Ölülərdən kamança düzəldən adam...

Ölülərdən kamança düzəldən adam...
7 aprel 2017
# 13:00

110 il əvvəlin bu günü

Molla Nəsrəddin jurnalı çapa başladı.

Ustad deyəndə mənim gözüm qarşısında Mirzə Cəlil canlanır. Mən bu dünyada Mirzə Cəlildən usta yazıçı və böyük insan tanımıram. Onu zəmanə özü yaratmışdı, təbiət özü yaratmışdı. Lakin bütün dahilər kimi Mirzə Cəlil anlaşılmaq dərdi ilə üzləşdi. Və 110 ildir başımıza gələn bütün bəlaların kökündə də Mirzə Cəlili anlamamaq dayanır.

“Zira o hər şeydən əvvəl inqilabçı id”i. Engels bu sözü Marks haqqında deyib. Biz də Mirzə Cəlil haqqında deyək. Bəli, o, inqilabçı idi. Amma onun inqilabçılığı zorən idi. 1894-cü ildə, cəmi 28 yaşında Azərbaycan ədəbiyyatının ən ali əsərini yaratmışdı. “Danabaş kəndinin əhvalatları”nı deyirəm. Nobel verilmədiyi zamanlardır. Amma bu cür şedevrə imza atan adam nə deyirdi? “Yazaram, amma inanmıram ki, oxuyalar”. Və o şedevri qırağa qoyub yazdığını oxutmaq istədi. Başa düşdü ki, özü zirvədədir, xalqı dərədə. İt boğuşduran xalqa povest yazırdı. Axundovun teatrı olmayan xalqa dram yazması kimi... Jurnal buraxırdı. Oxucularını özü yaradırdı. Jurnalının şöhrəti ölkələri aşırdı. İllər keçirdi, o, doldurduğu bir anketə peşəsini “jurnalist” yazırdı. Yazıçı yox. Ömrünü yazıçıçılığa yox, oxuculuğa, ədəbiyyata yox jurnalistikaya oxuculara həsr edirdi. Bircə onu deyim ki, yazısıyla Təbrizdə fahişəxana bağlatdırmışdı. Yazıçısı fahişəxana bağlatdıran başqa xalq varmı dünyada?!

Mirzə Cəlil insan kimi heç də inqilabi keyfiyyətlərə malik deyildi. Ünsiyyətə girməyi sevmirdi. Əleyhinə çoxlu yazılar yazılardı. Dostu, demək olar ki, yox idi. Başının üstünə yazıb yapışdırmışdı ki, salamlaşanda əl verməyin. Bu qədər xəstəhal bir vasvasılığı vardı. Tanısaydınız insan olaraq çox sevməzdiniz bəlkə. Amma xalqı yolunda yanan və bunu bircə dəfə də dilinə gətirməyən bir tonqal idi. Bu tonqaldan çox ürəklərə qığılcım düşəcəkdi. O tonqal əsrləri isidicəkdi.

Bu adam Azərbaycan jurnalistikasını yaradacaqdı. Axundovdan sonra ölgünləşən Azərbaycan dramaturgiyasını dirildəcəkdi. Sabiri yetişdirəcəkdi. Üzeyir bəyi yetişdirəcəkdi. Amma heç kimlə əllə görüşmək də istəməyəcəkdi.

İndi yuxarı başa çıxartdığınız o Bakı milyonçuları var, ha, onlar muzdlu qatil tutub Tiflisə göndərəcəkdilər. O qatili təsadüfən Tiflis polisi həbs edəcəkdi. Üstündə də iki tapança. Etiraf edəcəkdi ki, muzdlu qatildir, Mirzəni vurmağa gəlib. Mirzə revolver alacaqdı, üstündə gəzdirəcəkdi. O silah yüz il sonra açılıb Rafiq Tağını öldürəcəkdi.

Üç dəfə evlənəcəkdi. İki arvadı da öləcəkdi. İlk arvadı öldükdən sonra qızına baxa bilməyəcək, bir gün susmadan ağlayan qızını aparıb quyuya atmaq istəyəcək, yoldan qayıdacaqdı. Qızının qatili olmayacaqdı, minlərlə qızın gözünü açacaq, onları maarif nuruna boyayacaqdı. Müəllim kimi evlərə gedib qız uşaqlarını məktəbə gətirtmək üçün yalvaracaqdı.

Evləndiyi ikinci arvadı Zeynəb əsəb xəstəsi olacaqdı. Dözəcəkdi ona. Deyinmələrinə, tikanlı sözlərinə. Pristav olmaq istəyəcəkdi bu illərdə. Alınmayacaqdı. Tiflisə gedəcəkdi. Arvadı orda öləcəkdi. Jurnalist olacaqdı. Hər gün Zeynəbin qəbrinin üstünə gül qoyacaqdı. Əsəb xəstəliyindən ölən arvadını heç zaman unutmayacaqdı.

Bu şəxsi problemlər məngənəsindən boğulan qaradinməz, tündməcaz adam Sabirin ölümü ilə dərin depressiyaya düşəcəkdi. Bir müddət yazmayacaqdı. Jurnalı bağlamağı da düşünəcəkdi. Amma etməyəcəkdi. Dostunun intiqamını sonuna qədər alacaqdı. O intiqam hələ də davam edir.

Qəribəsi, odur ki, həm Cənubi Azərbaycandakı Azadistan hökumətindən, həm də Azərbaycandakı Şura hökumətindən maarif naziri postu təklifini alacaqdı. Rədd edəcəkdi. Təbrizdən Bakıya gələcək və jurnalı buraxmağa davam edəcəkdi.

Jurnalın adı “Allahsız” olacaqdı. Məktəb yaşlarından allahsız olan Mirzə bunu özünə dərd edəcəkdi. Çünki onun qayəsi başqaydı. O, ürəklərə maarif nuru səpmək istəyirdi. Amma adı “kiçik burjua yazıçısı” kimi damğalanacaqdı. Kasıblığa tərk ediləcəkdi. Qızınmaq üçün əlyazmalarını yandıracaqdı. Yanvar ayının ilk günlərində gözünü dünyaya yumacaq, son sözü isə “Mithət gəlmədi?” olacaqdı.

Hə, Mithət... Mirzədən altı ay sonra gənc yaşında vərəm olan Mithət... Quyuya atmaq istədiyi qızı Münəvvərin zürriyyəti olmayacaqdı. Digər oğlu Əhməd isə II Dünya Müharibəsi illərində İrana gedəcək və geri qayıtmayacaqdı. Mirzənin bu torpaqlarda heç bir izi qalmayacaqdı. Amma bunlar bioloji məsələlərdir. Çünki bütün Azərbaycan ziyalıları Mirzə Cəlilin mənəvi övladlarıdır. İspan ziyalısını Servantes yaratmayıb. İngilisi Şekspir. Amerikanı Mark Tven. Rusu Tolstoy. Fransızı Hüqo. Amma Mirzə Cəlil təkcə müasirlərinin deyil, özündən sonrakı bütün ziyalıların ürəyinə işıq salacaqdı. Mirzə Cəlil özündən sonrakı bütün ziyalı nəslinin yaradıcısı olacaqdı. Çünki Mirzə Cəlili Azərbaycan özü yaratmışdı, zəmanə özü yaratmışdı.

Bir yuxu görmüşdü ömrünün son illərində. Dar bir otağa salırlar Mirzəni. Bircə yer var işıq düşən. Oranı da kərpiclə hörürlər. Yalvarır, məni işığa həsrət qoymayın deyir. Amma aman yoxdur, kərpicləri hörürlər. Bax, o, Mirzə deyil əslində. O, bizik, bizim bəlalı xalqımızdır. O işıq da Mirzənin işidir, o işıq Mirzədir, o pəncərə Mirzədir.

Təkcə yazıçı deyildi, amma bircə “Poçt qutusu” hekayəsi onu yazıçı etmişdi.

Təkcə jurnalist deyildi, hərçənd Azərbaycan mətbuat tarixində “Molla Nəsrəddin” qədər güclü bir jurnal heç zaman olmayacaqdı.

Təkcə, müəllim deyildi, amma Azərbaycanın ondan böyük müəllimi olmayacaqdı.

Təkcə, publisist deyildi, amma publisistikamızı da o yaradacaqdı.

Təkcə, şair deyildi, amma “Millət necə tarac olur olsun”u o yazacaqdı.

O, Ustaddır. Ömrü boyu minnətdar olacağımız əzizimiz, ən böyük yazıçımız, ən müqəddəs insanımız...

Bizi biz edən adam.

Dəli yığıncağından, ölülərdən kamança düzəldən adam...

# 3020 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #