Dəli qardaşın dəli bacısı

Dəli qardaşın dəli bacısı
8 aprel 2013
# 11:31

Cəlil CAVANŞİR

Bir kənd xatirəsi

Kəndimizdə əqli cəhətdən qüsurlu bacı-qardaş vardı. Qardaşın adı Camaləddin, bacının adı Gülşən.

Doğulduqları böyük ailədə əqli cəhətdən qüsurlu təkcə ikisi deyildi. Böyük qardaşları Əlfəddin də şizofreniyadan əziyyət çəkirmiş.

Novruz bayramında kəndə gedəndə təsadüfən həbsxanada dünyasını dəyişmiş Əlfəddinin dilənçilik edən oğlunu gördüm. Həm əqli, həm də fiziki cəhətdən qüsurlu olan bu gənci lap uşaqlığından tanıyıram. Kəndimizin “Yuxarı Bazar yeri” adlı hissəsində, kəndə gələn avtobusların sonuncu dayanacağında dayanıb gəlib-gedənə əl açırdı.

Əslində kənd camaatı ona bu imkanı vermirdi. Hamı sözləşibmiş kimi, evlərinə ərzaq, pul, pal-paltar göndərirdi. İnsafən özü də abırlı uşaq idi, heç kəsi incitməz, özünü sakit aparardı. Nədənsə o uşağı görən kimi atasının faciəsi yadıma düşdü...

...Camaləddinlə Gülşən əqli cəhətdən qüsurlu olsalar da, kənddə hamını ad-ad tanıyırdılar. Orta məktəbi son sinifinə qədər oxumuşdular. Gülşən qaradinməz olsa da, Camaləddin çoxdanışan idi. Camaləddinin uzun çənəsi, çirkli saçları bir də hamıya verdiyi “Sən allah, mən gözələm?” sualı hələ də yadımdan çıxmayıb...

...Camaləddin bacısıyla birlikdə bütün kənd toylarına gedərdi. Barmağında metal üzüklər, boynunda muncuq və yaz adi metaldan hazırlanmış, qızılı rəngli zəncir olardı. Bütün bu əşyaların onu gözəl göstərdiyini düşünürdü. Uşaqlar dəstə ilə onların arxasınca düşüb oxuyurdular :

Camaləddin, Gülşən

Gedirdilər şən-şən.

Camaləddin yıxıldı,

Gülşən yaman paxıldı.

Hərdən Camaləddinin əsəbləşib uşaqlara daş atmağı da olurdu. Uşaqlara qarşı aqressiv olsa da mənə dəymirdi. Anam orta məktəbdə ona da, bacısı Gülşənə də dərs demişdi. Həmişə rastlaşanda deyirdi : “Sən Şəkurə müəllimənin oğlusan, bilirəm. Sənin maman elə gözəl idi ki...”

...Gülşəni qonşuları kəndlimiz Tacıya ərə verəndə biz uşaq idik. Böyüklər evdə bu barədə təəssüflə danışırdılar. Xüsusən anam Gülşənə dərs dediyi üçün, ondan ev qadını olmayacağını yaxşı bilirdi. Tacı Gülşənin böyük qardaşı Əlfəddinlə dost idi. İkisi də başdan xarab olduğu üçün yaxşı yola gedirdilər. Əlfəddin Gülşəni subay dostu Tacıya verib, üstündəki yükdən qurtulmaq istəmişdi. Heç bir həftə keçmədi ki, Əlfəddin Tacını kəndin içində, “Dingbaşı” deyilən məhəllədə baltalayıb öldürdü. Sən demə Tacı Gülşəni döyürmüş...

...Əlfəddin həbsxanada öləndən sonra ailəsi və şikəst uşaqları başsız qaldı. Elə Gülşən də, Camaləddin də sahibsiz, kimsəsiz qalmışdı. Gülşənlə heç kəsin işi yox idi. Camaləddinin isə fikri-zikri canlı-cüssəli oğlanlarda idi. Özünü qadın hesab etdiyi üçün dodağına pomada çəkir, qaşlarına, saçına, saqqalına jele sürtürdü. Hamıya inandırmağa çalışırdı ki, gözəldir. Hətta biz doqquzuncu sinifdə oxuyanda sinif yoldaşlarımdan birinə vurulmuşdu və hər yerdə bu barədə danışırdı. Hərdən küçələrinin başında dayanıb sinif yoldaşımın dərsdən gəlməyini gözləyirdi...O vaxtlar bu bizim üçün sadəcə zarafat üçün mövzu idi...

Hər yerdə axmaq, özünü və hisslərini idarə edə bilməyənlər olur. Kəndin ərgən oğlanlarından bir neçəsi Camaləddini gəndalaşlığa çəkmişdi...

...İndi yəqin ki, Camaləddin də, Gülşən də qocalıb. Bəlkə də dünyadan köçüblər. Mənim isə xəyalımda kəndimizin daşlı, palçıqlı, narahat küçələri canlanır. Camaləddin bacısı Gülşənin əlindən tutub hansısa toya tələsir...

# 2778 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #