“Əli və Nino”: “Yerimiz yoxdur” RƏSMİ MÖVQE

“Əli və Nino”: “Yerimiz yoxdur” <span style="color:red;">RƏSMİ MÖVQE
29 may 2015
# 13:29

“Əli və Nino” mağazalar şəbəkəsi Qan Turalının yenicə çapdan çıxmış “Doqquz hekayə” kitabını satmaqdan imtina edib. Bununla bağlı məsələ qaldıran Qan Turalının ittihamlarına cavab almaq üçün kulis “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli ilə əlaqə saxlayıb.

- Nigar xanım, sizdən yazıçı Qan Turalının qaldırdığı məsələ ilə bağlı açıqlama istəyirəm. “Əli və Nino mağazalar şəbəkəsi niyə onun kitabını satmır?

- Bizdə bu məsələlərə satış şöbəsi baxır. Onlara müraciət edin və onlardan da cavab alın. Mən heç nə deyə bilmərəm.

- Amma sizin məsələdən xəbəriniz var axı?

- Mən demədim xəbərim yoxdur, dedim ki, bu barədə məlumat verə bilmərəm.

- Yəni, siz öz şirkətinizdə nə baş verdiyini bilmirsiniz? Bu imtinaya nə səbəb ola bilər bilmirsiniz?

-“Əli və Nino” şirkətinə 5 kitab evi və 7 satış şöbəsi aiddir. Gündə bir neçə yazardan kitabını satışa vermək istəməsi ilə bağlı təklif alırıq. Bununla bağlı mən heç bir qərar vermirəm. Satış şöbəsinin meneceri Rəna xanımdan məlumat alın.

- Siz özünüz təxminən bilmirsiniz nəyə görə satış şöbəsi imtina edər?

- Bizdə 70-dən çox adam işləyir, yalnız satış şöbəsinə 3-4 adam baxır. Onlarla danışın sizin suallara cavab versinlər.

Kulisin suallarına “Əli və Nino”nun satış üzrə meneceri Rəna xanım cavab verir.

- Salam, Rəna xanım. Nigar xanım suallara sizin cavab verəcəyinizi söylədi. Xahiş edirəm yazıçı Qan Turalının qaldırdığı məsələ ilə bağlı açıqlama verəsiniz. “Əli və Nino” mağazalar şəbəkəsi niyə onun kitabını satmır?

- Gözləyin mən indi baxıram... Sizdə sual nə idi?

- Yazıçı Qan Turalının kitabının sizin mağazalarda satışa qoyulmamasının səbəbini bilmək istərdik...

- Qan Turalıdan bizə iki müraciət olub. Birinci, o yazmışdı ki, kitabı sizin mağazalarda satışa qoymaq istəyirik. İkinci də, kitabın təqdimatını keçirməyinizi istəyirik - deyə müraciət idi. Təqdimatı da Park Bulvarın administrasiyası ilə razılaşdırdıqdan sonra götürürük. Park Bulvarın administrasiyası bizə cavab yazdıqdan sonra deyəcəkdik ki, təqdimat üçün kitabları gətirin.

- Yazıçı təqdimatı sizinlə etməsə, kitabını “Əli və Nino”da satışa qoya bilməzmi?

- Yəni, necə oldu... vaxt uzandı. Biz Park Bulvara yazmışdıq, cavab gözləyirdik. Sonra Tural zəng edib dedi ki, daha təqdimat istəmirik.

- Amma Tural təqdimatdan imtina edib, kitabın mağazada satışından imtina etməyib ki?

- Hazırda anbarımızda çoxlu kitab var və biz satışa kitab götürə bilmirik. Qan Turalının kitabını da buna görə götürə bilmirik. Ancaq təqdimat üçün kitab götürə bilirik. Satış üçün yox.

- Deməli, yeriniz yoxdu?

- Bəli, hazırda belədir.

- Sağ olun təşəkkür edirəm.

# 1083 dəfə oxunub

Müəllifin son yazıları

# # #