Guşvər Şərifova: “O, ölüb, mən isə yaşayıram”

Guşvər Şərifova: “O, ölüb, mən isə yaşayıram”
10 aprel 2015
# 18:00

Kulis Gənc Tamaşaçılar Teatrının aktrisası Guşvər Şərifova ilə müsahibəni təqdim edir.

- Güşvər xanım, adınız fərqlidir. Güşvər adı hardandır, nə deməkdir?

- Bu adı mənə atam qoyub. Bir bacısı 12 yaşında rəhmətə gedib, onunla atam yaşıd imiş, ölümündən çox təsirlənib, adını yaşatmaq istəyib. Mənası... Nə bilim... Güşvarə olsaydı bu qulaq sırğası demək olacaqdı - niyə qulaq sırğası, axı əvvəllər buruna da, dodağa da sırğalar taxıblar, kişvər olsaydı ölkə demək olacaqdı. Amma nə odur, nə bu. Güşvərdir...

- Bacınız Leyli Vəliyeva da aktrisadır. Ümumiyyətlə, necə bir ailədə, mühitdə böyümüsünüz?

- Zəngilanın Seyidlər kəndində doğulub böyümüşük. Zəngilan Azərbaycanın, Seyidlər də Zəngilanın ən ucqar yeri. Oradan necə olub ki iki aktrisa çıxıb? (gülür) Atam dülgər idi, anam tibb bacısı. Adətən deyirlər ki, valideynlər övladlarının bu sənətə gəlməyini istəmirlər, xüsusən qız övladlarının. Amma atamın da, anamın da aktrisalıq, müğənnilik sənətinə sevgisi böyük idi. Bizim rayon ucqar idi. Bu sənət adamlarının həyat tərzi haqqında adətən deyilən eybəcər fikirlər ora gəlib çatmırdı. Onlar insanları televizordan gördükləri kimi qəbul edirlər. O zaman başqa idi. Sənət adamları da rayon camaatı üçün böyük, əlçatmaz adamlar idilər...

- Aktrisaların bir qəribə imicləri olur: yelpiyinin küləyi adamı yıxan ədaları, tez nəzərə çarpan zahiri görünüşləri... Sanki mif yaratmaq üçündür. Amma sizin çox sadə görünüşünüz var, istedadınıza güvənirsiz və sizə bu görünüş-ədalar lazım deyil, yoxsa...?

- Mən də elə aktrisaları çox müşahidə etmişəm. Belə xüsusi geyinmək, saç düzümü, qrim filan... Yaxın durmaq olmur. Deyim ki, mən istedadıma güvənirəm, elə də deyil. Məncə bunu etməyə vaxtım yoxdur. Heç beynimdə vaxtım yoxdur. Özümün bu xasiyyətimdən də xoşum gəlir- yol gedəndə belə ürəyimdə şeir deyirəm, monoloq deyirəm, müxtəlif obrazları götür-qoy edirəm. Bundan sonsuz ləzzət alıram. Siz deyən şeylərlə insanları ürkütmək, ya heyrətləndirmək mənim yadıma da düşmür...

- Uzun müddət Gəncə teatrında işləmisiniz. Həm də baş rolar oynamısız. Amma burada ikinci dərəcəli rollar...

- Gəncədə baş rolu ona görə oynamamışam ki, mən ən yaxşı aktrisa olmuşam. Mən 21 yaşında Gəncə teatrına işləməyə getdim. O zaman orada mən yaşda aktrisa yox idi. Baş rolları da adətən gənclərə verirdilər. Həm də o biri aktrisalar bir az şişman idilər, mən yox.

Kim nə deyir desin, baş rol aktrisa üçün vacibdir. Baş rolun baş rol yükü var, kiçik rolun kiçik yükü. Düzdü, mənə burada kiçik rollar verirlər. Məncə səhv edirlər. Gəncədə olduğu kimi baş rollar oynamalıyam mən, o yükü çəkə bilən aktrisayam. Özləri bilər...

- Səhnədə olan aktyor üçün dramaturqun, rejissorun istedadsızlığı nə deməkdir? Bu sizə səhnədə hansı çətinliklər yaradır, yəni işləmək üçün sizə demək olar ki, heç nə verilmirsə, o zaman nə edirsiniz?

- Çox pis şeydir bu. Çalışırsan ki, özündən xərcləyəsən. Əslində həmişə, elə Şekspiri də oynayanda özündən xərcləyirsən. Amma bir də var köklü bir şey olmayanda... Bu, sənə lap zülm olur. Zəif əsərlə, zəif quruluşla illərlə qazandığın şöhrət ad itib gedə bilər. Mən elə rollar oynamışam. Gəncədə bir jurnalist xanımın əsəri səhnədə oynanılırdı. Mənim də sözlərim çox quru, çox mənasız sözlər idi. Qəzet cümlələri, publisist bir mətn... Özüm də o sözləri deyəndə xəcalət çəkirdim. Teatrda bir xalq artisti var idi - Rəmziyyə xanım. Məni qucaqladı ki, belə quru rolu ürəklə çatdırmağın xoşuma gəldi. O aktrisadı, bilirdi ki, mənasız mətni çatdırmaq nə deməkdir...

- Belə roldan imtina etmək hüququnuz yoxdurmu?

- Birincisi, aşağı kateqoriyada olan aktrisaların roldan imtina etməyə ixtiyarı yoxdur. Sonra da başqa şərtlər çıxdı. İmtina etdinsə, səbəbini açıqlamalısan. Açıqlayanda da düşmən qazanırsan. Belə-belə səbəblərdən imtina etməmişəm. Əgər rolu veriblərsə sevməliyəm. Ən pis cümlələri də özününküləşdirməliyəm. Bu sözlərin necə yazıldığının və sənin xoşuna gəlib-gəlməməyinin tamaşaçıya dəxli yoxdur.

- İndi də bu səbəbdən əziyyət çəkdiyiniz tamaşa varmı?

- Yox. Belə əsəri əvvəl götürəndə əziyyət çəkirsən. Sonra onu özününküləşdirib canıma-qanıma hopdururam. Əvvəlcə xoşlamasam da sonda sevə bilirəm.

- Bəs aktyor ansamblında uyğunsuzluq olanda? Məsələn, siz rahat danışırsınız, amma tərəf müqabiliniz pafosla danışır...

- Bu zaman heç kim heç kimə uyğunlaşmır. Nə də mən onun düşdüyü pafosa düşməyə çalışmıram. Mən sadəcə ünsiyyət qurmağa çalışıram. Daxili ünsiyyət. Nə havada danışır danışsın, o ünsiyyəti tutsaq, alınır. O enerjini tutmalıyam. Sanki qarmaq atıb o ünsiyyəti tutmalıyam.

- Aktyorun öz obrazının sözlərinə əlavələr edəndə problem olurmu?

- Ölənlərlə problem olmur. Sağ dramaturqlarla olur adətən (gülür). Düzü, mən heç vaxt belə əlavələr etməyə çalışmamışam. Mənim həyat yoldaşım dramaturq idi, onun bir sözünün üstündə necə əsdiyini görmüşəm, ona görə yazılana hörmətlə yanaşıram. Necə axı bir yazarın iki gün düşündüyünü, mən 10 dəqiqənin içində alt üst edim? Söz artırmaq lazımdısa, mən onu daxili monoloqumda artırıram. Haqverdiyevin “Pəri-Cadu” əsərində Səliməni oynamışam. Başdan ayağa ikicə vərəq sözüm var. Orada bir yer var: “İlahi, bu kişi niyə belə gec gəldi, bəlkə odunu satılmır nədi? Bəlkə ac-susuz oturub gözəyir?” bu üç cümlədi, amma bu üç cümlənin içində mənim on cümləm var. Müəllifin yazmadıqlarını ürəyimdə deyirəm. Yazılmasa belə mən obrazımın kim olduğunu görməliyəm: 12-15 uşağı olan ailənin eybəcər bir qızıyam. Məni kasıb bir adama veriblər, onsuz da məni heç kim almazdı. Atam odun daşıyır, anam paltar yuyur... Bütün bunları gözümün qarşısında görürəm. Mən obrazlarımın avtobioqrafiyasını elə işləyirəm, az qala roman yazıram...

- Ötən ay həyat yoldaşınız dramaturq Rövşən Ağayev (Dramaturq, kinossenarist, rejissor və yazıçıdır. İki seriyalı, məşhur "Lətifə" bədii filminin ssenari müəllifidir ) vəfat etdi. Bir xəstəliyi var idi, yoxsa qəfil öldü?

- Ürək xəstəliyi var idi. Bir həftə idi yatırdı. Amma yəni lap elə dərinyataq xəstəsi deyildi. Qəfil oldu.

- Aranızda yaş fərqi böyük idi?

- Onun 66 yaşı var idi. Məndən 13 yaş böyük idi. Amma bilirsiz, ruhu çox cavan idi. O vəfat edəndə uşaqlar gəlib evimizi gördülər. O daxmada yaşayan adam necə komediyalar yazırdı. Bu nə deməkdir? İnsan nə qədər nikbin olarmış. Dünyaya, həyata yumor gözü ilə baxırdı.

- Necə tanış olmuşdunuz?

- O, 1984-cü ildə SSRİ üzrə ilin ən yaxşı dramaturqu adını almışdı. Onu Rus Dram Teatrında görmüşdüm. “Dayaq nöqtəsi” əsəri hazırlanmışdı. Bundan da əvvəl Gəncədə onun “Yeddi oğlan, bir qız” tamaşası hazırlanmışdı, Bakıya gəlmişdi, bizim kurs rəhbərimiz Nəsir müəllim ondan danışırdı. Deyirdi ondan yaxşı dialoq ustası tanımıram.

Rus Dram Teatrında gördüm ilk dəfə. Onun belə özünü kənara çəkməyi, etinasızlığı xoşuma gəldi. Belmandoya oxşayırdı. Elə orada ona bənd oldum. Sonra Gəncəyə işləməyə getdim, orada yenə onu gördüm. Məni də çəkdiyi qısametrajda rola dəvət etdi. İlk dəfə mən sevmişəm onu. Amma təbii ki, bunu ona demədim, onun etirafından sonra dedim. Ona demişdim ki, sən başqa qadınla evlənsən dəxli yoxdur, mən səni həmişə sevəcəyəm. İndi anlayıram ki, mən onu həqiqi məhəbbətlə sevmişəm. Çünki onu heç vaxt qısqanmamışam. İndi anlayıram ki, bu laqeydlik deyil, bu, sevginin böyüklüyü imiş. Amma son illərdə deyəsən o məni məndən də çox sevirmiş. Bilirsiz, mən ölsəydim, o da ölərdi, mənsiz yaşamazdı. Amma o ölüb, mən isə yaşayıram. Onun sevgisi də, nifrəti də dərin idi. Nəsə ondan çox danışmaq istəyirəm....

- Danışın...

- Bilirsiz, biz evlənəndən sonra... Kim nə deyir desin. Maddi problemlər ailəyə, sevgiyə təsir edir. O maddi sıxıntılar bizim ailəyə də bir soyuqluq, gərginlik gətirirdi. O, məqamlarda düşünürdüm ki, biz bir-birimizi sevmirik. Sonralar anladım ki, biz həmişə bir-birmizi sevmişik.... (kövrəlir).

- Həyat yoldaşınızın yazdığı əsərlərdə oynamısızmı? Ya özü sizin üçün əsər yazıbmı?

- Yox, özü heç vaxt yazmayıb. İndi məşq etdiyimiz “Sonluğun sonu” adında monotamaşanı özüm bəyəndiyim üçün seçdik, Nofəllə hazırlayırıq. Yaxınlarda oynayacağam. Bilirsiz, Rövşən özü məni aktrisa kimi elə də bəyənmirdi. Deyirdi ki, sən kamera qarşısında çox gərginsən, deyirdi özünə inamsızsan, sərbəst deyilsən. Həm də bu səndə heç vaxt olmayacaq. Bəlkə də haqlı idi, kamera qabağında yox, amma teatrda mən özümü suda balıq kimi hiss edirəm. Tamaşalarıma isə, o, bir dəfə də gəlib baxmamışdı. Deyirdi ki, oynaya bilmirsiz, çox tələbkar idi. Bizi xarici aktyorlarla müqayisə edirdi. Onun yazdıqlarında mən yox idim. Amma musiqilərində mən var idim.

- Bəyəm Rövşən Ağayev musiqi də yazırdı?

- Hə. Azərbaycana ilk dəfə bard janrını o gətirib. Yalnız gitarada ifa edərək, öz sözlərini, öz mahnını oxumaq. Vısotski kimi. “Qulp” proqramı üçün satirik üslubda mahnılar da yazırdı. Çox çalışdı, diskini buraxa bilmədi. İmkan olsa gələcəkdə onun diskini buraxacam. Bu mahnılar zövqlü adamlar üçündür.

- Oğlunuz nə ixtisası seçib?

- Aktyorluqda oxuyur. İkinci kursdadı. Əslində rejissorluğu istəyirdi. Universitetdə tamaşalar hazırlayırlar.

- Yaşayış minimumunu necə çıxarırsız?

- Çox çətin olub doğrudan. Çox vaxt deyirlər ki, yaradıcı adam kasıb olmalıdı. Yalan sözdü. Ən yaradıcı adamı da maddi imkansızlıq məhv edir. Biz kirayədə yaşayırıq. Bilmirsən kirayənin dərdini çəkəsən, bilmirsən, yemək-içmək dərdi çəkəsən.

- Heç başqa işlə məşğul olmaq fikrinə düşmüsünüz?

- Düşünmüsüz niyə? Başqa yerdə işləmişəm, amma bu işi atmamışam heç vaxt. Gecə saat 7-dən sonra şirniyyat sexində işləmişəm. bunu deməyəcəkdim, siz məni danışdırdınız. Bu iş mənə çox əziyyət idi. Tamaşalarımı oynayırdım. Gecələr yatmırdım. Beş aydan çox işləyə bilmədim. Dözə bilmədim. Amma teatrı ata bilmərəm. Mən bu işdən zövq alıram. Pulum olsa lap pul verərəm ki, qoysunlar bu işlə məşğul olum. Bunu yazmayın ha, elə bilərlər, aktrisalar pulsuz işləmək istəyir...

- Əli və Nino” filminə çəkilməli idiniz...

- Artıq çəkildim, bir günlük çəkilişim var idi. İçəri Şəhərdə idi. Erməni Malik Naxararyanın anasını oynayırdım. Aktyorlarla çox həssas davranırlar.

-Həyat nə qəribəsən” serialında oynayırsız. Nə kimi reaksiyalar var?

- Bizim tamaşaçıların əksəriyyəti müsbət rol oynayan aktyoru sevir. Mənfi rol oynayan aktyor haqda da yaxşı fikirdə deyil. Deyirlər, o serialda mən özümü oynayıram. Qətiyyən. Məni ərim döyə bilməz, mənə xəyanət edə bilməz. Amma orada Firuzəni əri döyür, incidir. Mən mübariz adamam...

# 2311 dəfə oxunub

Müəllifin son yazıları

# # #