Səddam Hüseynin bombası

Səddam Hüseynin bombası
9 sentyabr 2011
# 11:18
Əyalət adamları, adətən, qulaqları dələn ictimai-siyasi informasiyaları, qol-qıçını sındıra-sındıra, ağızdan-ağıza ötürə-ötürə yayırlar. Bunun günahını əyalətdəki qəzet köşklərinin azlığı, bəzən, ümumiyyətlə, yoxluğu ilə, internet maarifçiliyi işindəki yarıtmazlıqla da izah etmək olar.

Boş söhbətdir, kənd adamının öz informasiya mənbələri var və bu mənbələr pulsuz-parasız yas yerlərində, rayon çayxanalarında, xınayaxdı, qəndəzdi məclislərində bir ucdan informasiya üyüdüb-tökürlər, özü də kənd adamının başa düşdüyü dildə.

Əyalət adamları nə televiziyaya, nə də qəzetlərə inanırlar. Əyaləti informasiya ilə təmin edən bu iki-üç adam hər gün məktəbli kimi eyni saatda paytaxtdan qəzetlərin gəldiyi vaxt köşkün qabağında fikirli-fikirli var-gəl edir; elə ki avtobus sürücüsü qəzetsatana qışqırıb qəzet bağlamasını pəncərədən qolu tutduqca fırıldatdı, onların eyni açılır. Hətta onlar öz aralarında bir-birilərinə rəqib kimi baxırlar: yəni kim daha çox və daha dəqiq informasiyaya malikdir, yas yerində, çayxanada kimin başına daha çox dinləyici yığılır. Buna görə də oxuduqları hər bir xəbərin üstünə beş çömçə də özlərindən artırıb yollanırlar ölü yerinə, yaxud çayxanaya.

Kəndlərdə yalnız bu bir-iki adam televiziyada, yaxud radioda ancaq xəbərlər proqramına qulaq asır, onlar həm də kənd camaatının sınanmış politoloqu, hüquq müdafiəçisi, ombudsmanı, siyasi şərhçiləridir. Məsələn, ata-Buş İraqa hücum edəndə bizim kənddə müzakirələr gedirdi ki, kim güc gələcək; Buş, yoxsa Səddam Hüseyn? Kənd, Buş və Səddam Hüseyn tərəfdarları olmaqla iki cəbhəyə bölünmüşdü: İraq diktatoruna pərəstiş edənlər İran radiolarının yaydığı xəbərlərə istinad edərək kənddə belə bir şayiə yaymışdılar ki, guya Səddam Hüseyn elə bomba düzəltdirib ki, bir dəfə atanda çəyirtkə kimi hoppana-hoppana yetmiş yerdə partlayır. Yəni bu bombanı Bibiheybət məscidi tərəflərdə üzü cənuba atsan partlaya-partlaya gedib Salyana çatacaq. Bu şayiə ilə də Buş tərəfdarlarını informasiya mübarizəsində xeyli üstələmişdilər.

Yaxud “Wikilaeks” söz-söhbətləri təzə-təzə peyda olanda əyalət camaatı arasında cürbəcür xəbərlər yayılmışdı, taksi sürücüləri əsnəyə-əsnəyə söyləyirdilər ki, şou-biznes nümayəndələrindən iyrəndikləri üçün televizora baxmırlar və müştərilərindən soruşdular: “Deyirlər, Amerikada yer dəbərib – arxasınca da - müsəlmanların ahı tutdu köpəkuşağını” deyib, sonrada əllərini, sanki anadangəlmə sürücü vərdişiylə sürət ötürücüsünün yanına uzadırdılar və yol boyu nasaz maqnitofonda əlimyandıda saxladıqları Könül Xasıyavanı zəlzələ zamanı qırılmış amerikalıların şəninə yanıqlı bir muğamat oxumağa ruhlandırdılar – bizim sürücülər ucdantutma hamısı bir bezin qırağıdırlar.

Könül xanım, doğurdan da, elə yanıqlı muğam oxuyurdu ki, xəyalımda bir anlıq daş-kəsək altında qalmış uşaq, qadın, kişi meyiti canlanırdı və özümü saxlaya bilməyib, hər dəfə qəfildən bir ağız hönkürəsi olurdum. Ancaq yol yoldaşlarımdan ayıbdir deyə hər dəfə özümü ələ alıb hönkürtümü ustalıqla öskürəyə çevirirdim.
Yaxud “əl-Qaidə”çilər Nyu-Yorkda məşhur binaları partladanda biz tərəflərdə vur-hay Qiyamət gününə hazırlaşırdılar, bəziləri, yəni ölməkdən ötrü sinov gedənlər sevindiyindən öz-özünə çalıb oynayırdı. Namazlarıni qılıb, qüsullarını vermiş və ayaqqabılarını geyinib Tanrı qarşısına çıxacağı anı gözləyirdilər. Tanrıyla görüş bu qədər asan imiş, sən demə.

Rayonda kəfənlik parçanın qiyməti xeyli qalxmışdı. Bir yandan Qiyamət gününə hazırlıq gedirdi, o biri yandan bazar iqtisadiyyatına keçirdik. Özü də bu yalnız müsəlmana xas olan bazar iqtisadiyyatıdır: Ramazan bayramında ətin, Novruz bayramında qoz-fındığın, Qiyamət günündə də kəfənlik ağın qiymətini qaldırmaq.

İndi gələk əyalətdəki azsaylı “informasiya mənbələrinə”. Bu adamlar, adətən, fərdi oxu sayəsində dünya ədəbiyyatından və mədəniyyətindən xəbərdar olan kasıb müəllimlər, zootexniklər, baytar həkimlər olurlar. Üzlərinə deməsələr də yerdə qalan əhali, yəni onların dinləyici auditoriyası onlara öz aralarında cüvəllağı kimi baxır, necə ki BDU-da dərs oxuyan tələbəni oxumayan zırramalar gözümçıxdıya salıb fitə basırlar, bax o cür. Nə arvadları, nə də övladları onları ər və ata hesab edirlər. Çox vaxt bu onların içki düşkünü olması ilə nəticələnir və bu adamlar qoltuqlarında bir qom qəzet, dişləri tökülmüş, siqaret çəkməkdən bığları saralmış, arıq, üzgün, ümidsiz halda vaxtsız ölüb gedirlər. Allah onlara rəhmət eləsin.
# 4410 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #