Namusunu tükdən asmış bığlı qızlar

Namusunu tükdən asmış bığlı qızlar
14 oktyabr 2019
# 11:20

Cəhalətin dağıdıcı gücü müharibədən daha ağır və fəlakətlidir. Yenə savaşdan sağ çıxmaq ehtimalı var, cahillik isə ağuşuna aldığı hər kəsi məhv edir. Nə böyüyə aman vermir, nə də körpəyə. Ana bətnində doğranan qızlar, 16 yaşlı gəlinlər, həkim əvəzinə pirlərə üz tutan xəstələr, oğul doğmadığı üçün evdən qovulan qadınlar cəhalət qurbanı deyilmi?

Afaqla uşaqlıq dostu idik. Eyni küçədə yaşayır, bir məktəbə gedirdik. Məndən iki sinif yuxarıda oxuyurdu. Anası "Matı" çağırdığından, biz də ona elə deyirdik. Balaca vaxtı yumrusifət, qıvrımsaç, qəşəng qız idi. Elə ən yaxşı günləri də uşaqlığında qaldı. Böyüdükcə üzləşdiyi problem daha da dərinləşdi, bütün həyatını qaraltdı. Nə ali məktəb oxudu, nə də ailə qurdu. Aylarla evdən bayıra çıxa bilmədi. Hamı ondan, o da özündən diksindi. Afaqı ən çox da uşaqlar incidir, "Bığlı qız, kişi Matı"- deyib ələ salırdılar.

Rəfiqəmin üzü 15-16 yaşından tüklənməyə başladı. Həm də sürətlə kökəlirdi. Tək sifətini deyil, qolunu, ayağını, boğazı da qıl basmışdı. Bədheybət görünürdü. Yaşı artdıqca, səsi də kobudlaşır, kişi tonu ilə danışırdı. Heç 11-ci sinfi bitirmək ona qismət olmadı, ilin yarısından məktəbdən ayrıldı. Anası nə qədər yalvarsa da dərsə getmədi. Adam içinə çıxmağa çox utanırdı.

Dilbər xala qızının dərdinə dəva tapmaq üçün getmədiyi falçı qalmadı. Gəncəbasarda nə qədər pir, ocaq vardısa, Afaqı darta-darta hamısına aparırdı. Niyəsə bircə həkim ağlına gəlmirdi.

Goranboyda tanınmış bir baxıcı demişdi ki, övladına ölü torpağı ilə ağır cadu ediblər, ona görə tüklənir. Tilsimin sınması üçün Afaqa 40 bakirə qızın sidiyi ilə çimməyi məsləhət görmüşdü. Yazıq Dilbər xala necə həvəslə bunu qonşu arvadlara danışır, balasının düzələcəyinə böyük ümid bəsləyirdi. Matıya kömək etmək üçün hərə öz qızının sidiyini bankaya yığıb, onlara aparırdı.

Nəyahət, falçının buyurduğu "dərman" hazır oldu. Anası Matını həmin murdar su ilə çimizdirib, nəticəni gözlədi. Hamımız böyük dəyişiklik olacağına inansaq da, heç bir fərq baş vermədi. Bu hadisədən depressiyaya düşən Afaq üzünü atasının ülgücü ilə qırxdı. Sifəti kəsik-kəsik olmuşdu. Üstəlik, Dilbər xala da buna görə o boyda qızı basıb döydü. Gəncə kimi mühafizəkar toplumda qız uşağının tükü müqəddəs, toxunulmaz sayılırdı. Gəlin olmadan qopartmaq, qırxmaq ağır tabu, namus məsələsi idi. Gərək toyadək qızın qaşının çatması, bığı-saqqalı yerində olardı. Orta məktəbi bitirəndən sonra ancaq ayaqdakı tüklərə əl gəzdirməyə icazə verilirdi. Ona görə qızlar son zənglə bağlı tədbirə adətən ya dizədək uzun corab, yaxud da "kapron" kalqotka geyinməli olurdu. Qılları ancaq belə ört-basdır etmək mümkün idi. Amma onu da deyim ki, müasir ailələrdə vəziyyət nisbətən fərqliydi. Rus bölməsində oxuyan qızlar bığı "perekis"lə saraldaraq gizlədə bilirdi. Bu metod ancaq ağbəniz və sarışın adamlarda effekt verirdi. Qarabəniz qızda sarı bığ daha eybəcər görünürdü.

