Allah o gədəni özü cəzalandıracaq

Allah o gədəni özü cəzalandıracaq
23 yanvar 2023
# 17:30

İsveçdə bir gədə türk səfirliyinin qarşısında «Quran»ı yandırıb. Amma bu gic başa düşmür ki, kitabı yandırmaq olar, amma o kitabdakı sözləri heç cür yandırmaq mümkün deyil, Allahın sözləridi. Heç Allahın sözü olmasın, heç bir sözü yandırmaq mümkün deyil.

Hamı da deyir ki, Allah o gədəni cəzalandıracaq. Böyük və qadir Allahın işi-gücü qurtarıb ki, küçədən keçən hər səfehi cəzalandırsın? Onun cəzasını Allahın qulları verəcək. Necə ki, Parisdə peyğəmbərin karikaturasını çap edən jurnalı Allahın qulları darmadağın etdi və cəzalandılar, indi bu isveçli gədənin də cəzasını verən bəndə tapılacaq.

Məni bir şey maraqlandırır. Bu xristianlıqda İslama qarşı nifrət hardandı? Biz bunların çörəyini əlindən almışıq, ana-bacılarına sataşmışıq, yerlərini dar eləmişik?!

Biz bütün dinlərə və Səmavi kitablara hörmətlə yanaşırıq. Şəxsən mənim evimdə «Bibliya» da var, «Tövrat» da. Özü də «Quran»la yan-yana qoymuşam. Hərdən götürüb oxuyuram. Özü də oxumamışdan əvvəl gedib əl-üzümü yuyuram ki, müqəddəs Kitaba əl vuracam.

Gəzdiyim ölkələrdə mütləq kilsələri ziyarət edərəm, şam yandıraram. Çarmıxa çəkilmiş İsanın önündə dayanıb dua edərəm, sonra da bir «Fatihə» surəsi oxuyub salavat çevirərəm.

Tiflisdə Saakaşvili çox möhtəşəm bir kilsə tikdirib. Bir neçə dəfə o kilsədə olmuşam. Hər dəfə də Həzrəti İsanın önündə «Fatihə» vermişəm və salavat çevirmişəm. Adamlar mənə təəccüblə baxıb. Hətta bir dəfə bir gürcü yaxınlaşdı, soruşdu ki, müsəlmansan? Dedim ki, hə. Dedi ki, görürəm şam yandırdın, İsanın önündə dua oxudun. İsaya inanırsan?

- İsaya da, Musaya da inanıram. Allahın göndərdiyi müqəddəs peyğəmbərlərdi. Bizim Quranda da onlar haqda yalnız xoş sözlər yazılıb.

Gürcü əlimdən öpmək istədi, qoymadım.

Biz müsəlmanlar belə tərbiyə almışıq. Bizim üçün kilsə də, sinaqoq da məscid kimi müqəddəsdi, Allahın evidi.

Biz məscidlərimizi dağıdan, içində donuz saxlayan ermənilərin də Bakıdakı kilsəsini təmir edib saxlayırıq. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda nə qədər xristian məbədi və kilsəsi varsa onları da qoruyub saxlayırıq. Çünki biz Allahın yaratdığı bəndələrik, şeytanın yox.

İndi, ay gədə, «Quran»ı yandırmaqla heç nə qazana bilməzsən. Özünü yandıra bilərsən.

Çox maraqlıdır ki, dünən Solovyov da verilişində «Quran»ı yandıran isveçliyə çox ağır sözlər dedi.

# 2592 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #