Mətbəələrini ADR-ə bağışlamış xeyriyyəçilər

Mətbəələrini ADR-ə bağışlamış xeyriyyəçilər
11 mart 2013
# 08:15

Rusiya imperiyasını sarsıdan 1905-ci il inqilabından sonra Azərbaycanda, əsasən də Bakıda mətbəələrin sayı sürətlə artmağa başlamışdı.

Bakıda ən iri mətbəə Orucov qardaşlarının mətbəəsi idi.

Maarifçi ziyalılar-Oruc, Qəmbər və Abuzər Orucov qardaşları Bərdənin Alpoud kəndində dünyaya göz açıblar. Ataları Qarabağın sayılıb-seçilən adamlarından olub. Abuzər və böyük qardaşı Oruc Tiflisdə, sonralar isə Peterburqda təhsil almışlar. Dövrün təhsilli, savadlı və hörmətli adamlarından olublar.

Qardaşlar dövrün ictimai-siyasi, mədəni işlərində də çalışırdılar. O. Orucov “Nicat” müsəlman xeyriyyə cəmiyyətində təftiş komissiyasının üzvü və xeyriyyə işlərində Hacı Zeynalabdin Tağıyevin köməkçisi olub.

1917-ci ildə Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsinə altı nəfər mühərrir seçilir: M. Rəsulzadə, O. Orucov, Seyid Hüseyin, Ceyhun Hacıbəyov, Hacı İbrahim Qasımov, Əli Paşa Hüseynzadə.

Abuzər Orucovun qız nəvəsi sənətşünas Kübra Əliyeva yazır: “Anamın dediklərinə görə, babamla Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Ruhulla Axundov dost imişlər. Hər zaman babamgilə yığışıb söhbət edərmişlər. N. Nərimanov Abuzər Orucov ailəsinin səhhətini himayə edən ev həkimi olmuşdur. Babam Abuzər və böyük qardaşı Orucun köməyi, sponsorluğu ilə Üzeyir Hacıbəyov Peterburqda təhsilini bitirmişdir. Kim bilir, hələ anamın bilmədiyi nə qədər adamlar Orucov ailəsinin himayəsi ilə xaricdə təhsil almışdır.”

Orucov qardaşları 1905-ci ildə atalarının və yaxın dostları Əhməd bəy Ağayevin tövsiyəsi ilə Bakıya köçərək burada böyük mətbəə təşkil edib çap işinə başlayıblar.

Orucov qardaşları mətbəəsinin fəaliyyəti inqilabın qızğın dövrünə təsadüf edirdi.

Mətbəənin fəaliyyətə başladığı il barədə mənbələrdə fərqlilik var. “Azərbaycan tarixi” kitabında mətbəənin 1905-ci ildə fəaliyyətə başladığı göstərilir. “Azərbaycan ədəbiyyatı tarixi”ndə də həmin il qeyd edilir. Hacı Həsənovun yazdığına görə isə mətbəə 1906-cı ildə fəaliyyətə başlayıb.

Mətbəə keçmiş Nikolayevski küçəsində, (indiki İstiqlaliyyət) milyonçu Hacı Zeynalabdin Tağıyevin xüsusi binasında yerləşirdi.

Mətbəənin bütün avadanlığı, çap maşınları Almaniyadan gətirilmişdi. Mətbəənin işlərini Abuzər Orucov idarə edib. Oruc Orucov ümumi rəhbərliyi, rəsmi işləri öz üzərinə götürüb. Qənbər Orucov isə çap olunan kitabların rayonlardakı mağazalarda satışı ilə məşğul olub.

Orucov qardaşlarının mətbəəsi öz dövrünə görə yüksək texniki avadanlıqla təchiz edilmişdi. Burada nəşriyyat və tərtibat işində istifadə olunan “Mille” markalı ən böyük özüyığan maşın, müxtəlif alman markalı çap maşınları, tikən və kəsən maşınlar vardır.

O dövrün başqa böyük mətbəələri kimi, Orucov qardaşları mətbəəsinin də elektriklə işləməsi xüsusi bir hal idi. Buna görə də çap etdiyi kitabların əksəriyyətində onun adı “Orucov qardaşlarının elektrik mətbəəsi” kimi verilmişdi.

Mətbəədə Azərbaycan, rus, gürcü və fransız dillərində şriftlərin olması həmin dillərdə də kitabların çap edilməsinin göstəricisidir.

Hacı Həsənovun yazdıqlarına görə, Orucov qardaşları çapçılıq işindən gəlir və varlanma mənbəyi kimi istifadə etdiklərindən, onların nəşriyyatçılıq fəaliyyətinin ideya istiqaməti də qeyri-müəyyən olmuşdur. Bunun nəticəsidir ki, onlar öz mətbəələrində müxtəlif dillərdə mütərəqqi ədəbi-bədii, elmi, fənni, hətta inqilabi əsərlərin nəşrin ilə yanaşı, dini, sxolastik və əksinqilabi əsərlərin nəşrinə də geniş yer verirdilər.

Mətbəənin bu cür fəaliyyəti barədə “Azərbaycan ədəbiyyatı tarixi”nin ikinci cildində də maraqlı faktlar qeyd edilir: “Azərbaycan, rus, Qərbi Avropa və Şərq ədəbiyyatından bir çox qiymətli kitablar, habelə məktəblilər üçün yaxşı dərsliklər buraxan, Azərbaycan mətbəə tarixində xüsusi xidmətləri olan Orucovlar bəzən müəlliflər və tərcüməçilərlə adi bir alverçi kimi rəftar edirdilər.”

“Müasirləri Sabir haqqında” kitabında yazılır: “O zaman Azərbaycan mətbuatı iki adamın inhisarında idi. Biri Orucov qardaşlarının, ikincisi Haşım bəy Vəzirovun. Əgər Orucovlar Sabirə hər gün yazdığı “taziyanə”lər üçün ayda on manat mükafat verirdilərsə də, Haşım bəy Vəzirov onu mətbəəsində çalışdırıb haqqını da verməmişdi.”

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Orucovların mətbəəsində inqilabi ədəbiyyat, mütərəqqi siyasi əhəmiyyətli kitablar çap edilmişdir. Onların fəaliyyətində maraqlı cəhətlərdən biri də Azərbaycan biblioqrafiyası tarixində ilk dəfə kitab kataloqlarını, biblioqrafik vəsaitləri, müxtəlif mövzularda ədəbiyyat siyahılarını çap etmələridir.

Kitab çapı ilə bərabər, onun təbliğinə böyük əhəmiyyət verən Orucov qardaşları Mirzəağa Əliyevin “Ziya” kitabxanasının kataloqunu da buraxmışdılar.

Kitab nəşri sahəsində uğur əldə edən qardaşlar qəzet və jurnallar da nəşr etmişlər. Bunlardan “Həqiqət”, “İqbal”, “Yeni İqbal”, “Babayi-Əmir”, “Kəlniyyət”, “Tuti” və s. qeyd etmək olar.

Orucov qardaşları mətbəəsinin yazıçı-publisist, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun əsərlərini nəşr etməsi sahəsində də xidməti olmuşdu.

Nəşriyyat 1907-ci ildə Ü. Hacıbəyovun tərtib etdiyi “ Türk-rus və rus-türk” lüğətini, və “Hesab məsələləri” kitabını nəşr etmişdir.

Orucovlar 1914-1915-ci illərdə Ü. Hacıbəyovun “Arşın mal alan”, “Harun və Leyla”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun” əsərlərini nəşr etməklə Azərbaycan musiqisinə böyük xidmət göstərmişlər.

“Təkamül” qəzeti redaksiyasının fəaliyyəti nəticəsində 1907-ci ilin iyununda Orucov qardaşları mətbəəsində “Nə tövr fəhlələr özlərinə ittifaq qayirməlidirlər? (həmkarlar ittifaqı barəsində)” adlı kitabça çap olunub.

Kitabça xalis inqilabi təbliğat xarakterli olduğuna görə, çapa hazırlanan başqa inqilabi ədəbiyyat haqqında da orada məlumat verilmişdi. Onlar oxucuları “Fəhlə sinfinə nə tövr azadlıqlar gərək” adlı kitabçanın çap ediləcəyindən xəbərdar etmişlər. Bu kitabı nəşr etmək üçün O. Orucov 1907-ci ildə mətbuat işləri üzrə Tiflis Komitəsinə göndərdiyi teleqramla icazə də almışdı.

Bu tipli ədəbiyyatların Orucov qardaşları mətbəəsində çap edilməsi olduqca diqqətəlayiq bir hal idi.

“Fəhlə sinfinə nə tövr azadlıqlar gərək” adlı kitabçanın kəskin siyasi, inqilabi məzmunda olması polis idarələrini və hökuməti təşvişə salıb. Onlar əvvəlcə kitabın 2000 tirajla çap olunmuş nüsxələrini müsadirə edib. Lakin yuxarı dairələr müsadirə ilə kifayətlənmir. 1907-ci ildə Tiflis Məhkəmə palatası kitabın bütün 2000 nüsxəsinin məhv edilməsi haqqında qərar çıxarıb. Lakin həmin kitabdan bir nüsxə Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır.

Orucov qardaşları mətbəəsi 1918-ci ilədək müstəqil fəaliyyət göstərib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda qardaşlar yeni hökuməti alqışlayan ziyalılardan olub. Onlar 1918-ci ildə mətbəəni bütün avadanlıqları ilə birlikdə hökumətin sərəncamına veriblər. Həmin illərdə mətbəənin avadanlıqları milli mətbəənin təşkilində geniş istifadə olunub.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Orucov qardaşları da təqiblərə məruz qaldıqları üçün Bərdəyə qayıdıblar.

Qardaşların sonrakı taleyi kəşməkəşli olub. Göstərdiyi xidmətlərə, hətta yaxın dostları N. Nərimanovun səyinə baxmayaraq, Abuzər Orucov 30-cu illərin repressiyasından xilas ola bilməyib. Qənbər Orucov isə 30-cu illərdə vəfat edib. Oruc Orucov da Ruhulla Axundovla birlikdə sürgünə göndərilib. Lakin repressiya qurbanlarının əfvindən sonra vətənə qayıdaraq 1954-cü ildə dünyasını dəyişib.

Mənbə:

H. Həsənov, “İnqilabdan əvvəl Azərbaycanda kitabçılıq işi”, 1965.

Ə. Əfəndiyev, “Orucov qardaşlarının mətbəəsi”, 1998

Q. İlkin, “Bakı və bakılılar”, 1998

A. Xələfov, “Azərbaycanda kitabxana işinin tarixi”, 2007

“Xatun” jurnalı, 1998\ 2

“Mədəniyyət” qəzeti, 2006, 22 iyul.

# 3931 dəfə oxunub

Müəllifin son yazıları

# # #