Milli İncəsənət Muzeyində saxlanılan əsrarəngiz qadın portreti

Milli İncəsənət Muzeyində saxlanılan əsrarəngiz qadın portreti
6 aprel 2017
# 16:17

Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Gözəllik aşiqinin qəmli taleyi” adlı məqaləsini təqdim edir.

Sənət əsərlərini rəssamın daxili aləminə açılmış işıqlı pəncərəyə bənzədirlər. Bu işığın “möcüzələri” bəzən elə bir həddə çatır ki, tuş gəldiyinin reallıq, yaxud ilğım olduğunu ayırd etməkdə çətinlik çəkirsən. Haqqında söz açmaq istədiyimiz Leonid Florianoviç Jodeykonun “Gənc qadının portreti” də belə əsərlərdəndir. Belə ki, Azərbaycan Milli İncəsənət Muzeyinə bir dəfə yolu düşən hər kəs böyük sənətkarlıqla çəkilən bu ecazkar portreti uzun müddət unuda bilmir...

Öncə deyək ki, Azərbaycan tamaşaçısı bu əsərə heyranlığını ifadə etsə də, əsər və onun müəllifi haqqında kifayət qədər bilgiyə malik deyildir. Duyulası bu boşluğu aradan qaldırmaq məqsədilə onun müəllifi və portret haqqında oxucuları məlumatlandırmağa qərar verdik... Mənşəcə polyak olan rəssam 1826-cı ildə Moskvada zadəgan ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından rənglər dünyasına sonsuz maraq göstərən F.Jodeyko Moskva rəngkarlıq, heykəltəraşlıq və memarlıq məktəbində S.Zaryankodan dərs alıb. 1849-cu ildə təhsilini təkmilləşdirmək məqsədilə Peterburqa yollanıb. 1854-cü ilə kimi Rəssamlıq Akademiyasında professor L.Markovdan realist sənətin incəliklərini öyrənib. Təhsilini başa vurduqdan sonra taleyini birdəfəlik Peterburqla bağlayıb, ömrünün sonuna kimi burada yaşayıb-yaradıb.

O, qısa bir müddətdə istedadlı rəngkar, virtuoz portretçi kimi tanınıb. 1858-ci ildə “Əl-üzünü yuyan qız” əsərinə görə rəngkarlıq üzrə akademik adına layiq görülüb. Qeyri-adi istedadı ilə seçilən rəssamı şöhrət tez tapıb. Əsərlərinin sorağı tez bir zamanda imperator sarayına gedib çıxıb. Odur ki, bir-çox hallarda sifarişçilər yüksək təbəqədən olan zadəganlar olub. L.F.Jodeykonun XIX əsrin 50-60-cı illərində Peterburqun ən nüfuzlu rəssamı sayılması danılmaz həqiqətdir. Akademik sərgilərdə ilk satılan əsər demək olar ki, həmişə L.F.Jodeykonun olardı. Özü də çox yüksək qiymətə! Rəssamlıq Akademiyasının hesabatlarında dəfələrlə onun təqdim etdiyi portretlərin qarşısında əsəri təqdir edən “bis” sözü yazılıb. Peterburq kimi bir rəssamlıq mühitində gənc yaşlarında bu cür şöhrət tapmaq hər adama nəsib olmamışdı. Odur ki, həmkarları arasında bədxahları da çoxalmışdı...

Rəssamın sifarişçiləri arasında II Aleksandr sarayının adamları, eləcə də digər tanınmış şəxsiyyətlər olmuşdur. O, İranın Rusiyadakı səfirliyinin katibi Əli Ağa Məhəmmədin (1855), knyaz K.A.Suvorov-Rımnikskinin (1860), knyaz V.V.Volkonskinin (1870), onun oğlu (1870) və həyat yoldaşının (1870), knyaz xanımı Orbelianinin (1870), knyaz xanımı Dolqorukovanın (1870), knyaz xanımı D.V.Trubetskayanın (1872) və başqalarının portretlərini işləmişdir.

Zəngin dünyagörüşünə və qeyri-adi sənətkar vərdişlərinə bələdçiliyi sayəsində rəssam müxtəlif yaşlı, müxtəlif həyat tərzli adamların obrazlarını böyük ustalıqla əks etdirməyə nail olmuşdur. Axtarışlar nəticəsində məlum olmuşdur ki, hazırda keçmiş SSRİ məkanındakı muzeylərdə L.F.Jodeykonun 7 əsəri vardır. Əsərlər Stavropol, Moskva, Penza, Sankt-Peterburq, Saratov, Tver və Bakı şəhərlərinin muzey və qalereyalarında saxlanılır.

Rəssamın əsərlərinin çoxunun bir vaxtlar Peterburqdakı şəxsi kolleksiyalarda olduğunu və İkinci Dünya müharibəsi vaxtı bu şəhərin başına gələnləri nəzərə alsaq, onların sonrakı taleyi göz önünə gələr...

L.F.Jodeykonun yaratdığı portretlər qalereyasında qadın obrazları geniş yer tutur. Ancaq Bakı muzeyində nümayiş etdirilən “Gənc qadının portreti” demək olar ki, onun şah əsərlərindəndir. 50x39 sm ölçülü bu portret kətan üzərində yağlı boya ilə 1856-cı ildə çəkilib. Rəssam bu portreti yaradıcılığının təravətli çağında – 30 yaşında olarkən işləyib. Qara geyimli gənc qadının hüznlü, bir qədər də düşüncəli çöhrəsi onun dərin sarsıntılara məruz qaldığını əks etdirir. Qara geyim və fon-yerliyin tünd boyaları tamaşaçı diqqətini onun çöhrəsinə yönəldir, qadının keçirdiyi hissləri, psixoloji yaşantıları qabarıq duymağa imkan verir.

Qadının tamaşaçı təmasında perik düşmüş təsirli və məftunedici baxışları rəssam təfsirində olduqca mənalı və yaddaqalandır. Obraza xas olan başlıca məziyyətləri görünməz işıq mənbəyi ilə açıqlamaq baxımından portretlə İntibah dövrü sənətkarlarının bədii prinsipləri arasında duyulası oxşarlıq var.

Əsərdə təsvir olunan qadının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Bir vaxtlar Moskva sakini Lidiya Davıdova əsərin reproduksiyasını “V mire prekrasnoqo” təqvimində görüb həmin qadını öz yaxın qohumu, A.Davıdovaya oxşatmışdı. Düzdür, rəssamla həmin ailə arasında böyük dostluq əlaqələri olub. Ancaq A. Davıdovanın fotosu ilə portretin müqayisəli təhlili göstərdi ki, onlarda ayrı-ayrı adamlar təsvir olunub...

Əsəri muzeyə 1940-cı ildə Bakıda yaşayan bir nəfər satıb. Bir vaxtlar onu tapmaq, rəssam haqqında bilgi toplamaq istəyimiz nəticə vermədi. Bir onu öyrənə bildik ki, o da əsəri vaxtilə Moskvadan gətirib. Portret uzun müddət evlərdə olduğundan, əldən-ələ keçdiyindən bərpaya ehtiyacı vardı. Odur ki, əsər 1948-ci ilin martında Moskvada bərpa olunub. Sovet dönəmində əsər uzun müddət şüşə arxasında, özü də çox dəyişkən temperaturda saxlandığından bütün kətan boyu rəng qatında duyulası çatlar əmələ gəlib. Əsər hazırda elə bu tutumda muzey ekspozisiyasında göstərilməkdədir...

İndiyə qədər L.F.Jodeykonun fotoportretini tapmaq, yaxud çəkdiyi “Avtoportret”in izinə düşmək mümkün olmayıb. Rusiya Rəssamlıq Akademiyasının Sankt-Peterburqdakı arxivində də rəssamın fotosu yoxdur. Təbiətən böyük zəka və istedad sahibi olan L.F.Jodeyko bu Allah vergisini mütaliə ilə daha da inkişaf etdirmişdi. Vaxtaşırı ədəbi yaradıcılıqla da məşğul olur, şeirlər yazırdı. Onun şeirlərinə bəstələnmiş romansların bir çoxu uzun illər tanınmış rus müğənnilərinin repertuarında ifa olunub. Təəssüf ki, özü yazdığı şeirləri çox da dəyərləndirmirdi. Ancaq bəzi yaxınları onun “poetik dünyası”ndan xəbərdar idi.

Rəssam daim böyük maraqla ölkənin mədəni həyatında, siyasi aləmində nələr baş verdiyi ilə maraqlanırdı. Onun rəssamlıq əsərləri barədə fikirləri, gəldiyi qənaətlər dəqiqliyi və obyektivliyi ilə seçilirdi. Bəlkə də bu səbəbdən özünə çoxlu bədxah “qazanmışdı”. Bununla belə, o, Peterburqun mədəni həyatında öz nüfuzu ilə seçilən şəxsiyyətlərdən sayılırdı.

...Ömrünün axırına yaxın əsərləri əvvəlki illərə nisbətən az satılırdı. Əldə etdikləri ailə qurmayan və ömrünü sonlarını xəstəliklə keçirən rəssamın dava-dərmana güclə çatırdı. Uzun sürən xəstəlik onu bütün var-dövlətini əlindən çıxardı. 1878-ci ilin yayında Peterburq ətrafındakı Tenteleyev kəndindəki bağ evinə köçən rəssamın geri qayıtmağa nə gücü, nə də vəsaiti vardı. Odur ki, noyabrın ikinci yarısına kimi burda qalır və ağır vəziyyətdə Peterburqun Aleksandr xəstəxanasına aparılır. Xəstəxanada “Olum, ya ölüm” sualına xeyli cavab axtaran rəssam ömrünün son çağlarında xeyli küskünləşmiş, tanışları ilə münasibətdə çox acıdil olmuşdu. Belə məqamlarda ən çox uzaq-yaxın dostları “paylarını” alardılar. Yalqız və hamı tərəfindən demək olar ki, unudulmuş bir adam kimi noyabrın 25-də dünyasını dəyişdi.

Dekabrın 2-də Peterburqda nəşr olunan “Novoye vremya”, “Russkaya Pravda”, “Qolosa” və başqa qəzetlərdə nekroloqlar çap olunmuşdu: “Rus incəsənətinə çox ağır itki üz vermişdir. Qadın portretlərini çəkməkdə şöhrət tapmış L.F.Jodeyko xəstəxanada vəfat etmişdir. Rəssam 52 yaşında yoxsulluq içində dünyasını dəyişmişdir. İstedadlı şəxsiyyətlərin əksəriyyətinin taleyi belə olub”.

Vəfat edəndə L.F.Jodeykonun dəfn olunmağa belə pulu olmayıb. Cibindən cəmisi 80 qəpik pul çıxıb. Dəfnin xərcini dost-tanışları çəkiblər...

Çox təəssüf ki, bu cür gözəl sənətkarın həyat və yaradıcılığı rus təsviri sənəti tədqiqatçılarının nəzərindən qaçıb. Onun adına ancaq əsərləri saxlanılan muzeylərin kataloqlarında və əski məlumat kitablarında rast gəlinir. Rəssam haqqında oxuduğunuz ətraflı yazı da bu sətirlərin müəllifinin tələbəlik dövründə müxtəlif Rusiya arxivlərində topladığı məlumatlar əsasında qələmə alınıb...

“Mədəniyyət” qəzeti

# 2653 dəfə oxunub

Müəllifin son yazıları

# # #