Film ciddi çəkilib, amma gülüş doğurur – NAMƏLUM KİNO

Film ciddi çəkilib, amma gülüş doğurur – <span style="color:red;">NAMƏLUM KİNO
18 iyul 2016
# 08:30

Kulis.az “Naməlum kino” layihəsində Yalçın Əfəndiyevin 1972-ci ildə çəkdiyi “Xatirələr sahili” filmini təqdim edir.

Süjet: Jurnalist Aydının (Tofiq Mirzəyev) uşaqlıq dostu Səlimi (Gümrah Rəhimov) meyvə-tərəvəz bazasında yeyinti hallarına yol verdiyi üçün həbs edirlər. Aydın dostuna dəstək olmaq üçün doğulduğu rayona gedir. Burda o, digər uşaqlıq dostları sovxoz direktoru Kamran, balıq yetişdirmə müəssisəsinə rəhbərlik eləyən İmran (Əliabbas Qədirov), rejissor Vəli ilə görüşür. Dostlar müharibə illərinə düşən çətin uşaqlıqlarını xatırlayır, Səlimin cinayətini müzakirə edir. Aydın böyük külfət sahibi olan Səlimə kömək göstərməyi təklif eləyir. Amma digər dostlar bunun mümkünsüzlüyünü, Səlimin günahkar olduğunu deyir.

Vikipediyada film düşüncə kimi qeyd edilən “Xatirələr sahili” son dərəcə sentimental-didaktik, qıcıq doğuracaq qədər nəsihətamizdir.

Ümumən, əhvalat yaxşı düşünülüb: İkinci Dünya müharibəsi illərindəki uşaqların neçə il sonrakı dinc dövrdəki taleyi, həyatlarında hansı dəyişikliklərin baş verməsi, dünənə və bu günə baxışı əsas motiv kimi qoyulub. Sadəcə, rejissor materialla işləyə, onu kinematoqrafik baxımdan yetərli edə bilməyib.

Uşaqlıqda qayğılarını bölüşən, hətta birlikdə oğurluğa gedən dostları dialoqlarından, seçdikləri peşəyə münasibətindən az-çox tanıya bilirik, kimlikləri haqda məlumat alırıq. Amma rejissor o uşaqlardan birini - yeyintiyə görə həbs olunan Səlimə münasibətdə haqsızlıq edir. O mənada ki, Səlim bir obraz kimi bizim üçün açılmamış qalır, tamaşaçı onun daxili dünyası, fikirləri ilə tanış ola bilmir, onun nədən, hansı səbəbdən cinayət elədiyi naməlumdur. Bəlkə, bunun üçün Səlimin yetəri qədər səbəbi varmış?

Rejissor ona söz demək haqqını vermir və beləliklə də materialda əsas konflikt yarada biləcək vacib məqam itirilir.

Müəllif tamaşaçıya düşünmək üçün yer qoymur, ona kimin haqlı, kimin haqsız olma qənaətini tanımır. Hətta məhkəmədə belə onun son sözünü belə dinləmirik.

Bir tərəfdən sovet dönəmində ekranlaşdırılımış filmdə müəlliflərin birtərəfli münasibəti bəlkə də təbiidir: yəni əliəyrilk eləmiş, sovet əxlaqına zidd getmiş adamın özünə bəraəti üçün heç bir əsası ola bilməz və s.

Elə bu səbəbdən Aydının düşüncələri didaktikdir, onun darıxdırıcı, təsirsiz daxili monoloqu tamaşaçını tərbiyələndirmək məqsədi daşıyır: “Həmişə Əhməd dayı kimi qocaların çiynində durub bizim kəndimiz. Onların qabarlı əllərindən, xeyirxah ürəklərindən, dastanlı xatirələrindən yoğrulub bizim xeyir-bərəkətimiz. Bir də onların sarsılmaz yaddaşlarından”. Belə bir pafoslu-lirik daxili monoloq bu gün daha çox gülüş doğura bilər.

Aydın dostları ilə söhbətdə Səlimə yalnız oğru kimi yanaşmamağı, onun çətin, ehtiyac içində uşaqlıq keçirdiyini nəzərə alaraq güzəştə getməyi təklif eləsə də, nəticədə ümumi qənaətlə razılaşır: “Sən bizim anaların, ağbirçəklərin südünə xain çıxdın Səlim”.

“Xatirələr sahili”nin janrının film-düşüncə kimi təyin eləməklə müəlliflər asan yola qaçıb. Bir qayda olaraq, bizim filmlərdə mənəvi konfliktin, insanın mənəvi dünyasının uğurlu bədii, təsvir həlli tapılmır. Ona görə də mənəvi konfliktlərin sözlə, dialoqla həlli kimi rahat variantı seçirlər. “Xatirələr sahili” də bu baxımdan istisna deyil.

Əslində isə filmdə konflikt demək olar ki, yoxdur, buna sadəcə uğursuz cəhd var, halbuki, Səlimin vəziyyətində əksini tapa bilərdi. Dostların, ağsaqalların xırda-para mübahisələri isə konfliktli vəziyyət üçün yetərli deyil.

Yalçın Əfəndiyev sənədli film rejissoru olduğu üçün bu filmdə real, sənədli portretlərdən yararlanıb. Məhkəmə prosesi də sənədli, realist manerada işlənib və deyim ki, qeyd elədiyim detallar filmin kinematoqrafik baxımından tək-tük üstün cəhətlərindəndir.

Finalda - Səlimin davranışı üzərində qurulan mübahisə ağsaqqal sözü ilə həll olunur. Vəlinin atası Bəşir (Sadıq Hüseynov) dostları Səlimin törətdiyi cinayət əməlinə günahkar bilir: “Bir-birinizi qorumağı öyrənməmisiniz. Səlim uçuruma gedəndə gözü tutulmuşdu, bəs siz hara baxırdız? Susursuz”. Dostlar başını aşağı salıb susur, “ağsaqqallar həmişə haqlıdır” qənaətini möhkəmləndirir. Beləcə, rejissor hamını kollektiv şəkildə günahkar çıxarmaqla, sonluğu ağsaqqal qınağı ilə bitirməklə bəsit final təklif edir.

“Xatirələr sahili” onlarla sənədli film müəllifi olan Yalçın Əfəndiyevin yeganə bədii filmidir.

Y.Əfəndiyev hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

Filmin ssenari müəllifi Oqtay Orucovdur.

Səlim rolunun ifaçısı Gümrah Rəhimov “Bəyin oğurlanması” , “Dədə Qorqud” , “Qaçaq Nəbi” , “Babək” və başqa filmlərdə də oynayıb. 1994-cü ildə dünyasını dəyişib.

# 2685 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #