İranda mənə professor deyirlər MÜSAHİBƏ

İranda mənə professor deyirlər MÜSAHİBƏ
18 avqust 2015
# 14:12

Kulis İrandan “Təbrizim” dördüncü beynəlxalq küçə teatrı festivalından diplom və xüsusi mükafatlarla qayıtmış Rebus teatrının rəhbəri Ceyhun Dadaşovla müsahibəni təqdim edir.

- Ceyhun, bildiyim qədər, bu küçə tamaşaları festivalıdır. Mümkünsə, bir qədər geniş məlumat verin. Festivalın şərtləri nə idi? Müsabiqə proqramı var idimi və onda kimlər var idi?

- Bu festival artıq dörd ildir ki, İranın Təbriz şəhərində keçirilir. Bundan əvvəlki üç ildə yalnız yerli kollektivlər iştirak edirdilər, bu il isə daha da genişləndirərək xarici teatr kollektivlərini də dəvət etməyə başlayıblar. Festivalın adı “Təbrizim” 4-cü beynəlxalq teatr festivalıdır. Keçirilmə tarixi İran və bizim təqvimin dəyişikliyinə görə bizdə fərqli zamanlara düşür. Məsələn bu il 13-16 avqust tarixlərinə təsadüf etdi. Gələn il isə ehtimal olunur ki, 3 – 6 avqust tarixlərinə düşsün. Festivalın mövzusu “İnsan və ətraf mühit” idi.

- Sizin festivala apardığınız tamaşa hansı idi və nədən bəhs edirdi?

- Biz ora “Tesserakt” adlı tamaşa ilə getmişdik. “Tesserakt” müasir dövr terminidir. Belə ki, 3 ölçü vahidindən (uzun, en, hündürlük) sonra dördüncü ölçünün də (zaman) əlavə olunması ilə adi kub tesserakt adını aldı. Buna hiper kub da deyirlər. Biz bunu tamaşada eyni zamanda üslub kimi də tətbiq etdik. Daha dəqiq desək tamaşanın üslubu onun adına çevrildi. Bu, başqa bir düşüncə tərzi, başqa cür baxış deməkdir. Hətta adi məsələlərdə hamıdan fərqli yanaşma deməkdir. Dördüncü ölçü yəni yozum görünməyən məqamlarda məhz onu göstərmək deməkdir. Tamaşa bugünkü insanlara, nə vaxt isə zəhmətlə yaradılmış bir çox maddi və mənəvi dəyərlərin gözləri önündə məhv olduğunu görənlərə, xaosun, çaşqınlığın içində yaşayanlara ümid verməyi və hər bir pis şeyin sonunun və yaxşınınsa əvvəlinin gələcəyinə inandırmağı hədəfə alıb. Tanrının bizə verdiyi bu həyatda quran da, dağıdan da bizik.

Bir də, onu qeyd edim, festivalda Azərbaycandan bizdən başqa “Oda” teatrının aktyorları da iştirak edirdi. İlqar Cahangirov və Rauf Şahsuvarovun “Arzular bağı” tamaşası da iştirak edirdi. Çox gözəl də qarşılandı.

- Sizi Pantomim teatrından tanıyırıq. “Rebus” teatrı adını birinci dəfədir ki, eşidirik....

- Bir çox ölkələrdə müxtəlif aktyorlar toplaşaraq öz daimi teatr fəaliyyətlərindən əlavə kiçik truppalar yaradaraq müstəqil fəaliyyət də göstərirlər. Orada müxtəlif eksperimentlər aparırlar. Bildiyiniz kimi mən artıq 13 ildən çoxdur ki, Pantomim teatrının aktyoruyam və bu teatrda hətta rejissor kimi fəaliyyət də göstərmişəm (“Mən və Mən”, “Manqurt”). Mənə bu təklif gələndə düşüncə tərzində yaxın ola biləcək sənət yoldaşlarıma müraciət etdim. Əli Əlizadə, Elnur İsmayılov və Nurlan Rüstəmov razılaşdılar. Təbii ki, festivalda iştirak etmək üçün ad lazım idi. Uzun zamandır mənim ürəyimdə olan “Rebus” adını təqdim etdim. Uzun müzakirədən sonra “yedineqlasno” (yekdilliklə) qəbul olundu. Beləliklə biz festivalda “Rebus” teatr truppası adı ilə iştirak etdik.

Festivalda dəvətli truppalar və konkursda iştirak edən truppalar var idi. Xarici truppalar hamısı qonaq kimi iştirak edirdilər. Konkursa yalnız yerli truppalar aid edilmişdi. Elə oradaca qərar verildi ki, mən Meyerxol “Biomexanika”sından master-klass keçim.

Sonda bizi iki diplomla təltif etdilər. Biri tamaşaya görə digəri isə master-klassla bağlı.

Bizim tamaşada İranın sayılıb seçilən sənət adamı Səid Pur Semimi də iştirak etdi və şəxsən yaxınlaşıb təbrik etdi.

- İran tamaşaçıları, İran teatr mühiti barədə nə təəssüratınız var?

- İranda demək olar ki, dövlət teatrı yoxdu. Truppalar toplaşıb tamaşalar hazırlayır, 10, 15, 20 dəfə, əgər uğurlu olarsa daha uzun müddətə nümayiş olunur. O vaxta qədər ki, tamaşaçılar gəlir. Sonra tamaşa dayanır. Buna görə də loru dillə desək İranda heç kim “yola verdi tamaşa” qurmaq istəmir. Çünki onların əldə edəcəkləri uğur və maddi gəlir buna bağlıdır. Tamaşaçılar da daha tələbkar olublar. Onlar bilirlər ki, tamaşanın gələcək taleyini onların tamaşaya gedib-getməməkləri həll edir. Truppalar da bilir. Bu da daha çox məsuliyyət tələb edir.

Yəni, heç kim sənə qarantiya vermir ki, qurduğun tamaşa uzun müddət oynanılacaq, ya yox.

Bir də teatr binasında fərqli olaraq meydan tamaşaları daha çətindi. Burada tamaşaçını itirmək daha asandır. Bir addım bəs edər ki, tamaşaçı səndən ayrılsın. İnsanlarınsa teatra marağı çox yüksəkdir. Bəzən bir tamaşa ilə digəri arasında 35 dəqiqə fasilələr olurdu. Hamı dayanıb gözləyirdi. Saat 5-dən günəşin altında dayanıb saat 8-9-a kimi yorulmadan müxtəlif tamaşalar izləyirdilər.

- Küçə tamaşaları ənənəsini bizim paytaxt üçün nə qədər aktual hesab edirsən? Bakıda belə mühit, belə imkan və buna ehtiyac varmı?

- Məncə teatr sənətini inkişafı üçün küçə tamaşaları çox vacibdir. Belə ki, teatr binasında tamaşaçılar zala daxil olur, hamı əyləşir, işıqlar sönür, səssizlik və bircə səhnə işıqlanır. Səs də ordan gəlir, hərəkət də. Baxmağa başqa bir yer yoxdu. Tamaşa bir az maraqlı olsa baxılacaq. Amma meydanda belə deyil. Meydanda sən bacarıb bütün ətrafda baş verənlərdən maraqlı olmalısan.

Bizdə bunun üçün kifayət qədər yerlər var. Sadəcə olaraq həmin yerlərdə bu şərait yaradılmalı və nəinki professional teatrlara hətta həvəskarlara da imkan yaradılmalıdır. Bu həm aktyor, rejissor bacarığını inkişaf etdirəcək, həm də teatrın təbliğində inanıram ki, böyük rol oynayacaq.

- Bu gün bizim teatrın, məsələn elə truppa olaraq sizin truppanın küçəyə, tamaşaçıların içinə çıxmağa, o subkulturaya daxil olmağa gücü varmı?

- Düzünü desək biz istəyirik ki, elə o tamaşanı küçədə bizim tamaşaçılar üçün də oynayaq. Bəlkə bu başqa truppalara da təkan olar. Hər bir şeyin reklam olunduğu bir zamanda teatrın reklama çox ehtiyacı var. Söhbət konkret teatrdan getmir. Burada söhbət teatr sənətindən gedir.

- Diplomunda sizə xitabən “professor” yazılıb. Bu iranlıların müraciət formasıdır, yoxsa bir yanlışlıq var?

- Çox yaxşı ki, bu sualı verdiz. Əslində əvvəlcə biz də çaşdıq. Dedik ki, indi hamı düşünəcək ki, gedib orda özümə professor dedirtmişəm. Yaxınlaşıb soruşdum və dedilər ki, “Ağa, professor dedik, nə deyək?” Hətta bağlanışda onlar öz sənətkarlarına, böyük adamlara doktor da deyirdilər. İzah etdilər ki, bu bizim bildiyimiz professor deyil. Sadəcə olaraq öz işin bilən mütəxəssis deməkdir. Necə ki, bizdə maestro deyirlər.

- Sizcə, bu günün tamaşaçısının sizdən yəni, gənc teatr adamlarından gözləntisi nədir?

- Onlar yeni düşüncə tərzi, yeni yanaşma, yeni baxış bucağı istəyirlər. Onlar dərs almaq yox, fikir almaq istəyirlər. Bu fikirlərin onlara yeridilməsini yox, onların müzakirəsinə təqdim olunmasını gözləyirlər.

- Teatr adamı olaraq işlədiyiniz teatrın cəmiyyətə hansısa impuls ötürdüyünü hiss edirsizmi?

- Əlbəttə hiss edirəm. Əvvəldə dediyim kimi biz Dövlət Pantomim Teatrının aktyorlarıyıq. Bir çox tamaşaçılar tamaşadan sonra yaxınlaşaraq “Mən sizinlə razıyam” və yaxud “Məni elə bil gözüm açıldı”, “Bu doğrudan da belə imiş” kimi sözlər deyirlər. Deməli o nə isə hiss edib, nə isə anlayıb. Deməli hansısa inpulslar gedib.

- Teatrla bağlı hansı böyük layihə və planlarınız, arzularınız var?

- Söhbətimizin sonuna gəldiyimizi hiss edirəm. Ona görə də istərdim ki, Əli, Nurlan və Elnura dərin təşəkkürümü bildirim. Onlar mənimlə bahəm düşündülər, mənimlə bahəm araşdırdılar. Bu tamaşada hər birinin payı var. Məcazi mənada deyil, sözün əsl mənasında.

Gələcək planlarımız barədə deyim ki, həmin festivalda başqa bir festivala təklif aldıq. Hələ ki, danışıqlar gedir. Digər planlara və layihələrə gələndə isə, mən həmişə onlara arzular deyirəm. Arzularım var. İnşallah, zaman gəldikcə onları gerçəkləşdirməklə bölüçəcəm.

# 1376 dəfə oxunub

Müəllifin son yazıları

# # #