Söz azadlığı yalanın da azadlığıdır

Söz azadlığı yalanın da azadlığıdır
20 iyul 2017
# 12:09

Aqşin Yeniseyin “Ankara sokaklarından” yeni yazısı:

Söz azadlığı - həqiqət qədər, yalanın da azadlığıdır

Bu yazıya, bəlkə də, obraz olaraq Trampdan yox, şeytandan başlamaq lazım idi, amma ittiham olunduğu, lənətləndiyi əməllərin heç birində şeytanın izinin sübutu olmadığı, əksinə, ətrafımız allahın adı çəkilərək gerçəkləşən cinayətlərlə mühasirələndiyi üçün belə bir girişi haqq etmədiyimizi düşündük.

Ona görə də ilk cümləni həm siyasətin, həm dinin şərik düşmən elan etdiyi söz sənətinin “Sirlər xəzinəsi”dən borc aldıq; Klassik poeziyamızda, az qala, oxucuları səbəbsiz kütləvi intiharlara səsləyəcək bir bədbinliklə adı çəkilən və həyatı gündəlik ehtiyaclar mühiti kimi görmək, göstərmək istəyən realistlərimizin ələ saldığı, dilimizin dibindən qaşımağa çalışdığı əfi bir ifadə var – YALAN DÜNYA.

Şairlərin dilində şeytani vurğu ilə deyilir. Asiliyin reallığın başına çaxdığı kontrol gülləsidir bu iki kəlmə. Kasıblığın təsəllisi, acizliyin ümididir. Dünyaya yalan deyilməsi, onu yaradanın varlığını da şübhə altına alır. Poeziyamızın minarəsindən oxunan şeytan azanıdır, diqqətlə qulaq assanız, Tanrı azanından daha uzaq zamanlardan eşidildiyini fərq edərsiniz. Xirqəsi vücudundan daha qiymətli olan bir sufi inancıdır. Azərbaycan xalqı bu ifadəyə yalnız iyirminci əsrdə gülə bildi, o da əlini atanda cibindən rus rublu çıxaran üç-beş qələm adamının simasında.

Qalan bütün əsrlərdə YALAN DÜNYA diriliyimizin, mövcudluğumuzun YASİNİ olub, tariximizin boş məzarı başında havayı oxumuşuq onu. Əsarətimizin həqiqətinə, azadlığımızın gopuna çevrilib. Sərvətimizin qənimi, əxlaqımızın düşməni olub. Hansı dövrə baxsan Azərbaycanın yeni doğulan dövlətlərinin yaxasına tikilən bir YALAN DÜNYA duası görəcəksən. Ədəbiyyatımız milli şüurumuzu yalan dünya laylası ilə yuxuya verdiyi üçün heç vaxt həqiqətə əhəmiyyət verməmişik. Amma dünyada həqiqətən də həqiqət deyə bir şey varmı, olubmu?

Qərb ağılı 2016-cı ildən bu yana dünya siyasətində və mediasında bir qəribəliyin, amöbsayağı şəkildəyişmənin baş verdiyini müşahidə edərək belə bir nəticəyə gəldi ki, siyasət və media artıq dünya həqiqətlərinə deyil, özünün yaratdığı və dövriyyəyə buraxdığı broyler “həqiqətlərə” işıq tutur. Siyasət ənənəvi həqiqətlərin astagəl səsini şokmedianın hay-həşiri ilə batıraraq, özünün kəşf etdiyi “həqiqətləri” tribunalara çıxarır, piştaxtalara düzür. Qərb beyni bu tendensiyanın adını post-thruth – post-gerçək, gerçəklikdən sonrakı gerçəklik adlandırdı.

Nədir gerçəklikdən sonrakı gerçəklik? İlk növbədə, kütlələrin iştirakı və arzusu ilə siyasətdə düzgünlüyün və səmimiliyin siyasi dəyərdən düşməsi, insanın reallıqla o reallığın beynindəki inikası arasında əlaqə qurmağa cəhd göstərməməsi və bunun nəticəsində reallığı təsvir edənin dürüstlük və səmimilik kimi əxlaqi, etik dəyərləri itirməsini özünə dərd etməməsi. Beynimizdəki dünya ilə yaşadığımız dünyanın bir-birindən mediativ zorakılıqla ayrılması, coğrafiyanın iki yox, dörd yarımkürəyə bölünməsi, kütlələrə beyinlərindəki yarımkürələrin həqiqi dünya kimi göstərilməsi.

Post-gerçək yaşadığımız yox, bizə göstərilən dünyanın reallığıdır. Yaşadığımız dünya artıq yoxdur, ya da bizim deyil, öz həqiqətləri, reallıqları ilə birlikdə. O, qorxulu bir illüziyadır, orada daim müharibə, aclıq, yoxsulluq təhlükəsi var. Post-gerçək bizə yaşadığımız dünyanı unutdurmaqdır, biz mövcuduq və bununla kifayətlənməliyik. Real dünyada bizi ölüm və işgəncə gözləyir, bunu istəmiriksə, şokmedianın bizə inşa etdiyi yalan dünyanı seçməliyik. Siyasət və şokmedia beynimizdə yeni dünyanı necə inşa edir? Dünya mediasının xəbər proqramlarının şapkasında gərgin musiqi sədaları altında fırlana-fırlana gələn balaca bir yer kürəsi var – biz orda yaşayırıq.

Hər media orqanı bu dünyanı ona tapşırıldığı kimi hərləyərək gətirir gözümüzün önünə. Bu balaca dünya bizi böyük gerçək dünyadan iyrəndirmək, uzaqlaşdırmaq üçündür. Biz ona başqalarının yaşadığı dünya kimi baxır və nifrət edirik. Biz belə dünyada yaşamaq istəmirik. Bizə özümüzü və oğlumuzu müharibədən qoruyan, iş yeri və ev vəd edən, bizi bu qorxulu gerçəkliklərdən uzaqda saxlayan dünya lazımdır. Hardadır o dünya? Bax bu sualın cavabında siyasət bizə öz “gerçəklərini”, post-gerçəklərini sırıyır. Bu xoşbəxt dünya onun yalanlarına inandığımız, mənfəətlərinə burun soxmadığımız, eybəcərliyinə etiraz etmədiyimiz yerdədir. Nə qədər ki, biz bunun əksini edirik, bizi o ekranda fırlanan balaca qorxulu dünya gözləyir. O təhlükələrlə dolu dünyayla qarşılaşmamaq üçün bizdən nə tələb olunur? Sadəcə, mövcudluğumuzla kifayətlənmək, məşhur üç meymunun hər üç xüsusiyyətini mənimsəmək. Özümüzü key balaxanımlığa vurmaq. Nəinki reallığı dərk və analiz etmək, bacardıqca ona qarşı çıxmaq, ümumi yalanın möhkəmlənməsi, vərdişə və ənənəyə çevrilməsi üçün əmək sərf etmək.

Siyasət buna necə nail olur? Kütlənin öz ehtirası və özünəvurğunluğu sayəsində. Rəqibin gücünü özünə qarşı yönəltmək təkcə aikidoda baş vermir. Totalitar rejimlərin belə bir özəlliyi var; xalqı dil boğaza qoymadan üzünə tərifləmək və onun çıxmağa yer axtaran özgüvən hissini lazımi məqsədlərə yönəltmək. Qlobalizm kürəsəl totalitarizmdir və o, sosial şəbəkələr vasitəsilə böyük kütlələri söz sahibinə çevirib. Hər kəs həqiqət bildiyi sözün müəllifi, redaktoru və naşiridir. İnsanlara elə gəlir ki, artıq həqiqətin yayılmasında heç bir əngəl yoxdur, hər kəs həqiqət istehsalçısıdır. Hər kəsin həqiqət istehsalçısı olduğu bir dövrdə kimsənin siyasətçinin dilindən həqiqət eşitmək gözləntisi yoxdur, kütlələr nəsə fərqli, istehsal edə və yaya bildikləri həqiqətlərə oxşamayan bir şeylər istəyir, bu istək isə populist siyasətçilərə meydan açır. Kütlələrin istəyini bilən populist lider bəri başdan əmindir ki, danışdığı hər hansı rəngarəng yalana, uydurmaya görə kimsə tərəfindən sorğulanmayacaq, çünki artıq söz azadlığı var və söz azadlığı - həqiqət qədər, yalanın da azadlığıdır. Əksinə, bu gözlənilməz yalana görə onu alqışlayacaq və səs verəcəklər.

Məsələn, 2016-cı ildə ABŞ prezidenti seçilən Trampın seçki kampaniyasında rəqiblərinə qarşı ortaya atdığı iddiaların sonradan araşdırılması nəticəsində məlum oldu ki, adamın dediklərinin 70 faizi yalan imiş. Tramp seçki boyunca bu yalanlardan özünə yönəlik “iftiralara” qarşı “həqiqəti” üzə çıxarmaq üçün istifadə etmişdi. Məsələn, o, Barak Obamanın doğum şəhadətnaməsinin saxta olması iddiasını yalandan ortaya atdığını heç bir ictimai-siyasi ehtiyatkarlıq hiss etmədən boynuna aldı. Çünki onun arxasında bütün çıxışlarında üzünə təriflədiyi, Harvard hüquqşünaslarından üstün tutduğu cahil bir kütlə heyranlığı vardı. Bu kütlə bu tərifin qarşısında ondan dünyanın daha böyük yalanlarını belə eşitməyə hazır idi.

“Hakimiyyəti Vaşinqondan alıb xalqa verəcəyəm” - İlahi, xalq bu etimadın, ehtişamın qarşısında kimə səs verməz ki? Amma xalqa barıtını bol edib, vəzifəyə yeznəsi Kuşneri gətirdi. Yaxın coğrafiyamıza nəzər salsaq, müsəlman dünyasında da eyni şeyi görəcəyik. Liderlər “xalq” deyib hər yerdə cəhaləti tərifləyirlər. Türkiyədə yazıb-oxumağı bacarmayanlara artıq xalqın gələcəyinin qarantı kimi baxırlar. Və media bunu heç bir məsuliyyət hissi duymadan tirajlayır, çünki o da bu cür “gerçəklərlə” qürur duyan oxucu kütləsi yaradıb. Elə bir kütlə ki, əsl həqiqətə düşmən gözü ilə baxır, reallıq onu qəzəbləndirir, ona emal olunmuş, siyasətin ət maşınından keçmiş hazır “həqiq-ət-lər” lazımdır. Onlar, post-gerçək sözünü ilk dəfə Körfəz müharibəsi zamanı dilə gətirən ssenarist və yazıçı Stiv Tesiçin dediyi kimi, səs verdikləri hökumətlərdən onları əsl gerçəkliklərdən qorumalarını tələb edirlər. Çünki əsl gerçəklik bu gün dünyada yalnız qan və işgəncə şəklindədir.

Çünki biz bu gün Azərbaycan poeziyasının min il əvvəl kəşf etdiyi YALAN DÜNYA reallıqlarında yaşayırıq, yaşamaq istəyirik...

# 2197 dəfə oxunub

Müəllifin son yazıları

# # #