Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır LİTERATURŞİNA POLEMİKASI

Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır LİTERATURŞİNA POLEMİKASI
18 oktyabr 2013
# 12:12

Literaturşina polemikası davam edir.

Kulis.Az Qan Turalının məqaləsini təqdim edir.

Kamal Abdullanın qaldırdığı “literaturşina məsələsi” əslində bütün ədəbi ehkamlarımıza qarşıydı.

İndiyənə qədər heç kim bu qədər qətiyyətlə, bu qədər maksimalistcəsinə provedensial ədəbi düşərgənin, əyalətçi ədəbi cəhətin üstünə getməmişdi.

Bu fikirlərə etiraz edənlərin də olacağı aydın idi.

Hərçənd etiraz edənlərin çox cüzi bir hissəsi polemikada iştirak edib.

Hər zaman həyatdan gəlmək adı ilə savadsızlığını ədəbi dəyər kimi ədəbiyyata yeritmək istəyənlərə qarşı olmuşam.

Səməd Vurğunun gənc şairlərə dediyi “oxumayın, quruyarsınız” sözlərini eşitdiyim andan ona ikrah duymuşam.

İndi oxuyacağınız yazı da keçən ilin dekabr ayında yazdığım “Gənc romançıya məktublar” adlı məqaləmin bir parçasıdır.

Polemikanın qızğın yerində mən də bu yazı ilə mövqeyimi bildirirəm.

Qoy hamı hər zaman sənin haqqında danışanda “mütaliəli” sözünü işlətsin. Bunu görsəniş üçün etmə. Savadını heç zaman gözə soxma. Məqaləni sitatlarla, adlarla doldurma. Yazının mahiyyəti güclü olsun, Eko ordan boylansın, nəinki sitatlarından... Unutma ki, savadlı adam hansı situasiyada olursa-olsun öz savadını göstərəcək. Savadlı, mütaliəli, intellektual adamı cümləsindən tanıyırlar. Ona görə də mütaliənə görə özün-özünə hesabat ver. Oxumaqdan doyma. Yaxşı yazıçı ola bilməsən belə yaxşı oxucu ola bilərsən. Və bir şeyi unutma. Yaxşı yazıçılar hər zaman, amma istisnasız olaraq hər zaman yaxşı oxucuların arasından çıxır. Pis oxucu olub yaxşı yazıçı olan bir adam göstərə bilməzsən.

Sənə kitabdan gəlmiş adam, “literaturşina” deyə bilərlər, vecinə alma. Yazıçıların heç də hamısı Heminquey kimi maraqlı həyat yaşamayıb. Hərçənd bunun özü də mübahisəli tezisdir, çünki həyat anlayışının özü də mürəkkəbdir, məgər Tolstoyun daxili çırpınışları, harayı həyat deyilmi, həyat ancaq içki şüşələrindən ya da Dostoyevskinin katorqasındanmı ibarətdir? Yazıçının daxili həyatı çox güclü və dinamikdir, mənə bircə dənə də daxili dünyası dar olan yazıçı göstərə bilməzsən, çünki bəlkə də ədəbiyyata verilən ən sadə tərif budur-ədəbiyyat xəyal qurmaqdır-xəyalsız yazıçını təsəvvür etmək belə mümkün deyil, absurd bir şey alınar, misal üçün üzmə bilməyən, amma üzgüçü olan bir adama bənzəyər yazıçı. Kəsəsi, yazıçının həm daxili həm də xarici həyatı var, ola bilsin ki, daxili həyat bir az sönükdür, amma istənilən halda bu var, Dostoyevski başında torba ölüm hökmünü gözləyirdi, əfv edildi, amma Tolstoyun belə aqibəti olmadı, indi buna görəmi Dostoyevskini Tolstoydan böyük yazıçı saymalıyıq? Bəs başına torba keçirdib əfv edilən və Dostoyevski olmayan adamları hara yazaq?

Madam ki, onlar həyat deyəndə xarici həyatı nəzərdə tuturlar və deyirlər ki, çox kitab oxuyan adamdan yazıçı çıxmaz, o həyatdan gəlməyib, onda elə bu tezisin də antitezisini ortaya çıxardaq. Mənə həyatdan bəhs etməyən bir roman göstərə bilərsənmi? Bütün romanlar həyatın təsvir edilməsidir, hamısı həyatdan bəhs edir, istər ucuz romanlar, istərsə də şedevr, fərq etməz. Bu ayrı söhbətdir ki, hansı keyfiyyətdə bəhs edirlər. Başqa bir antitezis. Söz yox ki, heç kim vakuumda doğulmur. Hamı məktəbdə oxuyur, bəziləri universitetdə oxuyur, hamının qonşuları var, hamı mağazaya gedir, avtobusa minir. Buna görə də ictimai həyatdan təcrid olunmuş adam tapmaq nəzəri cəhətdən bəlkə mümkün olsa da praktik cəhətdən bu mümkünsüzdür. Kitabdan gəlməyin ustad nəzəriyyəçisi sayılan Borxes deyir ki, mənim üçün həyatda yaşadıqlarımla oxuduqlarım arasında fərq yoxdur, ikisi də mənim yaşantımdır, ya da alman filosofu Kant deyir ki, cibimdəki yüz talerlə, beynimdəki yüz taler arasında bir fərq görmürəm, onların ikisi də mövcuddur, biri şüurda, biri reallıqda. Yəni, sənin şəxsi təcrübən heç də öz müşahidələrin deyil, həm də oxuyub mənimsədiyin kitabların müşahidəsidir. Bir də sən öz müşahidələrinə, öz fikirlərinə, kənddə sizinlə qonşu olan Həsən kişidə gördüyün cəhətlərə etibar edirsən, buna görə də özünü həyatdan gələn yazıçı adlandırırsan, amma Dostoyevskinin, o könül mühəndisinin müşahidələrini vecinə almırsan? Axı Dostoyevski də bu müşahidələri həyatdan götürüb, onun da həyat təcrübəsi var, onun da romanları müşahidələrdən, oxuduqlarından, dərin düşüncələrdən, mütaliədən və həyat təcrübəsindən doğan faktların təkamülündən yaranıb.

Mütaliənin faydaları çoxdur. Ən birinci faydası isə mütaliə ilə sən öz estetik ölçü vahidini yaradırsan. Bununla da sən istər başqa müəlliflərin, istərsə də öz romanlarını dəqiq qiymətləndirə bilirsən. Oxuduqca estetik kriteriyaların mükəmməlləşir, tələbkarlığın artır. Bax, misal üçün antiutopiya yazırsansa, Orvellin “1984”ünü oxumasan gülməli bir şey alınar. Orvelli oxuyub öyrənsən, ondan daha yaxşısını bəlkə də yaza bilməzsən, amma heç olmasa antiutopiya şedevrini necə yaratmağın mümkün olduğunu bilərsən. Texnikanı mənimsəyərsən. Süjet qurmağı öyrənərsən. Və o böyük yazıçıların süfrəsində oturarsan. Ən azı dinləyici kimi. Bir də nə bildin, bəlkə elə onlar sənin süfrəndə oturmaq üçün icazə istədilər.

Öz estetik ölçü vahidini yaratmaq çox önəmlidir. Özün-özünün tənqidçisi olursan onda. Belə olan halda sən ucuz kafelərdə sərxoş sağlıqlardan tökülən özün haqda boğazdan yuxarı fikirlərə etibar etməzsən. Bir şeyi də unutma: “İnsanlar adətən sənin usta olduğun yerləri yox, qeyri-peşəkar olduğun yerləri tərif edirlər”. Bu, bəlkə həmişə belə deyil, əsasən belədir, amma sən belə bil. Bütün fikirlərə qulaq as, amma hər şeyi mütaliə ilə formalaşdırdığın ciddi estetik ölçü vahidinlə yoxla.

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Cavid Zeynallı: Aqrar istedad, yarımçıq intellekt

# 2319 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #