Əmioğluya nişanlanan qızın dayıoğluya qaçmasının səbəbləri

Əmioğluya nişanlanan qızın dayıoğluya qaçmasının səbəbləri
8 iyun 2019
# 11:37

Səhər Əhməd

Son iki günümüzün gündəmlərindən biri də əmisi oğluna nişanlı olan qızın dayısı oğluna qoşulub qaçmasıdı. Hazırda söhbətin özəti sosial şəbəkələrdə belə fırlanmaqdadır:

“Əmisi oğluna nişanlandı, bibisioğluna qaçdı, bəs xalaoğlu?”

Özünəironiya bəzi məqamlarda müalicə xarakterlidir və məsələnin həllinə kömək edə bilər. Amma elə məsələlər də var ki, öz eyiblərinlə məzələnmək yumşaq şəkildə desək, mazoxistlik, daha qəddar ifadə etsək, arsızlıq hesab edilir. Bəli, elə eyiblərimiz var ki, onları hətta özümüz öz aramızda lağa qoysaq belə, ayıbdı. Çünki günahkar biz özümüzük, hamımız olmasaq da, əksəriyyətimizdi. Qohum uşaqlarını bir-birinə qardaş-bacı kimi tanıtmağa gücümüz çatmadığı üçün, balalarımıza başqa seçim qoymadığımız üçün.

İki il əvvəl bu mövzuda “ Dayıoğluyla bibiqızının söhbətinə pis baxanlar” adlı belə bir yazı yazmışdım:

“Bu yaxınlarda olmuş əhvalatdır; şəhərdən getmiş iki yeniyetmə -14 yaşlı dayıoğlu və bibiqızı kənddə bulaq başında oturub deyib –gülürmüşlər. Səbəbi anlamasalar da, hiss edirlər ki, yanlarından keçən yerlilər onlara qəribə, sanki bir qədər qəzəblə baxır. Bir azdan qonaq qaldıqları evin qadını utana-utana uşaqlara yaxınlaşıb bəyan edir ki, kəndin içində belə deyib-gülmək olmaz, camaat pis baxar.

Uşaqlar o qədər təəccüblənmiş, elə bir travma almışdılar ki, ən çox da qız onsuz da iri olan gözlərini bir az da bərəldib əl-qolunu ölçə-ölçə “nə üçün axı?”, “niyə axı?” tipli iri çaplı suallarla məni elə atəşə tutmuşdu ki, onu cavab atəşi ilə susdurmaq heç cür mümkün deyildi. Mən bu uşağa anlada bilməzdim ki, 45 ildi arasında yaşadığım bu adamların məntiqi heç mənə də aydın deyil.

Bu camaat üçün bu iki uşaq, iki yeniyetmə, iki yaşıd, iki dost, iki qohum, sirdaş, belə lap dərinə gedəndə iki insan ola bilməzdi və sadəcə qohumcasına, dostcasına, yaşıdcasına, uşaqcasına, insancasına və nəhayət, azad və xoşbəxtcəsinə deyib-gülə bilməzdi. Bu camaat üçün onlar yeniyetməlik yaşına çatmış iki əks cinsdən başqa heç kim deyildi.

Ruslar xalaoğlu, əmioğlu, bibioğluya “dvaynoy brat” deyir, bizsə ən yaxşı halda onların kəbinini göydə kəsilmiş hesab edib evləndirir, sevgisizliyə, bir-birinə nifrət etməyə, xəstə uşaq dünyaya gətirməyə, travmalı övladlar yetişdirməyə vadar edirik”.

Bəli, düyün nöqtəsi bax burdadı, bütün hallarda səbəblər nəticədən daha günahkardı, bu məntiqlə isə biz balalarımızdan daha suçluyuq. Bir qızın (çox güman ki, məcburən nişanlandığı) adaxlısını sevməyib başqasına qaçması o qədər də anormal deyil, burda anormal görünən əmioğludan qaçıb biboğluna sığınmaqdı. Niyə? Çünki o qıza öz qohumlarını potensial həyat yoldaşı kimi aşılayıblar, çünki o qıza özünə həyat yoldaşı seçmək üçün başqa alternativlər yoxdu, necə deyərlər, həyata çıxışı bağlıdır. Odur ki, ironiya edəndə, söz oynadanda bir az ehtiyatlı olaq. O qız təkcə günahkar deyil, həm də qurbandı, özü də bizim öz qurbanımız...

# 2858 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #