Markesin azərbaycanlı kəndçisi

Markesin azərbaycanlı kəndçisi
17 oktyabr 2014
# 15:29

“Bir başqadır mənim məmləkətim” silsiləsindən “söhbətdi də eləyirik” janrında

Görmüş olarsız, beşmərtəbələrin arasındakı boş ərazidə avtodayanacaqlar var və bu milli-parkinq nümunəsi zonalara həmişə elə oralıqdaca özünə bir “budka” düzəltmiş bir dünya azərbaycanlısı nəzarət eləyir. Bu əfsanəvi adamların əsl adını öyrənmək üçün onlarla bir xeyli dostluq etməlisən, yoxsa uzun illər (bəlkə də ömrün sonuna qədər?!) onların gerçək adını bilməzsən. Zatən get-gedə hamının ləqəbi doğmaca adını yeməyə başlayıb, bu da bir ayrı söhbətdi. Bu qardaşların adları həmişə məhlə sakinlərinin dilində deformasiya olunmuş formada səslənir, illər keçir və qardaş özü də inanmağa başlayır ki, onun adı Rəşad yox, məsələn, Roşkadı.

Roşkanın qəribə sualları var, ləzzət eləyir. Hər dəfə kimdən siqaret istəsə, dalınca soruşur: “Qaqaş, özün çəkənsən?” Dərd orasıdı ki, bir insan övladı dönüb demir, a bala, siqaretim varsa, deməli çəkirəm də. Roşka söhbət üçün bəhanədir, yaxın oturun. Deməli, köşklərdən siqaret almıram, necə deyərlər, altdan-altdan, illeqal alıram. Yadınıza salın, o metrodan çıxanda, baqajını timsah ağzı kimi açmış qəhvəyi “Jiquli”lər var ha, bax onlardan. Əkmək aslanın ağzındadırsa, onda siqaret də timsahın boğazında olar yəqin. Səhər işə gedəndə, baxdım ki, siqaretim qurtarıb. Metrodan çıxan kimi özümü verdim bir timsah ağzının yanına, day-day qalığımı qaytarınca bomba bir intellektual söhbətin içinə düşdüm. Müştəri gözləyən taksi şoferləri tüstülədə-tüstülədə, termosdan özlərinə çay süzə-süzə bir-birini imtahan edirdilər. Boyca da, görünüşcə də Lui de Finesə oxşayan bir şofer, arıq, uzun həmkarından soruşdu: “Yaxşı, onda sən de görüm, o hansı dənizdi ki, orda adam batmır?”

“Onda sən de” – sözünü eşidəndə, başa düşdüm ki, söhbət çoxdan başlayıb. Arıq, uzun və sən demə həm də mırıqdiş şofer gülə-gülə cavab verdi: “Ayə bunun verdiyi suala baxın! Bu lap “detski” sualdı ki. Bunu bilməyə nə var, adam batmayan dəniz ceyranbatandı, orda ceyran batır, adam yox…”

***

Dostum Şaiqlə Quzanlıya getməliydik. Ağcabədidə bir taksi şoferi tapdıq ki, gəl görəsən: maşını da, özü də unikallığın təntənəsi... Platonun “ideya-kopya” məsələsini bilmiş olarsız. Yüngülvari deyim də... Platon kişi deyib ki, bəs, ay həzərat, bizdən kənarda, yuxarıda ideyaların əsli var, yer üzündəki hər şey o gerçək ideyaların kopiyası, təqlidi, second hand variantıdı. Amma, inanın, Ağcabədidəki sürücü kişinin nə özü, nə də maşını təqlid idi. Çünki məncə bu maşının özü yox, onun nə vaxtsa reallaşması nəzərdə tutulan ideyası idi. Elə kişinin özü də baş tutmamış eksperiment kimi hüznlüydü. Quzanlıya gedən yolda, addımbaşı kədərli bir yol işarəsi özünü göstərib yoxa çıxırdı: “Ata ehtiyatlı sür. Evdə sənin yolunu gözləyirik…”

Hövsələsizlikdən dəqiqəbaşı soruşurdum ki, nə qədər qalıb? Hələ bir az yol qalsa da, sürücü dayı elə hey deyirdi ki, çatırıq başına dönüm. Yolboyu həm kişinin saflığını, həm də gülünc cavablarını düşünə-düşünə beynimdə axmaq bir şeir uydurmağa başlamışdım:

Sifəti tüklüdü, ovurdu batıq,

Nə əksik istəyir, nə də ki, artıq,

Hələ çatmamışıq, deyir ki, çatdıq,

Ürəyi özündən qabaqda gedir…

Quzanlıya çathaçatda şofer qayıtdı ki, burda benzin doldurum, davam eləyək. Yanacaqdoldurma məntəqəsinin yanından keçdik, kişi saxlamadı. Bir az irəlidə, ayaqyoluna oxşayan bir “budka”nın yanında saxladı, düşdü, qabağına çıxan kişiyə bir onluq uzatdı. Onluğu alan kişi gedib içəridən bir vedrə benzin gətirdi, sürücü başladı vedrəylə maşınını doldurmağa. Məni dəli bir gülmək tutdu. Yolda soruşdum ki, ağsaqqal, niyə “benzin-kalonka”da doldurmursan? Nə desə yaxşıdı: “Bajoğlu, bunların benzini təmizdi, çəkmə araq kimi...”

***

Bilmirəm, sizin rastınıza çıxıb, ya yox, bir tip adamlar var, nə deyirsən, nədən danışırsan, deyir ki, çoxdan eləmişəm, oxumuşam, bilirəm, məndə də var. Yaxın aylarda bəxtimə bu cür adamlardan ən unikalı ilə tanış olmaq fürsəti düşdü. Bir məclisdə tanış olduğumuz bu day-day, nədən söhbət düşdüsə, dedi ki, mən 80-ci illərdə bunu eləmişəm. Məclisdə biri qayıtdı ki, axşam gördüz də, Messi komandanı xilas elədi. Dayı dözmədi, başladı: “Həşdat ikinci ildə, Tiflisdə çempionata getmişdik. İki sıfır uduzurduq, trenerə dedim ki, yekə kişisən, məni niyə buraxmırsan oyuna? Axırı məcbur olub ikinci taymda məni oyuna saldı, girdim, 15 dəqiqəyə üç qol vurdum, 90-cı dəqiqədə ayağım qırıldı. Futbol həyatım yarımçıq qaldı.”

Məclisin sonunda bir başqa adam dedi ki, güləşçilərimiz medalnan qayıdıb. Kişi o saat dilini “xoda” saldı: “Həşdat yeddinci ildə, Moskvada güləş çempionatına getmişdik. Orda finalda bir erməniylə düşdüm, mənim bir “karonnı” priyomum var, onu eləyəndə, bu erməni gədə qolumun üstünə düşdü, hiss eləmədim, navokain vurdular, oynadım, xal hesabı uddum onu. Bir-iki saatdan sonra məlum oldu ki, qolum qırılıb. Güləş həyatım belə yarımçıq qaldı.”

Necəsə oldu, məclisdə söhbət yeni texnologiyalardan düşdü, day-day guruppp… düz söhbətin içinə: “Həşdat dördüncü ildə, məktəb direktoru işləyirdim. Özüm balaca diodlardan bir mexanizm düzəltmişdim, otağımda düyməni basırdım, sinifdəki xəritənin üstündə işıqlar yanırdı. Kəşfimi o vaxt Moskvaya apardım, dedilər, köç gəl burda yaşa, sənə hər şəraiti yaradaq. Getmədim, dedim, mən işığımı xalqım üçün yandırmalıyam.”

Kimsə “Eşq olsun” – dedi, içdik.

Məclis öz axarında davam edirdi, söhbət ədəbiyyatın üstünə gələndə, day-dayın burda olduğunu unudub söhbətə girişdim, Markesdən filan bir-iki hap-gop elədim. Hamı çölə çıxanda, day-day qoluma girib dedi: “Qardaşoğlu, məclisdə özüm demədim, bilirsən də, Markes bizim qohum olub?”

Eynəyimin altında gözlərim böyüdü. Day-day sevincək davam elədi: “Bə nədi, “mar” - ilan deməkdi, “kes”- də kəs sözünün dəyişmiş formasıdı. Markesin babası bizim kənddə ilan tutan olub. 60-cı illərdə bizim kənddən köçüblər, kişi indiyəcən gözümün qabağındadı”.

Ağlamaq tutdu məni…

# 2550 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #