Darıxan prokurorun ağrıları...

Darıxan prokurorun ağrıları...
4 iyun 2015
# 15:58

Qan Turalının darıxan adamları

( “Doqquz hekayə” kitabı haqqında qeydlər)

Qan Turalının imzasını neçə vaxtdır izləyirəm. Aramızda yaş fərqi yüzün əlliyə nisbəti qədər olsa da, düşüncə tərzimizdə dərin fərqlilik olmayıb. Yəni, onun və yaşıdlarının dünyabaxışlarının böyük sürətlə gəlişməsi şəxsən məni tədirgin etməyib. “Renessans həsrəti” kitabımda bu barədə yazmışam da...

Tək bir məsələdə bu gənclə fikirlərimiz toqquşub: mən Qan Turalını fəlsəfədə, ədəbiyyatşünaslıqda daha yetənəkli bilmişəm, (oxuduğum esseləri də bunu təsdiqləyirdi) o isə özünü daha çox bədii ədəbiyyatda, daha dəqiqi bədii nəsrdə görürdü. Sonrakı dövr sübut etdi ki, o daha haqlıymış.

Qan Turalını “Çiyələkli gecənin pornoqrafiyası” adlı hekayəsi ilə tanımışam. Kim necə qəbul edib bilmirəm, amma o hekayə fərqli bir yazı tərzindən xəbər verirdi. Həm də o mətn deyirdi ki, hələ bu gənc qələm adamı axtarış mərhələsinin ilk pilləsindədir...

Həmin hekayə ilə “Mustafa” romanının arasında mən bu gəncin çoxlu sayda elmi-fəlsəfi esselərini oxudum. Və düşündüm ki, ədəbiyyatımıza yeni tənqidi təfəkkürə sahib biri gəlməkdədir. İsrarla bu fikrimi müdafiə etmədəykən, “Mustafa” meydana gəldi. Əgər özümün Qan Turalı yaşımı yadıma salsam, əslində “Mustafa” irəliyə atılmış addım idi. Amma mən hələ də öz fikrimdə qalmaqdaydım.

“Roman bumu” deyilən bir ifadənin müəlliflərinə çavab olaraq yazdığım, hansısa saytda yayımlanan və “Renessans həsrəti” kitabımda yer alan bir məqaləmdə bir neçə gəncin adlarını çəkmədən romanından danışmış və əslində onların müdafiəsinə qalxmışdım. O yazıda “Mustafa” da vardı.

Nəhayət, gələk son hadisəyə - Qan Turalının “Doqquz hekayə” kitabının üstünə. Mən “hadisə” sözünü elə-belə işlətmədim. Həqiqətən, çox da iri həcmli olmayan bu kitab, təkcə gənc yazıçının deyil, ədəbi ictimaiyyətimizin belə qəbul edəcəyi bir hadisəyə çevrildi. Bunun, yəni “hadisə” motivinin əlamətləri barədə. Birincisi, kitabın təqdimatı (1-cini nəzərdə tuturam) sözün həqiqi mənasında bir hadisə oldu. Bu qeyri-adi tədbirdə bir neçə yüz adam iştirak edirdi və təqdimatın baş tutduğu məkan – Gənc Tamaşaçılar Teatrının həyətində adam əlindən tərpənmək olmurdu.

İkinci “hadisə”ni mən kitabı oxumağa başlayanda duydum: kitabdakı hekayələr klassik hekayəçilikdən tamam fərqli bir üslubda yazılmışdı. Hekayələrdə, demək olar ki, hadisəçilik yox idi. Qəhrəmanlar, əsasən elitar adamlardır və müəllifin öz səviyyəsində danışırlar. Yəni, tam bələd olduğu adamlar. Amma yox... Burada günümüzün paradoksu ola biləcək qəhrəmanlar da var: şahmat oynaya bilməyən şahmat məktəbinin direktoru... Əsl faciə qəhrəmanı... Bu hekayə “Mustafa”dakı bir paralelliyi yadıma saldı: Mark Avreli bizim universitetdə fəlsəfədən imtahan verir və özünə düşmüş “Mark Avreli” sualından qiymət ala bilmir, onu kəsirlər...