Əslində anası Matının problemini qismən də olsa həll edə bilərdi. Düzdür, o zaman indiki lazer epilyasiyası yox idi. Amma qadın salonunda işləyən ustalar sapla üzdəki tükləri alırdı. Ən azı Afaqın sifəti əzab çəkdiyi qıllardan təmizlənər, həyatı müəyyən qədər asanlaşardı. Onsuz da bədənini gizlətmək üçün il boyu biləyə və topuğadək bağlı paltarlar geyinirdi. Matı nə qədər dil töksə də, anası üzünü aldırmağına icazə vermirdi.

Beləcə aylar, illər ötdü. Matı gündən-günə daha çox tükə bürünür, anası isə qızını bu bəladan xilas etmək üçün yorulmadan falçı gəzirdi. Heç bir baxıcı, pir, molla övladının dərdinə çarə tapa bilmirdi. Afaq çox nadir hallarda küçəyə çıxar, tez də qayıdıb evə girərdi. Görünən kimi hamı meymuna baxarmış kimi gözlərini ona maraqla zilləyər, "İraq olsun",-deyib qulaqlarını çəkərdilər.

Bir gün bizim küçəyə yeni ailə köçdü. Qadın qazaxıstanlı olsa da, bizim dildə rahat danışırdı. Matını görəndə onunla tanış olub, evinə çağırdı. Qızla söhbət edəndən sonra Dilbər xalaya dedi ki, övladının səhhətində ciddi problem var, onu ginekoloqa apar. Sən demə, Afaq bu yaşadək normal menstruasiya olmurmuş.

Anası yenə də daş atıb başını tutdu ki, bu mümkün deyil, camaatın ağlına pis fikir gələr: "Qız uşağının ginekoloqla nə işi? Elə zənn edərlər ki, Afaqın başına iş gəlib. Özümüzü el içində biabır edə bilmərəm".

Amma bu dəfə Matı Dilbər xalanı dinləmədi. Elə o qonşu qadınla birgə yaxınlıqdakı qadın məsləhətxanasına getdi. Müalicə olunsa da, dərmanlar lazımi nəticə vermədi. Xəstəliklə mübarizəyə çox gecikmişdi.

İlk vaxtlar Matı anası ilə çox dalaşır, "Vaxtında məni mollaya, falçıya deyil, həkimə apasaydın, gəncliyim puç olmazdı",-deyirdi. Amma zamanla sakitləşib, taleyi ilə barışmalı oldu.

İndi Afaqın 40 yaşı var. Anası vəfat edəndən tək yaşayır. Dərzi işləyib, özünü bir təhər dolandırır. Hər yay Gəncəyə məzuniyyətə gedəndə onunla görüşürük. Tüklü Matıdan əsər qalmayıb. Həm dərman qəbul edir, həm də epilyasiya dadına çatır. Amma ailə qurmağı heç düşünmür. Həkimlər deyib ərə getsən də övladın olmayacaq: "Anam istəmədən mənə həyatımın ən böyük pisliyi etdi. İllərlə güzgüdə üzümə baxa bilmədim, camaat ələ saldı. O, özü də mənə görə çox dərd çəkdi. Ölənə yaxın bağışladım. Nə edibsə, cahilliyindən edib".

Bu gün də Afaqla eyni problemi yaşayan gənc qızlar var. Xüsusən də rayon və kənd yerlərində hələ də tük məsələsi öz aktuallığını qoruyur. Baxırsan, qəşənq qızdır, amma pudranın altından qara bığları adamın gözünə batır. Utanıb əli ilə burnunun altını gizlətsə də, üzündən bir tükü də qopara bilməz, gərək ərə gedənədək bəsləyib saxlasın. Qolu, ayağı anormal dərəcə qıllı olan məktəbli qızlara da rast gəlmişəm. Nə vaxt ərə gedəcəkləri məlum olmadığından, bunun sıxıntısını hələ uzun müddət yaşayacaqlar. Övladının çəkdiyi əziyyətə göz yuman valideynlərə də mat qalıram. Əgər balan tükə görə kompleks yaşayır, ən pisi də sinif yoldaşları tərəfindən ələ salınırsa, niyə cəhalətin ağzına daş basıb qızına kömək etməyəsən?

Hər şey bir yana, namusu tükdən asmaq elə əxlaqın özünə qarşı ən böyük haqsızlıq deyilmi?!

# 9034 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #