Tarix bizi Şuşada gözləyirdi

Tarix bizi Şuşada gözləyirdi
16 iyun 2021
# 12:39

Misirin tarixin bütün fatehlərini cəlb etməsinin, bütün güclənən mədəniyyətlərin özlərini Misiri fəth etməklə təsdiqləmək istəməsinin səbəbi haqqında şərqşünas Eduard Səid belə bir izah verir ki, insanlıq Misirdə doğulmuşdu, dünyaya o torpaqlardan yayılmışdı.

Misir, bir növ, bəşəriyyətin ata ocağı idi. Özünü tanıyan bütün mədəniyyətlər qürurunu ata ocağı ilə bölüşmək istəyirdi.

Bu şərqli baxışı ilə baxsaq, Şuşanın bu gün tariximizin mərkəzinə, ocağına çevrilməsi də energetik bir hadisədir. Tarix bizi Şuşada gözləyirdi, onu əldən verdiyimiz yerdə.

Qüds şəhərinin əhəmiyyətini, adətən, onun peyğəmbərlər şəhəri olması ilə əlaqələndirirlər, olsun, bu da bir yanaşmadır.

Ərdoğan: Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajlar çox önəmlidir |  Report.az

Amma Qüdsün həqiqi əhəmiyyəti özündə tarixlə mədəniyyəti birləşdirməsindədir. Qüds özündən əvvəlki mədəniyyətləri özündən sonrakı tarixlərə çevirən yeganə şəhərdir.

Şuşa da Azərbaycan mədəniyyətinin Qüdsüdür!

Bu şəhər Azərbaycan tarixi ilə Azərbaycan mədəniyyətinin görüş yerdir!

Mənə həmişə elə gəlib ki, azərbaycanlılar həmişə bu şəhərə durulmağa gediblər; həm mədəni, həm tarixi baxımdan.

Onun bir ocaq kimi əhəmiyyətini də bunda görürəm. Hətta, indidən hiss edirəm ki, Şuşanın enerjisi bu otuz il ərzində bulandırılımış mədəniyyətimizi yenidən duruldacaq.

Tarixi əhəmiyyətinə gəlincə, Şuşa həm də bir qaladır.

Biz tarixdə həmişə Şuşanı itirəndən sonra sınmışıq, Şuşanı alandan sonra dikəlmişik. Bu dəfə də belə oldu.

Dünən Cıdır düzündə baş verən tarixi hadisə onu göstərdi ki, biz Şuşanı işğaldan azad etməklə tarixin özünü ələ keçirdik.

Hadisələr istiykən ətraflı düşünməyə duyğular mane olur, yəqin ki, bu barədə soyuq başla yazılmış daha əhatəli yazılarımız olacaq.

# 4439 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #