Hər şey aldanışdır, hər şey feykdir

Hər şey aldanışdır, hər şey feykdir
29 fevral 2024
# 10:30

Kulis.az Aydın Talıbzadənin "Süni intellekt: ideal itaət apologiyası və ya modern quldarlığın konsepti" adlı yeni yazısını təqdim edir.

Yer kürəsi (və ya Yer nimçəsi) öz oxu ətrafında indi daha iti dönür və hər şey ildırım sürətilə süniləşir. Düşünməyə, filosofluq etməyə, ruzgarın dönüklüyünü uzun-uzadı fikirləşməyə, fikirləşib uzun-uzadı yazı yazmağa macal qalmır. Fəlsəfəyə tələb yoxdur: təkliflər isə yararsızdır. Hamı yavaş-yavaş əvvəlcə dünya ilə barışır, bir beyindən idarə olunmağa, bədənində çip daşımağa razılaşır, düşüncənin işıqlarını söndürür, məsuliyyətini sıfırlayır, müxtəlif informasiya mənbələrindən qulağına axıdılan “sıyıq” məsləhətlərlə, təklif-göstərişlərlə yaşamağa alışır, rahatlaşır və az sonra zombiləşir: özünü, həyatını süni intellektdən, internetdən, mobil telefondan, avtomatlaşdırılmış sistemlərdən, stereotiplərdən asılı eləyir.

Süni intellekt Ələddinin çırağından çıxmış cin timsalıdır ki, bütün sualları anındaca asanlıqla cavablandırır: onun bilmədiyi, izah etməyi bacarmadığı heç nə yoxdur. Avtomatlaşdırılmış sistemlər hər işə qabil olub məişət komfortunun səviyyəsini aramsız yüksəldir. Bunun nəticəsi isə fenomenaldır: insan lazımsızlaşır və qəribəsi budur ki, özü öz lazımsızlığına imza atır, şəxsiyyətsizləşir. Məhz onda fəlsəfə çökür, batır. Çünki bütün filosoflar dünyanı anlatmaq istərkən həmişə insan qavrayışına söykəniblər, fəlsəfəni insan qavrayışında və insan qavrayışına görə “hörüblər”. Nədən ki, şərhlərin, izahların hamısı sözdür və bu söz insandan başqa heç bir canlıya gərək deyil.

İnsan sözlə insan olur, dil açıb ictimailəşir: ailəyə, sosiuma sözlə bağlanır. Daha doğrusu, insanın şəxsiyyətə çevrilməsi prosesinin təməlində söz dayanır: ona görə ki, fikrini və özünü ənənəvi bir şəkildə sözlə izah edə bilir.

Sözü bizə verən dildir, fikri – fəlsəfə.

İnsandan şəxsiyyəti qovmaq, quldarlığa modern formada qayıdışı təmin etmək üçün ən hiyləgər yol bu oldu ki, nanotexnologiyalar, avtomatlaşdırılmış sistemlər müstəvisində fəlsəfə və onunla da birgə ədəbiyyat, incəsənət tullantıya çevrildi, cəmiyyətin kənarına vızıldadıldı. İndi insanları hər şeydən çox söz darıxdırır: heç kim sözə vaxt ayırmaq istəmir. Düzdür, toplumda hələ ki ədəbiyyata, incəsənətə doğma, isti münasibət teatral bir tərzdə imitasiya edilir, onun vacibliyi insanın ruhsal-mənəvi tərbiyəsi kontentində gündəmə gətirilir. Ancaq yalnız hələlik: o da köhnə nəslin, yəni gedən nəslin aqressiyasını yumşaltmaqdan, onu aşırı incitməməkdən ötrüdür...

Amma bir məqama fikir verin: tarixə heç kəs toxunmur: çünki o, hər zaman olduğu kimi yenə də ölkələr, millətlərarası konfliktlər, müharibələr, təhrikedici şüarlar, demaqogiya, ərazi dartışmaları üçün produktivdir və hər dəfə yeni siyasi modulyasiyalarda cingildəyə bilir.
Hər şey siyasətə gərək olduğu qədərincə mövcuddur. İndi meqa kapitalla dəstəklənən siyasət cəmiyyətin günəşidir. Toplum məhz bu günəş ətrafında hərlənir.

Siyasət kombinasiyalar qurur: üsyanlar olur, dövranın mühüm konseptləri dəyişir.
Siyasət kombinasiyalar qurur: müharibələr olur, dövranın mühüm konseptləri yenidən dəyişir.
Siyasət kombinasiyalar qurur: pandemiyalar olur, dövranın mühüm konseptləri bir daha dəyişir.
Siyasət kombinasiyalar qurur: bir yerdə aclıq, digər bir yerdə firavanlıq olur, dövranın mühüm konseptləri təzədən dəyişir.

Torpağa da, havaya da, suya da, kosmosa da, xaosa da, elmə də, tarixə də nəzarət artıq tam şəkildə siyasətin əlindədir. Siyasətin “dirijorluğu” ilə qaçqın, köçkün “ordu”ları əmələ gətirilir və zəiflədilməsi hədəf götürülmüş ölkələrə yönləndirilir.

Hətta ədəbiyyat və sənət əsərlərinin təbliğatı da siyasi mənafeyə uyğun aparılır, mükafatları siyasətə görə paylaşdırılır.

Odur ki, çoxluğu nəzarətdə saxlayıb idarə etməkdən, onun başını qatmaqdan ötrü siyasətə, əlbəttə ki, humanizm prinsiplərini bacardıqca pozmamaq şərtilə, ideal vasitələr gərəkdir. Süni intellektin və bütün avtomatlaşdırılmış sistemlərin missiyasında da məhz elə bu kodlaşdırılıb.

Süni intellekt ideal idarəçiliyə, ideal itaətə, yəni insanları modern quldarlığa gətirəcək, siyasətə ideal rahatlıq bəxş edəcək, kosmik transportasiyanın təminatçısı olacaq bir yoldur. Amerikanın fantast yazıçılarının uzun illər bundan əvvəl romanlarında təxmin etdikləri düz çıxır: çünki onların hamısı Aeronavtika üzrə Milli Məşvərət Komitəsi (NASA) ilə bəyan olunmamış müəyyən iş birliyində bulunublar və bu, heç də yeni xəbər deyil.

Kosmik fantaziya janrında işləyən yazarların qəhrəmanları əksər hallarda ya yadplanetlilərdir, ya kiborqlardır (bədənlərində maşın komponentləri gəzdirən canlı orqanizmlər), ya da robotlar... Onların romanları və ya bu romanlar əsasında çəkilən filmlərin missiyası insanları robotlaşmağa, kiborq olmağa, kosmik transportasiyaya, başqa sözlə, kosmik köçə hazırlamaqdır.

Sən demə, bu missiyanı Vatikan daha öncələr gerçəkləşdirməyə başlayıbmış. Heç də təsadüfi deyil ki, Roma papalarının öz təminat və texnologiyasına görə yetərincə aktual kosmik proqramı var və dünyanın ən güclü “Lütsifer” adlı binokulyar teleskopu onlara məxsusdur.1 Lütsifer və Kilsə??? Paradoks!!! Mənəvi abrakadadbra!!! Yalanların daha bir artefaktı!!!

Və eyni zamanda adi öləri insanlardan heç kimə məlum olmayan məxfi plan. Katolik Kilsəsinin təntənəli günlərində, mərasimlər zamanı Roma papalarının əyinlərinə geydikləri mantiya müəyyən simvollardan ibarət bir tekstdir və həmin işarələrdən biri robotabənzər yadplanetli (Tarapaka) məxluqu görükdürür. Bu simvol Atakama (Çili) səhrasının antropomorf geoqliflərindən götürülüb. Belə bir təsviri öz üzərində daşımaqla Roma papası dünyaya hansı mesajı göndərir?

Bu hələ harasıdır, Roma Katolik Kilsəsinin gerblərinin birində Naməlum Uçan Obyekt təsvirlənir və bu təsvir göstərir ki, Yerin sakinlərilə Səma məxluqları arasında daim enerji mübadiləsi gedir: özü də bu mübadilə heç də insanların xeyrini hədəfləmir. Yəni yadplanetli apeksianslar (ilk dini yaratmış səma məxluqları), üç dünyanın sakini ənnuhəqlər (şumer-akkad mifologiyasında kiçik tanrılar, xtonik müqəddəslər) və digər kosmos əhli insanların fiziki enerjisinə möhtac olublar: başqa sözlə, insanlardan bir növ batareya kimi yararlanıblar. Dünyanın dörd bir yanında ucaldılmış tapınaqların, məscidlərin, kilsələrin gümbəz və şpilləri insan-batareyalara qoşulmaq üçün anten funksiyasını yerinə yetirib enerjilərin bir-birinə çarpmasına xidmət eləmirlərmi? Dolayısı yolla qədim yunan tanrılarının canlılarla davranışında da bu meyli duymaq mümkündür. Bu haradasa kosmik vampirizmə bənzəmirmi: əbədi qalmaq üçün canlını dişləmək, onun qanını içmək?!

Bəlkə elə entropiyanın (çevrilmə, enerjinin dağılması, sahmansızlıq, xaos ölçüsü) səbəbi budur?! Bəlkə elə buna görə bir sıra uyqarlıqlar insanın qurban gətirilməsini üstün sayıblar?! Bəlkə elə buna görə Vatikan rəsədxanasının müdiri Qəbriyel Fünes Ata aşkarcasına söyləyir ki, “yadplanetli məxluqlar mənim qardaşlarımdır”?! Axı bir çox dini sektalarda uzunömürlülük, əbədilik axtaran kimsələrin təcrübəsində bu vəhşi ənənə indi də gizli şəkildə təcrübədən keçirilir.
Elə ona görə də...

“İNSANDAN ROBOTA DOĞRU: MAKSİMAL SÜNİLƏŞMƏ!”

Bu, XXI əsrin mental və sosial-siyasi proseslərinin başlıca konseptidir. İdeal eyniləşdirmə, ideal təminat, ideal itaət, ideal komfort naminə canlılar cansızlarla əvəzlənir, quldarlığın ən ali formasına keçid planlaşdırılır, həyatdan razı qullar kütləsi formalaşdırılır. İnsan zehinsəl və fiziksəl mutasiyalar yolu ilə robot-köləyə yaxınlaşdırılır: avtomatlaşdırılmış sistemlərin köməyilə insanla robot arasındakı fərq minimuma endirilir.
İnsan şəxsiyətsizləşdirilir!!!

Bax, o zaman ortaya süni intellekt çıxır: ağlı var, dərrakəsi yox, bilgisi çox, şəxsiyyəti yox...

Nədir artifişl intelligens, yəni süni intellekt? Süni bilirik nədir: o nəsnə ki təbiətə aid deyil, insan beyninin, əməyinin və mədəniyyətinin məhsuludur, onu biz süni hesab eləyirik. Bəs intellekt? Bunu da bilirikmi? Haradasa başa düşürük nədir: di gəl ki, xırdalayanda çətinlik çəkirik. İntellekt, yəni zəka insanın dərk etmək qabiliyyətidir və bu qabiliyyətin bütün aspektlərini özündə qapsayır: qavrayış, yaddaş, təsəvvür, təfəkkür, təxəyyül və hissiyyat. Odur ki, intellekt insanın çətinlikləri çözmək, mürəkkəb əməliyyatlar aparmaq bacarığı kimi dəyərləndirilir.

Süni zəka informatikanın bir bölümüdür və intellektual kompüter sistemlərinin yaradılması ilə məşğuldur. Aydın olsun deyə məlumatlandırım ki, intellektual kompüter sistemləri o sistemlərdir ki, insan ağlına mənsub funksiyaları yerinə yetirə bilirlər. Yeri gəlmişkən onu da söyləyim ki, süni intellektin belə təsnifatını amerikalı alimlər A.Barr və A.Faygenbaum4 XX əsrin sonunda fikirləşib tapıblar və bu təsnifata indiyə kimi heç kim heç nə əlavə etməyib, onu azacıq da olsa dəyişməyib.

Elə isə özünüz fikirləşin: yalnız insana verilmiş bu keyfiyyətlər yüksək elmi texnologiyaların köməyilə süni sistemlərə proyeksiya edilir, avtomatlaşdırılır və nəticə etibarı ilə maşınlar intellektə sahiblənir: daha doğrusu, süni ilə canlıya xas əlamətlər bir-birinə nüfuz edir. Süni intellekt, avtomatlaşdırılmış sistemlər artıq bugün insan fəaliyyətinin hər sahəsində lider mövqeyinə yiyələnir.

Robot uzunömürlü xidmət mexanizmidir: ideala yaxın bir konstruksiya olduğu üçün entropiyadan qorxmur. Həyat isə insan üçün əvvəldən axıra kimi entropiya ilə mübarizədir. Robotu belə bir aqibət gözləmir: çünki təbii qida qəbul eləmir, yalnız enerjilə kifayətlənir. Ona görə robot insandan ötrü həm də uzun ömürlü olmaq, əbədi qalmaq modelidir. İnsan robotdan öz xeyrinə faydalanmaq üçün onu intellektlə ödülləndirir. İntellektə sahiblənmiş maşın, yəni intellektual sistem başlayır insana xas yaradıcı funksiyaları yerinə yetirməyə, insanı əvəz etməyə, hətta avtomatlaşdırılmış sistemlər üçün proqramlar tərtibləməyə. Bununla da robot insana maksimal dərəcədə yaxınlaşdırılır, di gəl ki, şəxsiyyəti olmur.

Biz robotları əvvəlcə filmlərdə görmüşdük: yadplanetli məxluqlara oxşayırdılar; onlar kimi yeriyirdilər, onlar kimi danışırdılar. Ancaq hamıda, əgər düzünü deməyə qalarsa, şüuraltı səviyyəsində bu robotlara qarşı haradasa gizli bir aqressiya, neqativ bir münasibət “tumurcuqlamışdı”. Sonra onlara müvafiq formalar verib məişətimizə, mənzillərimizə yolladılar. İnsanlar robotlara isinişdilər, onları ağıllı maşınlar kimi qəbul eləyib sakitləşdilər.

Artıq “robot” sözü adi sözdür: heç kimi təəccübləndirmir. Hərçənd çox adamın xəbəri belə yoxdur ki, çex dilindən tərcümədə bu kəlmə “məcburi əmək” anlamına gəlir. Yəni robot müəyyən proqram üzrə çalışan, metal, plastik, şüşə fakturasından hazırlanmış cansız quldur, kölədir. Bu məna onun adında da kodlaşdırılıb. Robot-kölə hər şeyə qanedir, pis vərdişlərdən uzaqdır, heç nə istəmir, yorulmur, pul-para tələb etmir, etiraza qadir deyil, ideal xidmətçidir.

7 oktyabr 2022-ci il: Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsi insanların süni intellektdən müdafiəsini önəmli saydı və avtomatlaşdırılmış sistemlərin dizaynı, istifadəsi və tətbiqinə nəzarəti möhkəmləndirmək məqsədilə beş mühüm təlimat verdi. Təəssüf ki, qlobal müstəvidə bu təlimatların heç birinin real gücü və təsir mexanizmi yoxdur. Bu barədə hələ 27 aprel 2017-ci ildə Pekin konfransına onlayn qoşulmuş, çağdaş elmdə adı brendə çevrilmiş astrofizik Stiven Hokinq danışmışdı və demişdi ki, “süni intellektin inkişafı” bəşəriyyət üçün həm pozitiv, həm də ən qorxunc faktora çevrilə bilər. Biz onun necə bir təhlükə mənbəyi olduğunu gərək dərk edək”.

