Kinomuzdan neft iyi gəlirmi?

Kinomuzdan neft iyi gəlirmi?
2 avqust 2013
# 12:40

Aliyə yazır

Bu gün Milli Kino Günüdür. Əslində elə burdan da başlamaq olardı-milli kino sözündən. Amma qorxudan bunun üstündən yavaşca adlayıram. Çünki, bu barədə fikirlər də müxtəlif və qaranlıqdır - milli kino deyərkən nəyin milli olması nəzərdə tutulur? Rejissorlarınmı, tamaşaçılarınmı, maliyyəninmi? Kino ənənələrininmi?

Hər nə isə, aydın olan odur ki, düz 115 il bundan əvvəl Bakıda ilk dəfə kino çəkildi: fransız fotoqrafı Aleksandr Mişon Bibi Heybət və Balaxanıda neft yanğınını, neft fontanlarını çəkdi. Çəkən fransız da olsa, neft bizim neft, Bakı bizim Bakı idi. Və ən əsası Bakıda ilk bədii film neft sənayeçilərinin pulu ilə çəkildi: “Neft və milyonlar səltənətində” adlı filmin rejissorusa azərbaycanlı yox, rus idi.

Amma filmdə Ərəblinski kimi aktyor baş rolu oynamışdı. Sonra “Arşın mal alan”... Qısa çəkən müstəqillik dövrü... Şura höküməti... 1923-cü ildə yaradılan Foto Kino İdarəsi və bundan iki il sonra AFKİ-nin nəzdindəki aktyor və rejissor hazırlamaq üçün Ş. Mahmudbəyovun yaratdığı studiya...İlk kinorejissor, kinoaktyor kadrlar...

Bunlar “milli kino” sözünün assosiativ çalarlarını görmək üçün bir fləş-xatırlatma idi. Elə bu da bir xatırlatmadır: gördüyünüz kimi milli kinonun yaranışında-neftin payı həddən çox idi. Həm mövzu, həm maliyyələşmə, həm görüntü, həm də hadisə baxımından. Hətta neft ilk yaranışında bizim kinonun əsas atributu oldu.

Bu yerdə balaca bir haşiyə çıxmaq gərəkir: milli kinonun əsasını qoyan ilk xroniki süjetlərdən, ilk kadrlardan neftin içində o insanlar görürdük. Neftə bulanmış, ora bura qaçan insanlar. Zatən kinonun işi İnsanı görmək idi. Bu filmlərdəki kimi neft iyi, rəngi içində görünməz olan o yaradılışı görmək, sezmək, duymaq və göstərməkdi (Və həm də kinonun zaman kimi nostalji amili var: kino qalıcı bir sənətdir, insansa öləri bir məxluqdur). Deməli, Biləcəridən o yana keçmək azarına yoluxan kino adamları bəzi filmlərdə olduğu kimi fəlsəfi-əndəruni mətləbləri gəzərkən qarşısına çıxan insanları görməyi bacarmalıdır. Yoxsa baxıb əlimizi yelləyəcəyik “Bu kinodu ee...”

Kino böyük hadisədir, elə o zaman Bibi Heybətdəki neft yanğını qədər böyük hadisədir. Kino neftin özü qədər əhəmiyyətli sərvətdir. Bunu sadəcə anlamaq lazımdır. Bu gün. İldə təqribən 6,5 milyon manatlıq büdcəsi olan milli kino. Neft iyi gəlirmi?

# 1853 dəfə oxunub

Müəllifin son yazıları

# # #