlik edir.
Məsud Əlioğlunun Cavidə münasibətinin cazibədar çevrəsində dərvişanə bir hal cərəyan edirdi. O, "Şeyx Sənan"ı "Şeyx Sənan"ın, "İblis"i "İblis"in, "Topal Teymur"u "Topal Teymur"un, "Peyğəmbər"i "Peyğəmbər"in personajlarından biri kimi, yəni sanki bu əsərlərin içindən çıxıb gəlmiş biri kimi təhlil edirdi. Və o da çox dəyərlidir ki, 1956-cı ildən - bəraətdən sonra Azərbaycan ədəbiyatşünaslığının Cavid irsinə yönəlməsi Məsud Əilioğlunun "Məhəbbətin qüdrəti" məqaləsi ilə başlanırdı.
Düşündüklərini yazan, yazmadıqlarını danışan Məsud Əlioğlu Azərbaycan filologiyasında enerji axınını hərəkətə gətirir, ədəbiyyatın ruhunda böyük təfəkkürün ehya tapmasını, diri qalmasını təmin edirdi. Yazılarından, kitablarından bildiyim Məsud Əlioğlu realist ədəbiyyatda atalar və oğullar problemini araşdırırdı, məslək qardaşları adlandırdığı Mirzə Cəlili və Sabiri, Dədə Qorqud və Koroğlunu, Mirzə Fətəli və Üzeyir Hacıbəylini tədqiq edirdi. Lent yazısından anlaşılan isə bir də bu: o, həm Hz. Əlinin, həm də Sartrın heyranıymış...
Füzulinin divardan asılmış araxçınlı şəkli önündə dayanıb ona "eşq tanrısı" deyə təzim edən Məsud Əlioğlu Füzulinin "səsdən sözə, sözdən fikrə və əqidəyə çevrilən, mənəvi həyatın bütün zənginliyini fəth edən ruhu"ndan yazırdı. 1960-cı illərin ədəbi mühitindənki dissident ovqat barədə kifayət qədər aydın təsəvvür yaradan "Füzulinin kədəri" essesi, sadəcə, bir ədəbiyyatşünaslıq yazısı deyil, həm də "bir ədəbiyyat filosofu"nun (Nizami Cəfərov) cəmiyyət və şəxsiyyət barədə fəlsəfi düşüncələrdən doğulmuş iztirablarının izharıydı: "Fərdin azadlığı yoxdursa, cəmiyyətin azadlığı ağlasığmazdır… Şəxsiyyətin fikrən və ruhən ucalması, özünəlayiq ehtiram qazanması naminə azadlıq zərurətdir. Bu zərurət uydurma qanunlar, süni ehkamlar…tərəfindən rədd edildikdə mənəvi böhranın və ruhi sıxıntının ən şiddətli halı - kədər yaranır…"
Bu böyük kədər Füzulinin, əslində isə əsarətdə olan millətimizin kədəriydi və 1960-cı illərdə cavan bir ədəbiyyat alimi onu izhar edir, qurtuluş yolunu isə belə nişan verirdi: "Şəxsiyyət o halda kamilləşə bilər ki, insana zidd və təbiətə əks qüvvələri ağlın və qəlbin sakin olduğu bütün sahələrdən çıxara bilsin. Yaşamağa o şəxsiyyətlər layiqdirlər ki, dövrana qarşı müxalifdirlər və donuq, ölgün ehkamlara müti deyillər…"
Məsud Əlioğlu Azərbaycan ədəbiyyatşünaslığının qumsallığına eşq və kədər yağmuru kimi yağdı.