Kulis.az Elgün İbrahimovun ölümü ilə bağlı Aydan Hacının yazısını təqdim edir.
"Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır..."
Beləliklə, bir gənc həyatının 17-ci ilində gözlərini əbədi yumdu və başladı uğultu, küy, şayiələr, çayxana söhbətləri.
Hamı əsəbiləşir, coşur, tənqid edir, söyür və daha nələr-nələr.
Hamı rahatca hökm verir. Qətiyyətlə hadisənin cinayət olduğunu vurğulayır, müxtəlif versiyalar uydurur, tirajlayır və faktın mahiyyətini təhrif etməyə cəhd edirlər.
Söhbət təkcə sosşəbəkədəki qaragüruhdan yox, həm də efirlərdəki bayağı verlişlərdən, aparıcıların hadisələrə münasibətindən gedir.
Aparıcı "kövrəlir", emosional çıxışlarla çoxluğu manipuliyasiya eləmək istəyir. Deyərsən, polisdir, jurnalist deyil... Elə rahatca hökm verir ki...
Beləcə, kütlə küyə düşür. Hadisə haqqında müxtəlif fantaziyalar, variantlar yayılır.
Dayısı da Elgünün döyülərək tanınmaz hala salındığını deyib:
“Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda... Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri... Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə...”
Dayı faktı qətiyyətlə cinayət adlandırır. Deyir, bəs uşağı döyüb şil-küt ediblər.
Polis hadisənin araşdırıldığını, dayı isə qətiyyətlə cinayət olduğunu vurğulayır.
Bəlkə, Elgün, doğrudan, psixoloji çöküşdə imiş?
Bəlkə, tamamilə fərqli səbəbdən...
Adını xatırlamadığım türk müəllifin bir gəncin intiharı ilə bağlı təəssüratını oxumuşdum.
Müəllif qeyd edirdi ki, siz intihar edən gəncin cibindən çıxan beş-on qəpiyə, bir alışqana və yarımçıq siqaretə baxıb qərar verdiniz.
Biri dedi, yəqin, pulu yox imiş, ona görə özünü atıb, o biri yarımçıq siqaretə baxıb fikirləşdi ki, yəqin, sevgilisi ona xəyanət edirmiş...
Amma heç biriniz bilmirdi ki, o gəncin o gün pişiyi ölmüşdü...
Fakt haqqında əsassız qərar vermək, kütləni başqa istiqamətə yönləndirmək də cinayətdir.
Biz Tanzaniyada yaşayan Hadza qəbiləsindən deyilik ki... Hüquqi dövlətdə yaşayırıq, polisimiz, məhkəməmiz, topumuz-topxanamız var.
Hər oxşar hadisədə hərə öz fantaziyasına uyğun variant təklif edir.
Təzəlikcə oldu da... "Uçan taksi sürücüsü" söhbətini deyirəm... Yardım kampaniyası başlatmışdınız, pul-zad toplayırdınız... Sonra məlum oldu ki, sürücünün ayağında elektron qandal var imiş... Və beləcə, söhbət öldü...
Əslində, hövlnak münasibət bildirənlər, fakt haqqında heç bir dəlili-sübutu olmadan hündürdən danışanlar hadisənin məhz öz versiyalarındakı kimi baş verməyini, öz fantaziyalarına uyğun da sonlanmağını arzulayırlar.
Məhz arzulayırlar.
Hamı potensial qatildir, sözüm yox, amma çoxu da belə vaxtda özünü faş edir. Qan istəyir, cinayət istəyir, kəsilmiş baş istəyir...
Kompleksli kütlə istəyir ki, bir neçə nəfər hansısa gənci babat döysün, onun gözünü çıxarsın, başını kəssin və axırda da edam olunsunlar.
Dəfələrlə şahidi olmuşam.
Qəza baş verir, adamlar hadisə yerinə tələsir. Və çatan kimi soruşurlar ki, ölən var, yoxsa yox. Əgər ölən yoxdursa, hadisə yerində başsız bədən, bədənsiz ayaq yoxdursa, məyus halda maşınlarına qayıdıb yol davam edirlər.
Səbəbi müxtəlif ola bilər: Monoton həyatın adrenalin axtarışı, hadisə qıtlığı, yaxud da mənim qənaətimcə, kompleks... Yəni, özünütəsdiq üçün, varlığını, mövcudluğunu başqalarının faciəsi ilə qiyaslamaq, üstəlik, şükr etmək. Bu, eqosu dəfələrlə sındırılmış kütlənin əsas göstəricisidir.
Və səbəbi hər nə olur olsun, nəticəsi budur: Biz bilmədən danışmağa, əsassız hökm verməyə adətkərdəyik.
Nə maşınımızın, nə də dilimizin əyləci var.
Susaq, gözləyək... görək, işin əhli hadisə haqqında hansı qərarı verəcək... - Yox e, nə danışırsan? Məni saxlamaq olar?
Açığı, sosşəbəkələrin, kütlənin reaksiyası adamı intihardan çəkindirir. İşdi-şayəd, intihar eləsəm, Allah bilir, arxamca nə danışacaqlar, hansı vedrəni bağlayacaqlar.
Məsələnin əsli nədir, bilmirəm. Elgünün ölüm səbəbi haqqında heç bir şayiəyə inanmadığım kimi, özüm üçün də variant uydurmamışam.
Eləcə gözləyirəm.
Sizə də məsləhət görürəm ki, qaragüruhun ağzından düşəni yox, hüquq-mühafizə orqanlarının qərarını gözləyin.
Ümid edirəm ki, tezliklə hadisənin təfərrüatı ilə bağlı dəqiq, qərəzsiz məlumat veriləcək.
Allah sizə rəhm, Elgünə rəhmət eləsin!