Bu məqalədə mənim yazdıqlarım doğrudurmu, mən həqiqətimi danışıram?

Əsla.

Məsələ bu ki, dünyanın ictimai-siyasi, sosial-iqtisadi gerçəkliyində real olaraq nə yaşandığından xəbərsizəm. Məlumatım çoxdur, müxtəlifdir: di gəl ki, kimə inanacağımı bilmirəm, kimin haqlı, kimin haqsız olduğunu bilmirəm. Hər şey informasiyadır, aldanışdır, feykdir, simulyakrdır...

Nədir informasiya? Dinləyici, oxucu, seyrçi, qısaca desək, resipiyent üçün gərəkli, faydalı siqnallar... O informasiya ki, gərəkli siqnallar ötürmür, küy, zibil, maneə kimi anlaşılır.

İnformasiya bizimlə istədiyi kimi manipulyasiya edir. Ona görə ki, informasiyalar hər gün qara qarışqalar kimi tökülür beynimizin içinə. Bir zamanlar “boşluq” adlandırılan nəsnə indi informasiya ilə doludur. Atmosferdə informasiya “molekulları” anbaan yenilənib yeni konfiqurasiyalar əmələ gətirir. Odur ki, mən dünyanı yalnız informasiya bloklarının təqdimatında tanıyıb bilirəm, hadisələri məhz mass-medianın strukturlaşdırdığı kimi qavrayıram, təsəvvürümdə yalnız onun formalaşdırdığı dünya mənzərəsini təhlilə çəkib müəyyən məsələləri anlamaq və anlatmaq istəyirəm. İnformasiya dışında dünyanın gerçək həyatı mənim üçün qaranlıqdır, müəmmalıdır. Hə üçün? Çünki “Yer” adlı planet daim hər cür (geosiyasi, iqtisadi, sosioloji, kulturoloji, ekoloji, mənəvi-əxlaqi) problemlər burulğanında fır-fır fırlanır.

İnformasiya çoxaldıqca isə heç kim heç kimi dinləmir, heç kim heç kimi oxumur. Nədən ki, hər yandan permanent küy eşidilir. İnsanlar dünyaya sanki səllim buraxılıblar. Kimsə kimsənin vecinə deyil. Hamı elə bil ki səthinə yağış damcılayan palçıq meydança üzərində rəqs eləyib özünü əyləndirməyə, problemləri görməməyə çalışır, arıqlayıb kökəlməyin həşirində bulunur, yeməyin dadını unudub qlütenlə proteinin balansının dərdini çəkir, telefonuna göndərilən bəsit Tik-tok gülməcələri, urvatsız internet əyləncələri, insan şəxsiyyətini alçaldan dava-dalaş, söyüşüb-boğuşma videoları ilə, efirə daraşmış urvatsız dedi-qoduçularla, toyxana diringələrilə başını qatır. Bir sözlə, beyinlər quruyur, hisslər korşalır, yaşantılar primitivləşir. Bu zaman insan aramla zombiləşir və bir də görür ki, xatırlamağa çalışsa da, yadına heç nə və heç kim düşmür. Çünki yaşaya-yaşaya özünə yaddaş qazanmayıb, özünə yaddaş yazmayıb. Olan-qalanını da sel kimi köpüklənib gələn informasiya axını yuyub aparıb. Qlobal demensiyanın, altsgeymerin kökü burda.

Soruşacaqsınız, bunun süni intellektlə nə əlaqəsi? Birbaşadır bu əlaqə!!! Avtomatlaşdıırılmış sistemlər bizim düşünmək, yadda saxlamaq, yazmaq vərdişlərimizi tədricən heçə endirir. İnsanlar getdikcə fikirlərini ifadə etmək üçün qələmi götürüb hərfləri ağ vərəq üzərinə mirvari kimi düzmək bacarığını itirirlər. Əslində isə qələmi götürüb yazı yazmaq yaddaşın sirli qapılarını açmaq, yaddaşı gəlişdirmək demək imiş.

İnsanı yaradıcı şəxsiyyətə çevirən yaddaş və düşüncədir. Yaddaşı silinmiş, fikirləşmək qabiliyyətini itirmiş insan potensial kölədir. Müasir cəmiyyətə yaradıcı insan yox, icraçı qul lazımdır. Təsadüfi deyil ki, bütün fantast filmlərində gördüyümüz məxluqlar adamda robot-kölə təəssüratı oyadırlar. Baxın, insanlığın yolu indi bu robot-köləyə doğrudur. İqlim pisləşir, hər şey süniləşir, xəstəliklər artır, pandemiya, qıtlıq, susuzluq təhlükələri səngimir, canlı ünsiyyət müxtəlif gizli üsullarla minimuma endirilir. Belə şəraitdə yaşamaq pasportu robota veriləcək. Onda insanın təklif edilən vəziyyətə uyğunlaşmaq üçün robot-köləyə çevrilməkdən savayı əlacı qalmayacaq.

Məgər dini təfəkkürdə insan Allahın qulu kimi təqdim edilməyib? Məgər sufilər özlərini Allaha qul bilməkdən ekstaz yaşamayıblar?

Süni intellekt allahlıq iddiası sərgiləmirmi? Avtomatlaşdırılmış sistemlər dönəmi bizi yenidən Orta əsrlər formatında yaşamağa qaytarmırmı? Bu, modern manqurtlar, sivil kölələr nəslinin yaranmasına bir işarəmi?

Əslində, bizi ehmalca və total şəkildə, müxtəlif manipulyasiyalar yolu ilə kölə psixologiyasına doğru yönləndirirlər. Bəşər modern quldarlıq, ideal itaət dövrünə qədəm qoyur. Həqiqətən, kölə-manqurt-zombiləri qırmaq, idarə etmək, onların müəyyən bir hissəsini kosmik transportasiyaya, dünyəvi köçə hazırlamaq daha asandır. İnternet sitələri, sosial şəbəkələr artıq qlobal kütlə formalaşdırıblar: amma proses hələ də tamamlanmyıb; davam etdirilir. Avtomatlaşdırılmış sistemlər, internet və süni intellekt kölə-manqurt-zombilər üçün yavaş-yavaş tanrı statusu qazanır, tanrıya çevrilir.

Bu, insanlığın çağdaş dramaturgiyasının finalıdır.


_____________________________________________
1 Bu haqda daha ətraflı: Кицану Л. Символы и знаки в Ватикане и католической церкви com/story.php?story_fbid=807366684215570&id=100007764154878&sfnsn=wa&mibextid=VhDh1V
2 Bu haqda daha ətraflı: Безупречность хаоса: что такое энтропия и как жить в полной неопределённости https://www.forbes.ru/forbeslife/482498-bezuprecnost-haosa-cto-takoe-entropia-i-kak-zit-v-polnoj-neopredelennosti; Алыева Т. Энтропия как элемент глобальной трансформации культурных кодов https://dergipark.org.tr/tr/download/article-file/155496
3 Кицану Л. Göstərilən əsər.
4 Avron Barr and Edward A.Feigenbaum. Handbook of Artificial Intelligence. – Stanford University, Butterworth-Heinemann, 1981. – 412 p .
5 Bax: ABŞ Administrasiyası https://www.tadviser.ru/index.php/%D0%9F%D1%80%D0%BE%D0%B4%
6 S.Hokinq “süni intellekti insan uyqarlığının mümkün qatili” adlandırdı https://nauka.tass.ru/nauka/4217
7 Алыева Т. Энтропия как элемент глобальной трансформации культурных кодов https://dergipark.org.tr/tr/download/article-file/155496 - C.13.

# 2874 dəfə oxunub

Müəllifin son yazıları

# # #