İstərdinmi bu qadın anan olsun?

İstərdinmi bu qadın anan olsun?
2 avqust 2013
# 08:00

Ağ və Uşaq

Uşaq özü heç nə danışmır. Kadrlarda uşaq susqunluğu...

“Ağ lent” filmində (rejissor Mixail Haneke) mövzuya bir kənd müəlliminin gözü ilə yanaşılır. Əhvalatı danışan da odur. Kənddə bir-birinin ardınca bədbəxt hadisələr baş verir. Sahə həkiminin atı gizlicə qurulmuş tələdə ipə ilişib sahibini yıxır və həkimin ayağı sınır. Felder adlı bir kəndlinin arvadı növbəti bədbəxt hadisənin qurbanı olur. Baronun kiçik oğlu döyülür. Sonra kəndlilər mamaçanın şikəst uşağının dəhşətli işgəncəyə məruz qalmasına çaşıb qalırlar. Sirli hadisələr baş verir. Kənd günahkar axtarır. Kənd müəllimi “haqlı olaraq” uşaqlardan şübhələnir. Uşaqlar isə susurlar: gözləriylə, dilləriylə, əlləri və ayaqlarıyla susurlar. Bu hadisələrə, qəddarlıqlara bais olan günahkar kimdir? Amma filmin həmin epizodlarından günahkar yox, səbəbkar boylanır – uşaqlarını gərgin bir rejimdə böyüdən pastor onları odunla döyür. Cəzalandıqdan sonra onların saçlarına, qollarına məsumluq əlamətini xatırladan ağ lent bağlanır. Qoy, hamı onları görsün, hamı bilsin ki, bu uşaqlar günah işləyiblər. Nə vaxt günahdan təmizlənəcəklərsə, qollarındakı ağ lentlər o vaxt açılacaq…


Ağ və uşaq, ağ və günah, günah və uşaq...

...bir uşağa yazığım gəlir, bir də ağa

uşaq özündən böyük uşağa tələsir,

ağ özündən tünd rənglərə.

uşaq daha böyük uşağa çatır, ağ kirə

bəlkə də, kir ağın ən tünd rəngidir (Xaqani Hass)

Bu yerdə din qışqıra-qışqıra danışmağa başlayır, nəfəs almaq çətinləşir. “Günah” sözündə uşağı öldürən din. Uşaqlara uşaq olmağı qadağan edən din. Onlara “yaxşı” olmağı, əylənməməyi, zarafatlaşıb gülməməyi, Allahdan qorxmağı təlqin edən din. Niyə bu din uşaqlarla bəribaşdan günahkarlarla danışan kimi danışır? Niyə hələ etmədikləri günahlara görə cəzalar xatırlanır, cəzalar uşağın yaddaşına həkk olunur? Haneke bu filmdə bizə deyir ki, din uşaqlar üçün deyil, günahkarlar üçündür!

“Ağ lent”də uşaqlar sərt və kədərlidir. Hətta onlardan biri – Martin öz intiharına Allahı ortaq etmək istəyir, uçurum üstündəki nazik kəndirin üstündə təhlükəli vəziyyətdə addımlayır – təxminən bu fikirlə: “Allah məni sevməsə, mən indiyədək ölərdim. İndi körpünün təhlükəli hissəsi ilə gəzməklə, ona məni öldürməyə daha bir şans verirəm”. Bunu onlara pastorun dini öyrədib. O, Allahla uşaqların arasına bir günah qoyub, nifaq salıb. Onlar bu günahın acığına materialistcəsinə, naturalistcəsinə qavradıqları həyatı “bədbəxt hadisələr”lə rəngləyirlər. Qollarına, saçlarına bağlanan ağ lentlərin inadına bol-bol qara boyalar yaxırlar, kirlənirlər. Əlini öpdürdüyü uşaqları tez-tez cəzalandıran pastorun qarşısına, onlara edilən həqarətlərin əvəzində bir günah qoymaqla cavab verirlər. Dərsdə nadinclik etdiyinə görə cəzalandırılan Klara atasının kabinetindəki zavallı quşcuğazı qayçı ilə öldürür, amma bu həm də Klaranın intiharıdır. Quşun ölümü həm də Klaranın ölümüdür. Bu, sanki, Allahla düşmənçilikdir, onunla mübarizə aparmağın bir yoludur. Böyüklərlə ittifaqda olan Allahın acığına görülən işdir. Sanki, bu uşaqlar demək istəyirlər ki, biz uşaq deyiliksə, canlılar da canlı olmamalıdır.

Filmin dəyəri ondadır ki, o, izah etmir, göstərir. Böyüklərin dünyadan təcrid etdikləri uşaqları göstərir. Bu dünyada uşaqlar təkdirlər, tənhadırlar, qəzəblə, nifrətlə, kədərlə doludurlar. Qorxu içindədirlər, amma həm də qorxuya qarşıdırlar. Barışmazdılar. Onlar, bəlkə, ömürlərinin sonunadək kin-küdurətlə yaşayacaqlar.

Ətək

(Fantasmoqorik aspekt)

“- Adamlar yaşamayanda ölürlər. Xəstələnəndə, çox qocalanda, bir də, onlara bədbəxt hadisə baş verəndə.

- Amma hamı yox?

- Hamı. Hamı öləcək.

- Amma atam ölməyəcək, eləmi?

- Hamımız öləcəyik. Atam da. Amma çox sonra.

- Amma sən yox, eləmi?

- Mən də. Mən də öləcəyəm.

- Mən də öləcəyəm?

- Hə. Amma bu çox sonra baş verəcək. Çooox sonra...”

Bu dialoq “Ağ lent” filmində balaca Rudi ilə böyük bacısının arasında gedir. Bəlkə də, Rudinin ilk, böyük, kədərli həqiqətidir bu. Rejissor bu anı, ölümün dərki, onun qaçılmazlığı, labüdlüyü qarşısında balaca bir oğlan uşağının reaksiyasını böyük ustalıqla ifadə edib: Rudi qabağındakı yemək qabını küskün bir tərzdə kənara itələyir. Bəlkə də, böyüdükcə ölümə, eləcə də öz ölümünə daha ciddi təpki göstərəcək; indi isə öz balaca ölümünə balaca əlləriylə “bapbalaca” reaksiya verir. Bu, eyni zamanda onun, anasının ölümünə, yoxluğuna ilk etirazıdır. Bu, həm də anasının ölümünün ilk izahıdır. Uşaq yemək yeyir və bacısı ona anasının öldüyünü, bir də heç vaxt gəlməyəcəyini deyir...

...uşaq o anda düşündü: ilk qidası qadın bədənidir insanın (X. Hass)

Bu dialoqdan sonra Rudi ilə Allahın arasına girməyə din, pastor, günah-filan lazım deyil. Onun anası yoxdur artıq. Uşağı kimsə qorumalıdır, sevməlidir, dünyanın ölümlərlə yan-yana yaşanılası yer olduğunu ona kimsə sevgiylə anlatmalıdır.

Həyat ögey anasıdır yetim uşağın...

Roberto Benininin “Həyat gözəldir” filmi bu sevginin ən böyüyünü və ən kədərlisini göstərir. Ata müharibəni, əsir düşərgəsinin dəhşətlərini balaca oğlu üçün oyuna çevirir. Atanı Benini özü oynayır – qəmgin və məzəli kloun sifəti ilə ali insan sevgisini ifadə edir. Konslager gizli bir oyunun səhnələşdirildiyi yerdir. Bu, bir müsabiqədir, kim dözümlü olsa, acmasa, susamasa, ağlamasa, sonuna qədər yarışı davam etdirə bilsə, o, qalib gələcək və qalibə tank hədiyyə ediləcək. Ata uşağı buna inandırır. Ölümə gedərkən belə, oğlunu güldürməyə çalışır. Təki uşaq bu qəddar dünyanın həqiqətlərindən duyuq düşməsin. Uşağın gözündə atasının ölümü oyundur, oyunun bir hissəsidir. Sonu mükafatla bitən oyundur. Onun dünyadan xəbəri yoxdur.

Amma onlar gec-tez bu dünyanın həqiqətlərini anlayacaqlar və ilk bələdçilərini – analarını səsləyəcəklər. Reha Erdemin filmindəki kimi qışqıracaqlar, bəlkə də pıçıldayacaqlar: “Qorxuram, ana!” (“Korkuyorum, anne!”). Bu kəlməni filmin əvvəlində qəhrəman avtomobil qəzasına düşəndə pıçıldayır, sonunda isə qəhrəmanlardan biri intihar etmək istəyəndə bağırır. Hələ filmə baxmamışdan onun adının – bu iki kəlmənin artıq hər şeyi söylədiyini düşünürsən. Nə sirdir, bunca yüngül, gərəksizcəsinə – bəlkə, qəsdən? – optimist musiqinin həyatsevərliyi içində “korkuyorum anne” yalqızlığı?

Filmin qəhrəmanı Əlidir. Otuz doqquz yaşı var, ancaq uşaqdır, böyük bir uşaq... Filmin əvvəlində avtomobil qəzasına düşür. Nəticədə yaddaşını itirir. Yaddaşı geriyə qayıdarkən hər şeyi və hər kəsi xatırlayır. Bircə atasını xatırlamır. Nəyə görəsə atası ona əmi kimi görünür. o, hansısa bir “əmi”dir və ona elə gəlir ki, əmi (yəni atası) cılız bədəninə onun iri ölçülü paltarlarını geyinir. Əli isə, böyüyüb atasının paltarlarını geyinən bir oğul olmağı “bacarmayıb”. Ata onu anasız böyüdüb. Bununla belə, anasının – dünyada yeganə bələdçisinin yeri boşdur. Əli, anasız böyümüş böyük və kövrək uşaqdır. Qonşunun balaca oğlu Çətinlə dostluq edir: birgə gəzirlər, karuselə minirlər, birgə oynayırlar... Karuseli də rejissor qəsdən seçib; oturacaqları maket-qadının (ananın) iri yubkasının ətəklərində qərar tutan karusel... Balaca uşaq Çətin iri döşlü “karusel-ananı” göstərib böyük uşaq Əlidən soruşur ki, “istərdinmi bu qadın anan olsun”? Əli cavab verir: “Mən öz anamı istəyirəm”.

Filmin ən fəal qütbləri sevgi və qorxudur. Həkimin söylədiyi kimi ətdən, sümükdən, yağdan, damardan, dişdən kəm-kəsiri olmayan Əli böyük və yöndəmsiz bədəni ilə – doxsan kiloluq uşaq bədəni ilə (necə düzgün aktyor seçimidir) sevgini – uşaqlara, heyvanlara, qadınlara, anasına və həyata sevgini, qorxunu simvolizə edir. Filmin sonlarında oğurluqda və simulyantlıqda ittiham edilən Əli qəzaya necə düşdüyünü xatırlayır. Uşaqlığında anasının sağlığında oynatdığı, hətta birlikdə şəkil çəkdirdiyi (ana, Əli və qırmızı top) qırmızı topun eynisini bir ağacın budaqları arasında görür. Avtomobili saxlayıb, ağaca dırmaşır və ağacdan yıxılıb zədələnir. Ona “analı dövrünü” xatırladan bir top ucbatından yaddaşını itirir, hər şeyi unudur. Onu simulyant hesab edirlər, o isə, doğrudan da, yaddaşını itirib. Amma sonra bu topun – uşaqlığının, ana sevgisinin nişanəsi olan bu topun sayəsində təzədən yadına düşür hər şey. Baş verən bütün hadisələr qütblərin dəyişməsinə gətirib çıxarır: “qorxunu sevgiylə yenəcəyik”. O yüngül temporitm, oynaq musiqi bunun üçünmüş. İri bədənli uşaqlar qaya başında uçurum önündə qışqıracaqlarmış –“Korkuyorum, anne!” (final) və böyüklər sevgiylə gülümsəyəcəklərmiş…

BEŞ VAXT

(Sosial aspekt)

Bu da Reha Erdemin filmidir. Amma “Korkuyorum anne”dən sonra baxsan və titrdən rejissorun adını oxumasan, bilə bilməzsən. “Beş vakit” (“Beş vaxt”) bir başqa filmdir. Şeir kimi filmdir. Bir dram filmidir. Bu filmdə uşaqlar ölürlər. Heç kim görmür, amma onlar ölürlər. Hər otun, hər yarpağın altında, hər ağacın dibində bir uşaq ölüsü...

...hər kəs özünü ölü bir uşağın yerinə qoysun… (X. Hass)

Bu “ölümlərin” suçlusu hamı – bütün kənd sakinləridir, bəlkə, yüz, bəlkə, iki yüz illik ənənələrdir.

Ailənin, cəmiyyətin təcrid etdiyi, əzdiyi uşaqları təbiət qoynuna alıb. Bu uşaqlar yalnız və yalnız təbiətdə uşaq ola bilirlər. Bu filmdə də “Ağ lent”dəki kimi, bir günah var. Amma bu, günahdan çox pislikdir, böyüklərin uşaqlara etdiyi pislik, uşaqları aram-aram öldürən pislik... Onlar “Ağ lent”dəki kimi, bədbəxt hadisələr quraşdırmırlar, sadəcə, azala-azala ölürlər. Dözməyib ölürlər. Amma bunu tamaşaçılardan başqa görən yoxdur. Onlar da bütün uşaqlar kimi adi uşaqlardır: qızlar evdə işləyir, balaca bacı-qardaşlarına baxır, oğlanlar otlaqlarda mal-qoyun otarırlar. Kamera sanki, bir qayda olaraq, böyüklərin “günah”larını, gizlinlərini, uşaqların cəzalarını göstərir. Nəsildən-nəslə keçən avtoritarlıq, uşaqları boğan patriarxallıq, atanın Allahlığı, uşaqların daxili təklikləri, ekzistensial çarəsizlikləri...

Kənd məscidinin müəzzini, 11-12 yaşındakı böyük oğlunu kiçiyin gözü qabağında sillələyir, onu cəzalandırır – çünki o, kiçik qardaşından fərqli olaraq, duaları əzbərləmir, dərs oxumur, atasının sözünə qulaq asmır, elə hey meşədə, çəməndə, dağda gəzir. Başqa bir uşaq – qız uşağı isə, istəmədən ata-anasının cinsi münasibətinə şahid olur, qapı arxasından onların səslərinə qulaq asır, bundan psixoloji əzab çəkir. Yeniyetməliyə təzəcə qədəm qoyan bu uşaq atasına meyl edir, amma bilir ki, atası onu heç vaxt o cür – anasını sevdiyi kimi sevə bilməyəcək. Uşaqlardan biri isə, sevgidə rəqibinin atası olduğunu kəşf edir: kəndin müəlliməsinə vurulan bu uşaq bir gün atasını həmin qadının evinin kandarında, divarın dibində pəncərəyə söykənib, gizlincə onu güdərkən görür. Uşaq atasının gözünə dəymir, ata pəncərədən gizli-gizli içəri baxır, arabir qorxuyla əyilir, hövl içində ətrafına baxır. Balaca oğlanın ilk ölümüdür bu, atasının günahında aldığı ilk cəzadır...

Kamera tez-tez uşaqları göstərir. Uşaqları qucağında sevgiylə böyüdəcək qədər böyük, göz işlədikcə uzanan çöllərdə, ormanlarda, yaylaqlarda, çəmənliklərdə... Onlar bir ata-ananın uşaqları deyil, təbiətin balalarıdırlar. Bu ormanların, dağların, daşların və otların... Hər gün beş dəfə azan səsi onları analarından (təbiətdən) alıb bu kəndə, valideynlərinə, onların məişətinə, bir sözlə, cəmiyyətin buxovlarına qaytarır. Böyüklərsə bir qayda olaraq, bu azan səsində Allahı anmalıdırlar. Öldürdükləri Allahı...

Balaca Çınqıl

Felliniin “Yol” filmində Cülyetta Mazinanın qəhrəmanı böyüyə bilməmiş, böyük kimi böyük, qadın kimi qadın ola bilməmiş bir uşaqdır. Tənha, yalqız, böyümək istəyən, amma

ailəsindən dünyaya qovulmuş uşaq. Çoxuşaqlı ailəsi onu yemək və yaşamaq ehtiyaclarını ödəmək üçün bir səyyar sirk karvanına qoşur. O, hər işlə məşğul olur, yararlı olmaq istəyir, amma əl-ayağa dolaşır, qızın üstünə qışqırırlar. O, “mən kimə lazımam” deyə sual edir, bir sirk akrobatı ona təsəlli verir: “Hətta bu çınqıl da nə üçünsə lazımdır, yararlıdır, misal üçün ona görə ki, mən onu əlimə alıb bu sözləri deyim”…

Mazinanın qəhrəmanı, sanki, dolaşadır. Pis uşaqların daşla vurmaq istədiyi balaca bir quşdur. Qəlbi, sevgisi onu yerə, insanlara çəkir, qanadları göyə dartır… Amma nə qədər dolaşsa da, çınqıl kimi yerinə sadiqdir. Uçurtsalar da, getmir. Dünyanın Zampanosunun (filmin mənfi qəhrəmanlarından birinin adıdır – red.) əlinə verilən bu balaca qadın-uşaq heç vaxt sevməkdən yorulmur. Yorulmadan küsür, barışır. Ta ki atılmış uşaq olduğunu anlayır. Balaca küskün addımlarla gedir və kameranın boylandığı yerdən anası darıxır onun üçün…

# 5339 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #