Klara Setkinin sızıldayan sümükləri

Klara Setkinin sızıldayan sümükləri
10 mart 2015
# 12:50

Biz uşağımızı musiqi məktəbinə ona görə göndəririk ki, universitetə girə bilməsə, gedib toylarda çalsın, evinə bir tikə çörək aparsın. Rəqsə ona görə qoyuruq, pul verib rəngbərəng rəqs paltarları ona görə tikdiririk ki, toylarda yaxşı oynasın. Hamının gözü onda olsun. Fərəhlənək. Heç kim qızının ciddi-ciddi rəqqasə olmasını istəmir. “Mənim qızım göbək rəqsi oynayacaq?” deyə qeyzlənir hələ soruşsan.

İncəsənətə uşaq yönəltmərik. Uşaq özü yönəldisə çəkindirərik. XX əsrin əvvəllərindəki təfəkkür beynimizdədi, aktyorlara artistlik edir deyir, mütrif adlandırırıq daldada.

Oğlumuzun, qızımızın ali məktəbə girməyini arzulamağımızın əsasında qonşularla yarış hissi dayanır. Hətta “filankəsin qızı müəllimlik oxudu, bəhmənkəsin oğlu həkim oldu” deyə-deyə uşaqlarımızın zəhləsini tökürük. Uşaq yazıq bir sənət seçə bilmir, avara qalır. Nənə deyir ondan ol, baba deyir bundan. Ata deyir heç birindən.

Oğullarını evləndirirlər, qızlarını ərə verirlər. Hamı indi gəlininə bu üzükdən aparır, hamı qızına filan mebeldən verir deyə özlərini öldürürlər .

Dindar olanda dindar olmağımızla, ateist olanda ateistliyimizlə fəxr edirik. Heç kim düşünmür ki, onun dindarlığının, ya ateistliyinin başqasına nə dəxli var. Özü bilər, Allahı bilər. Özü bilər, materiyası bilər.

Daha bir 8 Martı yola verdik. Məktəblərdə vurnuxma vardı bayram öncəsi. Valideynlər əsir qalırdılar. O, buna yaxınlaşırdı bu ona: sən müəlliməyə nə hədiyyə edəcəksən? Əşi sənin nə işinə qalıb mən nə hədiyyə eləyəcəyəm? Bəlkə heç eləməyəcəyəm?! Ya çürük qoz verəcəyəm. Yarış gedirdi ki, amandı, Telli otuz manatlıq hədiyyə aldı, ya pul verdi, mən ondan az verməyim, mənim hədiyyəm onunkundan ucuz olmasın. Balam, qoy rəngarənglik olsun da. Yox, qoymazlar! Hamı bir nəfər kimi standart hədiyyə verməlidi. Ay balam, harda görünüb ki, hədiyyənin standart qiyməti ola? Bu qiyməti kim qoyub, hansı bazarda qoyub, bilinmir.

Dünya dağılar, birdən çaşıb-eləyib müəllimənin birinə kitab hədiyyə edərsiniz ha! Hamı dəli kimi baxacaq. Heç kim dalınca gəlməyəcək, davamçına çevrilməyəcək. Sən bayquş kimi tək qalacaqsan. Axırda iş o həddə çatacaq ki, müəllimə özü də səni dəli hesab edəcək. Nə təhər olur, bu qədər valideyn bir cür düşündü, biri ayrı cür düşündü deyəcək. Çirkin ördək balası kimi qalacaqsan ortada.

Hər şeydə, hər addımda bir-birini təqlid edən, bir-birinin davamçısı olan insanlar kitaba, elmə, incəsənətə gələndə çəkilib kənarda duracaqlar.

İndi belə danışır adamlar: “Müəllimə gülü neyləyir e? Gülü yeməyəcək ha?! İki gün qalandan sonra da iylənəcək, atacaq o yana. Müəllimə kitabı neyləyir e? Elə bütün günü kitab oxuyur da!”

Məncə, 8 Mart bayramı ərəfəsində analar girinc qalıb “Neyləyim”, “Necə eləyim?” deyəndə, Klara Setkinin qəbirdə sümükləri sızıldayır.

# 1718 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #