Kafkavari AYB absurdu

Kafkavari AYB absurdu
12 sentyabr 2017
# 14:12

İndi bilmirəm, amma az əvvəl, bizim tələbəliyimiz dönəmlərində intellektə, ədəbiyyata sənətə can atan cameənin, gənclərin, gənc olmayanların da bir Kafka xəstəliyi vardı.

Frans Kafkanın kitablarını oxumaq, adını çəkmək anlaşılmaz sənət dünyasından bu tərəfə baxmaq kefi idi. Rejissor olmağa başlayanlar Kafkadan yapışırdı, şeir yazanlar Milenaya müraciətlə başlayırdı, yaza bilməyənlər Kafka kimi geyinirdi. Əli heç yerə çatmayanlar çevrilmə - həşərat zarafatları edirdilər. İndi bu hal davam edirmi bilmirəm.

Amma bilmək istəyirəm. Çün əlimizdə Kafka gəzmək absurd içində absurddur.

Kafka olmağa ehtiyac yoxdur, çün biz prosesin içində böcəyə çevrilirik. Son üç günün ən reaksiya doğuran xəbərlərinə baxanda absurdun hansını seçəsən bilmirsən.

Həm o absurdda qərq olmamaq kimi zəmanətin yoxdur.

Xəbəri keçirik.

Bu günədək Yazıçılar Birliyinin binasında fəaliyyət göstərən və iki gün əvvəl “Azərbaycan xalqına qarşı soyqırımı təşkil etmiş 26 Bakı komissarını xatırlatdığına görə” əmlakı müsadirə olunmaqla Bakı İcra Hakimiyyəti tərəfindən bağlanan “26” adlı gecə klubu.

Ədəbiyyat qanuna, qanun tarixə, əxlaq hüquqa qarışdı və bir vaxtlar “26-lar poeması” səslənən ittifaqın binasında əks-səda verdi.

Və...

Aydın oldu ki, bu ədəbiyyatın, tarixin, hüququn kəsişdiyi küçədə bizə ən yaxın müəllif “26-lar”a daha düzü, hakim ideologiyaya şeirlər qoşan ədəbiyyatçılar yox, məhz Kafkadır. Və gəncləri cəzb edən “Kafka yalnızlığı ilə darıxmağın” yolu bir də bu küçədən keçir.

Keçəsən və biləsən ki, əslində bu yalnızlıq yox, özgəlikdir. Baş çıxara bilmədiyin bir özgəlik. Şərh verə bilməyəcəyin bir düyün.

Kafkanı ədəbiyyatın allahı elan edən sütül ədəbiyyatçılar və gənclər varmı indi?

Kafka əzabı yaşamaq istəyənlər.

Kafka niyə əzab çəkirdi axı?

Ədəbiyyat dahisi olduğuna görəmi?

Kafka olduğuna görəmi?

Ya onu hələ tanımadığımıza görə?

Necə tanıyaq axı bu nəhənglikdə Kafkanı?

Kölgəsi üstümüzdən əskik olmayan Kafkanı...

# 1837 dəfə oxunub

Müəllifin son yazıları

# # #