Hər qoyun öz ayağından asılmır

Aytac Sahəd

Aytac Sahəd

1 fevral 2023
# 12:18

Kulis.az Aytac Sahədin “Ölüsü olan bir gün, dəlisi olan hər gün...” adlı yazısını təqdim edir.

Narkoloji Dispanserdə işləyən bir tanışım danışırdı ki, orada olduğu müddətdə çox şeylər görüb. Atasından imtina edən oğul, oğlundan imtina edən ata, ərindən imtina edən həyat yoldaşı...Bircə oğlundan imtina edən ana görməyib.

Hətta bir dəfə altmış yaşlı oğlunu müalicəyə gətirən səksən yaşlı ana haqqında danışmışdı. Bəli, bizdən kim imtina etsə də, imtina etməyən, yaxud ən axrıncı imtina edən anamız olur. Əlbət, istisnalar var, ancaq istisnalar da qaydaları pozmur.

Lap yolun əvvəlindən başlasaq, ata olmaq üçün bir gecə, ana olmaq üçün isə doqquz ay lazımdır. Təkcə o doqquz ayda yaranan bağlılıq, bir vücudda həyat tapmaq möhkəm bir təməl olmalı. Əslində, məqsədim ana-övlad məhəbbəti haqqında mühazirə oxumaq deyil, sadəcə bu sevginin səmimiyyətinə olan inancımı vurğulamaqdır.

Qeyri münasibətlərdə isə sevgi adı altında atılan addımların mahiyyətində qarşı

tərəfin də mənfəət payını gəzirəm. Dostoyevski deyirdi ki, qohumlar arasında məcburi bir sevgi bağı var. Halbuki sevgi ilk növbədə qazanılmalıdır. Ona görə, bu sevgi qeyri-səmimi və iyrəncdir. Düzü, məsələyə Dostoyevski kimi radikal yanaşmasam da, sözlərində həqiqət olduğunu düşünürəm.

Biz ailə münasibətlərinə önəm verən toplumuq, ən azından çoxumuz beləyik, ya da özümüzü belə göstəririk. Sevgini qazanan yaxınlar, bu sevgi ilə yoğrulanlar ailə bağlarının ağırlığını bir ömür çiyinlərində daşıyır, hansısa yaxınının pis gününə göz yuma bilmir, uğuruna sevindiyi kimi, səhv edən ailə üzvü olanda kürəyini çevirmir.

Övlad sarıdan bəxti gətirməyən valideynlərə həmişə yazığım gəlir, xüsusilə də bu cəmiyyətdə. Niyəsini bilmirəm, ancaq övladın günahlarının valideynə yazılmasını heç vaxt anlaya bilməmişəm. Bir misal var e, “uşaq evin güzgüsüdür” bax, o fikirlə qətiyyən razı deyiləm. Əgər bir güzgü varsa, o güzgü yalnız insanın fitrətindən xəbər verə bilər. Axı həm Habil, həm də Qabil eyni atanın övladı idi.

Taleyinə Qabil yazılan valideynlər bir ömür narahatlığa məhkumdurlar. Necə deyərlər, ölüsü olan bir gün, dəlisi olan hər gün ağlayarmış.

Bu fikirlə razılaşmayanların ən tutarlı arqumentlərindən biri “Ağ lövhə” nəzəriyyəsidir. İngilis filosofu Con Lokkun irəli sürdüyü bu nəzəriyyəyə görə, uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir edir və xarakteri formalaşır. Bu nəzəriyyə tərbiyənin əhəmiyyətinə əsaslanır. Ancaq necə deyərlər, həyat nəzəriyyələrdən daha artığıdır və biz həyatda bu nəzəriyyənin əksi olan xeyli fakt görürük. Məgər bütün cinayətkarları cinayətkarmı tərbiyə edir?

“Qələbənin yiyəsi çoxdur, məğlubiyyət isə həmişə yetimdir” fikri ailə münasibətlərində də keçərlidir. Uğurlu insanın kimsəsi olmaq, onunla qürur duymaq istəyən çox olar, əksi olanda isə yaxınlara da uzaq qohum düşərsən.

Digər tərəfdən bizdə fərdiyyətçilik anlayışı hələ tam yerini tapmayıb. İyirmi birinci əsrin gəncliyi isə bu yanaşmaya böyük ehtiyac duyur, ona hansısa cameənin bir parçasından daha çox fərd kimi münasibət göstərilməsini istəyir. Öz arzularından sevdiklərinə görə imtina edən o qədər adam tanıyıram ki. Ancaq insan biləndə ki, öz günahlarının məsuliyyəti yalnız özünə aiddir, onda daha qətiyyətli addımlar ata bilir. Ümumiyyətlə, toplumun hansı təməl prinsiplər üzərində qurulmasından asılı olmayaraq zaman öz işini görür. Fərdiyyətçilik meyli ənənəvi “atalar və oğullar” probleminin daimiliyi fonunda daha da kəskinləşir.

Fəqət “kimlərdənsən?” sualı hələ də öz aktuallığını müəyyən qədər qoruyur. Qardaşı ona görə bacının həyatına qarışır ki, onu dostları həm də kiminsə qardaşı kimi dəyərləndirir. Ana ona görə oğlunun evlənəcəyi qıza qarışır ki, oğlunun gələcək həyatına müdaxilə edəcəyini bilir, bir sözlə, o qızla təkcə oğlu yox, həm də özü həyat bölüşür.

Və ən əsası bizim kimi toplumlarda “qoyunlar öz ayağından asılmır”. Yaxının günahından mütləq sənə də pay düşür. Ona görə də öz doğruları ilə başqalarının həyatına müdaxilə edən əzizlərlə boldur ətrafımız.

Yəqin ki, Kafka Azərbaycanda yaşasaydı, Qreqor Zamzanı belə asanlıqla məhv edə bilməyəcəkdi, çünki biz ətini yesək də, sümüyünü çölə atmayanların çoxluğuyuq. Bilmirəm, bu yaxşıdır, ya pis. İstənilən halda öz səhvlərinin cəzasını çəkmək başqalarının səhvinin cəzasını çəkməkdən daha yaxşı olmalı.

# 2875 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #