Fransıza bənzəyən azərbaycanlı şair

Fransıza bənzəyən azərbaycanlı şair
16 mart 2016
# 14:33

Ayxan Ayvaz

Bir şair vardı, adı Adil Mirseyid. Fransızlara oxşayırdı, geyim-kecimi, kübar hərəkətləri gözümün qabağındadır hələ də. Adil Mirseyidlə tanışlığımız da fransızsayağı oldu, mənimlə çox kübar əda ilə danışdı. Sonralar onun söhbətləri oxuduğum kitablar qədər yaddaşımda qaldı.

Yeniyetmə vaxtlarımdı, qız sevirdim, üstəlik Adil Mirseyidin modernizm, imperssionizm haqqında mühazirələri. Çox ağır gəlirdi mənə. O zamanlar şeirlər yazmağa başladım. Bir-iki deyərkən, bir də gördüm bir qovluq oldu. Şeirlərin ilk oxucusu kim olsun? Əlbəttə, Adil əmi. Ondan başqasına verməyə ürək eləmədim.

“Ekspress” qəzetində maraqlı yazıları gedirdi rəssamlar haqqında. Hər dəfə alıb oxuyanda ordan yeni məlumatlar əldə edir, sonra oturub bu barədə Adil Mirseyidlə, yəni müəllifin özü ilə söhbət edirdim. Bu dəfə “Ekspress” qəzetini alanda gözlərimə inana bilmədim. Özümün heç kimə göstərməyə ürək eləmədiyim şeirlər haqqında yazmışdı: “Bir şairin şeirlərindən ətkilənmişəm, indi bu ətkini sizinlə bölüşmək ehtiyacı duyuram. Amma öncə deyim ki, onun poetik dünyası həyatın özü kimi xaotikdir”.

Şeirlərimi elə şeylərlə müqayisə etmişdi ki, labirintə düşdüyümü zənn etmişdim.

Məsələn:

“Onun şeirlərinin musiqisi bəstəkar Alfred Şnitkenin musiqisinə bənzəyir - bilmirəm o, Şnitkenin musiqisinə bələddirmi? Bu ünlü musiqiçinin bəstələrini dinləməyi ona tövsiyə edərdim. Onun şeirlərinin rəsmi irrosionaldır. Çeerce de Krikonun, Rene Maqrittin və Mircavadın tabloları kimi. Gənc dostuma təsviri sənətlə, Təbriz miniatür məktəbi və fransız impressionizmi ilə dərindən ilgilənməsini arzulayıram.”

Bu söhbəti dəqiq tutmuşdu: “Gənc dostum metofizik bir dünyanın şairidi - zira o, hənüz yaşamadığı günlərin şeirlərini yazır”. O zamanlar günəş işığına həsrət zirzəmi kafedə Adil Mirseyidlə oturub söhbət edən gənc kimi xəyallarımın ucu-bucağı yox idi, tamam ayrı bir dünyada yaşadığımı hiss edirdim. Gah özümü rəsm tabloların arasında, gah musiqilərin içində, gah da poeziyada tapırdım. Etiraf edirəm ki, şeirlərə vurğunluğu məndə bir az Adil Mirseyid yaratdı. Nazim Hikmətin 8 cildliyini mənə verəndən sonra isə şeir yazmağın daşını bir dəfəlik atdım. Bəlkə də Adil Mirseyid sağ olsaydı, bu qərarıma gülümsəyər və bir gəncin qorxusu kimi qələmə verərdi.

Haqqımda yazdığı bu cümlələrlə o zaman da, indi də ikiəlli razılaşıram:

“İndi onun şeirləri ilə üzbəüz oturmuşam, onun şeirləri ilə həmsöhbətəm. O, özünü ifadə etməyə, təsdiq etməyə çalışır, onun içində hardasa sanki bir anlaşılmazlıq qorxusu yaşayır.
Bəlkə də elə bu üzdən bir qədər əsəbi, bir qədər səbirsizdi. O, nəyisə, çox vacib bir detalı unuda bilər, özü də bunu duyur, bəzən bir neçə misradan sonra sərbəst şeirin musiqisi ritmini dəyişir. Ritm qırılır, sonra yenidən bərpa olunur. Və iki misra arasındakı dissonans məni narahat eləyir, həyəcanlandırır. Amma onun mənə ürək qızdırdığını, etibar elədiyini bilirəm. Mən isə ondan nigaranam, çünki o, istedadlıdır. İstedad, yəni gerçək istedad isə hər yerdə, hər zaman təhlükəlidir...”

Düşünürəm ki, o vaxt yaxşı ki, Adil əmiyə o şeirləri vermişəm. Çünki o öz keçmişinə, gəncliyinə yelkən açıb, sevgiləri, keçirdiyi hislər yadına düşüb, təzədən doğulub. Yox, bu mənim şeirlərimin gücünə görə deyil. Qəti belə fikirləşməyin ki, özümü tərifləyirəm. Baxın, Adil Mirseyid də haqqında danışdığım yazıda belə yazır: “Eh, gidi dünya, deyəsən, artıq qocalmışam, öyüd-nəsihət vermək keçir könlümdən. Əstəğfürullah, sadəcə indi Ayxanın şeirlərini oxuduğum bürkülü yay gecəsində öz gəncliyimi xatırlayıram. İyirmi yaşımda şeir dolu qovluğumu qoltuğuma vurub o illərdə çox məşhur olan, uşaqlıqda onun şeirlərini oxuya-oxuya şeir yazmağı öyrəndiyim şairin qapısını döymüşdüm. Kaş ki, heç döyməyəydim... Bizim gəncliyimiz "biganələr iqliminə düşdü". Biz iyirmi yaşımızda qayğı sözünü eşitdik, amma qayğının özünü, üzünü görmədik”.

Məncə, bu açıqlamanı izah edəcək nəsə yazmaq yersizdir, Adil əmi öz gənclik vaxtlarının ağrılarını qısaca dilə gətirib. Bir şeyi deyim ki, Adil Mirseyidin tələbəsi kimi həmişə onu maraqla dinləmişəm və mənə bildiklərini paylaşmaqda hər zaman səxavətli olub. Yazıda da bunu deyib:

“Ayxanın mənə verdiyi qovluqda yaddaşım məni aldatmırsa, təxminən otuz-otuz beş şeir vardı. Mən bu qovluqda toplanmış şeirləri oxudum və gördüm. Yox, Ayxanın şeirləri vizual, görsəl şeirlər deyil, amma şairin portretini çəkməyə imkan verir. Onun lirik məni qapalı məkanda yaşayır. Qovluqda toplanmış şeirləri oxuduqca Andrey Tarkovskinin "Stalker" filmini xatırladım - Tarkovski kinonun şairi idi. Rejissor bu filmi qapalı məkanda, çıxılmazlıq mühitində lentə alıb. Stalker zonada, labirintdə yaşayır. Rusiyadan, doğma vətənindən mühacirət etmək məcburiyyətində qalan rejissor Sovetlər Birliyində qapalı məkanda Stalker idi. Ayxan da qapalı mühitin şairidi, amma o, Stalker deyil. O, labirintdə yox, şüşə kaleydoskop içindədi sanki. Onun tragikomediyası, elegik ovqatı bir gəncin melanxoliya durumundan xəbər verir - şüşə kaleydoskop içində kəpənək qanadları ilə uçmaq sevdasında bulunan bu gənc daxilən özgürdür, Aleksandr Blok sağ olsaydı, şairin daxili özgürlüyünə "gizli azadlıq" deyərdi.
Arabir türk çayxanasında görüşürük, başımız söhbətə qarışır, əslində çox zaman mən danışıram, o, bir tələbə marağı ilə məni dinləyir. Bəzən ona sevdiyim kitabları bağışlayıram. Bir də baxıb görürük ki, bardaqlarda çay çoxdan soyuyub - əlbəttə çay bəhanədi”.

Yazının sonunda Adil əminin mənim üstümdə əsdiyi hiss olunur. Məndən narahatdır. Çünki həmin şeirlərdə ölüm qırmızı xətt kimi keçirdi və həssas şair də bunu hiss etmişdi:

“On səkkiz yaşlı bir gəncin qafasında dolaşan bu ölüm sevdası nədi? Onun hər şeirindən ölüm metafizik olqu olaraq keçir. Sətirlər, misralar arasında ölümün kölgəsi görünür.


Attilla İlhan "ölümə yenik düşən əslində qorxuya yenilir" demişdi.
Qorxuya yenilmə, mənim gənc dostum!”

Mənim də yazımın sonu belə olsun:

“Fransız şairləri kimi kübar əda ilə danışan, Adil əmi! Qafamızda dolaşan ölüm sevdası gerçəkmiş. Gözəl kişilərin hamısını çiynimizdə apardıq. Çox yorulduq, Adil əmi. İstəməzdim ki, sənə dediklərim bu qədər kədərli olsun, amma nə yazıq, yazılan hər söz, cümlə kədərli səslənir. Hələ bu şeirin də:

səndən ölüm diləmişdim

allah mənə ölüm göndər demişdim

allah bağışla bəndəni

bu gecə öldürmə məni

bilirəm qul olduğumu

bilirəm şair olduğumu

qulamsa şairliyimi al məndən

şairəmsə gəl məni qul eləmə

bir kimsə görmədən başım üstündə uçur

sən göndərən bəyaz kölgə

anlat mənə allahım anlat mənə kim olduğumu

bir anadan doğulmuşuq biz bəlkə

o dünyadan gəlmişdim

bu dünyaya alışdım

amma nə qul nə də şair

taleyimlə barışdım

allahım niyə mənə qanad vermişdin

bilirdin ki qıracaqlar qanadlarımı

uçub gələ bilməyəcəm dərgahına

yapayalnız qalacam fani dünyada

Hərdən fransız şairlərinə bənzəyən, qollarında bilərzik, gözlərində balaca eynək olan Adil Mirseyidlə qarşılaşıram.

# 1827 dəfə oxunub

Oxşar xəbərlər

Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
# # #