Dünyanı fəth edən üç azərbaycanlı

Dünyanı fəth edən üç azərbaycanlı
6 oktyabr 2022
# 11:00

Kulis.az ədəbiyyatşünas Azər Turanın “Şuşa estetikası" silsiləsindən 3 yazı”sını təqdim edir.

Toğrul Nərimanbəyovun Şuşası

Toğrul Nərimanbəyov fərqli mövzularda çəkirdi. Amma palitrasının estetik kompleksi - sənət landşaftı Azərbaycan idi. Mənzərələriylə, xarakterləriylə, narlarıyla, mifləri, muğamı ilə Azərbaycan... Bu mənada o, "Mənim Azərbaycanım" silsiləsini bütün həyatı boyu yaratdı. Onun kökləri dərində - miflərdə, muğamlardaydı... Hətta bütün yaradıcılığını simvolizə edən nar təsvirləri də cənnətin əlamətiydi.

Nərimanbəyovun son böyük əsəri olan "Şuşa" tablosunun kompozisiyasında Gövhər Ağa məscidinin minarələri də, mavi və romantik səma da, güllər də, nar ağacı da, Qarabağ atları və dəvələr də, mələklər də, muğam da, xarıbülbül də, ağ atın tərkində göylərə səfər edən ixtiyar da, göyüzündən söylənən dua da - ərzdən-ərşə hər şey ruhsal axış içindədir.

Şuşanın mavi göyləri ilə Şuşa bəylərinin göy libası və tünd mavi Şuşa atlarının, yaxud göydəki mələklərlə, yerdəki qızların rəng vəhdəti, ornamentallığın harmoniyası Şuşanı rəmzləndirir. Toğrulun yaratdığı Şuşa sakraldır. Tablodakı Şuşa göyüzündən Yerə emanasiya etməkdədir. Bu romantik tablo işğal dövründə - 2010-cu ildə çəkilib. Mələklər Toğrulun əsərlərində ilk dəfə belə geniş vüsətlə "Şuşa" tablosunda zühur edir, Toğrulun Şuşasına, yaxud rəssamın Şuşa ilə bağlı təsəvvürlərinə metafizik bir ahəng verir. Tabloda rənglər qamması qeyri-adi harmoniya yaradıb. Bütün detallar rənglərin kədərli burulğanı, yaxud dalğavarı axışı ilə həmahəngdir. Qəribədir, görəsən, rəssam o zaman hələ işğal altında olan Şuşaya bu qədər işıq effektini, sayrışan işıq selini necə yerləşdirə bilib. Özü də bunu bir anda və işıq sürəti ilə edib. Onun rəssamlıqda işıqla bağlı fərqli və fərdi konsepsiyası vardı: "Tez yaranan işıq çox süst və ekspressiyadan uzaq bir şeydir... Rəngkarlıqda həmişə zülmətdən işığa çıxmalısan". Nərimanbəyovun bir rəssam olaraq özünün işıq və günəş konsepsiyası var idi və bunu gənclik illərində yazdığı bir şeirdə dəqiq ifadə etmişdi: "İşıqdan qaralıb, Günəş ətirli Qız qalası"... Amma "Şuşa" tablosunda Toğrul o işığı zülmətdən - işğaldan çıxarıb Şuşanın belə əsrarəngiz, ekspressiv təsviri ilə əbədiləşdirdi. Dediyim kimi, Nərimanbəyov "Şuşa" tablosunu böyük zəfərdən əvvəl yaratmışdı. Şuşa azad olunanda isə rəssam həyatda deyildi. Amma bu tablosu ilə o, hələ neçə il əvvəl böyük zəfərimizin ən estet və ən işıqlı mənzərəsini yarada bilmişdi. Nərimanbəyov deyirdi ki, "Şuşa bizim möcüzəmizdir. Əminəm ki, gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq. Mənim atam Şuşada doğulub. O, Fransada, Tuluz şəhərində təhsil alıb. Sonra Azərbaycana qayıdıb. 1937-ci ildə repressiya qurbanı olub. Şuşaya qonaq kimi getmərəm, oranın sahibi kimi gedəcəyəm. Axı ora bizim torpağımızdır. Şuşa bizimdir. Şuşa qaytarılsa gedib orada yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram...".

Toğrul Nərimanbəyov obrazlı düşüncə tərzi ilə bənzərsiz rəssam idi. Onun şairanə emosiyaları sona qədər qocalmadı... O, təsviri sənətin şairi idi. "Gərək cizgilərin, boyaların şairi olasan" - belə düşünürdü Toğrul Nərimanbəyov.

Həm də vokalist idi. "Rəssam olmasaydım, volkalist olardım" demişdi. Hətta 1950-ci ildə Litva Dövlət Rəssamlıq İnstitutunda təhsil alarkən paralel olaraq Vilnüs Konservatoriyasında vokal sənətinin də sirlərini öyrənmişdi. Yesenin demişkən, "Əgər oxumursansa, deməli, şuşalı deyilsən".

Təkcə yaradıcılıq deyil, həm də tale baxımından Toğrul Nərimanbəyov iki dünyanın rəssamıydı. O, gözəl fransız qızı İrman Lye Rude ilə azərbaycanlı Fərmanın sevgisindən yaranmışdı. İrman Lye Rude ərinin vətənində - Azərbaycanda, Toğrul Nərimanbəyov isə anasının vətənində - Fransada torpağa tapşırıldı...

Xalçaşünaslığın bibliyasını yaradan Lətif Kərimov

1983-cü ildə Londonda IV Ümumdünya Şərq Xalçaları konfransı keçirilirdi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 600 xalçaşünas alimin, rəssamın, xalça kompaniyaları başçılarının qatıldığı həmin konfransda SSRİ nümayəndə heyətinə Lətif Kərimov rəhbərlik edirdi və Lətif Kərimov həmin konfransda Şuşa xalçaları haqqında məruzə etmişdi. Böyük maraqla dinlənilən məruzəsində Lətif Kərimov Şuşanın tarixinə də toxunur, şəhərin qurucusu Pənah xan haqqında məlumat verir, eləcə də xatırladırdı ki, Şuşaya xeyli sonralar gəlmiş ermənilər xovlu və xovsuz xalça texnikasını azərbaycanlı xalçaçılardan öyrənmişlər. Konfransda Lətif Kərimov 1886-cı ildə Şuşada olmuş gürcü müəllifi Zevgenidzenin sözlərini də xatırlatmışdı: "Demək olar ki, bütün xalçalar azərbaycanlı ailəsində istehsal olunur. Ermənilər xalça toxumağı onlardan öyrənməlidirlər".

1983-cü ildə Londonda Beynəlxalq xalça konfransında dünya sənətşünaslığının parlaq imzaları - Amerikadan Çarlz Qrant Ellis, Con Tomson, Hamburqdan Azadi, Türkiyədən Orhan Atasoy, Nejat Diyarbəkirli, Macarıstandan Budapeşt Tətbiqi Sənət Muzeyinin direktoru doktor Qomboş iştirak edirdi və sovet nümayəndə heyətinin başçısı ən qədim sənət növünün Şuşada azərbaycanlı ustalar tərəfindən yaradıldığını gündəmə gətirməklə bir təfəfdən "Şuşa xalça məktəbi" istilahını ilk dəfə elmi dövriyyəyə buraxır, digər tərəfdən, sənətşünaslığa, dünya xalçaşünaslığına elmi-nəzəri baxımdan əsaslandırdığı "Azərbaycan xalçası" terminini gətirirdi. Sübut edirdi ki, dünya muzeylərində qorunan və əsasən, Qafqaz xalçası kimi ümumi ünvanla tanınan, yaxud "erməni xalçası" adı ilə təqdim olunan xalçaların böyük əksəriyyəti Azərbaycan xalçalarıdır. Lətif Kərimov bunu 1983-cü ildə Londonda Beynəlxalq Elmi Konfransda deyirdi və bir qayda olaraq, onunla mübahisə etmirdilər, çünki Lətif Kərimov dekorativ-tətbiqi sənət sahəsində dünyada qəbul edilən nadir nəzəriyyəçilərdən biri idi. "Azərbaycan xalçası" monoqrafiyası dünya tətbiqi incəsənət mütəxəssisləri tərəfindən xalçaşünaslığın bibliyası adlandırılırdı...

Fərhad Bədəlbəylinin gəncliyi - Lissabon fatehi

1960-cı illərin sonlarında 21 yaşlı Fərhad Bədəlbəylini "Lissabon fatehi" adlandırırdılar. Pianoçuların Lissabonda keçirilən Viana da Motta adına Beynəlxalq müsabiqəsində birinici yeri tutmuş və Aulu Maqnu Universitetinin akt zalında ona müsabiqənin diplomu təqdim olunmuşdu. Münsiflər Heyətini dünyanın ən görkəmli pianoçuları - fransız Jak Fevrye, italyan Aldo Çikkolini, isveçrəli Nikita Maqalov, portuqal Sikeyra Kostanın təmsil edildiyi müsabiqəyə iyirmi iki ölkədən altmış pianoçu qatılmışdı. Şopenin "Noktürn"ünü, Motsartın "Konsert"ini, Bethovenin "Solmajor"unu ifa edən Fərhad birinci yeri qazandı və bu, həm də Azərbaycan professional musiqi ifaçılığının dünyada ilk təqdimatı kimi tarixə düşdü.

Burda maraqlı bir məqam da var. Müsabiqədə münsiflər heyətinin başçısı impressario Kostanın həyat yoldaşı erməni Tatyana Aşot idi və həmin müsabiqədə azərbaycanlı pianoçu 1-ci, erməni pianoçu Ayvazyan isə 7-ci yeri tutmuşdu.

Qara Qarayev Fərhadın bu qələbəsini haqlı qələbə adlandrırdı. Çünki Qarayevə görə, "belə bir çətin müsabiqədə iştirak etmək ifaçıdan yüksək musiqi məharəti, təmkin, iradə, məqsəd aydınlığı və artistlik bacarığı tələb edirdi və 21 yaşlı Fərhad da sübut etdi ki, bu keyfiyyətlərin hamısı onda var".

Fərhad Bədəlbəyliyə qədər Bakını musiqi aləmində "fortepiano ucqarı" adlandırırdılar. 21 yaşlı Fərhad isə Beynəlxalq müsabiqədə birinci yeri qazanmaqla Bakını dünyanın fortepiano mərkəzlərindən birirnə çevirməyi bacardı. O, "Azərbaycan pionizmini dünya miqyasına çıxartdı" (Fikrət Əmirov).

Müsabiqədən bir il sonra Bədəlbəyli yenidən Portuqaliyaya dəvət olunmuşdu. Bu dəfə dünyanın ən güclü gənc pianoçusu Avropanın qədim mədəniyyət mərkəzində qastrol səfərindəydi və Portuqaliyanın müxtəlif konsert salonlarında izdiham qarşısında Motsartın "20 nömrəli konsert"ini, Sen-Sansın "2 nömrəli konsert"ini, Haydnın "Sonata"sını, Şumanın "Üç novella"sını, Skryabinin "Prelüdlər"ini, Raxmaninovun "Etüd"lərini, Bartokun "Sonata"sını, Şostakoviçin "Prelüd və fuqa"sını, Qara Qarayevin "Prelüd"lərini ifa edirdi. Hətta həmin günlərdə Lissabon televiziyası onun bu konsertini bütövlükdə nümayiş etdirdi.

Portuqaliya qəzetləri Fərhad Bədəlbəylini vəsf edir. "Sekulo" qəzeti yazırdı ki, "Fərhad Bədəlbəyli göstərdi ki, o, gözəl ifaçılıq imkanları olan əsl virtuozdur. Onun ifası mükəmməl texnikası, rəngarəngliyi və zənginliyi ilə seçilir... Biz dinləyiciyə yüksək zövq verən böyük ifaçı ilə qarşılaşdıq". Yaxud "Premeyro Janeyro" qəzeti: "Fərhad Bədəlbəyli gözəl interpretatordur. Onun ifa texnikası, temperamenti, əvəzsizdir. Fərhad əsl virtuozdur... Şopenin "Etüd" və "Prelüd"ünü çalmaqla Fərhad dinləyiciləri heyran qoydu".

Portuqaliyaya ikinci səfəri barədə elə o illərdə yazırdı ki, portuqaliyalıların, "Azərbaycan haqqında demək olar ki, təsəvvürləri yox idi. Çoxlu suallar verirdilər. Musiqimiz onları daha çox maraqlandırırdı. Qara Qarayevin prelüdlərini gurultulu alqışlarla qarşılayırdılar". Niyazinin "Rast", Fikrət Əmirovun "Kürd Ovşarı" simfonik muğamlarının vallarını Fərhad portuqaliyalı musiqiçilərə vermiş, onlar isə qulaq asıb heyran olduqlarını bildirmiş, "Azərbaycan professional musiqisinin belə yüksək səviyyədə olduğunu qətiyyən ağıllarına gətirmədiklərini" etiraf etmişdilər.

Fərhad Bədəlbəyli Azərbaycan pionizmini dünyanın dörd qitəsində, yer üzünün demək olar ki, bütün böyük şəhərlərində təmsil etmişdir. Zalsburqda Motsartın ev-muzeyində onun royalının şirmayı dillərini öpərək dahi bəstəkarın ruhuna və sənətinə təzim etmişdir. Lissabonda Portuqaliyanın əfsanəvi futbolçusu Eysebiyo "Lissabon fatehi"nin - 21 yaşlı azərbaycanlı pianoçunun uğurlarına şərik olmuşdur.

“Ədəbiyyat” qəzeti

# 3138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #