Şərab şairlərə qarşı nankordur

Şərab şairlərə qarşı nankordur
28 iyul 2018
# 13:40

Kulis.az Fərid Hüseynin yeni esselərini təqdim edir.

Fotoəsr

Fotoəsr. XXI əsr həm də foto əsrdir. Hər gün milyonlarla foto çəkilir, onlar kimlərəsə göndərilir, yaddaşlardan silinir və s. Gündəlik çəkilən bu fotolarla insan özünə – xırda keçmişlər, kiçik tarixlər, "unudulmaz anlar” qalereyası düzəldir. Az qala, hər şeylə bağlı əyani xatirəsi olur çoxlarının. İnsan özünü bəyəndiyi hər şeylə, xoşbəxt hiss etdiyi hər anla birgə fotolara köçürür.

Beləcə, insan gördüklərindən, gəzdiyi yerlərdən məhz indi – orda olduğu an baxmaq, həzz almaq qabiliyyətini, marağını itirir. Hər dəfə şəkil çəkdirmək, həm də, olduğu yerlərə, yaşadığı anlara sonra baxmaq, həmin zaman kəsiminə bir də qayıtmaq məcburiyyəti yaradır. İnsan şüuraltı olaraq, sövq-təbii xatirələrini yaradır. Qəribədir ki, o xatirələrlə ünsiyyət keçmişlə yox – gələcəklə, o xatirələrə baxacağımız anlarla bağlı olur. XXI əsrdə xatirələr bizi daha çox keçmişimizdə deyil, gələcəyimizdə gözləyir, çünki biz indimizi yaşaya bilmirik. İndimizin şəklini çəkib, gələcəyimizə saxlayırıq...

Müqayisəsiz

XXI əsr – bu böyük zaman kəsiyi ilə bağlı bir qənaətimdə hər keçən gün daha da möhkəmlənirəm: Bu əsri başqa əsrlərlə müqayisədə yaşamaq olmaz, olmur da. XXI əsr ötən əsrlərlə əlaqəmizi, bağlılığımızı hər keçən gün azaldan və aradakı vaxt uçurumunu daha da kəskinləşdirən əsrdir.

XVIII əsri XVII əsrlə müqayisədə yaşamaq olardı: yəni XVIII əsrdə yaşayan biri XVII əsrin dəyərlərini özünə rəhbər tutub güzəranını qurmağa qabil olardı. Eləcə də XX əsrdə yaşayan XIX əsrin yaşam üstünlüklərini özünə meyar seçə bilərdi. XXI əsrdə isə çox nəsnə kosmik sürətlə dəyişir, dünən, ötmüş ay, ötmüş il fantastik sürətlə tarixə qovuşur, bu gündən uzaqlaşır. Hər gün, bizi sürətlə gələcəyə aparır: İnsan keçmişi ilə sıx bağlılıq quraraq ömür edə bilmir, gələcəyi ilə "yaşayır”. Ona görə də, keçmişin dəyərləri əksərən tarixin qalıqları kimi görünür, bu əsr daha çox öz reallığını diktə edir və bizi başqa əsrlərlə müqayisədə yaşamağa qoymur.

Aqibət həsrəti

İndi tez-tez belə bir fikir səsləndirilir ki, kütləvi informasiya vasitələri xatalı, ölümlə bağlı, cinayətlə əlaqəli xəbərləri çox verirlər və bu da insanlarda aqressiya, şiddətə meyl yaradır. İnanın, dünyanın əksər ölkələrində medianın vəziyyəti eynidir. Bunun belə olmasının səbəbi daha çox, yaşadığımız əsrlə bağlıdır. XXI əsr nəticə əsrdir, sonluq əsrdir. İnsanları insanların və hadisələrin axırı, sonu, bitəcəyi maraqlandırır. Bir insanın ölüm xəbəri, bir binanın dağılması, yanması məlumatı, həmin adamın, yerin, hadisənin axırı deməkdir. İnsanlar ölüm xəbərini ona görə çox oxuyur ki, onlar (oxucular) daha bir insanın, hadisənin də tarixçəsini – axırını bilmiş olurlar. Kapitalizm yalnız nəticə ilə hesablaşır. Bu əsrin insanlarına sonluqları bilmək rahatlıq gətirir. XXI əsr başlanğıclar deyil, sonluqlar əsridir. Ölümün ötmüş əsrlərlə müqayisədə adiləşməsi, kütləvi qırğınların statistik hesabatlara çevrilməsinin başlıca səbəbi də, məncə, budur.

Xəstəlik

XXI əsrdə sağlam insan tapmaq müşküldür. Bir insan o vaxta qədər sağlamdır ki, o, həkim otağının qapısını tanımır. Əgər tanıdısa, deməli, xəstədir. İndi barmağını ağzına soxmaq da, qəbirlərin yanında keçəndə diqqətlə baxmaq da, qapını bağlayıb-bağlamadığını unutmaq da xəstəlik sayılır və müalicə tələb edir. İnsanlar ötən əsrlərdə XXI əsri "gələcəyin cənnəti” kimi təsəvvür edirdilər, indi isə bəşəriyyət ucsuz-bucaqsız bir xəstəxanaya çevrilib: 149 milyon kvadrat kilometr nömrəli "palata”.

Diktə

Elektron cihazların çoxu insanlarda ortaq bir xəstəlik yaradır: Diqqət yayğınlığı. İnsan telefon, kompüter, televizor aludəsi olduqca, ətrafa və ətrafdakılara diqqət etməməyə başlayır. Bu, "birini sevirsən ki, o birini unudasan” prinsipidir. Diqqət yayğınlığı insanı tədrici tənhalığa, yovuşmazlığa yuvarlayır. İnsan başqasını canlı gözündə görməməyə çalışır. İnsan real dünyaya tarix – olmuş-bitmiş bir nağıl kimi baxır. Ötən əsrlərdə təcridlik mənəvi yüksəlişdən doğurdu – insanlar təcrid olub, ətraf mühitdən uzaqlaşıb keşişə, rahibə, rahibəyə, dərvişə, tərki-dünyaya çevrilirdilər, bu əsrdə isə təcridlik insanı meşşana, biganəyə, eqoistə çevirir...

Sən və siz

Çox vaxt insanlar deyirlər ki, SƏN daha məhrəm, munis, doğma müraciətdir, SİZ isə çox rəsmi səslənir. Ona görə də insanlar arasında doğmalıq yarandıqca, ünsiyyət zamanı SİZ-dən SƏN-ə keçirlər. İnsanlar SƏN-in daha səmimi səsləndiyini bildirmək üçün belə bir misal da çəkirlər: Biz Allaha da SƏN deyə müraciət edirik.

SƏN ilə SİZ-in arasında mənə görə əsas fərq bundan ibarətdir: SƏN üztutma "formasıdır”, yəni biz üz tutduğumuz ünvanlara SƏN deyə müraciət edirik, SİZ isə müraciət formasıdır. Biz SƏN dediyimiz adamlara üz tuturuq, SİZ dediyimiz adamlara isə müraciət edirik. Üz tutmaq ərkdir, ümid dolu səslənişdir, diləməkdir, SİZ isə çağırmaq və müraciət etmək...

Məsafə

Marina Svetayeva "Mənim Puşkinim” əsərində yazır ki, mən ilk qaçış qələbəmi Puşkinin heykəlinə doğru yüyürməklə əldə etmişəm. Marina Svetayeva digər uşaqlarla birgə qaçırmış o heykələ – abidəyə doğru. Ancaq Marinanın o uşaqlardan bir başlıca fərqi var imiş: bu qaçışda – yarışda Marina mənəvi məsafəni, digər uşaqlarsa fiziki məsafəni qət edirmişlər...

Mənanın ömrü

Hadisələr və insanlar bəzən qavrayışımızdakı anlayışları dəyişirlər, belədə, gülməli sözlər insanı qəhərə boğur, kədərli sözlər isə insanda gülüş oyadır. Məsələn, Marina Svetayeva bəxtsiz şair Puşkinin qarnından vurulduğunu biləndən sonra, insanlarda çox vaxt gülüş doğuran "qarnım ağrıyır” ifadəsi onu kədərə qərq edirmiş. Marinaya görə, Dantes bir güllə ilə bütün şairləri qarnından yaralayıb. Beləcə, "qarnım ağrıyır” ifadəsi bütün həyatı boyu Svetayevada gülüş doğurmurdu, əksinə incə ruhunu sarsıdırdı.

Mənim də həyatımda mahiyyətini dəyişmiş belə ifadə var. Bəzən dostlarla pivə içəndə xərçəng sifariş verirlər. Hər dəfə də mən o xərçənglərə kədərlə baxıram, yemirəm. Yadıma Vaqif Səmədoğlunun ömrünün axır günləri düşür: Xatirimdədir ki, səhhətinin lap böhranlı vaxtlarında halını, necəliyini soruşmuşdum və belə cavab almışdım: "Fəridcan, cavanlığımda pivə ilə çox xərçəng yemişəm, indi də xərçəng məni yeyir”. Olur ki, dostların, hətta yaxın masa arxasında əyləşən qonaqların pivə ilə içmək üçün xərçəng sifariş verdiklərini görəndə, onların – Vaqif bəylə mənim dialoqumdan xəbərsizlərin, xərçəngə limon sıxıb yemələrinə baxanda, elə bilirəm ki, onlar Vaqif Səmədoğlunu yeyən "xərçəngləri” nuş eləyirlər...

Nankor

"Şair şərabı laləyə, sevgilisinin dodağına – ən gözəl şeylərə bənzətdi, şərab isə onu ən pis şeylərə…" böyük şair Əli Kərimin yaşarı fikirlərindəndi. Doğrudan da, şərab şairlərə qarşı çox nankorluq edib: Onu ən çox sevənə, onu ən çox axtarana, ona ən çox can atana xəstəlik qazandırıb, ağlını başından alıb, işsiz-gücsüz qoyub, adını – çox içməkliyini kiminsə ağzına saqqız, dilinə qınaq eləyib... Şairlərə – bəzi həmkarlarıma haqq qazandırmaq üçün isə şəraba nankorluq eləməkdən başqa yol yoxdu...

Yarıcan

Sezen Aksu şeirlər kitabını "Eksik şiir” ("Natamam şeir”) adlandırıb. Sezen xanımın dillərə düşən, insanların həyatının ən müxtəlif anlarını ifadə edən çoxsaylı bəyənimli şeirləri var, ancaq kitabının adını "Natamam şeir” qoyub. Müəllif kitabını belə adlandırılmasını onunla əsaslandırır ki, onun şeirləri musiqisiz natamamdır, yarıcandır, musiqi olmayanda həmin poetik nümunələrdə sanki nəsə çatışmır. O şeirləri kitabdan oxuyanların çoxunun beynində həmin sözlərə bəstələnmiş musiqilər canlanır, belədə, sanki ayrı düşmüş, həsrət dadmış şeirlərlə bəstələr bir-birinə qovuşurlar – nəticədə bir bütöv, tam əmələ gəlir. Yaxud o bəstələr hansısa musiqi alətində çalınanda dərhal mahnıların sözləri yada düşür. Sezen Aksu şeirlərinin musiqilərindən daha zəif olduğunu bilir, ona görə də həmin şeirlərin musiqiylə can qazandığını yaxşı dərk edir.

Şairin öz şeirindəki əskikliyi duyması, orda nəyin çatışmadığını anlaması yaradıcılığın ən vacib şərtlərindəndir: Sezen Aksu anlayır ki, onun şeirlərində musiqi çatışmır. XXI əsrin poeziyasında məncə, ən çox çatışmazlıq musiqidir, sözlər sanki nəğməyə çevrilə bilmirlər. Çünki şeirlər şairlərin ruhunda nəğməli, ahəngli yaranmır. Çox zaman ritmika, ahəng sərbəst şeirin redaktəsi zamanı şairin şeirə ya yeni sözlər əlavə etməsi, ya da oxşar səsli sözlərdən istifadə etməsiylə yaranır. Bununla da şair sanki şeirini bəstələyir... Beləliklə, poeziya ilə musiqi bir şair qəlbindən doğulmur, onlar sonrakı proseslərdə qovuşdurulur... XXI əsr poeziyasında əksərən şair qəlbinin səsinə yox, qəlbinin sözünə qulaq asıb yazır... /artkaspi.az/

# 3458 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #