İnstagram üçün xonça istəyənlər

İnstagram üçün xonça istəyənlər
21 mart 2019
# 14:01

Aliyə

Əslinə qalsa, Novruz kasıb camaatın bayramıdır. Qışın soyuğundan, qaramatından, aclığından birtəhər külfətini və mal-qarasını sağ-salamat yaza çıxarmış kəndlinin bayramıdır. Təbiət qış yuxusundan ayılıb ağacı, otu, günəşi ilə kasıblığını yaşayan adama özü dayaq olacaq. Adamlar bunu bilir, baharın şərəfinə səməni göyərdib ilin ruzili olmasını niyyət edirlər.

Biz səmənini dükanlardan hazır alırıq. Ənənələr dekorativləşib.

Bayram adətləri kanonik şəkil alanda dekorasiyaya çevrilir. Bu dekorativliyə xüsusilə ciddi əməl edən ailələr var: qız evinə bayramlıq aparmalı olanlar.

Xərc-borc, necə olsa, onlar qız evinə bayram sovqatı aparmalıdırlar. Olan yerdə bu ikiqat sevincdi. Olmayanda isə…

“Oldun füqəra əzası, Novruz!”.

Üstəlik qız evi də “adət-ənənə” tərəfkeşidirsə, deməli, bir bayram xonçası ilə keçinmək olmayacaq, oğlan evi borca girməlidir. Bir məcburiyyət hiss etdinsə bunun harası bayram oldu? Ünsiyyət rahatlığı yoxdursa, bunun nəyi qohumluq oldu? Bayram insan üçün deyilmi? Özünü bu qaydaların girovuna çevirdinsə, nəyi bayram edirsən?

Oğlu nişanlı olan qohum bayramlıq qayğılarını bölüşür. Əri və oğlu işsizdir, yəni, hazırkı işləri qurtarıb, yeni iş axtarırlar, ailə onun müəllim maaşına baxır. O isə təzə qohumların yanında utanmaq istəmir: “8 Martını da əməlli təbrik etməmişəm, bayramlığın üstünə heç olmasa bir dəst paltar da qoymalıyam”-qayğılanır. Adət belədir. Elçilikdən toya qədər olan adətlər.

Mahiyyətindən uzaq düşəndə, ehkama, qaydaya çevriləndə adətlər insanlar üçün oyuna çevrilir: Bayram-bayram oynamaq. “Bəy corabı toxumayan” adaxlı qızlar adətlə filan xərcləri oğlan evi çəkməlidir, deyə qaydalar kitabı açırlar. Bu arada cehizin əyər-əskiklərinə görə də qız evi xəcalət təri tökür.

Burada adətlərin, xüsusən, bayram adətlərinin heç bir təqsiri yoxdur. Bayram adətləri insanların arzusu, sevgisi, ümidi, azadlığı üzərində yaranıb. Bir-birinin qapısına papaq atacaq, qapı pusacaq, küsülüləri barışdıracaq, qızlı-oğlanlı tonqal üstündən tullanacaq qədər azadlıq… Bizə bunca yaxın bayramı inadla öldürməyə çalışırıq…

Dediyim odur ki, bayram adətlərinin balacası, böyüyü yoxdur: adaxlı qız bayramlığa ağzını büzür, brend istəyirsə, buynuzuna qırmızı lent bağlanmış qurbanlığın şəklini çəkib İnstagramına qoymaq istəyirsə, bəy corabını da özü toxumalıdı…

# 2935 dəfə oxunub

Müəllifin son yazıları

# # #