Kulis.az Aqşin Yeniseyin "Mədəniyyətin dərisinin rəngi" adlı yazısını təqdim edir.
Turan ideyası reallığa yaxınlaşdıqca, bu reallığın necəliyi, hansı mədəni, siyasi, dini və s. dəyərlər üzərində formalaşdırılıcağı fikri də aktuallaşır.
Artıq indidən aydındır ki, Turan birliyi yaranacaqsa, bu nə klassik Şərq ittifaqı olacaq, nə də müasir Qərb ittifaqı. Ancaq heç birinə bənzəməmək imkanı da olmayacaq. Bütün hallarda birləşdirici bağların ortaq türk mədəniyyətinin milli elementlərinin olacağı qaçılmazdır. Çünki Qərbin çoxmədəniyyətlilik təcrübəsinin puç olması göstərdi ki, ortaqlıq yalnız bir-birinə yaxın mədəniyyətlər arasında baş tuta bilər. Çoxmədəniyyətlilik deyilən şey, sadəcə, utopik cəfəngiyyatdır.
1960-cı illərdə alman filosofu Teodor Adorno yazırdı ki, mədəniyyətdən danışmaq, istər-istəməz siyasi iqtidardan danışmaqdır. Yəni mədəniyyət XX əsrin ikinci yarısından sonra siyasi hakimiyyətin alternatividir. Qloballaşma olacaqdısa, bu, bütün mədəniyyətlərin bir üstün mədəniyyətin peyklərinə çevrilməsi ilə deyil, ortaq mədəniyyətlərin yaratdığı mədəni iqtidarın yaradılması ilə olacaqdı. Ancaq Qərb təcrübəsi bunun mümkünsüzlüyünü təsdiqlədi. Çünki bu gün dünyada eyni qaynaqlardan bəhrələnmələrinə baxmayaraq, bir-birinə ortaq olmaq istəyən neçə mədəniyyət, cüzi fərqlərlə eyni konstitusiyalara əsaslanmalarına baxmayaraq, bir-birinə ortaq olmaq istəyən neçə iqtidar var sualı cavabsız qaldı.
Hətta biz bu yazını yazanda Rusiya-Ukrayna cəbhəsində bir-birilərinin qanını axıdanlar ortaq mədəniyyətin daşıyıcıları olsalar da, ortaqlaşa bilməyən iqtidarlar deyilmi?
Ortaq mədəni iqtidara sahib olmayan yaxın xalqları bir-birinə düşmən etmək çox asandır.
2010-cu illərə qədər Avropada, eləcə də bir çox Qərb ölkələrində çoxmədəniyyətlilik deyə qlobal bir həyat tərzi ideyası populyar idi. 2011-ci il ABŞ-da baş verən məlum və məşhur terror hadisəsindən ("Babil qüllələrinin” növbəti dəfə dağıdılması) sonra o vaxtkı Qərb siyasətçiləri (Merkel, Sarkozi, Kemeron) əvvəlcə yavaş-yavaş, sonra gur səslə çoxmədəniyyətliliyin Avropada iflas etdiyini car çəkməyə başladılar.
Çoxmədəniyyətlilik anlayışının Avropaya bir o qədər dəxli də yox idi. Bu anlayış ilk dəfə Avropadan köçənlərin yaratdıqları Amerika, Avstraliya, Kanada kimi ölkələrdə siyasətin mövzusu olmuşdu. Avropa çoxmədəniyyətlilik siyasətini daha çox ucuz işçi qüvvəllərini cəlb etmək üçün ortaya atmışdı. Hətta İkinci Dünya müharibəsindən sonra ucuz işçi qüvvəsinə böyük ehtiyac duyan dağıdılmış Almaniyanın yazarı Maks Friş dünyaca məşhur olan belə bir söz demişdi: "Biz işçi istəyirdik, insanlar gəldilər”. Bu sözlər həm də almanların işçini insan gözündə görmədiklərinə bir işarədir. Demək ki, avropalılar ucuz işçi qüvvəsini mədəni ortaqları hesab etmir(di)lər.
Hətta bu gün də, məsələn, Almaniya və Fransa kimi çoxmədəniyyətliliyə qucaq açan ölkələrdə vətəndaşlıq almağın şərtlərindən ən vacib olanı qəti şəkildə köçkünlərin öz vətənləri və dinləriylə münasibətlərindən imtina etmələridir. Avropanın çoxmədəniyyətliliyinə daxil olmaq istəyirsənsə, öz mədəniyyətini, dilini və dinini rədd etməlisən.
Ümumiyyətlə, azadlıq sərhədlər və şərtlər daxilində mümkündür. Milli mədəniyyət haradasa içində özümüzü azad hiss etdiyimiz könüllü bir həbsxanadır, bu, öz yerində. Biz onun divarları arasında doğulur, yaşayır və ölürük. Həm də buranın bir həbsxana olduğunu hiss etmədən. Qərbin çoxmədəniyyətlilik anlayışı, bir növ, qlobal həbsxana yaratmaq cəhdidir, bu, hər mədəniyyətdən (həbsxanadan) olan dustaqlar üçün düşünülüb, amma 600 dil qrupunda, 5000 etnik tərkibdə təmsil olunan bu "dustaqlar” bir-biriləri ilə yola gedə biləcəklərmi? Hansı dildə anlaşacaqlar? Hətta Avropa Birliyi ölkələri belə qitədə ingilis dilinin üstünlüyünü (38%) həzm etmək fikrində deyillər.
Artıq Avropada çoxmədəniyyətliliyin mümkünsüzlüyü müzakirə belə olunmur. Çoxmədəniyyətliliyin yalnız "mədəni irqçilik” kimi gerçəkləşə biləcəyi söylənilir.
Sübut etməyə ehtiyac yoxdur ki, mədəniyyət ortaqlığı deyə bir dünya gerçəkliyi yaratmaq qeyri-mümkündür. Məsələn, öz mədəniyyəti tarixində piano görməyən bir Afrika ölkəsi ilə dünyanın ən gözəl simfonik piano əsərlərini yazmış Avropa ölkəsi hansı ortaq mədəniyyəti bölüşə biləcəklər?
Odur ki, çoxmədəniyyətlilik ideyasının müəllifləri olan Qərb dövlətləri artıq bu fikirdən imtina etməyə başlayıblar. Çünki qərbləşməyə, modernləşməyə can atan ikinci, üçüncü növ ölkələr, eyni zamanda qərbləşmənin, modernləşmənin prinsipləri ilə mücadilə halındadırlar. Dünya həm qloballaşmaq, məsafələri qıslatmaq istəyir, həm də milli rəngarəgliyini qorumaq, öz coğrafi məhrəmliyinə can atır. Nə olsun ki, Avropa Parlamenti 1996-cı ildə "irq” sözünün bütün rəsmi mətnlərdə işlədilməsini qadağan edib.
Çoxmədəniyyətlilik postkolonial mədəniyyətlərə "yumşaq güc” tətbiqidir. Bu, elə çoxmədəniyyətlilik adı altında aparılan bir postmodern irqçilik siyasətidir. Postmodern iqrçilik insanları dərilərinin rənginə görə ayırmır, onların geyimlərinə, həyat tərzlərinə, yaratdıqları sənət əsərlərinə və s. görə fərqləndirir. Məsələn, Avropanın ən liberal ölkələrində geyimə, ibadət formasına, danışıq dilinə çox diqqət göstərirlər. Sənin şəxsi azadlıq kimi gördüyün şey onlar üçün bir təhdid məsələsidir. Postmodern irqçilik mədəni irqçilikdir. İnsanın deyil, mədəniyyətin dərisinin rəngini əsas alan iqrçilikdir. Bunun da kökündə Qərbin modern dəyərləri qısqanması amili dayanır.
Qərb, xüsusilə müsəlman Şərqinin modern sifətini sevmir. Sən onun üçün muğam oxuyan, yallı gedən, nə bilim, tütəklə ilan oynadan ekzotik mədəniyyət mənsubusan və onun iradəsini qəbul etmədiyin müddətcə belə də qalmalısan. Bu "mədəni irqçilik” düşüncəsinə görə, müsəlman modern mədəniyyət yarada bilməz, onun geridəqalmışlığını təbliğ və təsvir edənlər isə ən nüfuzlu mükafatlara layiqdir.
Məsələn, Qərbi qıcıqlandıran Türkiyə onun iradəsini qəbul etmək bir yana, onun iradəsinə qarşı özbaşına modern osmanizmə can atan Türkiyədir. Klassik osmanizm bu gün Qərbin tarixi düşmənində "heyran olduğu” qürub gözəlliyidir. Qərb istəyir ki, osmanizm artıq dəbdən düşmüş tarixi libasından çıxmasın, ona kostyumlu taliban lazım deyil, Qərbin hegemon düşüncəsinə görə, islam VII-VIII əsrlərdəki yarımbarbar sifətini olduğu kimi qoruyub saxlamalıdır.
Ona görə də pakistanlı intellektual Rəşid Arain hesab edir ki, postmodernizm kolonial uzaqgörənlik və cəhalət üzərində qurulub. Digərlərinin də modernləşməsinin qarşısını almaq üçün onları yenidən ayrılmaq istədikləri keçmişlərinə bağlamaq. Postmodernizm, bir növ, Qərb modernizminin kamuflyajıdır. Postkolonial ölkələri premodern dövrə qaytarmaq cəhdidir.
"Rəhmətlik” Merkel çıxışlarının birində açıq şəkildə belə deyirdi: "… Miqrantların alman dəyərlərini və alman mədəniyyətini mənimsəmələri vacibdir”. 2011-ci ildə Fransanın keçmiş prezidenti Sarkozi və İngiltərənin Baş naziri Kemeron da öz çıxışılarında çoxmədəniyyətliyin çökdüyünü və bundan sonra dövlət siyasəti olmaqdan çıxarıldığını elan etmişdilər. 2006-cı ildən etibarən Avstraliyaya köçən 18-60 yaş arası hər kəs bu ölkədə ingilis dili və "vətəndaşlıq imtahanı” verməlidir.
Yuxarıda Turan İttifaqını formalaşdıran dəyərlərin ortaq türk mədəniyyətinin elementlərindən təşkil olunması vacibliyini vurğulayanda yeni ittifaqın bu mədəni-irqçi rəqabətə dözümlülüyünü nəzərdə tuturdum.
Turanın ortaq dəyərlərə söykənən mədəni iqtidarı olmayacaqsa, o, bu rəqabətə dözə bilməyəcək. Bu gün Qərbin mütəşəkkil dayanıqlığını qoruyan bu ölkələrin ortaq mədəni iqtidara sahib olmalarıdır. Bu ölkələrdə insanların dərisinin rəngi fərqli olsa da, məhkum və mənsub olduqları mədəniyyətin dərisinin rəngi eynidir.
Vaxtilə Osmanlılar və Səfəvilər bu ortaq mədəni iqtidarı yarada bilsəydilər, indi türk dünyasında heç kim Nobel mükafatı almaq üçün atasını ləkələmək fikrinə düşməzdi.
qaynarinfo