Media terrorunun qurbanları

Media terrorunun qurbanları
3 aprel 2015
# 20:00

Bu günlərdə internetdə bir zaman məşhur-cahan olmuş, indi adı gələndə hamının “Hə, o prezidentlə eşq yaşayan qadın” kimi xatırlanan Monika Levinskinin çıxışı yayımlandı.

“O qadın” mərd-mərdana dayanıb insanları mənəvi deqradasiyaya aparan tık siyasətindən danışdı. O qadın ki, sevgi romanı təfərrüatları ilə media orqanlarının manşetinə gəldi, ən intim söhbətləri az bir zamanda minlərlə insan tərəfindən izləndi. Qadın qınaqlardan, şərhlərdən intihar həddinə gəldi. Nə varmış? Ağ evdə prezident Bill Klintonla eşq yaşamış... Bunun əvəzini o, dəfələrlə başına gətirilən psixoloji terrorla ödədi. Hər kəs “Öz çirkli ayaqqabıları ilə onun dünyasına daxil olmaq” icazəsi aldı. Monika Levinski düşüncəli və düşüncəsiz şəkildə aparılan bu psixoloji terror kompaniyasının sadəcə ilk və parlaq ulduzu-qurbanı oldu. Əlbəttə, o xəbərləri izləyənlər, izləməyə məcbur olanlar da qurban olduğundan xəbərsiz qurbanlardır. Mətbuatın qurbanlar ordusu...

Miqyasından asılı olmayaraq belə hadisələr yüzlərlədir.

Kiminsə intim həyatına aid materialı izlədikdə heç kim özünə “Məgər mən özüm belə məqamlar yaşamırammı, ya yaşamamışammı, ya da yaşaya bilmərəmmi?” - sualını vermir və peyğəmbərin dediyinin əksinə olaraq, ilk daşı elə ən çox günahı olan atır. Halbuki, kiminsə şəxsi həyatındakı məsələləri başqasının günah adlandırmasa yolverilməzdir.

Sadə adamların bunu etməsinə qisas-aqressiya deyib bir şəkildə qəbul etmək olar. Amma mətbuat, hətta televiziya bunu edirsə... Bu, nə deməkdir? O deməkdir ki, artıq belə hallar biznesə çevrilib, dördüncü hakimiyyət adlanan mətbuat insanlara yox, öz məqsədlərinə xidmət edir.

Və azacıq geri baxsaq milli teleməkanımızda, mətbuatımızda onlarla belə iyrənc mənəvi terror hadisəsi xatırlayacağıq. Bu dəqiqənin özündə kriminal verilişlər, maqazin jurnalları kobudca insanın həyatının təfərrüatlarına varır, onu ictimai qınaq hətta ictimai terrorla üz-üzə qoyur.

Bunun üçün çoxlu səbəblər ola bilər: sifariş, asılılıq və s. Amma etiraf olunan yalnız bir faktor var: reytinq və tık - yəni, baxış sayı.

İnsan alveri

Reytinq! Cavabı sanki bütün ittihamların qarşısında dayanacaq qədər güclüdür. Bu niyə tirajlanıb? Çünki, reytinq bundadır. Vəssalam. Reytinq pul deməkdir. Belə çıxır ki, pul allah kimi qeyd-şərtsiz qəbul olunmalıdır. Əgər beləsə “İnsan alveri” adının qabağında medianı da qeyd etməli... İnsan üzərindən alver edən medianı...

Media “reytinq” adlandırdığı qalxanı üzünə tutarkən günahı həm də oxucuda, tamaşaçıda görür. Yəni maraq olmasa biz yaymarıq, göstərmərik. Bu cavab müdafiə xarakterli olsa da maraqlıdır, düşünməyə dəyər. Axı biz pornoqrafik təfərrüatla təqdim olunan intim və ya kriminal hadisələrin, zorakılıq kadrlarının, şəxsi həyat gizlinlərinin reytinqlər qırdığını görürük. Birinin həyatından hansısa hadisəni guya təfərrüatla, əslində təşviqedici şəkildə danışmaqla KİV onu linç etməyə daim hazır olan guya mühafizəkar kütlənin qarşısına itələyir. Onun tamaşalara və qurbanlara ehtiyacı olduğunu bilərək...

Qurban

Hələ əsrlər əvvəl insanların kütləvi qurbanvermə tamaşaları olub. Sarsıdıcı, həyəcanverici mərasimlərə olan ehtiyaclarını kahinlərin quraşdırdığı qurbanvermə tamaşaları ödəyib. Qurbanlar insanlar da olub, heyvanlar da. Dövlət dinin legitimliyini dağıdandan sonra da insanlar bu ehtiyaclarını ödəyə bilib. Edam “tamaşaları”na – bu ağır səhnələrə baxmaq insanlara necəsə çəkicidir. Zorakılığa meyl haradandır? “Tabu” kimi sıxışdırılan gizli arzulardan, yoxsa əzilən şəxsiyyətin içindəki gizli aqressiyadan gəlir? Bəlli olan odur ki, cəmiyyət sivilləşdikcə bu ehtiyacını gah teatr tamaşaları ilə, gah öküz döyüşü ilə, gah qorxu filmləri ilə, gah da zorakılıq dolu virtual oyunlarla ödəyir. Hər halda insanların bir qurban arzusu var. Günümüzün, reallığımızın içindən belə bir hadisəni mənə danışmışdılar. Azərbaycanın X kəndində oğlan intim münasibət yaşadığı qızın telefonunun yaddaşına çəkdiyi intim görüntülərini hansısa səbəbdən dostları arasında yaymağa başlamışdı. Az sonra “filankəsin qızının videosu” bütün kəndi dolaşmışdı. Bütün kənd nəfəsini “hıq” deyə içinə çəkərək bu “böyük biabırçılığı” yumaq üçün “abırlı adam” olan atanın qızını öldürməsini gözləyirdi. Amma arzuları suya düşdükcə - atadan xəbər çıxmadıqca camaat aqressivləşirdi: kişiyə salam vermir, eyham atır, ardınca gülürdülər! Bu əhvalat unudulmamış qəfildən kişi öldü. Ölümündən sonra ailəyə də, qıza da münasibət dəyişdi. Adamlar artıq yumşalmışdılar. Qurban var idi. Qız da olmasa, ata (bəlkə də gördüyü münasibətdən) ölmüşdü.

Şəxsi həyatın toxunulmazlığı haqqındakı maddədən kim istifadə edir? Zatən kütlənin mənəvi terroru kimi məqsədinə yetişəndən sonra bunu edən adamların cəzalanması işi çox az adamı narahat edir. Həm də bu cəza məsələn bizdə o qədər də çox deyil. 100 manatdan 500 manatadək cərimə və ya 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalanmaq kimi qorxudacaq?

Tık uçurumu

Bir tık balaca bir seçimdir. Kiçik, əhəmiyyətsiz bir seçim. Amma bu seçimlə başqalarının həyatına kobudca müdaxilə edirik. Çünki bu sərhədi kimsə götürüb. Çünki hər şey alınıb-satılır və bunu sənaye halına çevirən zehinlər özlərini ağıllı bilsələr də, uzağı görmürlər və ruhən, qəlbən kordurlar. Alternativ isə həmişə var: sadəcə özünü linç meydanına buraxdığın adamın yerinə qoymaq! Axı gerçəkdən onun yerində sən də ola bilərsən! Bax, onda necə olar?

# 1629 dəfə oxunub

Müəllifin son yazıları

# # #