Qəbri su altında qalan Azərbaycan klassiki

Qəbri su altında qalan Azərbaycan klassiki
22 sentyabr 2015
# 10:45

Repressiya qurbanlarına park və bir daha Yusif Vəzir haqda

Diqqətli oxucuların yadındadırsa, təxminən iki il əvvəl məşhur ədib və fikir adamı Yusif Vəzir Çəmənzəminlinin nəşinin qalıqlarının vətənə gətirilməsi və Bakıda xırda parklardan birində Repressiya qurbanlarına abidə kompleksi ucaldılması barədə təklif irəli sürmüşdüm. Yusif Vəzirlə bağlı həmin təklifi yazıçı dostum Firuz Mustafa da məndən əvvəl səsləndiribmiş.

O zaman mədəniyyət adamlarının çoxu bu təklifi müsbət dəyərləndirmişdilər, bəzilərisə hesab eləmişdi ki, onda gərək repressiya olunmuş başqa məşhurların da nəşinin qalıqlarını vətənə gətirək. Amma mən məzarı bilinən adamdan bəhs edirdim. Çünki çoxlarının, məsələn, elə Mikayıl Müşfiqin harda dəfn olunduğu bəlli deyil. Başqaları kimi o da güllələnmiş və naməlum yerdə basdırılmışdı.

Amma mən də yanılıbmışam. Sən demə, Yusif Vəzirin məzarının yeri barədə məlumatlar köhnəlibmiş.

Mən şərti adı “Yüz il sonra” olan romanıma hazırlığa başlayanda ilk işim Nijni Novqorod ərazisindəki həmin qəbiristanlığı axtarıb tapmaq və ustadın məzarını ziyarət etmək oldu, daha doğrusu, belə bir xülyada bulundum. Xülya elə xülya olaraq da qaldı. Məlum oldu ki, Suxobezvodnaya qəsəbəsindəki qəbiristanlıq suyun altında qalıb.

Bu iş zamanında görülmədiyinə görə mənim də o arzum ürəyimdə qaldı. Cəzaçəkmələr üzrə Rusiya Federal Xidməti Nijni Novqorod vilayəti Baş İdarəsinin məktubunda elə belə də yazılmışdı: “Məzar qalmayıb”. Təbii ki, məktubun əvvəlində çoxlarımızın bildiyi məlumatlar da verilib: Yusif Vəzirin harda doğulması, harda həbs olunması və ailə vəziyyəti haqda.

Vaxtılə mərhum prezident Heyər Əliyev müdrik hərəkət eləmiş və böyük Hüseyn Cavidin məzarını vətən gətirtmişdi və böyük bir oxucu kütləsinin, cavidsevərlərin ürəyinə məlhəm qoya bilmişdi. Heyf ki, bunu Yusif Vəzirlə bağlı eləmək indi mümkün deyil. Gecdi.

Amma məşhur yazarımızın sənədləri yuxarıda adını çəkdiyim arxiv idarəsində saxlanılır. Vaxtı ilə mərhum akademik Ziya Bünyadov həmin arxivlə tanış olmuş və özünün “Qırmızı terror” əsərində ondan istifadə etmişdi. Mənim də o idarəyə baş vurmaq niyyətim var...

O ki qaldı mənim başqa təklifimə, yəni Repressiya qurbanlarının xatirəsini əbədiləşdirməyə, fikrimcə, bu, mümkün və vacibdir. Ümid edirəm ki, dəyərli həmkarlarım mənim bu təklifimi dəstəkləyəcəklər.

Vaxtılə mərhum şair və publisist Tofiq Abdin Rusiya və Türkiyəni misal gətirərək təklif etmişdi ki, bizdə də ədəbiyyat və mədəniyyət adamları üçün məzarlıq yeri ayrılsın və məşhur imza sahibləri orda dəfn olunsun: qəlbləri və ruhları, eləcə də taleləri oxşar olduğuna görə. Amma heç kim onu ciddiyə almadı.

Repressiya qurbanlarının da taleləri oxşardı və ən azı abidənin üstünə həkk olunmuş imzaları bir yerdə olardı.

Bu, həm də tarixdi. Ağrılı tarix. Onu unutmaq, yaxud unutdurmaq olmaz...

# 1498 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #