“Moşudan sonra məni heç bir tədbirə çağırmadılar” MÜSAHİBƏ

“Moşudan sonra məni heç bir tədbirə çağırmadılar” <span style="color:red;">MÜSAHİBƏ
29 yanvar 2015
# 21:00

Kulis.az Xalq Artisti Valeh Kərimovla müsahibəni təqdim edir.

- Valeh müəllim, dünən şair-dramaturq Vaqif Səmədoğlu vəfat etdi. Onun haqqında danışmağınızı istəyirəm. Münasibətləriniz necə idi?

- Vaqif Səmədoğlu Azərbaycanın çox görkəmli ziyalılarından biri idi. Hərtərəfli insandı. Amma düzü dostluğumuz olmayıb.

- Ssenarisini yazdığı “Bəxt üzüyü” filmində oynamısınız...

- Düzü, Vaqif müəllim çəkilişlərə gəlmirdi. Cəmi bir epizodda çəkilib, onda gəlmişdi. “Bəxt üzüyü” filmindən əvvəl onun tamaşası var idi. Uğurlu da tamaşaydı. O tamaşaya Vaqif müəllim gəlmişdi. Yubileylərimdə görüşmüşük.

- Heç belə təşəbbüs olmadı ki, sizi həyatdakı Moşu Göyəzənli kimi şairlərlə tanış etsin?

- O, konkret bir adam deyil axı. Vaqif Səmədoğlunun müşahidəsi yaxşı idi. Bəlkə də o obrazın müəyyən tərəflərini ətrafındakı doğmalarından, yaxınlarından, şair həmkarlarından götürmüşdü. Yəni, obrazı ümumiləşdirmişdi.

- Heç Moşu kimi biri ilə rastlaşmamısınız?

- Əvvəllər ədəbiyyatı çox oxuyurdum. Roman, hekayə qoymurdum, hamısını oxuyurdum. İndi yaşlı adamam, oxumaq maraqlı deyil mənə... Hövsələm çatmır. Amma o obrazın konkret prototipi yoxdur.

- Moşu obrazının bu qədər məşhurluğu ilə yanaşı fəsadları da oldu yəqin...

- Mənim özümdə ştamp yaratmadı, amma mənimlə işləyən rejissorlarda yaratdı. Onlar məni nəyə çəksələr Moşunu görürdülər. Yəni, Moşu mənə bu barədə mane oldu. Bir də ciddi tədbirlərə məni salmırdılar ki, çıxaram səhnəyə camaat gülər. Xatirə tədbirlərinə-zada...

Amma mənim Moşudan əvvəl də, sonra da dramatik, komik, faciəvi obrazlarım olub. Moşu mənim üçün sıravi obraz idi.

...Tamaşaçı reaksiyası həmişə yaxşı olub. Məni görəndə küçədə adamların üzündə təbəssüm yaranır. Ya da tamaşadan, filmdən replikalar atırlar, hətta mənim unutduğum sitatları deyirlər. Adamlar Moşunu sevdi, çünki, onda millilik çoxdu. Bəlkə də o Moşuda hərə özündən bir şey görür, biri danışıq tərzini, biri kobudluğunu, biri sadəliyini... O obrazda çox şey var.

- Çəkilişlərdə yaşadıqlarınızdan nələri xatırlayırsız?

- Film Şüvəlanda çəkilib. Çəkiliş müddəti boyunca, yəni iki ay şəhərə gəlmədik, orada yaşadıq. Bir epizod var, araq şüşəsinin qırılması. Ramizin ad günü olacaqdı. Ad gününü də araqsız qeyd eləmək düzgün deyil axı. Axtardıq tapa bilmədik, güc bəla ilə axşama bir araq tapıb gətirdilər. O ideya da elə onda Ramizin ağlına gəldi və o epizodu filmə saldı.

Bir də, filmdə qatıq satan var, o da orada yarandı. O adam qatıq satan deyildi, bizim pərəstişkarımız idi, bir az da deyəsən xəstə kimi idi. Bizim böyür-başımızda fırlanırdı, gedib axşama bizə gül gətirirdi. Yəqin həyətində var imiş. Ramiz də əlinə zənbil verib onu filmə çəkdi. Heç özü də deyə bilmirdi, “qatıq var!”, onu Ramiz səsləndirdi...

- Valeh müəllim, teatrla müqaviləyə razılaşmadınız deyəsən?

- Yox, teatrla qurtardım.

- Bəs rollarınız necə olacaq?

- Çox deyildi rollarım, 3-4 tamaşa var idi. Yəqin repertuardan çıxararlar.

- Seriallara dəvət alırsınız?

- Bir dəfə çağırıblar, imtina etmişəm. Mən serialı sevmirəm. Konkretliyi xoşlayıram. İdeya var və uzun olmayan bir vaxt ərzində həll olunsun. Yoxsa hər axşam otur televizorun qabağında, bitmək bilməsin. Film olar bir seriya, uzağı iki seriya.

- Rejissor Loğman Kərimov qardaşınızdır. Yaradıcılıq əməkdaşlığınız da varmı?

- Yox. Mən Sumqayıtda yaşayıb işləyirəm, o Bakıda. Heç vaxt olmayıb.

- Deyirlər münasibətləriniz yoxdur, hətta danışmırsınız...

- Yox, qətiyyən. İstəyirsiniz, indicə onu yığım, sizin yanınızda danışım? Loğman Şuşa teatrının baş rejissorudur, mənim də qardaşımdır. Məndən də 15 yaş kiçikdir. Ona görə, mənim onunla nə dostluğum tutmur, nə söhbətim. Deyir, filankəs necə adamdır, deyir, yoldaşlıq etməmişəm. Məndən kiçikdir deyə, mən gələndə siqaretini gizləyir, mənə hörmətlə yanaşır, mən onunla nə danışım?

- Məsələn yaradıcılıqdan...

- Yaradıcılıqdan danışmağa da vaxtımız yoxdur. Hərənin başı öz işlərinə başı qarışıb. Bizim qanımızdadır, o da işi çox sevir, mən də. Aramız da qətiyyən soyuq deyil.

- Ümumiyyətlə yaradıcı adam kimi bir-birinizi qəbul edirsiniz?

- Sözsüz edirik, bir-birimizin işləri haqda fikir də deyirik. Ötən il Şuşa teatrında “Lənkəran xanının vəziri” tamaşasını hazırlamışdı. Mən də getmişdim. Gözəl də tamaşa idi. Hətta bir-birimizin əksinə fikirlərimiz də oldu...

- Təqaüdə görə işdən azad olundunuz. Oynamaq istədiyiniz nə obrazlar qaldı ki?

- Özümü gümrah hiss edirəm, danışığım yerində, ağlım yerində. Məncə, məni belə birdən-birə kənara atmaq düz deyil. Yaşıma uyğun obrazlar oynaya bilərdim klassik tamaşalarda. Elə söz vermişdilər ki, olacaq, amma yaş qoymadı...

# 1502 dəfə oxunub

Müəllifin son yazıları

# # #