Tim Rot: “Əlində telefon tutulan aktyor o anda işdən qovulur”

Tim Rot: “Əlində telefon tutulan aktyor o anda işdən qovulur”
1 iyun 2016
# 15:09

Kulis The “Holliwoods Reporter” dərgisinin məşhur kinoaktyor Tim Rotla müsahibəsini təqdim edir. Ötən ay alınan müsahibədə Tim Rot son filmlərindən, iş metodundan və əlbəttə Tarantinodan danışır.

- Filmoqrafiyanızda 80-dən artıq iş var, amma hamı sizi Tarantinonun aktyoru sayır. Bu sizi incitmir ki?

- Qətiyyən. Kventin əla rejissordur. O, istədiyi qədər ekssentrik ola bilər. Məsələn, siz bilirsinizmi ki, onun çəkiliş meydançasında telefon qadağandır? Əlində telefon tutulan aktyor o anda işdən qovulur. Mən bir dəfə soruşdum ki, məsələn fasilədə heç olmasa “Angry Birds” oyununu oynamaq olarmı? O söz verdi ki, belə şey olsa, çəkilişi buraxıb o aktyorlara əvəzedici axtaracaq. Yalnız tam konsentrə olmaq və heç bir güzəştə imkan verməmək.

- Pesonajların əməl xəttinin qurulmasına qarışırmı?

- Biz onunla bir yerdə xeyli işləmişik, o artıq mənim rola necə yanaşacağımı təxminən bilir. Məsələn, “Möhtəşəm səkkizlik”də elitar olan hər şeyə nifrət edən və qara yumoru olan qəhrəman lazım idi və o, yəqin ki, mənim uyğun gələn keyfiyyətlərimə arxalandı (gülür). Həm bu dialoqlar... İnanmıram ki, indiki müəlliflərdən kimsə onun kimi adamın ayağını yerdən üzə bilən, dəqiq, amma uydurulmuş dialoq yaza bilsin. Belə dialoqları işləmək aktyor üçün əsl zövqdür.

- Bəs siz məsələn 70 mm-lik lentə film çəkmək kimi qərara necə baxırsınız?

- Lent heyrətamiz nəsnədir, orada həyat var, artıq unutduğun risk elementi var. Heç vaxt bilmirsən ki, hər şey lazım olduğu kimi yazıldımı? Ya da olur ki, əla bir dubl alındı, amma onda da kamera şıltaqlıq elədi. İndi gərək təzədən başlayasan. Əlyetməzlik hissi, hər şeyin yaxşı olacağına az qala uşaqcasına ümid etmək bizim işə adrenalin qatır.

- Gənc rejissorlar arasında dediyiniz böyük miqyasda şəxsiyyətlər varmı?

- Son zamanlar mən Meksikadan olan rejissorlarla işləməyə macal tapmışam – Qabriel Ripşteyn (“600 mil” filminin rejissoru) və Mişel Franko (“Xronik” filminin rejissoru-Kannda ən yaxşı ssenari mükafatına layiq görülüb). Onlar mənə fransız yeni dalğasındakı rejissorları xatırladırlar. Onların heç kimə bənzəməyən üslubları, kinoya ümumi baxışları və nə vaxtsa Kventində olduğu kimi kinoya tutquları var. Hər ikisi tamaşaçıya hörmət edir və personajların motivasiya və hərəkətlərini hazır halva edib bizə vermirlər, hamısını biz düşünüb tapırıq.

- Siz ingilissiniz. Bəs sizə Amerika silah qaçaqmalçılığı ilə bağlı sosial mövzular nə qədər yaxındır? Yoxsa, özünüzü yeni dünyanın sakini sayırsınız?

- Mən burada, Amerikada yaşayıram, amma nə üçünsə əvvəl hər şeyin əslində necə baş verdiyini anlamırdım. Biz axı düşünürük ki, bütün cinayətkar fəallar bura Meksikadan gəlir, amma əslində elə deyil. Bu məni narahat edir. İngiltərəyə qalanda isə... İndi onsuz da Hollivudun yarısı İngiltərədəndir. Bir vaxtlar Harri Oldmanla ikimiz idik, ikimiz də amerikalıları ona görə oynayırdıq ki, heç kim bizim ingilis olduğumuzu bilmirdi. İndi bu məni qətiyyən narahat etmir, istəyirəm rollarım çox olsun, vəssalam. Hətta indi Londona gedəndə özümü daha çox qonaq kimi hiss edirəm.

- Ekranda sizə vurub-yıxan oğlanları oynamaq qismət olub, “Xronik”da isə birdən siz baxıcı-dayəni oynadınız. Belə amplua dəyişmək sizə rahat başa gəldi?

- Xospislərdə (ölümcül xəstələr üçün xəstəxana və ya mərkəz) qeyri-adi adamlar işləyir, onların öz fəaliyyət sahələrinə tamamən xüsusi münasibətləri var, unikal yumor hissləri var. Aydındır ki, bəzi zarafatlar yersiz ola bilər, filmə də çox şey salınmayıb. Amma ölüm insan üçün az qala son qadağadır, amma əla olan odur ki, ona da gülməyə cəhd edirsən. Peşəkarlarla ünsiyyət mənə çox kömək etdi. Əvvəlcə qorxulu idi, amma bir an sonra çəkilişlər başladı. Bəzən sən özünü elə göstərə bilirsən və evə gəlib normal yaşamına qoşulursan. Amma elə filmlər var ki, onlar sənin üçün şəxsi olur. Sən insan ruhunun müəyyən hissəsini öyrənirsən və materiala köklənmək əzablı bir şey olur. Mən işləyəndə adətən ailəmlə məsafə saxlaya bilirəm ki, onları da ağır emosiyalarla yükləməyim.

- Dediniz ki, bəzən oynamırsınız, sadəcə özünüzü elə aparırsınız. Yozef Blatterin “Arzular liqası” belə layihələrdən idi?

- Bu film gözlənildiyi kimi zibil alındı. Amma mənim ondan elə çəkiliş prosesində də zəhləm getmişdi. Ona razılaşmağa mənim adi səbəblərim var idi: uşaqlarım kollecdə oxuyur və onların təhsil haqqını necəsə ödəməliyəm. Nə qədər ağır olsa da mən sevinirəm ki, bunu ailəm üçün etdim.

- Siz qəsdən yaramaz əclaf rolları seçirsiniz, yoxsa rejissorlar sizi belə görürlər? Axı sizin qəhrəmanlarınız çoxu yaramazlardır...

- Hər iki variant düzdür. Amma bu iş lap gülünc həddə çatıb. Arvadım stolun üstündə “Selma” filminin (Martin Lüter Kinqin həyatının son günləri haqda döyüş filmi) ssenarisini görəndə o saat mənə dedi ki, yəqin sənə qubernator Corc Uollesi verəcəklər. Açıb materialı oxuyuram, gözlərim böyüyür, vay-vay, adam nələr deyib. Əlbəttə, dediklərinə də inanıb (gülür). Nə etməli, daxilən rasistə köklənmək lazım gəlir. Mən belə adamlar tanıyıram, xüsusən məktəbdə onları müşahidə etmişəm. Ümumiyyətlə, belə adamı oynamaq asandır, onlarda nifrətdən başqa heç nə olmur. Siyasətdə onlar daha çoxdur, son zamanlar isə səslərini çıxarmamağı öyrəniblər.

- Sizinlə işləyən hər kəs sizin peşəniz üçün nadir olan xüsusiyyətinizi qeyd edirlər. Rahatlığınızı. Çəkilişdə hər şey su kimi axır sizdə...

- Mən buna çalışmıram. Az qala kor-koranə mənalar və obrazlara özümü buraxıram. Axı mən heç aktyor peşəsi üzrə təhsil almamışam, özü də bu çox darıxdırıcıdır. Sadəcə özümə deyirəm, gəl belə edək...

- Deməli, yenə də rola hazırlaşırsınız və ona çox vaxt sərf etməyi sevirsiniz?

- Mən rejissorun yanına gəlib, ondan mənə ideya verməsini istəyirəm. Yeri gəlmişkən bu, onun işidir. Qalanı ondan asılıdr, yaxşı rejissordur, yoxsa pis. Ən pis şey odur ki, aktyorda günah hissi yaransın. Və o, bu hisslə yaşasın. Bu tamamən axmaqlıqdır! Çünki alınmayanda bu, onun təqsiri deyil. Xoşuna gəlməyən adamı rədd etməyə tam haqqım var. Hər bir aktyorun haqqı var... Əgər sən tənbəlsənsə, bu, başqa məsələ. Amma peşəkar aktyoru, xüsusən də o durmadan cəhd edirsə, heç vaxt günahlandırmaq olmaz. Şəxsən mənim bunlar vecimə deyil. Artıq çoxdandır ki, özüm haqda yazılanları oxumuram. Öz filmlərimə də baxmıram.

- Yeri gəlmişkən onlar elə də bərbad deyillər.

- Necə olursa olsun. Filmdə iştirak etmək oyun kimidir. Ruletka oyunu kimi. Mən hətta çəkilmiş materiala da baxmıram. Çəkiliş vaxtı monitora yaxınlaşmıram və xahiş edirəm ki, mənə heç nə göstərməsinlər. Xoşagələn şeylər ola bilər, amma xoşuma gəlməyə də bilər axı. Elə isə baxmaq nəyimə lazımdır?

- Bəs “Şahzadə Monako”ya jurnalist və tənqidçilərin isti olmayan münasibəti sizə necə təsir etdi?

- Onlar mənim gözləntilərimi də aşdılar. Hətta mən onlardan bunu gözləmirdim. Sağ olsunlar (gülür).

# 1103 dəfə oxunub

Müəllifin son yazıları

# # #