«Konseptual şeirlər» silsiləsindən
1.
Metronun «Elmlər Akademiyası» stansiyasında
perronda duran tələbə qız
basırıqda dəfələrlə tapdalanan, tozlanan
dikdaban tuflilərini
əyilib nəvazişlə,
həm də şirmayı barmaqlarının uclarıyla
sildi.
İçində bulunduğum vaqonun pəncərəsindən
seyr edirdim onu.
Sonra qız
elə həmin əliylə
alnında puçurlanan təri sildi
və şəstlə saçını geri atdı.
Həmin an ağlıma gəldi ki,
ona eşq elan edən oğlanın:
«Sənə sevgimi nəylə sübuta yetirim?» sualına
bu qız: «Gündə üç dəfə,
həm də hamının gözü qabağında əyilib,
çəkmələrimi sil» deyəcək hər halda.
Bir anlığa gözlərimin önünə gətirirəm
bütün evlilik həyatını dizləri üstə,
sürünərək keçirən o qoyun aşiqin gününü.
2.
Vaqondakı skamyada oturan və
baxışlarını tuflilərindən əsla ayırmayan
cavan oğlan
şalvarının arxa cibindən çıxartdığı dəsmalla
onsuz da parıldayan tuflilərini siləndən sonra
dəsmalı təkrar cibinə qoydu.
Yəqin sonradan çaşıb,
onunla üz-gözünü də
siləcəkdi.
3.
Metrodan çıxıb,
özünü çox, həm də çox bəyənmiş
bir rəisin qəbuluna yollandım.
Katibəsi məni
məhrəm adam saydığından:
«Keçin, şef içəridədir», - dedi.
Kabinetə girdim.
Rəis yerində deyildi,
hər halda arxa tərəfdəki dincəlmə otağına keçmişdi.
«Burada gözləyərəm» - deyə düşündüm.
Qəzetlərə baxmaqla bir az baş qatdım.
Az sonra
qonşu otaqdan zümzümə səsi və
hənirti eşitdim.
Həmin tərəfə baxanda
rəisin bərq vuran təptəzə tuflisini
bir tac misalı başına qoyaraq,
bədənnüma güzgünün önündə şelləndiyini gördüm…
və təkrar çaşdım.
4.
«Nərimanov» stansiyasında
basırıq vaqona dürtülməyə can atan çalsaç kişi
istəmədən
bir tələbənin nubuk mokasinini tapdaladı.
Oğlu yerindəki gəncə:
«Bağışla, bala, bilmədim» - dedi kişi.
Tələbə acıqla:
«Dayı, bu dünyada ancaq bilməyə nə isə verirlər.
Bilməməyə isə heç nə düşmür!» - deyib
çımxırdı ona.
Vaqondakı basırığa rəğmən,
oğlan bir neçə dəfə əyilib, tapdanmış ayaqqabısını süzdü.
Hətta adamlar nisbətən azalanda
bir kərə onu əliylə silməyə də nail oldu
və qanıqara halda başını yelləyib, durdu.
O axşam
telexəbərlərin «Kriminal şivən» bölümündə
həmin oğlanın fotosunu göstərib dedilər ki,
«İnşaatçılar» stansiyasının yaxınlığındakı
bir məhəllədə o,
atası yerində bir kişini bıçaqla düz üç kərə yortub.
Kişini «təcili yardım» gəlib aparsa da,
intensiv qanaxmadan yaralı yolda keçinib.
Oğlan cinayət motivi kimi polisə
ağsaqqalla sözlərinin çəpləşdiyini desə də,
mən bunun yalan olduğunu
həmin dəqiqə anladım.
Çünki mərhumun şəxsiyyət vəsiqəsi ekrana gələndə
o kişini tanımışdım.
Əsl səbəb – o lənətəgəlmiş mokasinlər idi!
Vaqonda səsləndirdiyi devizin
ziddinə gedən tələbə
«bilməyən» o kişiyə
nə isə veribmiş…
Yəni - ölüm!
5.
Bu nə maniyadır axı, belə?!
Yerlə, tozla, çamurla təmas edən ayaqqabılar
nə vaxtdan baş tacına çevrilib?!
Niyə onlar
başdan, üzdən, mənlikdən daha üstün olub
və gözümüzdə insandan
niyə bu qədər yüksəyə qalxıb görən?!
2013
facebook.com/azadyasharofficial