Kamal Abdullaya yaraşmayan söz - Aydın Talıbzadə yazır...

Kamal Abdullaya yaraşmayan söz - Aydın Talıbzadə yazır...
3 dekabr 2020
# 12:58

Kulis.az Aydın Talıbzadənin Kamal Abdullanın yubiley yaşına yazdığı "Vaxtı edam etmək" yazısını təqdim edir.

"Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam
"Kim, ona cənnət quşu yetməz min il uçmağ ilən”.
M.Füzuli

Vaxtı edam etmək dəvəni iynənin gözündən keçirmək kimi bir şeydir.

Vaxtı edam etmək cazibə qüvvəsini aradan götürmək deməkdir.

Vaxt edam olunanda insan uçur: azadlıq olur.

Vaxt edam olunanda dünya da uçur: xarabalıq olur.

İnsanın uçmağı pozitivdir: ruh səma edir.

Neqativ dünyanın uçmağındadır: hər şey uçurumlar içrə toz-toz səpələnib qaranlıq vakuumda izsizləşir.

Mif və Dastana salamlar olsun!

Bunlardan biri Kamal Abdullanın Qır atıdır, digəri – Dür atı. Kamal öz roman və hekayələrinin təsəvvür məkanı ilə gah bunda gəzir, gah da onda. Amma olur ki, hərdən qədim yunanlardan ağ qanadlı Peqası da sifariş eləyir – uçmaq üçün...

Tanrı özü 70 yaşlı Kamal Abdullaya yar olsun!

Hər bir yubiley məxfi edamdır: səni başda əyləşdirib tərifləyə-tərifləyə topluma, xalqa, millətə nümayiş etdirirlər. Haqqında ölüm hökmü çıxarılmış caninisə, edam kötüyünə qaldırıb pisləyə-pisləyə camaata göstərirlər.

Yubiley edam oppozisiyasıdır: onlar müsbət və mənfi qütblər kimidirlər.

70 ildir Kamal vaxtın “hülqumunu” tutub sıxır iki barmağı arasında və səbrlə dartır onu yuxarı: artıq çoxdan bəridir ki, vaxtın “ayaqlarını” üzüb yerdən, saxlayıb gözləri qənşərində. İndi Kamal vaxta baxır, vaxt – Kamala. Mümkün ki, biri o birindən utansın. Mümkün ki, biri digərilə fəxr eləsin. Mümkün ki, biri digərinə öz qələbəsindən danışsın. Mümkün ki, biri digərini xəyanətdə ittiham eləsin. Biz bunu bilə bilmırik. Bunu bir Kamal bilir, bir də – vaxt.

İnsanın vaxta, vaxtın insana xəyanətinin əlaməti nədir?

Diqqətsizlik.

İnsan vaxta qarşı diqqətsiz olanda dünya qarışır, ömür “uçur”.

Vaxt insana qarşı diqqətsiz olanda fələk onu hər addımında mat eləyir.

Kamal vaxta qarşı çox diqqətlidir: onun hülqumunu əlindən buraxmır, özündən uzaq qaçmağa qoymur, daim “zavallını” edam kötüyünün üzərində hərlədir. Amma paradoks ondadır ki, Kamal vaxtı edam eləyə-eləyə vaxt Kamalı xoşbaxt eləyib.

Yazıçı, şair, alim vaxtı anbaan çarmıxa çəkib onu söz təsbehlərinə düzür, söz kapsullarına yığır. Edam edilmiş vaxt isə sözlərə dönüb kitablarda əbədi uyuyur.

Kamal Abdullanın bir hekayələr kitabı var: uçmaq və uçanlar haqqındadır. Osa götürüb toplunu adlandırıb “Edam vaxtını dəyişmək olmaz”. Hm... Qəribədir, deyilmi? Ad detektiv tapançası kimi sərlövhədən birbaşa tuşlanır adamın gicgahına.

Hərçənd “edam” sözü Kamala yaraşmır; onun yaradıcılıq poetikasında da əyri, mırıq diş kimi görünür. Çünki Kamalın bütün elmi yazıları, tədqiqatları, romanları Kamalın söz bayramını, söz sevgisini, sözləri konfettilər kimi uşaq sevincilə helikopterdən səpələmək həvəsini, yaşamaqdan həzz almaq çabasını sərgiləyir, hətta cəlladdan, qətldən, ölümdən danışdıqda belə. Məsələ bu ki, Kamal Abdullanın özü ilə onun roman dünyası arasında hər zaman gözəgörünməz bir özgələşmə pərdəsi, yadlaşma məsafəsi var: müəllifin qəhrəmanları sanki ona yaxın düşə bilmirlər. Odur ki, bu personajlarla empati qurmaq şansı sıfır. Məqamın həqiqəti bu ki, Kamal onları yaşatmır, tədqiqatçı-arxeoloq kimi təsəvvürünə gətirib təhlil edir.

Kamalın yazıları “Kitabi - Dədə Qorqud”dan tanınan Oğuz bəylərinə bənzərlər: hansı süjet dolanbacları ilə “sürüşmələrinə”, hansı texnikaya, yozuma məruz qalmalarına, hansı növ, janr müstəvisində bulunmalarına rəğmən, onların içi həmişə şaddır, özünəinamla doludur, enerjilə aşıb-daşır. Bunun da səbəbi o ki, Kamalın sözləri Kappadokiyanın rəngbərəng hava şarları kimidir: səmada süzə-süzə üfüqə göy qurşağı çəkirlər.

Kamal Abdulla gözəl söz toxucusudur, ədəbiyyatın, necə deyərlər, “türkbaf”ıdır və bir qayda olaraq, güləbətin “toxuyur”. Bu səbəbdən onun romanları hər zaman Güllü Dərə variantı olur, Güllü Dərə kimi qoxuyur. Buradan isə, Azərbaycan nağıllarına doğru neçə-neçə lağım atmaq, tunel qazımaq mümkün.

Bəli, mümkündür.

Lakin “un momento”...

Kamalın bədii əsərlərində söz substantivdir, səllimdir, istədiyi zaman istədiyi yerə gedib çıxa bilir: nə süjetə baxır, nə personaja, nə də xarakterə; heç müəllifə də tabe olmur. Nədən ki, şəcərəsi eposdadır. Söz eposda safdır; təmiz, cılxa səsdir, dildən təzəcə sıyrılıb düşüb və kosmik vibrasiyaları özündə cingildədir, eyhamlaşdırdığı obyektə maksimal yaxınlıq sərgiləyir və hələ ki, Mişel Fuko demişkən, “öz təbiəti etibarı ilə addır. Eynitipli obyektlər cərgəsində konkret obyekti fərqləndirən, fərdiləşdirən addır; ona görə ki yalnız müəyyən təsəvvürü nişan verir” (Fuko M. Sözlər və əşyalar: humanitar elmlərin arxeolojisi. – SPb, A-sad, 1994. – s.134).

Təsəvvür isə fəza boydadır: hədd, hüdud tanımır. Həqiqətən, eposda sözün enerjisi, magiyası, cəzbi böyükdür. Kamalın yazılarında da belədir: oxucu sözə bənd olur, sözün təsirilə əfsunlanır, sözün “genişliyinə” tutulur.

Kamal Abdullanın yaradıcılıq poetikası Yazı və Mif arasında məəttəl-məəttəl gəzişən bir yolçunun heyrətinə refleksiya qismində formalaşıb. O, Yazı və Mifə, vaxtdan asılı olmayaraq, həmişə heyrandır. Yazı da, Mif də Kamalın tədqiqatlarına, prozasına, dramaturgiyasına, esseistikasına hakimdir. Bir dəfə cavanlığında Kamal Abdulla “Kitabi - Dədə Qorqud”u Quran kimi necə mükəmməl oxuyub tamamlayıbsa, sonra başlayıb yaddaşına güvənə-güvənə dastanı ədəbiyyatın müxtəlif növ və janrlarında fərqli-fərqli texnikalarla pazllar şəklində yenidən yığmağa, dekonstruksiya, linqvistika, hermenevtika müstəvilərində “Kitabi - Dədə Qorqud” boylarını təftişlə “dirildib” müasir düşüncəyə yaxınlaşdırmağa.

Vaxt edam olunanda səslər kəsilir.

Əslində, Kamal edam konseptindən bir fərd kimi işıq ili qədər uzaqdır.

Ona görə mən müəllifin “Edam vaxtını dəyişmək olmaz” hekayələr toplusunu “quyu hekayələri” adlandırardım, “səssiz hekayələr” adlandırdardım.

Amma “un momento”...

Məgər quyuya atılmaq edam variantı kimi çözülməzmi?

Quyu qadın başlanğıcını rəmzləşdirir: Dünya ağacının su ilə təminatçısı, həyat silsiləsinin tənzimləyicisi kimi çıxış edir.

Kelt tayfaları quyunu başqa bir aləmin qapısı biliblər.

Yəhudilikdə quyu Tövratdır, nəsranilikdə – qurtuluş və paklaşma simvolu.

Bakı kəndlərində balaca uşaqları quyu ilə hədələyib deyərdilər ki, “quyuya yaxın getmə, quyunun anası olur, çəkib aparar səni”. Bu da onu eyhamlaşdırır ki, quyu yeraltı dünya ilə, ölüm səltənətilə birbaşa əlaqədədir; mifoloji təfəkkürdə isə, quyu dibində divlər, əjdəhalar məskən salar. Əbəs deyil ki, quyu qəbirlə eyni bir assosiativ cərgədə dayanır.

Vaxt edam ediləndə insan quyuya düşür və onda bəlli olur ki, insanın əsl düşündüyü nədir.

Mən də bu dəfə quyunu Kamal Abdullanın “Edam vaxtını dəyişmək olmaz” hekayələr toplusunun fiqurativ obrazı kimi gördüm. Gördüm ki, dövlət xadimi, iki dil universitetinin bir rektoru, professor, xoşbəxt tədqiqatçı, balaca bir intellektual missiya yerinə yetirmiş “Tərcüməçilər laboratoriyası”nın müəllifi, yazıçı, həmişə böyür-başında coğa-coğa dostlar hərlənən Kamal Abdullanın batinində “təkcənəlik vaxtı”na susamış bir dərviş gizlənib.

“Təkcənəlik vaxtı” üçün quyudan yaxşı yer tapılmaz: xəlvətiyyə dərvişlərini xatırlayın.

Lakin “un momento”...

Abşeronda dəb olub: qızmar günlərin sıcağından qurtulmaq, sərində dincəlmək məqsədilə, kənkanları çağırtdırıb onlara quyu qazıtdırardılar.

İndi təsəvvür edin: elə bil isti yay gecəsidir: susuz quyu dibində biri əyləşir lotos pozasında, dizlərinin üstünə kağızı qoyur, barmaqları arasında qələmi bərk-bərk sıxır və gözlərini Aya zilləyib quruyur. Ya şəkil çəkəcək, ya şeir yazacaq, ya da məktub. Sakitlik və quyunun ağzını qapaq kimi örtmüş göy qübbəsi. Yazıçı və kainat: təkbətək, qarşı-qarşıya və səmanın milyonlarca işıldaböcəyi. Qaranlığın örtüyünə sancılmış bu parıldayan böcəklər iynəucu işıq dənəciklərini düzürlər quyunun divarlarına, yazıçının kipriklərinə. Ay yarılır və içindən hekayələr görüntülənir. Yazıçının əsl hədəfi isə, hekayələr uydura-uydura, uydurduğunu sözlər harmoniyasında təsvirləyə-təsvirləyə, təsvir etdiyini bədii bütövcəyə çevirə-çevirə “yox olmaq” və göylərə uçmaqdır.

Nirvana...

Quyunun xəlvətliyi kosmosun xəlvətliyidir.

Hekayələrində Kamal vaxtı dayandırmağı xoşlayır, “təkcənəlik dünyası”nı xoşlayır, özünə “enib” keçmişi özündə vərəqləməyi xoşlayır. Çünki bütün yazıçıların alt yapısında tam latent bir şəkildə tanrı olmaq iddiası gizlənib.

Amma nə tuhaf bir şey ki, insanın özü yarımçıq əlyazmadır və heç bir meditasiya, heç bir nirvana onu tanrı eləyə bilməz.

“Yarımçıq əlyazma”lar Kamalın iç dünyasından effektli, uğurlu qopmalardır, vəssalam: əslində isə, hədəf vəhdət əl-vücuda yetməkdir.

“Mən” gücləndikcə, eqolar bilyard şarları kimi bir-birinə dəydikcə, ekzistensional konfliktlər fırtınası ərşə qalxıb fırlandıqca, epos daha sürətlə romana dönür.

O hekayə ki özündə roman potensialı gizlətmir, heç hekayə deyil.

“Edam vaxtını dəyişmək olmaz” toplusunda da hər hekayə, bir-ikisindən başqa, təsəvvürdə roman hüdudlarını canlandırır.

Bir az da dərinə getsək məlum eləyəcək ki, Kamal Abdulla bu dəfə öz hekayələrindən ötrü “Sehrbazlar dərəsi” romanını yarımçıq əlyazma modeli kimi götürür, bir bərpaçı kimi davranıb onu tamamlamağa çalışır. O, bu məramla “Sehrbazlar dərəsi”ni sanki arxivləşdirir, sənədə-risaləyə çevirir və özü ilə təzədən bitməz-tükənməz intellektual oyunlar qurur. Belə ki, bu hekayələr toplusunun bir sıra mətnləri müəllifin bir zamanlar “Sehrbazlar dərəsi”dən cırıb atdığı və ya kağız quşlar kimi uçurtduğu səhifələr qismində qavranılır. Kamal, sadəcə, indi əlini uzadıb həmin səhifələri ya havadan bir-bir tutur, ya bilgisayar fayllarında bərpa eləyir, ya da xamçalayıb əzdiyi vərəqlərdəki qeydləri yazı masasının siyirtməsindən çıxarır və onlardan yeni hekayələr düzəldir.

Elə bil ki, Kamalın hekayə personajları vaxtın edamından sonra kölgələşib öz arzuları kimi, öz arzuları biçimində, öz arzuları qiyafəsində “Sehrbazlar dərəsi” romanının koordinatlarında yaşayırlar, Dərviş Dərdəçarədən (“Uçuş” hekayəsi) uçmağı öyrənib İkar olurlar. Kamal uçuşu çarə kimi, qurtuluş kimi, üstinsan olmağın şərti kimi dəyərləndirir, onu mənəvi kamilliyin metaforasına çevirir.

Belə bir bolqar yazıçısı vardı, Pavel Vejinov; ötən əsrin 70-ci illərində sovet intellektuallarının yaman həvəslə oxuduğu birisi idi. Onun povestlərində çox adi adamlar, bir də görürdün, qəfil möcüzə dünyasına girdilər və müəmmalı şəkildə uçdular. Sonucda hamı qalırdı məəttəl, bilgisiz: bəlli olmurdu ki, onlar quş olmaya-olmaya, qanad-filan bağlamadan bunu necə eləyiblər. Hərçənd Kamal hekayələrinin diskursundan çıxış eləyəndə aydınlaşır ki, onun personajlarının uçmağı dörd mühüm səbəbdəndir:

Sirri-xuda;

Sirri-zəmanə;

Sirri-aləm;

Sirri-Kamal.

Əgər belədirsə, onda Kamal kim olur? Sirrdostu və ya Sirrədost. Bu söz də Kamalın kəşfidir, Kamalın “dil laboratoriyası”nın məhsuludur. “Əmidostu”, “xandostu” ifadələrindən azərbaycanlılar tarixən bol-bol yararlanıblar: indisə heç işlətmirlər; işlətsələr də hərdənbir, adda-budda. Kamal bu tanış sözlərdən itələnir, varıb gedir ifadə orijinallığına.

Məqamı düşmüşkən, “Sirrdostu” Kamal Abdullanın yazıçı təxəllüsü kimi də götürülə bilər. Çünki “Yarımçıq əlyazma”da, “Sehrbazlar dərsəsi”ndə və 12 hekayə-həvaridə gəzişən kölgələrin sirrini bir tək o bilir. “Sirrdostu” sözünün ezoterikada ancaq tanrıya agah sirrin dostu, tanrının dostu kimi mənalanması da mümkün.

Kamal Abdulla roman və hekayələrini sanki əyninə bir akademik mantiyası geyinib yazır, əl-kimyagər kimi yazır, ədəbiyyat dərəsinin sehrbazı kimi yazır.

Sehrbazın yazdığı hekayə nə olur?

Bir dəqiqə: sual qeyri-korrektdir, gündəmdən çıxarılır.

Çünki sehrbaz hekayə yazmır, o, insan qavrayışı ilə manipulyasiya eləyir, psixi təlqinlə məşğul olur.

Amma “un momento”...

Məgər Azərbaycanın manipulyativ rejissura ustadı Vaqif İbrahimoğlu Kamalın bir nömrəli Sirrdostu sayılmırdımı? Bədii-intellektual süsləmələrini Kamal əvvəlcə onunla bölüşmürdümü??? O,deyildimi Kamalın yaradıcılıq laboratoriyasına xüsusi buraxılış vəsiqəsi olan Sirrədost???

Sehrbazla cinin xislətində ümumi nəsə var; sehrbaz potensial cin, cin isə potensial sehrbazdır: o da, bu da həmişə insan idrakı ilə manipulyasiya etməyi sevər. Cin (“Mənə uçmağı öyrət” hekayəsi) məhz öz psixi təlqini və əfsunu ilə heç bir oğlanı bəyənməyən gözəl Həmidənin ruhuna hakim kəsilib qızı quş eləyir. Bu hekayənin kontekstində quş olmaq, uçmaq seksual həzzin zirvəsi kimi, magiyanın seksuallığı kimi də yozula bilər.

Həmidə “pırr” eləyib uçur.

Şəmistanın – Həmidəyə aşiq birisinin, ona Cini göstərib ürəyini ələ almaq istəyən birisinin – gözləri isə çuxura düşür, yəni məcazi mənada uçuruma uçur. Həmidə ilə Şəmistan heç cür bir ola bilməzlər: çünki uçuşlarının istiqaməti müxtəlifdir.

“Uçmağı” XX əsrə Mark Şaqal öyrətmişdi.

Uçmaq mifdir. Adam uçmaz. Amma neyləyəsən ki, yer üzü insan üçün darısqaldır. O, yer üzünün darısqallığından darıxır. Uçmaq darısqal dünya darıxqanlığından qurtulub genişliyə, asudəliyə, azadlığa qovuşmaq deməkdir, bədənə qalib gəlib çəkisiz olmaq, ruh olmaq deməkdir.

Pavel Vejinovun povest və hekayələri tül ağ pərdələr kimi Ay işığına atılmış fantastik rəsmlər idi. Qabriel Qarsia Markesin hekayələri isə, meşədə qaçan dəcəl şeytanların tükləri kimi, havada oynaşırdı, yarpaqlar arasından millənən işıq zolaqlarına dolaşıb bir-birilə əylənirdi. Kamalın hekayələri bu iki qütb arasında sanki bir o tərəfə gedir, sonra bir bu yana qayıdır və kölgə teatrının təsəvvür ekranında vizuallaşan nağıl-əhvalat kimi özünü modelləşdirir.

Qəribədir, dünyaya qar yağanda, yağış yağanda elə bil dünya genişlənir. Çünki qar yağanda, yağış yağanda səma uçub yerə gəlir, gəlib torpağa qonur.

Hərçənd qar, yağış çox yağanda, fasiləsiz yağanda, artıq yağanda insan daha böyük genişlik üçün darıxmağa başlayır. Bu, günəş genişliyidir. Nədən ki, insan yalnız günəşli göylərin pənbə buludları arasında uçmağı xəyal edər həmişə.

Kamal öz hekayələrinin bədii məkanına qarı səhraya qar yağırmış kimi yağdırır, qarı möcüzə kimi yağdırır: sanki insanların gərilmiş əsəblərinə qar yağdırır (“Qar” hekayəsi), adamları aydınlatmaq, nurlandırmaq, nəfsi, qüruru, paxıllığı, aqressiyanı min illərin palçığı kimi insan duyğularından yuyub təmizləmək üçün qar yağdırır: qar yağdırır dünyanın Avgi tövlələrinə və ya böyük Avgi tövləsi dünyaya...

Kamal öz hekayələrinin bədii məkanına yağışı da dəvə yağışı kimi yağdırır, olağanüstü bir hadisə kimi, sehrbaz əfsunu kimi yağdırır və bu yağışda ruhları çimizdirir.

Nə üçün? Çünki Kamal Abdulla öz hekayələrində qüsl eləmək, arınmaq, paklaşmaq və Kamala çatmaq istəyir, özü-özüylə görüşmək, əsl Kamalı tanımaq istəyir, o içəridə gizlənmiş Kamalın həqiqətinə yetmək istəyir (“Adaşlar” hekayəsi). Bacarmır, hətta xoflanır və hekayəsinin üstünə bir romantika çətiri tutur. Çətindir: nədən ki, yuxulara daxil olursan və yuxulardan çıxırsan. Amma ora heç nə apara bilmirsən, oradan da heç nə götürə bilmirsən. Kimsəyə nəsə sübut eləmək də mümkünsüz. Yuxu və gerçəklik bir-birilə sərhədləşib qatışa bilməyən iki böyük okean kimidir.

Yuxular sənin edam edilmiş vaxtındır ki, yenidən kölgə kimi sənə qayıdır.

Müqayisələr və bənzətmələr müstəvisində Kamal Abdulla dastan qəhrəmanını xatırladır. Dastan qəhrəmanı isə həmişə öndə olur, camaatı başına toparlayıb öndə gedir. Onun fəaliyyətinin özü dastan masştablıdır, mahiyyətinə və üslubuna, tərzinə görə epikdir.

Dastan Kamal Abdullanın “evidir”: onun tədqiqatlarının, prozasının qayəsini, yazıçı təxəyyülünün partiturasını dastan müəyyənləşdirir. Kamal dastan xronotopunda yaşayan bir adamdır və postmodernist dastanlar müəllifidir, unutmağa kimsənin olmadığı dünyada.

Ona görə də Kamalın hekayələri dastandan doğranmış dilimlərdir sanki. Kamal bir qayda olaraq, öz personajlarının hekayəsini yazmır, onların həyatının dastan fraqmentlərini, elmi-intellektual rəvayətini danışır. Odur ki, yazıçının hekayələri hekayədən daha çox dastan hermenevtikasıdır.

Lakin Kamal prozasında bu hermenevtika dastan parametrlərini götürüb ekzitensional təkcənəlik vaxtına girir. Kamalın “dastan”ları təkcənəlik vaxtının dastan-hekayələridir. Məsələnin fərqi, məğzi də elə ondadır ki, bu hekayələrdə hamı yoxdur, bir tək Kamal var Yoknəpatafə mahalının yeganə sahibi Uilyam Folkner kimi.

Kamal hekayə yazmır, hekayənin gizlətdiyi potensialı yazır, hekayənin modelini cızır. Bu potensialı oxucunun özü görməlidir, bu modeldən oxucunun özü faydalanıb hekayə qurmalıdır. Çünki Kamal ədəbiyyata kitabxanadan gəlir və hara dönürsə - dönsün, hara baxırsa - baxsın, onun üçün hər yer məktəbdir, arxivdir, əlyazmadır, kitabdır, araşdırmadır.

Məktəb demişkən, Kamal Bakı məktəblərinin məşhurunu və koloritlisini – 190-nı bitirib.

Əzizlər əzizi, dəyərli yazıçımız Afaq Məsud da oranın məzunudur, mən də.

Hərçənd Afaq Məsudda 190-dan heç nə qalmayıb: əlbəttə ki, mənim müşahidələrim qədərincə.

Zatən, mənim üçün də 190 yoxdur; yalnız hərdənbir tanış-bilişlə rastlaşanda yadıma düşər, vəssalam: heç nostalji yaşamaram.

Kamalsa, hələ də qolunu salıb 190-ın boynuna, onunla dostyana-dostyana şəhəri “fırlanır”, “bulvarı gəzir” və içində məktəb dünyasını, məktəb macəralarını, bəlkə də öz gəncliyini, ölməyə qoymur (“Sağlıq” hekayəsi). Olur ki, Kamal xəyalən bu məktəbin (çar dönəmində bu məktəb rus pravoslav kilsəsi kimi inşa edilib) kilsə keçmişinə “düşüb” oranın zirzəmi labirintləri (zirzəmi quyu variantı kimi) ilə dinməzcə dolaşır və Ariadnanın dümağ ip atıb ona kömək edəcəyini, hansısa mətləbləri açmağa bir işarət göndərəcəyini gözləyir. Kamal çox-çox yuxarılardan topluma, insanlara baxa bildiyi kimi, çox-çox aşağı zirzəmi dolanbaclarından da yerüstü ilişkiləri çözməyi bacarır.

Onun üçün zəmanə zamanın insan ömrünə yansımış vaxt kəsimidir. Zaman amorf və nəhəngdir, zəmanə – biçimli və konkret.

Zəmanə perspektivi olmayan zamandır.

Di gəl ki, həyat insandan həmişə zəmanə adamı olmağı tələb edir.

Hərçənd, vaxt edam ediləndə zaman da qalmır, zəmanə də, sonsuz-sonsuz sonsuzluqdan savayı...

Əbədiyyət axtarmayın, biz əbədi əbədiyyətin içindəyik... Biz ölümsüz ölümün içindəyik... Biz həyatsız həyatın içindəyik... Biz torpaq, daş, su kimiyik...

Amma buna rəğmən, Kamal bir cıqqılı ömür yaşayan insanı test etməyə qalxışır: əvvəlcə insanın adını üstündən götürür; görək, neyləyəcək. Sonra kölgəsini bədənindən ayırır: görək, neyləyəcək. Uşaqlar beləcə qarışqaların ayaqlarını, milçəklərin qanadlarını bədənlərindən qoparırlar. Onların nə bilmək istədiyini, nəyi öyrənmək istədiyini, hansı həyəcanı yaşadığını heç bilmək olmur... Biz yıpranmş həqiqətlərə söykənib ancaq güman eləyə bilərik ki, bu nə üçün belə olur. Kamal da “Kölgə” hekayəsində insanı sökməyə başlayır: sökür ki, onu təzədən yığsın, yıpranmış həqiqətlər fövqündə yığsın, onu doğrunun özü kimi yığsın, sehrbaz kimi yığsın. Yığa bilmir. Çünki insan bu “operasyon”a tablamır və ovxalanıb torpağa tökülür.

Kamal öz hekayələrində bəzən sehrbazlıq şousu yapır: gah adamlar qanad açıb adam cildində uçurlar, gah da quş olub uçurlar.

Çılpaq qız siluetinin quyu dibindən pərvazlanıb da gecənin örtüyündə görüntülənməsi lazer-şou deyil də, bəs nədir? Cındırqulu (“Göyəzən dağının ilahəsi” hekayəsi) adlı personajın Halk kimi qəviləşib Halk (Hollivud filminin transformasiyalara uğrayan qəhrəmanı), yəni xalq gücünə yiyələnməsi fantastik dastan trilleri və ya möcüzəli dastan qəlpəsi kimi çözülməzmi?

Kamalın hekayələri dastan həngində postmodernist dalğaya köklənmiş sərbəst improvizlərdir. Bu improvizlər tədqiqat içindən, tədqiqat stixiyasından, arxiv dünyasından, kitabxana rəflərindən sıçrayıb özgürləşir, hekayə olur. Kamal mifi, dastanı, nağılı tədqiq eləmir, desant kimi tullanıb onların içinə düşür, oradakı insanlar kimi yaşamağa, bu insanların ruhuna, şüuruna, qılığına sehrbazcasına girməyə çalışır, dastan lağımları ilə gedə-gedə öz intellektual-provakativ nəsrini yaradır. Kamalın topludakı bəzi hekayələri onun “Sehrbazlar dərəsi”nə, bəzisi isə yalnız bir cümləyə (“Platon, deyəsən, xəstələnib” hekayəsi) yazdığı bədii kommentlər kimi də yozula bilər.

Bir də görürsən ki, motiv, söz, ifadə, metafora müstəvisində təkrar-təkrara calandı, ya da bir neçə “pinti”, “çirkli”, qüsl eləməmiş söz, cümlə bir-birilə “buynuzlaşıb” Kamalın nəsrinə heç yaraşmadı. Olur, kimdə olmur ki? Çünki o, magiyanın realizmini yox, magiyanın romantikasını yazır. Romantika isə həmişə pırpızdır. Pırpızlıq isə pintilik kimi görünə bilər.

Kamal Abdulla nəsrinin hədəfi sirri-zəmanədir: onun bütün personajları sirri-zəmanəyə ulaşmaq üçün yanıb-yaxılırlar. Əgər sən də sirri-zəmanə barəsində düşünmək istəyirsənsə, Kamalın hekayələrini oxu.

Amma heç nəyə inanma. Çünki bu, Kamalın provokasiyasıdır.

Heç bir sirri-zəmanə yoxdur. Sirri-zəmanə bizim sona qədər bəslədiyimiz ümiddir. Varla yox arasında çabalayan ümid, ölümlü dünyada ümid, zatı murdar dünyada ümid və insanın ağlından üstün ümid, aldada-aldada yaşadan ümid sirlərin sirri deyilmi? Bəlkə də, mən bilməm ki...

Sirri-zəmanədən agah olmaq üçün vaxtı edam etmək gərək.

Vaxt edam olunanda ümid sabun köpüyü kimi partlayır.

Həyat məqamlar kolleksiyasıdır və hər məqam bir ümid şarı ilə uçur.

Kamal insanları, onların cümlələrini, yaşantılarını rəngbərəng şarlara hekayə-hekayə bağlayıb səmaya buraxır ki, tanrı bizləri yadından çıxarmasın və biz həmişə tanrının yadında, yanında, yaxınında olaq, tanrının fikrində olaq!!!

Kamal insanları, onların cümlələrini, yaşantılarını çinləyib üst-üstə qalayır ki, bir Sirri-zəmanə dağı düzəldib zirvəyə qalxsın və bu zirvədə bir siqaret yandırıb dincini alsın. Dincini alsın ki, yenidən Sirri-zəmanənin dekonstruksiyasına başlamaq üçün aşağı ensin və siqaretin külünü dünya boşluğuna çırpa-çırpa xatırlasın ki:

“Kuhikən künd eyləmiş min tişəni bir dağ ilən,

Mən qopardıb salmışam min dağı bir dırnağ ilən”...

... bu 70 il ərzində...

P.S. Kamal, COVİD-19 vaxtı edam eləyib, qüsura baxma, ad gününü təmtəraqla yad edə bilmirik, məclis açıb səni şad edə bilmirik, şəninə nitqlər irad edə bilmirik. Hərçənd bunların hamısı bir teatr, bir şərtilik. Əsas məsələ budur ki; sənin 70 yaşının xoşbəxtlik hədiyyəsi budur ki, sən bu ad gününü torpaqları qaytarılmış, bütövləşmiş, Zəngəzur dəhlizilə, nəhayət ki, Naxçıvana, sənin əzizlərinin yurduna, birləşmiş Azərbaycanda qarşılayırsan! Alqış çiçəklər və ya çiçək alqışlar!

# 5122 dəfə oxunub

Müəllifin son yazıları

# # #