Yaxud sevməkdən qorxan gəncləri Orxan Vəlinin “gözəl havaları məhv edir”, amma Çexovun romanı “xilas edir”... Sonda da məlum olur ki, heç Çexovun romanı yoxmuş...

Kitabda bir hekayə var: “Darıxanlar”. Əslində bu hekayə bütün kitabın və bəlkə də müasir Azərbaycan ədəbi gəncliyinin iç dünyasını və həm də faciəsini verə bilir. İki iqtisadçı gənc söhbət edir. Biri kənd müəllimi, biri bank işçisi. İdealları xərclənib, arzuları puç olub və sonda Marksın necə haqlı olduğunu duyurlar:”Əmək insanı özgələşdirir.”

“Çılğınlar” hekayəsinin qadın və kişi qəhrəmanları da darıxanlar kəsimindəndir:”Bəzən adamın könlünə darıxmaq düşür.” Qabaqlar adamın könlünə gilas, armud, qarpız düşərmiş... ( Xəstə könlü nar istər deyimi var...) Yaxud sevgilisi... Butası... İndi darıxmaq düşür.... Bu da elə sevgi olası məncə. Elə hekayənin sonunda... hə çılğınlaşırlar... Bu gün insanlarımızda ən qıt olan şeydir çılğınlıq...

Kitabda cəmi yeddi hekayə var. Bəs ikisi hardadır? İş ondadır ki, burada bir pyes, bir də povest (uzun hekayə) var. Müəllif elə onları da hekayə kimi təqdim edib. Həyatımız, günümüz elə hekayə deyilmi?

Sözügedən pyes “Füzulinin qayıdışı” adlanır. Oxucular xatırlayırsa, bu əsəri ilk dəfə bizim “Yazı” dərgisi alternativ komediya kimi təqdim etmişdi. Bu əsərdəki qara yumor və müəllifin dünyaya Füzulinin gözüylə fəlsəfi baxışları öz əksini tapıb. Beşmərtəbədə öz postamentində illərdir qəm-qüssə içində əyləşmiş Füzuli də darıxır sanki və bir gün dözməyib heykəlin ayaqlığından enərək şəhəri gəzməyə çıxır...

Kitabdakı son “hekayə” “Prokurorun üç günü” povestidir. Mən bu əsəri oxuduqca müəlliflə kəsişən nöqtələrimizi gördüm və düzü, sevindim. (Əslində, boynuma alım ki, bu yazını belə apar-topar mənə yazdıran da bu əsərdir.) Bir zamanlar mən də “Şəhərcik” romanını yazanda Asif Atanın başına gətirilənləri, “Yuxarıda kim var” uzun hekayəmi (povestimi) yazanda Eldar Baxış və Səməd Behrənginin başına gətirilənləri qələmə alarkən çox mətləblərə baş vurmalı olmuşdum. Ədəbiyyatımızı və ədəbiyyat tariximizi basmış qara duman və sisin içində boğula-boğula bu həqiqətləri axtarmışdım. Sözügedən əsərində Qan Turalının gəldiyi nəticə çox dəhşətlidir: Azərbaycan ədəbiyyatı tarixini yenidən yazmaq lazım! Fəqət, onu yazmaq istəyənlərin birincisini – Firidun bəy Köçərlini - güllələyiblər, ikincisini isə civə buxarı ilə zəhərləyiblər...

Son əsər maraqlı bir detektiv üsluba malikdir, zira detektiv deyil. Azərbaycan ədəbiyyatının təəssübünü çəkən bir prokurorun üç gün çəkdiyi ağrılardır... Darıxan prokurorun ağrıları...

# 958 dəfə oxunub

Müəllifin son yazıları

# # #