Kosmonavtlar 1 Apreldə Yeri necə aldatdılar? MÜSAHİBƏ

Kosmonavtlar 1 Apreldə Yeri necə aldatdılar? <span style="color:red;">MÜSAHİBƏ
12 aprel 2018
# 11:07

Gazeta.ru 12 Aprel - Kosmonavtika Günü ərəfəsində Rusiyanın Beynəlxalq Kosmik Stansiyadakı (BKS) kosmonavtları ilə oxucuların onlayn-müsahibəsini təşkil edib. Kulis müsahibəni oxcuculara təqdim edir:

- Hörmətli Gennadi İvanoviç, Mixail Borisoviç və Anton Nikolayeviç! Necə işlədiyiniz haqqında UİM- yə (Uçuşların İdarəolunması Mərkəzi) hesabat verirsiniz. Amma bizə maraqlıdır, orada yuxularınız necədir, nə görürsünüz?

Anton Şkeplerov:

- Çox əla yatırıq, çünki bütün günü işləyirik, ona görə tez yatmaq istəyirik. Amma həmişə öz gözəl planetimizə baxmağa, şəkillər çəkməyə, doğma yaxın adamlarımıza zəng etməyə, dostlar və tanışlarla internetd danışmağa vaxt tapırıq. Yuxularımız Yerdə olduğu kimidir. Ağ qara və rəngli. Yuxu vaxtına gəldikdə isə, o birilərini deyə bilmərəm, kosmosda yerdəkindən daha az yatıram. Yerdə 7-8 saat yatırıqsa, kosmosda 5-6 saat bizə bəs edir və özümüzü yerdəki kimi əla hiss edirik.

- Orada 1 aprel gülüş gününü necə keçirdiniz?

Anton Şkeplerov:

- Bu adi bir iş günü idi. Bizim bir-birimizi təəccübləndirməyə, zarafat etməyə, təəssüf ki, vaxtımız olmadı. Amma mən evə zəng edib, arvadımı aldatdım. Bir də Sakit okeandan gələn bir tayfun şəklini instaqramda paylaşıb yazdım ki, bu tayfun birbaşa Moskvaya gəlir. Camaat da inanmışdı. Sonra yazdım ki bu, 1 aprel zarafatı idi.

- Mixail Borisoviç, planeti tam bir illiyə tərk edərkən hansı hisslər keçirdiniz?

Mixail Korinenko:

- Qarışıq hisslər... Bir tərəfdən anlayırdım ki, bu, asan iş deyil, ailəm tam bir il mənsiz qalacaq, bir tərəfdən də bunun məsuliyyətini hiss edirdim. Sonuncu uçuşumla bunun arasında böyük fasilə var idi. Hər şey yaxşı olacaq, hətta bir çətinlik olsa belə həmkarım Skott Kelli ilə onun öhdəsindən gələcəyik.

- Kimin yeməkləri daha dadlıdır - rusların, amerikalıların, yoxsa avropalıların?

Anton Şkaplerov:

- Bizim rasionumuz kəskin fərqlənir və bu yaxşıdır. Çünki bizim üçün nə qədər müxtəlif menyu tərtib etsələr də, bu siyahı məhduddur. Bəzən biz kolleqalarımızla yeməyimizi bölüşürük, onlar bizim borşu çox sevilər, biz də əvəzində Amerika yeməklərindən birini alırıq.

- Yerdən xəbərləri necə alırsınız?

Qennadi Padalka:

- Əvvəla, bizim stansiyada internet var və biz xəbərləri şəbəkədən alırıq. Yerdən çox uzaq olmağımıza baxmayaraq, dünyada baş verənləri izləyirik.

- Stansiyada həyat üçün təhlükəli hallar olurmu? Axı birdən ortaya çıxır ki sən demə 50 il qabaq Leonov ilk dəfə kosmosa çıxanda az qala öləcəkmiş?

Anton Şkaplerov:

- İndi stansiyada nəsə baş versə ondan bütün dünya bir göz qırpımında xəbər tutacaq. Heç nə gizlədilmir yəni. Hər hansı təhlükədən 100 faiz sığortalanmamışıq. Amma xoşbəxtlikdən belə hallar az-az olur, ekipaj belə hallarda nə etmək lazım olduğunu bilir. Yanvarda Amerika seqmentində yanğın siqnalı çıxdı. Onda bizim amerikalı kolleqalarımız və astronavt Samanta Krisoforetti Rusiya seqmentinə evakuasiya edildi. Sonra bunun yalançı siqnal olduğu məlum oldu, amma əsas odur ki, biz panika çıxarmadıq.

- İş qrafikiniz necədir?

- Qrafikimiz dəqiqdir. 5 iş günümüz, iki istirahət günümüz var. Səhər 6-da yuxudan oyanırıq, özümüzü qaydaya salırıq, 6.40-da Yerlə bağlantımız olur - konfrans və planlaşma edirik. İş 6 saat yarımdı. İş gününün sonunda yenidən Yerlə bağlantı qurub işin yekunları haqda hesabat veririk. 21.30-da azadıq. Yeri gəlmişkən, biz Qrinviç vaxtı ilə işləyirik. Qalan boş vaxtımızı Yerin fotolarını çəkməyə, doğmalarla danışmağa, kinoya baxmağa, kitab oxumağa həsr edirik. Bizim burada yaxşı kitabxanamız və filmotekamız var.

- Uçuş vaxtı etdiyiniz ən vacib elmi təcrübələrdən danışın.

Mixail Kornienko:

- Təcrübələr bir neçə istiqamətdə aparılır. “İnsan kosmosda” və “Kosmik biologiya və biotexnologiya” istiqaməti var. Bu istiqamət pilot kosmonavtika praktikasında vacib elementdir, biz kosmik uçuşların tibbi təminatının təkmilləşdirilməsinə çalışırıq, bu da insanın başqa planetlərə uçuş perspektivini artırır. Texniki araşdırmalar və eksperimentlər orbit kompleksinin konstruksiyası və üzlük materialların xarakteristikasını, onun BKS orbitində zaman və kosmik məkan faktorları daxilində dəyişikliyini öyrənir. Bu araşdırmalar planetlərarası və ya Mars və Aya uçmaq üçün avtomatik və ya pilotlu kosmik komplekslərin işlənməsinə imkan verir.

Bir də “Yerin kosmosdan tədqiqi” adlanan başqa bir istiqamət də var. Bu eksperimentlər Yerin geofiziki proseslərini, öyrənilməsini, o cümlədən, atmosferin yuxarı qatında gedən prosesləri, Yerin kosmosdan məsafədən zondlama üsullarını öyrənir.

Elmi-tədris istiqaməti var. Bu eksperimentlər üçün BKS-ın Rusiya seqmentinin imkanlarından istifadə olunur.

- Kosmonavtika gününü necə keçirdiniz? İçki içdinizmi?

Mixail Kornienko:

- Beynəlxalq Kosmik Stansiyada bütün bayramlar eyni ssenari ilə keçirilir. Stansiyanın bütün işçiləri yığışır və təmtəraqlı şam yeməyi yeyilir. Amma stansiyanın bortunda heç bir alkoqol olmaz. Qayda belədir.

- Kosmik stansiyada olandan sonra Yerin cazibəsinə və atmosferə adaptasiya necə keçir?

Qennadi Padalka:

- Bütün kosmonavtlar və astronavtlar Yerə qayıdandan sonra reabilitasiya kursu keçir - bura tibbi testlər aiddir. Həm də orqanizmə cazibəyə kömək edən xüsusi fiziki tapşırıqlar... Amma Yerə enəndən sonra ilk günlər ən çətin günlərdir.

- Hörmətli kosmonavtlar, kosmik araşdırmalarda yaranmış və artıq Yerə xeyri dəymiş texnologiya nümunə göstərə bilərsinizmi? BKS-ın işlərinin bəşəriyyətə, sıravi adamlara hansı real faydası dəyib?

- Pilot kosmonavtika kosmosun öyrənilməsi istiqamətində suallara cavab axtarır. Aydındır ki, utilitar məsələləri (rabitə, naviqasiya, Yerin məsafədən zondlanması) sputniklər həyata keçirir. BKS-ın işi o suallara cavab verməkdir ki, bu suallar yer orbiti miqyasından daha uzaqlara addım atanda yaranacaq. Məsələn, mən və mənim kolleqam Skott Kelli il ərzində orbitdə olacağıq və kosmik uçuşun insan orqanizminə təsirini öyrənəcəyik. Bu nəticələr kosmosun, Marsın öyrənilməsində lazım olacaq. Ona görə də yadda saxlamaq lazımdır ki, o biri sahələrdə olduğu kimi kosmonavtikada da nəticələri indi üçün olan layihələrdən başqa gələcəkdə lazım olan layihələr var.

Bundan başqa onlarla məişətdə istifadə olunan, Yerə kosmosdan gələn nailiyyətlər də var. Ağlıma gələnləri deyim: termoyataq, yanğınsöndürənlər üçün atəşədavamlı kostyum, tüstü datçikləri, bioməhsullar, gümüş ionu və aktivləşdirilmiş kömürlə işləyən su filtrləri, qida üçün tubiklər, kosmonavtların əzələ tonusunu saxlayan “Pinqvin kostyumu”(onlar Serebral iflicli uşaqların reabilitasiyasında istifadə olunur) və s.

- Mənim oğlum kosmonavt olmaq istəyir. O, bu arzusuna necə çata bilər? Bir də, kosmonavtların maaşı yaxşıdırmı?

Mixail Kornienko:

- Kosmonavtikaya yol entuziazmdan keçir. Bizim nəslin bütün oğlanları kosmonavt, ya da “Qaqarin” olmaq istəyirdi. Hər şey bu arzunun əsasında yaranır. Kosmonavtların arasına düşmək üçün çox şey bilmək və bacarmaq lazımdır. Bəzən çox şeydən də imtina etmək lazımdır. Praktikaya gəlincə, kosmonavt olmaq istəyən Kosmonavtların Hazırlıq Mərkəzinin (KHM) müsabiqəsində iştirak etməlidir. Namizədlərə tələb çox sərtdir, həm fiziki göstəricilər, həm də peşəkar intellektual hazırlıq baxımından. Bunlar haqda daha dəqiqini Qaqarin adına KHM-in saytından öyrənə bilərsiniz.

# 3193 dəfə oxunub

Müəllifin son yazıları

# # #