Dəblə geyinmək-aludəçilik, stress, pul itkisi

Dəblə geyinmək-aludəçilik, stress, pul itkisi
24 iyun 2014
# 08:00

Sevda Sultanova

“Mənim üçün fərqi yoxdur əlimdə nə tuturam: kitab, sap, yoxsa kişi”. (“Alatoranlıq” filmindən)

Dəbə, trendlərə mübtəla olan insanlar artıq M.Antonioninin qəhrəmanı Vittoria kimi ekzistensial, vecsizlik durumuna düşürlər. Dəqiq desək, onlar daha nəyi necə geyinməyi ön plana çəkmirlər: məsələn, kompleks keçirmədən, rahat şəkildə dekolte ilə ağ corabı bir araya gətirirlər.

Son bir neçə ildə Qərbdə, xüsusən, gənc nyu-yorklular arasında meydana gələn yeni tendensiyanı “New York Magazine” jurnalı “normkor” adlandırıb.

Komfortu qiymətləndirən Amerika və Avropa mədəniyyətinə xas “Normcore” “normal” və “core” (əsas nüvə) sözlərinin qarışığıdır. Bu söz hələ 2009-cu ildə “Urban Dictionary” lüğətində (onlayn lüğət) yazılsa da yeni istifadə edilməyə başlayıb.

Normkorun mahiyyəti fərqlənmədən, yəni aksessuarla, geyim elementlərinə aksent eləmədən fərqlənməkdir.

Normkor dəbə qarşı dəbdir. Daha doğrusu, bu yeni tendensiya dəbin məhdud sərhədlərini aşaraq bir növ sosial-fəlsəfi anlama daxil olur.

Bu o deməkdir ki, insanlar dünyanı manipulyasiya edən əsas güclərdən biri - dəbin əsarətindən sıxılmağa başlayıblar. Anlayırlar ki, minlərlə qlobal problemin olduğu dünyamızda geyimin onların həyatında dominant olması hər şeydən əvvəl utancverici hissdir. Başqa səbəblər də var. Məsələn, dəbə aludəçilik stressdir, vaxt və pul itkisi deməkdir. Sən nəhayət ki, kütlədən biri olduğunu qəbul etməlisən, bundan faciə düzəltməməlisən.

Vecinə də olmamalıdır ki, qiyafətin brenddir, yoxsa adi fabrik məhsulu. Milyonlar kimi geyinməklə bu həqiqəti dərk edirsən ki, şəxsiyyəti, onun imicini geyimi yox, xarakteri, həyata baxışları müəyyənləşdirir.

Mütəxəssislərin fikrincə, qeyri-stabil və böhran dövründə normkor tendensiyası tamamilə məntiqi görünür.

Nomrkor geyimə ironik münasibəti ilə həm də postmoderni ehtiva edir. İroniya isə insanı həmişə formada saxlayır, psixoloji sakitlik, rahatlıq gətirir.

Əsas cəhətlərindən biri sadəlik olan normkoru seçən adam dəbə etinasız münasibətini göstərir.

Normkor nəhəng dəb sənayesinin təklif elədiyi brendlərə meydan oxuyur, əvvəl tabu olan şeylər (səndəllə corab geymək kimi) artıq onun üçün tabu deyil. Nəyin tabu olub-olmadığına özü qərar verir.

Trendlər bir tərəfdən hər insanın individuallığını önə çəkdiyini deyir, amma ştamplarla fərdlərin individuallığı yox edir. Çünki dəb son vaxtlar çox iti sürətlə basmaqəlib trendlər, rənglər, fasonlar təklif etməklə insanı bəlli bir çərçivəyə salır.

Normkor eyni zamanda insanın özünə qarşı sağlam münasibətdir. Yəni bununla da o, istehlak hissini tənzimləyir. Geyimə etinasızlıq yanaşmaqla vaxtını faydalı işlər görməyə sərf edir.

Normkor moda məcburiyyətini rədd edir, çünki dünya insana geyimdən daha çox şey təklif edir. Bu gün sürət əsrində geyim funksional, rahat olmalıdır. Mövsümün aktual obrazını yaratmaqdansa insan sağlam həyat keçirməli, faydalı işlə məşğul olmalıdır.


Gec də olsa insanların bu həqiqətə gəlib çatıblar ki, geyim elə sadəcə geyimdir. Dəb dalınca qaçmamaqla qənaət eləməyi, sadə şeylərlə “relax” olmağı öyrənirlər və zövqsüz görünməkdən qorxmurlar. Bu mənada normkor absolyut demokratiyanın təcəssümüdür.

Normkorun meyl edən məşhurlar arasında Stiv Cobs və Keyt Middltonun adı hallanır. Krossovka və cinsə üstünlük verən Cobs deyirdi: “Geydiyim sadəcə geyimdir. Və bütün ömrüm boyu bu, mənə bəsdir”.


Dəbə etinasız yanaşan insanalar arasında dizaynerlər də var. Məsələn, fransız dizayneri Simon Port Jakmyus ağ corablar, kedlər və beysbolkalarla stereotiplərə etiraz edir.

Tanınmış moda tənqidçilərindən biri Keti Horinə görə isə rahatlığı gözəlliyə qurban vermək dövrü çoxdan gedib.

Qısası, müasir insan odur ki, nə geyinməyinin onun üçün əhəmiyyəti yoxdur.

Amma normkornun sadəcə bir dəb olması, yoxsa gerçəkdən insanların həyat tərzinə çevrilib-çevrilməsini isə zaman göstərəcək.

# 3460 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #