Zorakılığa son deyən qadınların günahı

Zorakılığa son deyən qadınların günahı
11 mart 2019
# 13:33

Bir əcnəbi rəssam qadın var, döyülmüş, güllə yarası almış qadınların zədələrini gizləmək üçün bədənləri üzərində cürbəcür şəkillər çəkir. İnsan baxanda bu rəsmlərin incəsənət naminə çəkildiyini düşünür. Kimin ağlına gələr ki, bu məsum varlıqların bədəni güllə yaralarından, bıçaq izlərindən dəlik-deşik olub, tanınmaz hala düşüb.

Rəssam qadın yalnız gözəllik bağışlamır, həm də qadın zorakılığına qarşı bir mesaj verir.

Kövrək qadın bədənlərinin yarasını sarıyan, acılarını dindirən bu rəsmlər heç kimi biganə qoymur, istər-istəməz insanda bir məsuliyyət hissi oyanır, ətrafdakıların taleyi üçün təlaş duyur. Bəlkə də qadın bədənləri üzərində çəkilən bu rəsmlər hardasa bir qadını həyata qaytarır, kimisə çirkin düşüncələrdən xilas edir, qadınlara qarşı daha anlayışlı olmağa sövq edir.

“Zorakılığa son qoyulsun”, deyirik. Zorakılığın qarşısını almaq üçün cəmiyyət üçün nə etmişik? Hansı mənəvi yardımlarda bulunmuşuq?

Qadın onu təqib edən manyak ərindən qurtulmaq üçün 5-ci mərtəbədən özünü atıb. O vaxta qədər fəryad edib, kömək istəyib. Təəssüf ki, hamı görməzlikdən gəlib. Ya da “ər-arvad savaşı - yaz yağışı” kimi məsum atalar sözünü xatırlayıb susublar.

...Qaranlıq zirzəmidə iki qadın yaşayır. Qoca və cavan. Qoca qadın əlildir, cavan ruhi xəstə. Səbəb - gənc qızın təcavüzə məruz qalmasıdır. Zorlanmış qızı ağır psixoloji vəziyyətdən çıxarmaq mümkün olmayıb. Dava-dərman yox, psixoloq dəstəyi yox, halına yanacaq insanlar yox. Anası ilə qaranlıq zirzəmidə birtəhər baş-başa verib yaşayırlar. Artıq buna yaşamaq demək mümkündürsə... Əminəm ki, həmin qızı başa düşməyə cəhd edən də olmayıb. Uzaqbaşı əllərini bir-birinə vurub “görəsən, hansı yolun yolçusuymuş” deyə düşünüblər. Ya da yenə görməzlikdən gəliblər.

Gəlin gedən qızın səhəri gün ölüm xəbəri yayılır. Səbəb - gəlin bakirə çıxmayıb, qəzəblənmiş bəy gəlini qətlə yetirib. Qatili haqlı sayanlar çoxdur, hətta onların arasında qadınlar da var. Çünki belə düşünmək sərfəlidir. Kələfi çözmək ancaq vaxt aparar. Həm də başqalarının səhvi insanlarda ancaq ikrah oyadır. Niyə belə olub? Bəlkə, gəlinin heç bir günahı yoxdur? Bəlkə, qorxunc bir qəzanın qurbanı olub? Yaxud bəy bəkarət məsələsini düzgün “test eləməyib”, həkimin müdaxiləsinə ehtiyac var?

Lap tutaq ki, bəy aldadılıb. Bu məqamda insana veriləcək cəza onun həyatı bahasına başa gəlməlidir?

Amma insanlar fərqinə varmadan qanlı cinayətə haqq qazandırırlar, cinayətkara dəstək verirlər. Və fərqində olmadan özlərinin gələcəyi haqqında qəddar hökm çıxarmış olurlar. Axı onlar da bu cəmiyyətdə yaşayırlar və sabah özləri də qurban ola bilərlər. Biz bir-birimizdən təcrid yaşamırıq ki. Həyat tərzimiz bir-birinə oxşardır. Əgər cəmiyyətdə qüsur varsa, bu, hər birimizin günahıdır.

“Qadın zorakılığına son” deməklə olmur bu işlər. Təməldən - kiçik uşaqlara tərbiyədən başlamaq lazımdır. Çox ailələr var ki, qardaş bacısına səbəbli-səbəbsiz əl qaldırır, ata-ana da bu kiçik şiddət olayına normal baxır. Amma uşaqlar böyüdükcə kiçik kaprizləri də böyüyür, qarşısıalınmaz əməllərə çevrilir.

Məsələn, uşaq olanda rəfiqəmin qardaşının ona qoyduğu qadağa mənə qəribə gəlirdi. Niyə qızların haqqı tapdalanır? O qız olduğu üçün qardaşının dediklərinə uymalıdır? Qız da oğlan kimi ailənin bərabərhüquqlu üzvü deyilmi?

Əgər evdə oğlan uşağı varsa, artıq qız ikinci dərəcəli ailə üzvüdür.

Halbuki lap kiçik yaşlardan oğlanlara aşılanmalıdır ki, qız uşağı bir fərddir, onun şəxsiyyətini alçaltmaq olmaz.

Sonra məktəbdə, sonrakı təhsil ocaqlarında da bu normalara uymaq lazımdır. Ailə ən önəmli məktəbdir. Ər və arvad öyrədici rolunda çıxış edirlər və uşaqlarını həyata hazırlayırlar. Yeni dövr başlayır.

“Zorakılığa son qoyulsun” deyən əziz qadınlar, “kişi qadını sevər də, döyər də” deyən sizlər deyilsinizmi? Ölkəmizdəki qadınların əksəriyyəti kişilərin qadınlara əl qaldırmasına normal baxır, hətta fəxrlə dilə gətirirlər.

Kişinin qadına əl qaldırması onun çarəsizliyini göstərir. Ağlın və məntiqin gücündən yararlana bilməyən kişi zorakılığa əl atır. Bununla sanki özünü təsdiq edir. Amma əslində nə qədər alçaldığının fərqində deyil.

Keçən vaxtlarda qonşu qadının başından ağır xəsarət aldığını eşitdik. Gənc qadın aylarla xəstə yatdı, özünü, ətrafdakıları tanımadığı vaxtları belə olurdu. Vəziyyətindən çox da ümidli deyildilər. Amma əri, qaynanası, baldızı gəlinin başının üstündə keşik çəkirdi.

Bir müddətdən sonra qadın tamamilə sağaldı. Ailə əvvəlki kimi həyatına davam edirdi. Sonra qəfil boşanma xəbərini eşitdik. Kənardan mehriban görünən ailənin nə dərdi varmış ki?

Yavaş-yavaş kələflər çözüldü. Demə gəlin macəra aramağa meylli imiş. Başqa adamla əlaqəsindən şübhələn kişi onu dəfələrlə döyüb qanına qəltan edibmiş. Həmin o travmanın səbəbkarı da elə kişi imiş. Həyat yoldaşını bu şəkildə cəzalandırıb yenidən bağışlayırmış. Bağışlanan qadın da ərinin hirsinin soyumasını çox gözləməyib həyata yeni yelkənlər açırmış.

Əgər boşanmağa kişi qərar versəydi, durum daha anlaşılan idi. Nəhayət ki ağlı başına gəlmiş, belə vəziyyətdə yaşaya bilməyəcəyini anlamış, nə özünün, nə də arvadının şəxsiyyətini bundan sonra da alçaltmamaq, baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün boşanmağa üstünlük vermişdi. Amma təsəvvür edin ki, boşanmaq qərarı qadından gəlirdi... Həmin anda hətta bu macərapərəst qadın da gözümdə yüksəldi.

Əgər bu ayrılıq vaxtında gerçəkləşməsəydi, yəqin ki, daha böyük problemlər ortaya çıxacaqdı. Alovu qığılcımkən söndürmək lazımdır, sonra çox gec olur.

Təəssüf ki, insanlar yalnız öz fərdi problemləri vaxtı əl-ayağa düşür, haray qoparırlar. Amma fərdi problemlərlə cəmiyyətdə baş verənlər iç-içədir. Sanki biz öz evimizin artıq tullantılarını çölə tullayırıq, onlar isə dağıdıcı xəstəliyə çevrilib üstümüzə gəlir. Zorakılığın - bu başıbəla xəstəliyin qarşısını almaq üçün lütfən əvvəl özümüzdən başlayaq.

# 3405 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #