143-cü çuxur

143-cü çuxur
19 may 2016
# 12:18

İran kinosunun uğuru nədədir? Sizdəmi elə düşünürsünüz ki, hansısa ekzotiklik, üslub özünəməxsusluğu, makroharmoniya təsvirləri içində əhvalatların “sakit su axarı” temporitmi ilə təqdimi “İran kinosu” adlı keyfiyyət nişanı yaradıb?

Yoxsa sıradan əhvalatlarda görmədiklərimizi, görüb üstündən keçdiklərimizi anlamaq, duymaq, hadisə yox, insan dünyaları, hissləri axtarmaq, kəşf etmək də var?

“143-cü çuxur” bu günlərdə keçirilən İran kinosu həftəsində göstərilən 4 filmdən birinin adıdır. Filmin rejissoru qadındır. Bunu ona görə vurğulayıram ki, bu filmi kişi rejissor çəkə bilməzdi. Çəksə də bu onun üçün sadəcə iş olardı. Amma “143-cü çuxur” filmində mövzuya, onun süjet həllinə bir qadın-ana intuitivliyi ilə yanaşılıb...

“143-cü çuxur” əsgər övladının yolunu gözləyən ana haqqındadır. Müharibə bitib, hamı - əsirlər, əsgərlər qayıdıb, amma bircə onun övladından xəbər yoxdur. Gözü qapıda qalan qadın hər əlamətə inanır, falçı qapısınadək gedib çıxır. Övladının nigaranlığı onu iki dəfə artıq qocaldır. Bütün həyat, iş, qayğı onun üçün vaxt öldürməkdi. Oğlu Yunusdan xəbər almaq üçün Ürfət ana iynə ucu boyda güman gələn yerləri də gəzir.

Onun bu gözləntisi, intizarı toxuduğu xalçanı saxlayan hananın tarımlaşan ipləri kimidir. Bu xalça toxunduqca toxunur, bitmək bilmir. Çünki, filmin rejissoru üçün xalça ananın yaşadıqlarını paralelləşdirən detaldır.

Nəhayət ki, 15 il sonra anaya oğlunun cəsədini verirlər. O övladından qalan sümük torbasını bələk kimi qucağına alıb lay-lay deyir. Əsas məqamsa bu sentimental epizodlar deyil. Yəni, film bu epizodun təsir gücünə hesablanıb çəkilməyib. Konfliktin çözülməsi Ananın nəhayət ki yüngüllüyə qovuşmasıdır. Övladının ölüsü də olsa gəlib çıxdı. Ürfət ana övladını torpaq anaya əmanət edəcək.

İntizarın sonu gəldi. Hananın tarım dartılmış ipləri kəslilir. Biz ananın yüngülləşmiş, gülümsəyən çöhrəsini görürük. Aktrisanın obrazına seçdiyi emosional xətt düzgün qurulub deyə, tamaşaçı da Ana ilə birgə yüngülləşir; Daha gözləmək lazım deyil, övladı torpağa əmanətdir. Bu, Ananın təbiətlə, torpaqla qəribə bir əlaqəsidir.

Bu film yalnızca övlad gözləntisi deyil, bu ananın övladıyla, yaradanla, həm də bütün dünyayla dialoqudur. Dünyayla övladının arasında qalmış Ananın, dünyaya gətirdiyi balasını dünyaya etibar edə bilməyən ananın çarpmalarıdır.

Filmsə sadəcə olaraq övladının yolunu gözləyən ana haqqındadır. Hər əlamətə diksinən, hər zəngə qaçan, hər qapıya baxan, radionu bir xəbər deyər deyə belinə bağlayan, hər yuxuya dua edən, hər şeydə bir əlamət tapan ana haqqında. Dünyada nə qədər onun kimi ana var?

“...Birdən ölsəm əlimi qəbirdən çöldə qoyun. Balam gəlsə, əlini əlimin sümüklərimə vursun, bilim ki qayıdıb”.

41-45-də oğlu itkin düşən ananın vəsiyyəti idi...

“İşıqları söndürəndə elə bil balamı görürəm, gəlib qənşərimdə dayanıb mənə baxır” – 92-nin yayında oğlu Qarabağda itkin düşən ananın sözləri idi, övladları sözünü kəsirdilər belə danışanda –camaat deyər ki, arvadın başı xarab olub...

“Balamı dənizdən istəyirəm” - ötən ilin dekabrında oğlu Xəzərdə yanan platformada itkin düşən ananın sözüdür...

Əlbəttə, kimə soruşsan, bu məntiqsiz cümlələri izah edə bilər.

Ananın halını anladar.

İranlı rejissor Nərgis Abyar isə sentimentallığın ta yanından keçə bilib, əsgər yolu gözləyən ananın yaşadıqlarını, bu hisslərin ən ali, fəlsəfi qatını anladıb. İlk baxışda sadə, getdikcə mürəkkəbliyi üzə çıxan, yəni tanıyıb anlamadığımız hisslər, narahatlıqlar, rahatlıqlar... yəni, “143-cü çuxur”da gizli qalanlar...

# 1569 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #