Sevgi üçün çabalayan bədənlər

Sevgi üçün çabalayan bədənlər
19 mart 2013
# 12:01

“-Mən sizin otağınızı görürəm, o tamam çəhrayıdı.

- O, ağdı.

-Hə, əlbəttə, ağdı. Orada stol, stullar, güllər, şəkillər var.

-Orada çarpayı var. Siz bunun haqqında düşünürsüz

-Yox, siz nə danışırsınız, mən kamod haqqında düşünürdüm.»

Bir filmdən, yenicə tanış olan qadınla kişinin söhbətindəndir. Söhbətə kişi başlayıb.

Ötən həftə Kulis az-ın kino zalında dəyərli Sevda Sultanlı film təqdim etdi. Reyissor Vittorio de Sika «Yeddi dəfə qadın». Bu, ilk baxışda qadına ironiya edən yeddi novelladan ibarət filmdir. Bütün novellaları amerikalı aktisa və yazıçı Şirli Makleyn oynayırdı. Amma novellaları birləşdirən tək bu deyildi. Filmdə qadınlar haqqında həqiqətlər söylənilir. Belə həqiqətlər az yazılmayıb, çəkilməyib, təkcə Çexovun hekayələrindəki bəzi qadınları ("It gəzdirən xanım", "Can-ciyər", "Hərdəmxəyal") xatırlasaq bəsdir.

Onları göstərirdilər və kənardan onların necə gülməli, saxta, təkəbbürlü, zavallı, səfeh göründüklərinə baxırdıq.

Film boyu bu qadınlara gülürdük, həm də kişilərlə bir yerdə gülürdük.

Onların gülməli edən səbəbləri içimizdə bilə-bilə.

Yeddi qadının yeddi situasiyası bunlar idi:

1. Ərinin tabutunun ardınca özünə yaraşan kədər növünü seçib gedən qadının qulağına eşq sözləri, evlilik təklifləri pıçıldayan həkim onu üç dörd cümlədən sonra dəfn karvanından ayırıb başqa istiqamətə aparır

2. Ərini yataqda başqası ilə tutan qadın ona xəyanət etmək üçün evdən çıxır, amma ilk fürsətdə bağışlayır

3. Kişiləri seksual dözümlülük dərəcəsinə görə seçən tərcüməçi qız çılpaq vəziyyətdə onlara incəsənətin faciəviliyindən, fəlsəfi fikirlər oxuyur,

4. Sevgilisi ilə birgə intihar etməyə hazırlaşan qadın xəlvəti pəncərədən qaçır

5. Hamıdan gözəl, təkrarsız görünmək naminə nə qədər böyük əziyyətlərə qatlaşan qadın operada özü kimi geyinmiş qadın görüb əsəbdən ağlayır (camaat onun operadan təsirləndiyini düşünür),

6. Yazıçı ərinin xoşuna gəlmək, onun maraq obyektində olmaq üçün özünü onun qəhrəmanlarına oxşadan, bununla da ərinin necə mənasız şeylər yazdığını dolayısı ilə göstərən başqası da var,

7. Ərinin tutduğu güdükçüləri heyranı hesab edən bir qadın daha...

Bu qadınları gülməli edən nədir? Niyə onlar özlərini bu hallara qoyur, saxta hoqqalar çıxarır, özlərini olmadığı kimi təqdim etmək istəyir və gülünc edirlər? Əlbəttə, filmdəki kişilər də az gülməli deyil, hətta qadınlardan da artıq, saxtadırlar, gülünc vəziyyətə düşürlər, bir bunlar kameranın diqqətindədir, amma obyekt olaraq qadınlar seçilib, tamaşaçı daha çox onlara gülür. Və onlar kişilərdən daha maraqlıdırlar, oyunbazdırlar, çünki məqsədə çatmaq üçün dolayı yollar seçirlər. Zarafatla desək onlar bu yolda “peşəkar qadın” olurlar.

Adətən, belə gülüşlərin ardında Çarlinin filmlərindəki kimi acı həqiqətlər yatır. Buradasa çox adi həqiqət var - qadınlar sevilmək istəyir. Böyük məhəbbətin həsrətindədirlər. Onların qarşısıalınmaz sevgi ehtiyacları xəstəliyə, möhtaclığa çevrilib. Bəlkə də bu «sevgi» onlara kişilər üzərində hakimiyyət üçün lazımdır. Bəlkə də bu sevgi asılılığı narkotik asılılıq kimi bir psixoloji termindir. Hələ ki, onlar diqqət cəlb etmək üçün əcaib və gülməli hərəkətlər edən bədənlərdir. Sevgi üçün çabalayan bədənlər... Kişilərin o qadınlarda yalnız bədən deyil, ruhun da fərqində olduğu zamanadək çabalayan bədənlər... Qadın bədənləri.

“Yeddi dəfə qadın”da ironik qat olsa da bu acı deyil, yumorla birgədir və ən yaxşısı odur ki, rejissor onu sevgilə çəkib- o novelladakı hər bir qadına sevgi ilə...

# 4590 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #