Kinoda bədən - Aliyə yazır...

Kinoda bədən - Aliyə yazır...
17 dekabr 2014
# 12:35

İnsan bədəni kino üçün ilk növbədə fəlsəfi fenomendir, materiyanın və məzmunun qovuşduğu toplu, məcmudur. İnsan bədəni, çılpaq insan bədəni ən əvvəl metafizik anlam ötürür – o, estetik gözəllik təcəssümü, bununla belə, potensial ölü hüceyrələr yığını, həmçinin, erotik-seksual arzular obyekti, ağrı hissi etdirmək üçün alət, zorakılıq üçün dəyişməz material olanda belə metafizik mahiyyətini qoruyur. Məsələn intibah dövrü rəssamlarının çəkdikləri mütənasib formalı ağ bədənlər nə qədər gözəl olsa belə, onlardan ölüm boylanır, poetikləşdirsək, «bu ağ bədənlərdən tamaşaçıya ölümün ağ dişləri irişir». Əlbəttə çoxu bunu anlamadan tablo önündəki ürpənməni allah bilir nələrə bağlayacaq. Demək, bədən nə qədər estetik gözəllik mənbəyidirsə, o qədər ölümlü, nə qədər ölümlüdürsə o qədər erotik, nə qədər erotikdirsə, o qədər ağrılıdır.

Psixoanalizdə həzz və iztirab anlayışlarının bir yozumunu alim Z.Freyd təqdim etmişdi. Onun populyar nəzəriyyəsinə görə, nevrozların əsas səbəbi boğulmuş arzular, istəklər, ən doğrusu boğulmuş seksual istəklərdir. Demək, həzz və iztirab psixi hadisə kimi götürülsə də bədənlə bağlıdı.

Selincerin əsərlərindən birində (gərək ki, bu hekayə «Çolaq dovşan Konnektikutda» adlanır) qəhrəman həzz və iztirab hisslərini özlüyündə balanslaşdırmaq istəyir. Əlini sevgilisinin döşünə qoyur və deyir: «Sənin döşün o qədər gözəldir ki, indi bir nəfər gəlib o biri əlimi də pəncərədən çıxarıb vaqonun çölündə, soyuqda saxlamağımı xahiş etsə, bu ədalətli olar». Əslində bu əhvalat iki qadının söhbətindəndir, onlar gəncliklərini ötürmüş, bədənlərini köhnəltmişlər. İndisə oturub kədərlə ötən günləri xatırlayırlar.

Kinoda bədənin köhnəlmək qorxusu çox filmlərdə, həm də dəqiq işlənib. Viskontinin «Venetsiyada ölüm» filminin qəhrəmanı yaşlı bəstəkar Qustav fon Aşşenbax gənc, yeniyetmə oğlana - Tadzioya vurulur. Tadzionun gəncliyi, yeniyetmə cazibədarlığı, əlçatmazlığı ona öz bədənini xatırladır, qocaldığını, köhnəldiyini yada salır. Filmin obrazlarından biri də zamandır. Qəhrəmanı yaşlanmaq, qocalmaq, ölmək qorxusu altında saxlayan zaman… Bu zaman obrazı final səhnədə qəhrəmanın ölüm səhnəsində ortaya çıxır: Saçları, bığları boyanmış, üzü pudralanmış, qəribə şəkildə gülməli və kədərli geyinmiş qəhrəman dəniz sahilində sevdiyi gəncə baxa-baxa şəhərdə yayılan epidemiyadan ölür. Dənizdə çox gənc bir oğlan. Sahildə köhnəlmiş, zamanı keçmiş, bəzəkli bir ölü. Sanki ölüm bu bədənin gəncləşmək sevdasına gülərək onunla əylənib – qəhrəmanın saçlarındakı boya üzünə axıb, onu gülməli və dəhşətli edib…

Bədən formadır

Piter Qrinueyin «Arxitektorun qarnı» filmində bu qorxu üzdə olmasa belə ən qədim qorxudur. Qocalmaq, ölmək, əbədi qalmamaq qorxusu içində olan memar Kreklayt arvadı ilə məşhur, möhtəşəm tikililər məkanına - Romaya gəlir. Onun unudulmuş bir memar Bulleyə həsr olunmuş sərgi düzəltmək kimi layihəsi var. Amma layihəsini və arvadını başqası əlindən alır. Ona bu böyük tikililəri, əzəmətli abidələri, illərlə, əsrlərlə, bəlkə minilliklərlə yaşamağa davamlı olan, böyük, yaraşıqlı binaları dolaşmaq qalır. Qarnında ağrılar başlayanda o, birdən -birə heykəllərin qarnı ilə maraqlanmağa başlayır. Özünün və heykəllərin qarnının onlarla fotosurətini çıxarır. Qarındakı boşluq sanki ölümündən sonrakı boşluğu forması kimi gəlir ona. Qəhrəmanın qarnı-qarın boşluğu (onun qarnında həkimlər xərçəng tapır) böyük tikililərin, nəhəng interyeri -«qarın boşluğu» ilə paralelləşir. Dəfələrlə fotosurətini çıxardığı bədən forması (qarın) nəhəng arxtitektonik formayadək- memarlıq nümunələri olan tikililərədək böyüyür. Nəhəng interyerlər onu tikdirənlərin fanilik qorxusunu eyhamlaşdırır. Memarsa bu fanilik duyğusunu qarnında daşıyır, hiss edir.

Filmin ideya xəttinə daha bir köməkçi ideya qoşulur. Bu tikililər zamana daha davamlısa, memarın qarın boşluğu onun üçün ölüm səbəbidir. Ölüm qarşısında təsəllisi sıradan adamların təsəllisidir: memarın arvadı hamilədir. Onun bətnindəki körpə memarın qarın BOŞLUĞUNA əvəzdir. Ona görə də memarın intiharı ilə uşağın doğuluşu eyni vaxta düşür.

Filmin bu ideyası - bədəni böyük formalarla-əsrlərlə qalan tikililərlə paralelləşdirmək - kinoda ilkdir. Əlbəttə, Viskontinin «Lüdviq» filmində də eyni təsvir metaforaları var. Filmdə kral Lüdviq durmadan qəsrlər-saraylar tikdirir və bu qəsrlər, onların nəhəng interyeri Lüdviqin daxili tənhalığına işarə edən gözəl, nəhəng, arxitektonik formalar idi. Bütün hallarda forma qəhrəmanların həm də bədənilə hiss etdikləri boşluğun, faniliyin estetik görkəmi olurdu.

Bədən forma olaraq faniliyi xatırladır. «Əgər gözəl bir forma görsən, tut onu, əgər gözəl bədən görürsənsə, onu əldən buraxma, həyat dəhşətli dərəcədə qısadır və qəbirdə bunların heç biri yoxdur….». Bunusa Viskontinin başqa bir filminin – «İnteryerdə ailəvi portret» filminin qəhrəmanı deyir…

Bədən mətndir

Çağdaşımız olan türk şairi Küçük İskəndər müsahibələrindən birində bədənə şairlərin, ruh və irfan aləminin adətən dışlama münasibətini (“bədən ruhun zindanıdır”) göstərmir və bu özlüyündə maraq oyadır: «mən bir heyvan kimi yaşamaq və yazmaq istəyirəm. «Bədənimə verilmiş rüşvətdir ruhum», bədənimi ruhuma əsir etmişlər, (diqqət edin, əksər yerli şairlərimizdəsə bu fikir əksinədir –A.) oysa, mən ruh deyilən şeyi də rədd edirəm. Amma mən bir bədənəm və kimsə buna qarışa bilməz». Bu cümlələrin altından şairin homoseksuallığını da qeyd etsək, fikirləri daha radikal qəbul etmiş olarıq, sanıram. Üstəlik, Küçük İskəndər bunu şəxsi seçimi sayır və kişi cinsinə, kişilik qavramına heyranlığı ilə əlaqələndirir.

Əlbəttə, bu bədənə verilən ilk «bəraət» (ona görə bəraət ki, tarixən, dində də bədən müxtəlif dövrlərdə müxtəlif dillərdən ruhdan aşağı tutularaq, ruhu zinaya, harama çəkən nəsnə kimi pislənib) deyil. İntibah rəssamları kimi çoxları bədəni təmizə çıxarmağa çalışıb. Amma yenə də istedadlı adamın, şairin, küçük İskəndərin bu mövqeyi daha maraqlıdır: «Şəxsən mənə aid olan o qədər də çox şey yox məndə. Sadəcə bir ruh var ki, o da mentalitetə bağlı. Mənə məxsus olan bu bədən belə məndən qabaq yaşamış bir çox insanın bir çox xüsusiyyətini özündə daşıyır. İçində bir çox insanın olduğunu hiss etmək hüzursuz bir şeydir» (İskəndərsə mətnin, sözlərin içində hüzur tapan birisidir). Bədənin mətn kimi ötürülməsi fikrinin əlbəttə, tarixi var. İlk yada düşəni hürufilərdir. Mətn müəllifi olaraq ilk ağlagələn də tanrıdır. Bu insandan insana bitməyən mətni o yazır – əvvəlinci yazıçı odur. Piter Qrinueyin başqa bir filmində «İntim gündəlik» filminin əvvəli tanrının insandakı ilk yazıları barədə fikirlərlə başlayır. (Üstəlik tale yazısı, alın yazısı deyə nə qədər çeynənilsə belə bayağılaşmayan fikirlər…). Qəhrəman qızın sevdiklərinin bədən dərisinə yazdığı yazılarla davam edir. Bədən hərfi mənada mətnə çevrilir.

Bədən ağırdır

Bədəni ağır edən onun biolojiliyidir. Kadrdakı çılpaq bədən həm də çılpaq ölümdür. Hətta qəhrəman sağ olsa belə. Sürrealist filmlərin əsas məqamlarından-uğurlarından biri də ölü bədənin, çılpaq bədənin energetikasının dəqiq ifadəsidir. Bədənin ölümü bioloji ölümdür. Bu ölüm bizi qorxudur. Həm də bu əbədi olmamaq qorxusunun ən cılız hissəsi ola-ola qorxudur… Kinodakı çılpaq ölüm-bədən bizə öz biolojiliyimizi xatırladır. Məhz bu məqamda biz bədən olmaq istəmirik. Ölü insan yığını olan kadrlar – məsələn müharibədən bəhs edən «Şindlerin siyahısında» insan cəsədlərindən yaranmış dağ – həm də bu cəsədlərin çoxluğu ilə, onlardan biri olduğumuzu çoxlu-çoxlu xatırlatdığı üçün ağırdır. Antonyoninin filmlərindən birində ilğım effekti ilə göstərilən, səhrada sevişən yüzlərlə insan bədəni də həmçinin.

Bədənin ruhla bir yerdə qərar tutmasına-buna həyat deyilməsinə rəğmən bədən və ruhun tarixi «düşmənliyi» bitmək bilmir. Seksual energetikaya köklənmiş bədənlər başqa hər şeyi unutmaq istəyirlər – Stenli Kubrikin «Geniş yumulmuş gözlərlə» filminin qəhrəmanı olan həkim ölkə elitasının gizli yığıldığı kluba gəlib düşür. Burada hamı çılpaq, hamı maskalıdır. Orgiya epizodlarında heç kimi ayırd etmək mümkün deyil – hamı bədəndir, müxtəlif bədənlərdir. Bu bədənlərin karnavalıdır. Qəhrəman burada yaddır. Bəlkə də məhz həkim olduğu üçün… Bu orgiya səhnələrində hamı maskalıdır, amma əslində onlar sosial maskalarını çıxarıblar, sadəcə bədən olmaq istəyirlər və bütün bu gizli klub da bunun üçündür.

Bədən sərhəddir

Bədənin məhz reallığın sərhədi olduğunu bildirən bir məqam ölümdür. Həyatda bədənin reallığın sərhədi olduğunu unutduracaq çox məqamlar olacaq. Bu ya «həddən artıq ruh olmaq», ya da «həddən artıq bədən olmaq»dır. Ümumiyyətlə, hələ reallığın nə olduğunu aydınladan minlərlə şübhələr var – bəlkə bu reallıq daha gerçək bir reallığın proyeksiyasıdır? Bəlkə yox? Mövzu bu deyil. Hər halda bədənlə bağlandığımız həyat adlanır. Bədənsə bəzən o qədər köhnələ bilər ki, gerçəkli hissini itirər. Məsələn, həyatdan tanıdığım çox yaşlı bir qarı gözləri gördüyü halda hər şeyi əllə yoxlayırdı; yenicə yarpaqlamış budağı əyib, əlini yarpaqlara toxundurur, sanki onun həqiqi, yoxsa parçadan, kauçukdan olub-olmadığını bilmək istəyirdi. Bu gerçəkliyə əsl şübhə idi ki, bədənin - sərhədin yaxınlarda uçacağından xəbər verirdi.

Kannibalist tayfaların qərarvermə mərasimində ruhani şəxsin yeyilmək üçün seçdiyi adam artıq adamlıqdan çıxırdı. O özü-özünə, bədəninə ət parçası kimi yanaşırdı. Hətta öz ətilə bişirmək üçün tərəvəz də yığırdı. Verner Hersoqun «Aqirre, allahın qəzəbi» filmində belə bir məqam var – belə tayfalardan birinin adamları sahildə qaçışaraq Aqirrenin içində olduğu gəmini, adamları göstərir və «baxın, qaçan ət» deyə qışqırırdılar. Həmin filmdə dayanmadan, fasiləsiz səyahət, üzmək, aclıq və hətta tənha qalanda da onu tərk etməyən lazımsız hakimiyyət arzusu, 4 tərəfini əhatə edən su Aqirreni gerçəklik sərhədini itirməyə qədər gətirir. Gəmidə tək qalan qəhrəman ona hücum edən meymun sürüsünün içində, sahildən atılan oxların əhatəsində sayıqlayır, «həyat həyat deyil, ölüm ölüm deyil, ox, ox deyil» deyib bədəninə sancılan oxu göstərir. Qəhrəman bədən olaraq öz arzularını itirdikcə gerçəklik sərhədini də itirir - suyun əhatəsində bərənin içində ölür.

Bədən düsturdur

Seks və zorakılıq. Bunlar sadalanacaq filmlərin əsas səhnələrindəndir. Bu filmlərdə seks qanla, qətllə düz mütənasibdir. Formul sadədir: Həzz və iztirab balanslaşır. Qan çılpaq bədən, seks, qətl… Bu filmlər dəhşətli dərəcədə çoxdular. Ən yaxşılarını-Oliver Stounun «Anadangəlmə qatillər», Fransua Ozonun «Qatil sevgiliər», Stenli Kubrikin «Mexaniki portağal» filmlərini xatırlatmaq kifayətdir.

Bədən qurbandır

Lars fon Trierin məşhur «Dalğaları yararaq» filminin qəhrəmanı Bess sevdiyi Yanla xoşbəxt ikən özünü tanrıya borclu bilir. O, özünü tanrının yerinə mühakimə edir. Bir dəfə Yan buruqda işləyərkən ağır xəsarət alır və iflic olub yataqdan qalxa bilmir. Bunu Bess özünə kəsilmiş cəza kimi anlayır və qurban vermək qərarına gəlir – Bess qarşısına çıxan hər kəsə bədənini təklif edir. O, bərk inanır ki, bu qurbanvermə Yanı xilas edəcək və Yan ayağa qalxacaq. Hətta Bess ilk dəfə bədənini yad adama təslim edəndə qollarını yana açaraq yatağa uzanır - bununla çarmıxa çəkilən İsa Məsihi xatırladır.

Belə qurbanvermələrdən birində Bessi fiziki işgəncələr verib döyürlər – Bess ölür. Yansa ayağa qalxır. Bessin qurban verdiyi bədənin qəbiristanda dəfn olunmasına kilsə icazə vermir. Onda Yan Bessin tabutunu dənizə buraxır. Bu filmdə cəmiyyətin, əxlaqın, ağıllı adamların, dinin, Yanın, hətta Bessin özündən böyük, güclü olan şey sevgidir. İnadkar, inamlı, ağlagəlməz güclü sevgi… İnsanın yeganə dəyəri...

"Fokus" kino jurnalı, 2009-cu il, 5-ci say

# 2728 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #