Daş ütü ilə məşq eləyən aktyorlar – Kukla Teatrından Reportaj

Daş ütü ilə məşq eləyən aktyorlar – <span style="color:red;">Kukla Teatrından Reportaj
21 mart 2019
# 10:32

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur.

Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnədən bizə bütöv bir əhvalata inandıran kukla necə ortaya çıxır, hansı proseslərdən keçir?

Bunu öyrənmək üçün üz tuturuq A.Şaiq adına Kukla teatrına. Kuklanın ideyadan səhnəyə qədər hansı mərhələləri keçməsini öyrənmək istəyirik.

Dənizkənarı Bulvarda yerləşən Kukla teatrının binası polşalı mühəndis İosif Ploşko tərəfindən inşa edilib. Bakıda ictimai yerdə Ventilyasiya sistemi ilk olaraq bu binada tətbiq olunub. İlk dəfə 1908-1910-cu illərdə “Fenomen” kinoteatrı kimi istifadəyə verilib. Müxtəlif illərdə bu binada kazino, Satir agit teatrı, Musiqili Komediya teatrı və Kənd Təsərrüfatı nailiyyətləri muzeyi, R. Behbudov adına Mahnı teatrı fəaliyyət göstərib. Nəhayət, uzun illər sonra əsası 1931-ci ildə aktyor Mollağa Bəbirli tərəfindən qoyulan Kukla teatrı bu binada fəaliyyət göstərməyə başlayıb.

Hazırda teatrın baş rejissoru Qurban Məsimov, baş rəssamı İqbal Əliyevdir. Rəssamı və rejissoru qeyd etməyimiz elə-belə deyil.

21-ci əsrin yazdığı qanuna əsasən tamaşanın müəllifi rejissor sayılır. Kukla tamaşasında da belədir, amma bir az fərqlə. Əlbəttə, orada da əvvəlcə ideya yaranır, daha sonra əsər seçilir, personajlar çizilir.

Bir kuklaya rejissorun, rəssamın, heykəltəraşın, ən sonda kuklaçının nəfəsi dəyir. Onun canlanması bu sirli nəfəslərdən asılıdır. Başqa sözlə, kuklanın canı rejissorun, rəssamın, dərzinin, heykəltəraşın, kuklaçının əlindədir. Və məsələ heç də kuklanın mükəmməl alınmasında deyil. Əgər onlar bu prosesdə xəyal qurub, min dürlü duyğulara qərq olsalar deməli kukla kələ-kötür taxta parçası olsa da canlanacaq.

Biz hövsələsiz uşaqlar kimi ən çox maraqlandığımız mərhələni görmək istəyirik və emalatxanaya keçirik. Teatrın mətbuat katibi Həmidə Rüstəmova və baş rəssamı İqbal Əliyev proseslə tanış etmək üçün səfərbər olublar.

Teatrın repertuarında yer alan türk nağılı əsasında hazırlanmış “Kəloğlanın nağılı” tamaşasından rəssam eskizlərini və kuklalarla tanış oluruq.

Həmidə xanım kuklaları, eskizləri bir-bir təqdim və izah edir:

Kuklaların necə olacağı, kukladan nə tələb olunması rejissorla rəssamdan asılıdır. Məsələn, əsas qəhrəmanlar əsasən çox funksiyalı olur. Elə kuklalar var ki, onların sözü yoxdur, əsas lazım olan hərəkətdir. Amma məsələn, Kəloğlanın sözü çoxdur, onun üçün çənə hissədə açılıb bağlanması üçün mexanizm hazırlanıb.

Biz istədik ki, uşaqların cizgi filmində gördüyü kimi, amma standartdan kənar olsun. Bizim ənənəvi gərdək teatrı üslubunda hazırlamışıq, kuklalar pərdənin üstündən və öndə hərəkət edir. Canlı plan – yəni aktyorlar da ön səhnədə çıxış edirlər. Uşaqların qavrayışına müxtəlif şəkildə təsir etmək istəyirik ki, onlarda fantaziya oyada bilək.

“Piter Pen”, “Maşa və ayı”, həmçinin indiki “Kəloğlan nağılı” tamaşalarımız məşhur cizgi filmləri qəhrəmanlarıdır. Amma çalışırıq ki, hər şey ordakı kimi olmasın. Teatrda başqa səhnə həlli görsünlər.”

Kəloğlan masallarının rəsm eskizləri və kuklalar gətirilir. Bunlar ən son tamaşanın kuklalarıdır.

İqbal kuklaların xüsusiyyətləri və hazırlanma texnikaları haqqında danışır:

Ümumiyyətlə, “Kəloğlan masalları” tamaşasında iki kukla texnikasından istifadə olunub.

Bu kuklalar parket kukla texnikasında hazırlanıb. Yəni başın arxasından tutacaq var və onunla baş hissəni sağa-sola, aşağı-yuxarı hərəkət etdirmək olur. Və onu döşəmənin, yəni parketin üzərində oynatmaq olur.

Digər növ kuklalar isə troslu (çubuqlu) kuklalardır, altdan kaput vasitəsilə idarə olunur. Bu növ kuklaları dekor və ya şirma arxasından oynadırlar. Belə kuklalar aşağıdan idarə olunan kuklalardır, parker kuklalarsa elədir ki, aktyorlar kuklaların əlini öz əllərinə əlcək kimi geyinir və kuklanın arxasında gizlənirlər.

Həm də bu kuklalar florenset boya ilə işlənib. Yəni qaranlıqda, daha düzü, ultra fiolet işıqda rəngli görünür

Kuklaların hazırlanma prosesini görmək xəyalı suya düşür. Həmidə xanımın söylədiyinə görə, heykəltəraş emalatxanası başqa yerdədir:

Qəliblər hamısı burada tökülür. Amma Yuğ teatrı da bizə köçdüyü üçün məkan məhdudlaşdı, heykəltəraş qəlibi burada töküb qalan işləri öz emalatxanasında görür. Yer darısqallığı olduğu üçün.”

Heykəltəraş gildən və ya plastilindən kuklanın başını düzəldir. Başı düzətdikdən sonra üzərinə gipsdən plastilindən yaxud da qəlib tökülür. Sonra yüngül olması üçün papye maşeyə (kağız yapışqan gips kraxmal qarışığından asanlıqla formaya düşən material) verilir. Çünki gips ağırdır, kuklalar həm də yüngül olmalıdır ki, aktyor oynadanda yorulmasın. Bəzən aktyorlara ağır kuklanı idarə etmək çətin olur, ona görə də kuklaçı aktyorlar bəzən daş ütü ilə məşqlər edirlər.

Bunu da teatrın baş rəssamı İqbal Əliyevdən öyrənirik.

Başın içərisini boş qoymaq lazımdır ki, rejissora lazım olarsa içəridə ağızı ya kirpikləri gözləri hərəkət etdirmək üçün mexanikə yığıla bilsin.

Mexanika da hazır olandan sonra, onun üzərinə üzlük çəkilir. Adi, divarlara çəkdiyimiz üzlük. Sonra onu qaşıyıb hamarlaşdırırlar. Sonra üzə qrunt vurulur, daha sonra akril boya ilə rənglənir. Daha sonra saç, qaş kirpik qoyulub dərzilərə verilir. Dərzilər ona bədən və geyim biçməyə başlayır. Ən sonda aktyorlar yeni kukla ilə güzgülü zalda məşqlər edir, idarə edərək onun necə görünməsini öyrənirlər. Əslində aktyorlar da kuklanın hazırlanmasında özləri də iştirak etsə yaxşıdır. Obraztsov teatrında şahidi olduq ki, aktyorlar kuklaları özləri düzəldir. Özləri hazırlayanda aralarında mənəvi bağ yaranır, daha yaxın olur.

Belə kuklalar peşəkarca hazırlanmasalar, tam səliqəli olmasalar belə, daha canlı ola bilir, çünki özü düzəltdiyi üçün hər cəhətini bilir. Həm də daha doğma olur. Bizdə də aktyorlar prosesdə iştirak edir; görürsən ki, tam hazır kuklaya aktyor yeni mexanizm əlavə olunmasını istəyir. Məsələn, istəyir ki, kuklanın bir gözü yumulub açılsın, o da oynadanda kukla göz vursun və s”.

Bir kukla tamaşası uzun zaman alan prosesdir. Bir kukla ən tezi bir həftəyə hazır olur. Amma kuklalardan başqa dekor və rekvizit də var.

Pyedestal üzərində olan baş fiqurları nəzəri cəlb edir. Həmidə xanım izah edir:

Bunlar yeni müzikl üçün hazırlanır. İlham Namiq Kamalın 70 illik yubileyi münasibətilə dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında “Bizim Don Kixot” adlı müzikl hazırlayırıq. Tamaşanın bəstəkarı Vüqar Camalzadədir. Apreldə Musiqili Komediya teatrında İlham Namiq Kamalın yubiley tədbiri olacaq, bu tamaşada orada nümayiş olunacaq”.

Yuxarı kuklaların saxlandığı zala qalxırıq. Burada onlarla kukla var. Bəziləri Teatr muzeyinə təqdim olunub. Ən yaşlı kuklalardan biri Göyçək Fatmadakı kukladır. İqbal əlində çay stəkanı olan kuklanı göstərir:

Bu personaj tamaşada çay gətirəndə yıxılır. Kukla elə hazırlanıb ki, qalxanda əlindəki məcməyi stəkan yerinə gəlir”.

Kuklaçılıq sənətində ən çətin sayılan marionet (iplə idarə olunan) kuklalardır. Səbəbini İqbal izah edir:

Kuklaya daha yaxın olanda aktyora psixoloji olaraq rahat olur, kuklanı hiss edirsən, plastikanı ona daha asan ötürə bilirsən. Marionet kuklanı isə yuxarıdan idarə edirsən. Bəzən iki metr hündürlüksən iplər sallanır və bunlarla kuklanı oynadır, bütün tamaşa boyu kuklaya toxunmadan iplərlə onu idarə edirsən. Buna görə Marionet kukla ən çətin hesab olunur. Aktyor marionet tipli kuklanın xarakterini elə əzbərləməlidir ki, ipi necə dartanda kuklanın necə göründüyünü dəqiq bilsin. Bunun üçün aktyorlar aylarla güzgülü zalda məşq edilər...

Bizim “O olmasın bu olsun tamaşamız” var idi, xatırlayırsızsa, Yaşar Nuri ilə oynayırdıq. Canlı planda Yaşar müəllim idi, marionet kuklaları isə biz 2 metr yüksəklikdə qurulmuş dəzgahda dayanaraq idarə edirdik. Hər dəfə Yaşar müəllim kukla ilə danışanda, kuklaya baxmaqdan yuxarı - bizə baxırdı, axı səs yuxarıdan gəlir. Rejissor deyirdi, Yaşar müəllim, siz kuklaya baxın, axı, kuklayla oynayırsız. Yaşar müəllim gülürdü ki necə oynayım, səs o yandan gəlir kuklalar bu yanda...

Və Yaşar müəllim həmişə deyirdi ki, sizin işiniz çox çətindir. Biz kuklaçılar həmişə şirma arxasında qalırıq, bu aktyorları tanımırlar. Elə aktyorlarımız var ki, 45 ildir kukla teatrında işləyir, onu az adam tanıyır”.

Belə aktrisalardan biri Elmira Hüseynovadır. Onunla tamaşadan əvvəl qrim otağında görüşürük. Xoşbəxtlikdən elə ciddi geyim və qrim prosesi yoxdur. Elmira xanım bir azdan “Karlson” tamaşasındakı nağılçını oynayacaq. Elmira xanımdan öz hekayəsini danışmasını istəyirik. Məlum olur ki, Elmira xanım nə az, nə çox 49 ildir Kukla teatrında işləyir. Müəllimi Əfrasiyab Məmmədov olub. Teatra 17 yaşında müsabiqə yolu ilə gəlib.

Elmira xanımın yerinə aktyor həmkarı Elxan İsmayılov danışır:

Aktyorlardan kimsə tamaşaya gələ bilməsə, Elmira xanım onu əvəzləməyə birinci hazırdı. Hətta tamaşada bir əl görünməlidirsə, o əl mütləq Elmira xanımın əli olacaq. Bir dəfə deməz ki, mən niyə? Məndən cavanlar getsin əvəz etsin. Sevə-sevə qaçır səhnəyə...

Elmira xanım tamaşa qabağı həyəcanlıdır. Uşaqlarla ünsiyyətə girmək asan deyil:

İt də, pişik də, xoruz da, cadugər də, ana obrazlarını da oynamışam. Kukla ilə oynamaq da asan deyil aaa. Bu taxta parçasını canlandırmalısan. Deməli ürəyini bu kuklaya bağlayasan gərək. Bu kuklalar yuxuma da girir. Ya görürəm ki səhnədə tamaşa oynayıram. Övladlarım mənə çox əzizdir. Amma kuklalara da can verirəm, onlar da mənə doğmadır. Xüsusən son vaxtlar, həyat yoldaşım, Şahmar Hüseynov – O da kukla teatrında işləyirdi - vəfat edəndən sonra kuklalarıma daha bağlandım, onlar sanki mənə həmdəm oldular. Kimsə kuklanı üzüstə qoyanda çox narahat oluram. Bu kukladır, kobud davranmaq olmaz onunla...

Maraqlıdır, kuklalara ruh ötürən Elmira xanım, özü nədən ruhlanır? Elmira xanımın cavabı dilinin altındadı sanki:

- Yaxşı adamlardan! Uşaqların özündən!

Artıq tamaşa başlamaq üzrədir. Elmira xanımı səhnəyə çağırırlar. Kuklalar aktyorları, tamaşaçılar pərdənin açılmasını gözləyirlər.

Teatr adlı sehr başlayır...

# 4890 dəfə oxunub

Müəllifin son yazıları

# # #