Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.
Uşaq vaxtı kənddə atdan yıxılırdıq, boynumuz sınırdı. Yaşlılar sarğının üstündən ərklə bir şapalaq vurub deyirdilər ki, vaxt gələcək, bu gününüzü həyatınızın ən xoş anı kimi xatırlayacaqsınız.
Universitetə gəldik, dekan üzünü görmədiyimiz tələbəyə "qırmızı diplom" verib, il boyu yazıb-oxuyanları 3 dalınca süründürürdü. Dünyagörmüş müəllimlər deyirdilər ki, vaxt gələcək, 3 üçün süründüyünüz bu günləri tələbəlik illərinin ən xoş anı kimi xatırlayacaqsınız.
İşə düzəldik. Məlum oldu ki, Azərbaycanda çalışdığın peşədə uğur qazanmaq üçün əvvəlcə əxlaqından güzəştə getməlisən. Daha təcrübəli ustalar dedilər ki, vaxt gələcək əxlaqınızdan güzəştə getdiyiniz anları gələcəkdə həyatınızın ən xoş anları kimi xatırlayacaqsınız.
Pisi, pisliyi zamanla xoş xatirəyə çevirən bir milli şüura sahib olduğumuzu çox gec anladım. Folklorumuzun, inanclarımızın tən yarısının xoş xatirəyə çevrdiyimiz pis günlər, qeyri-insani, əxlaqa zidd əməllər olduğunu anlayanda çox gec idi, artıq xalqın milli şüuru formalaşmışdı.
Artıq milli şüur xalqın pisinə yaddaşın qapısını açmışdı: Pisə, pis günlərə gələcəkdə xoş xatirə "kupçası" vəd edirdi. Milli yaddaşa düşmək üçün üstündə bir pislik sənədin olmalıydı. Anladım ki, biz mərdi kefimizdən qova-qova namərdə çevirmirmişik. Bunu bizdən milli yaddaşın qəbul qaydaları tələb edirmiş.
Nitsşenin xristianlığı tənqid etməsinin səbəbi də bu idi: İsa Roma xalqlarının yaddaşını yəhudiliyin "zibilliyinə" çevirmişdi.
Umberto Eko da Ceyms Coys, Marsel Prust kimi modernist yazıçıları bu "yəhudi zibilliyinin" siçovulları hesab edirdi.