Elvin Rüstəmzadə: "IV Divar"da türk serialı ab-havası var, çünki..." - "Cümə qonağı"

Elvin Rüstəmzadə:  "IV Divar"da türk serialı ab-havası var, çünki..." - "Cümə qonağı"
11 sentyabr 2026
# 10:00

Kulis.az "Cümə qonağı" layihəsindən Ülvi Bahadırın "IV Divar" serialının rejissoru Elvin Rüstəmzadə ilə söhbətini təqdim edir.

– Elvin bəy, yeni yayımlanmağa başlayan "IV Divar" serialına tamaşaçıların münasibəti necədir?

– Açığı, tamaşaçıların münasibətini dəqiq bilmək üçün hələ tezdir. Nəzərə alsaq ki, serial 33 seriyadan ibarətdir və hələ ki cəmi 2-3 seriyası yayımlanıb, biraz gözləmək lazımdır. Yaxın gələcəkdə gedişatın hansı nəticəyə gətirib çıxaracağını daha dəqiq biləcəyik.

– Seriallarımızda daha çox eyni aktyorlar çəkilir. Tamaşaçılar da sosial media hesablarında tez-tez bu məqama toxunurlar. Sizcə, bu nə ilə bağlıdır və "IV Divar"da aktyor seçimi hansı meyarlarla aparıldı?

– Bəllidir ki, obrazlara uyğun aktyorlar ssenari oxunduqdan sonra seçilir və təsdiqlənir. Mən də ssenarini oxudum və serialın öz dünyasına uyğun aktyorlar seçilib təsdiqləndi. Nəzərə alsaq ki, seriallar üçün ayrılan büdcələr düşünülənin əksinə olaraq elə də çox deyil. Belə olan halda zaman əsas amilə çevrilir. Necə deyərlər, "vaxt qızıldır". Məhz bu səbəbdən seçimlərdə peşəkar, işini bilən və mümkün qədər daha əvvəl serial təcrübəsi olan aktyorlara üstünlük verildi.

O ki qaldı çox vaxt eyni aktyorları çəkməyimizə... Bəli, bu hallar olur, səbəbi isə bayaq qeyd etdiyim kimi vaxt və təcrübə amilidir. Amma həmişə belə olmur. Elə mən özüm son illər gənc və orta yaşlı aktyorları çəkmişəm ki, bu, onların kinoda ilk işləri olub. Daha sonra isə başqa-başqa seriallarda da çəkilməyə başlayıblar.

IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO

– Bir rejissor olaraq sizin üçün dövlət kanalı, yoxsa özəl televiziyalarla çalışmaq daha rahatdır?

– Mənim üçün yaradıcılıq baxımından televiziyanın özəl və ya dövlət kanalı olmağının elə də fərqi yoxdur. Mən sadəcə öz işimi görürəm. Bəli, onların istəklərində bəzən fərqliliklər ola bilir. Yəni özəl və dövlət kanallarının mövzu istəkləri, efir siyasətlərinə uyğun tələbləri tamam başqa ola bilər. Bu da tamamilə haqlı istəkdir. Çünki sonda hansı layihənin çəkilib yayımlanacağına televiziyanın özü qərar verir.

– Məsələn, AzTV ilə, ümumiyyətlə dövlət kanalı ilə çalışarkən hər hansı bir senzura, kəskin çərçivələrlə üzləşdinizmi?

– Xeyr, heç bir senzuradan söhbət gedə bilməz. Əlbəttə, AzTV-nin öz təklifləri, fikirləri oldu və bu belə də olmalıdır. Onsuz da bütün kanalların daxildə özünəməxsus müəyyən qaydaları var. Yəni şəxsən mənim üçün AzTV ilə çalışmaq çox rahat idi.

– Seriallardan gələn gəlir sizi qane edirmi?

– Gəlir məni o halda qane edir ki, il ərzində 1 layihə yox, 2 və ya 3 layihə çəkim. Belə olduğu halda "min bərəkət", şikayət etmirəm. İşləmək lazımdır.

– Tamaşaçılar çox vaxt yerli serialları türk seriallarına bənzədirlər. Hətta "IV Divar"da da belə bir ab-havanın olduğunu deyənlər var. Buna münasibətiniz necədir?

– Bəzən belə şərhlər olur, bəli. Tamaşaçını qınamıram. Ölkəmizdə keyfiyyətli seriallar son 4-5 ildir çəkilməyə başlayıb. Ondan əvvəl isə ölkə əhalisi daha çox türk seriallarını izləyirdi. Bizim seriallara baxıb hansısa səhnəsini türk seriallarına oxşatmaları normaldır. Onlar bəzən elə qəbul edirlər ki, baş verən bu hadisə, yaranan bu vəziyyət yalnız və yalnız türk seriallarında olur.

"IV Divar"a gəldikdə, razılaşıram ki, burada bir az da olsa türk serialı ab-havası var. Və mən burda heç bir qəbahət görmürəm, Türkiyə istehsalı olan çox yaxşı seriallar var. Misal üçün, bundan əvvəl rejissoru olduğum "Vətəndaş A" və "Qırmızı zona"da isə belə bir hal yox idi. Bu iki serial məhz elə "Azərbaycan serialı"dır. "IV Divar"da bu ab-havanın olmasının səbəbi isə odur ki, bu, sifariş layihədir. Yəni kanal bu ssenarini artıq təsdiq etmişdi və belə məsləhət bilmişdilər ki, rejissor kimi layihəni mən çəkim. Öz yanaşmama gəldikdə isə, mənə görə "IV Divar" özünəməxsus koloriti olan maraqlı bir işdir. Başda layihə rəhbəri Həmid Əsədzadə olmaqla, AzTV ailəsinə uğurlar arzu edirəm. Onlarla çalışmaq xoş idi.

AzTV-də yeni serial: "IV Divar"

– Bəzən sənət adamları "kütlənin zövqü ilə hesablaşmaq lazımdır" deyirlər. Bəs tamaşaçı istəyini nəzərə almaq bu sahədə nə dərəcədə doğrudur?

– Əlbəttə, tamaşaçının istəyini nəzərə almaq lazımdır. Biz onlar izləsinlər deyə çəkirik axı. Lakin bəzi tamaşaçıların istəklərini onların görmək istədikləri formada yox, zövqlü, estetik, kino qaydalarına uyğun yazıb, çəkib təqdim etmək lazımdır. Bayağı şəkildə yox.

– Sizin "Qırmızı zona" serialınız "Metaflix" platformasına yerləşdirildi. Bu ideya necə yarandı və nəticə necə oldu?

– "Qırmızı zona"nı həmin platformaya yerləşdirmək fikri serialın prodüseri İslam Ağaya aiddir. O, daha sonra mənə nəticələri göstərdi. Açığını deyim ki, nəticə kifayət qədər ürəkaçan idi. Ümumiyyətlə, İslam Ağa gələcəkyönümlü düşünə bilən prodüserdir. Əlavə olaraq qeyd edim ki, yaxın aylarda "Qırmızı zona 2"-nin çəkilişləri başlayacaq. Hazırda ssenari müəllifi Asiman Ağa Rövşən yazı prosesindədir. Əlimizdən gələni edəcəyik ki, ikinci mövsüm daha da maraqlı olsun.

Qırmızı Zona Serialı (@qirmizizona.serial) • Instagram photos and videos

– Son olaraq, ölkəmizdə Türkiyənin "Tabii" platforması formatında yerli rəqəmsal platformaların yaranması və inkişafı mümkündürmü? Ödənişli platformalara tamaşaçı marağı necə olar?

– Bəli, bu cür platformaların yaranması mümkündür. Hətta bir neçəsi yaranmaq üzrədir artıq. Bilirsiniz, tamaşaçı kinoya pul xərcləməyə vərdiş etməlidir deyə düşünürəm. Çünki bu, sənətdir. Sənətə pul xərcləmək lazımdır ki, həm sahə daha da inkişaf etsin, həm də biz yaradıcılar daha da həvəslənək, daha cəsarətli olaq. Ən önəmlisi isə, necə deyərlər, tamaşaçını keyfiyyətli işlərlə tez-tez sevindirək. Təbii ki, platformalardan qeydiyyatdan keçmək üçün kəllə-çarx qiymətlərin qoyulması xoş olmaz. Belə olan halda izləyiciyə kinomuzu sevdirmək əvəzinə, onları daha da iyrəndirərik. Söhbət hər kəs üçün məqbul sayılacaq qiymətlərdən gedir.

# 75 dəfə oxunub

Oxşar xəbərlər

"Avroviziya" Qazaxıstanın təklifini rədd etdi

"Avroviziya" Qazaxıstanın təklifini rədd etdi

10:00 11 sentyabr 2026
Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər