Əri necə tapmalı? “Ər quyusu” - RESENZİYA

Əri necə tapmalı? “Ər quyusu” - <span style="color:red;">RESENZİYA
15 fevral 2017
# 12:28

Aliyə yazır

Arzularımız dərdə çevriləndə gülməli oluruq.

Kinoda debütünü edən, həm də ilk işə müstəqil kinoyla başlayan Səidə Haqverdiyevanın “Ər Quyusu” filminin belə sadə məqsədi var. “Ər quyusu” ərə getmək arzusu ilə, evdə qalmaq qorxusu arasında yaşayan bir kənd qızının macərasıdır. Sadə, səmimi və içdən bir komediyadır.

Altı qızı olan atanın (Məhərrəm Qurbanov) oğlu yoxdur, qızlarsa duz yükü kimi “evdə qalıblar”. Gülşah evin ən böyük qızıdır, real bağlardan artıq ümidini itirmiş qız daha magik dünyaya üz tutub - eşşək minsinmi? Cadu etsinmi?

Ya ki gözəlliyi ilə ovsunlasın? Toydamı rəqs etsin?

Ailənin ortancıl qızısa həyata başqa rakursdan baxır. Ona görə yox ki, çox daha gəncdir, həm də ona görə ki, əlindən kitab düşmür.

Komediyanın süjeti xəttidir - kompozisiya, zavyazka, kulminasiya və razvyazka tam aydındır, final Hollivud həppiendindən milli kontekstinə görə fərqlənən nağıllarımızdakı xoşbəxt sonluqdan ibarətdir.

“Qız yükü, duz yükü” atalar sözü süjetin kompozisiyasıdır, aktyorlara qəhrəmanlarını onların problemlərini təqdim etmək şansı verməkdir. Ki, onlar bu mərhələni uğurla keçir. Hərçənd, bəzən onlara atmaca bolluğu mane olur, o cümlədən, ləhcə yükü artıqdır, Ülviyyə Əliyeva televiziyadan köhnəltdiyi ərkyana-çoxbilmiş-anac ifadə tərzini “Ər quyusu”na gətirir, bu tərz anasına bacılıq olacaq qədər yaşlanmış subay qız obrazına nə qədər uyğun olsa da əksərən filmin bədii keyfiyyətinə kölgə salır.

Ssenari müəllifi və rejissor Səidə Haqverdiyeva qadınlar arasındakı münasibətlərdə psixoloji incəlikləri (məsələn, bir qadının hətta qızına belə öz üstünlüyünü xatırlatması), kişilərin qadınlara nisbətən daha açıq münasibətlərini, problemə səbəb olan sosial mühiti, sadə, istehzasız, səmimi bir yumorla ifadə edir.

Ərə getmək arzusu özlüyündə təbii və bir qatlı arzu deyil-və rejissor onda sosial qatı (ətrafdakıların qızın sosial statusuna, yəni loru dillə evdə qalmasına münasibəti), psixoloji qatı (ərdə olanların və ya nişanlıların qıza yuxarıdan aşağı baxması) və ən əsas təbii amil olan seksual qatı (qızların serialda öpüşmə səhnələrinə baxması epizodu) nəzərdən qaçırmır. Və məhz ona görə komediyadakı gülüş səmimi, tikansız və məsxərəsizdir.

Montaj işi az qala texniki əhəmiyyət daşıyır və xeyli uzun epizodları gözdən qaçırır. Busa öz növbəsində filmin temporitminə təsir edir.

Filmin ideya problematikası isə bir ilkdir-rejissor cəsarətlə qadın mövzusunu təqdim edir, sosial şəbəkələrdə, gündəlik həyatda müzakirə və istehza mövzusunu yumorla bahəm açmağa cəhd edir. Və ən əsası bu mövzuya səmimi yanaşır, qəhrəmanını kamerasına yaxın bilir və tamaşaçını bütün qüsurlarına (kameranın xırda epizodlara, təbiət təsvirlərinə, üçüncü dərəcəli və yumor xətrinə salınmış epizodlara ilişib qalması kimi) rəğmən inandırır.

Kənd qızının həyatı gerçəkliyə dayanan məqamlarla, detallarla təqdim olunur. Bu kənd qızının mübarizəsidir, həm də bu mübarizədə onun alternativ imkanları yoxdur. Bu mübarizədə hər kəs özünədir. Guya qızların bəxtini açmağa gedən ana da kənd falçısına oğlu olsun deyə “dua yazdırır”.

Aktyorlar Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva mühitdən qopuq deyillər, əksinə mühitlə orqanikdirlər. Cavid Telmanın Xaliq obrazı isə xüsusilə seçilir. Onun təqdimatında kənd avarası tipajı xarakterikdir. Yəni, kəsə desək hər kəndin belə gopçu bir avarası olur. Lağ etmədikləri adam olmur və məcburən evlənəndə də lağ etdiklərinin biri ilə evlənirlər.

Zemfira Əbdülsəmədova da az görünməsinə baxmayaraq qəhrəmanının qayınana hikkəsini çatdıra bilir-hələ heç gəlin yoxkən onun qəhrəmanı potensial hikkəli qayınanadır.

Rəsmiyyə Nurməmmədovanın Şahzadəsi dərdini lap dərinlərdə gizləmiş (ərinə oğul vermək) qürrəli, qaynar təbiətli, güclü bir qadındır. Özünü o yerə qoymamaq kimi qadın taktikalarını incəliklərinə qədər bilir. Rəsmiyyə xanım kameranı həmsöhbəti kimi hiss edir və bu, onun “özünü o yerə qoymayan” qəhrəmanını daha dolğun edir.

...Milli kinokomediyamız “Arşın mal alan”dan, “O olmasın, bu olsun”dan bəri evlənmək və ərə getmək problemini mövzu edib. Bu günün “Oğlan evi” uğurlu kinokomediyasına eyni problemə başqa bir rakursdan yanaşan “Ər quyusu” qoşulur. Görünəni bir toplum olaraq bizim üçün toy ən vacib sosial-psixoloji hadisədir.

# 1545 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #