Göydən 5 rayon düşdü

Göydən 5 rayon düşdü
18 yanvar 2018
# 11:39

Bu haqda bir dəfə yazmışam, təkrar çap etmək istəmədim. Biz nağılları çox sevirik axı: Cırtdan-mırtdan, Ağ atlı oğlan, qardaşların kəndirini kəsdiyi Məlikməmməd, at gəldi örkən apardı, it hürən tərəf, işıq gələn tərəf. Həmişə də it hürən tərəfə getmişik, itlər də bizi tutub. Ağlımıza gəlməyib bir dəfə işıq gələn tərəfə gedək, bəlkə işıqlığa çıxdıq.

Nə isə, söhbəti uzatmayaq, oxucunu da yormayaq. Çünki oxucular da yazı yekə olanda oxumurlar, ərinirlər.

Adətən bütün nağılların axırında da göydən üç alma düşür: nə bilim biri nağıl deyənin, o biri ikisi də kimə düşür yadımdan çıxıb, amma deyəsən biri qulaq asanlarındı.

Amma heç vaxt göydən alma düşdüyünün şahidi olmamışıq. Bizim də başımıza göydən alma düşsəydi, demirəm Nyuton kimi Cazibə qüvvəsi qanununu kəşf edərdik, ən azı vaxtında dilimizdəki «ğ» hərfini «k»la əvəz edərdik, indiyə saxlamazdıq.

İndi hərdən ortaya «5 rayon nağılı» atırlar. Millət də sevindiyindən az qala bayram edir. Guya ki Ermənistan Qarabağdakı 5 rayonu qaytaracaq. Hansı rayonlardı deyilmir.

Cəbrayılmı?! Vurhavur qəsəbələr tikirlər, hətta bir kilsə də tikdilər, Sərkisyan gəldi açdı.

Zəngilan-Qubadlımı?! Yeni qəsəbələr tikirlər, Suriyadan gələn erməniləri yerləşdirirlər.

Kəlbəcərmi?! Məktəblər tikirlər, kanalizasiya xətləri çəkirlər, küçələri asfaltlayırlar. Və sair və ilaxır. At gəlmədi, örkən də aparmadı.

Hələ ki bir Ağdamla Füzulidə abadlıq işləri aparmırlar, çünki erməni azlığı var, orda yaşayacaq erməniləri hələ ki tapa bilmirlər.

5 rayonu qaytaracaqlar! Duqin dedi, nə bilim kim dedi. Bu millət nağılı yaman çox sevir. Deyəsən, Nüsrət Kəsəmənlinin şeiridi: «Daha nağıllara inanmıram mən». Nüsrət bəy inanmasa da, xalq inanır. Məsələn, bizim jurnalisti təhqir eləyən Zaxarova beş-altı gün bundan əvvəl Azərbaycanla bağlı xoş bir söz deyib. Siyasətçilərimiz, mətbuatımız onu qəhrəman səviyyəsinə qaldırıb. Çünki urus da bilir ki, biz nağılları sevirik və inanırıq.

Bir Metyu Brayza vardı, indi də var, özü də yeznəmizdi. O da indi olub qəhrəman və sevimli. Nə deyib ki, belə sevimlimiz olub? Azərbaycan hökumətinə minnətdarlıq edib ki, onu və ailəsini, eləcə də diplomatik korpusu terrorizmdən və təhdidlərdən qoruyub. Və artıq qəhrəmandı! Xoş söz deyib, axı.

Məntiqinizə rəhmətlik Mustafa Güliyev bir quzu kəssin.

Azərbaycan keçmiş SSRİ məkanında uzun illərdi terrorizmdən uzaq ölkələrin önündə birinci yerdə gedir. Bunun səbəbi də həm Daxili İşlər Nazirliyinin, həm Dövlət Təhlükəsizlik Xidmətinin, eləcə də digər xüsusi xidmət orqanlarının böyük zəhmətləri və başarılarıdı.

Bu günədək Azərbaycanda heç bir diplomatik korpuslar nə terrorizmə məruz qalıb, nə də təhdidlərə. Arada bir Qarabağ Azadlıq Təşkilatının Rusiya, hərdən bir də İran səfirliyinin qarşısında keçirdikləri piketlər də təhdid sayıla bilməz, bir etirazdı. O da dünyanın bütün ölkələrində olur.

Amma bu günədək ABŞ səfirliyinin qarşısında Allahın kiçik bir piketi də olmayıb ki, səfirliyin özü, ya əməkdaşları, ya metyubrayzları narahat ola. Yəni bu da bir nağıldı.

5 rayon qaytarılacaq! Göydən 5 rayon töküləcək! Bəs, bizim təpəmizə hansılar düşəcək? Nağıllar nə təhər başlayır? Şah Abbas cənnət məkan, tərəziyə vurdu təkan, iki qoz bir girdəkan, 5 rayon, bir də təpəmizə …

# 1736 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #