Cibdə dəftərxana gəzdirmək

Cibdə dəftərxana gəzdirmək
6 yanvar 2016
# 16:21

“Bizim Cəbiş müəllim” filmində məlum səhnə var. İnanmıram kimsə unutmuş ola. Əbülfəzi hərbi milis saxlayıb sənədini istəyir. O da cibindən bir qovluq sənəd çıxarıb sayır: “Bu mənim azad olmağım haqqında kağız, bu arayış...bu da mənim qrijam, qripki, yəni ayaqda göbələk, bu da ki...sidik kisəmdə daş var.”

Bu kadr o dövr üçün belə xarakterizə olunurdu: hamının cəbhə üçün yaşadığı bir zamanda kimlərsə müharibədən yayınmaq istəyir. Buna görə hər cür varianta əl atır, hətta sidik kisəsində daş olmağını belə o dövrün mühafizəkar cəmiyyətində müharibədən yayınma səbəbi kimi utanmadan pıçıldayır. Film boyu da Əbülfəzin xarakteri açılır; biz onun necə alverçi, obıvatel olduğunu görürük.

Amma məsələyə müasir kontekstdən baxanda, mövcud reallıqdan yanaşaraq yozum verəndə Əbülfəzə haqq qazandırmaya bilmirsən. İndi bu kadrlara baxanda adamın ürəyindən bu fikirlər keçir: “Yazıq Əbülfəz neyləsin, o qədər sənəd istəyirlər ki, məcbur olub hamısını doldurub cibinə.”

Həqiqətən bizdə sənəd məsələləri o qədər qəlizdir ki, məcbursan cibində şəxsiyyət vəsiqəni, xarici pasportunu, uşaqların metirkasını, nikah haqqında şəhadətnaməni, evin “kupça”sını (Lüğətdə qəbalə deyirlər) da gəzdirəsən.

Çünki evdən çıxanda, getdiyin idarədə bilmirsən başına nə gələcək, hansı sənədi istəyəcəklər. DYP saxlayıb hansı sənədi tələb edəcək. Əslində bilirsən, amma yağışdı havada birdən çıxan günəş kimi bizdə qəfildən elə qanunlar, qərarlar çıxır ki, xəbərin olmur. Çaşıb qalırsan. Ona görə də yol polisinə deməyə söz tapmırsan, deyirsən filan qanunda bu cür yazılıb, dərhal sözünü ağzında qoyub yeni qərarın çıxdığını iddia edir.

Dünya elektron sənədləşmə sisteminə keçir, biz hələ də cibimizdə arxiv materialları gəzdiririk. Öz başıma gəlib. Soyadımın sonluğunu dəyişmək istəyəndə dedilər mütləq valideynlərinin kəbin kəsdirdiyi VVAQ idarəsinə getməlisən. Absurda bax.

İndi kiçik bir əməliyyata görə gərək gedəm rayona, orda VVAQ idarəsinin rəhbərini tapam, xahiş-minnət, işimi düzəldəm.

Kommunal ödənişlərin nəğdsiz qaydada, elektron şəkildə ödənildiyi bir dövrdə biz qəbzləri yığıb saxlamağa məcburuq. Niyə? Çünki etibarımız, inamımız yoxdur.

Sovetskidən əvəzləmə ilə verilən evə hələ imkanlaşdırıb köçə bilməmişəm. Dörd aydır ki, mənzilin qapısı qıfıllıdır. O gün gəlib baxıram ki, qapıda çek asılıb, bəs suya 11 manat neçə qəpiksə borcunuz var. Yalan deyənə, su yolunda öldürülən Həzrət Abbas qənim olsun, əgər mən o evdə heç bir vedrə su işlətmişəmsə. Bəs bu borcu necə yazıblar? Üstəlik evdə su sayğacı da quraşdırılmışdı.

Sözün kəsəsi su idarəsinə gedib nə illah elədimsə onlara sübut eləyə bilmədim ki, o borcu evdə sayğac ola-ola özünüzdən yazmısız. Bunların cavabına bax: Qapını açan olmadı, biz də yazdıq. Qapını açan yoxdursa deməli evdə adam yoxdur, evdə adam yoxdursa deməli su da işlənilmir. Bunu bilmək üçün dərin savad lazımdı?

Yaxşı bəs mən əgər qapını bağlayıb illərlə o evə baş çəkməsəm necə? Belə çıxır gələndə görəcəm ki, filan qədər su borcu yığılıb. Məcbur o borcu mənə ödətdirdilər. Hələ, Allah üzümə baxıb, guya mən savadlıyam, bunlarla bir az atışa bildim, öz aləmimdə haqqımı tələb eləməyə çalışdım. Dilbilməz adam olsaydım, bəlkə də mənə bütün binanın borcun ödətdirərdilər.

Ağzı süddə yanan, ayranı piləyə-piləyə içər. İndi işıq, qaz idarələrinə də özüm tək-tək gedib sənədləri verirəm, yoxlatdırıram ki, əyər-əskik olmasın, özü də XXI əsrdə, bir tuşla dünyanın bu başından o başına milyonlarla dolların transfer edildiyi bir çağda.

Vahid kargüzarlıq sistemi yoxdur. Hər təşkilat bir cür sənəd tələb edir. Gündə bir qərar qəbul edilir, gündə bir qayda çıxır. Və belə bir mühitdə Əbülfəz kimi cibində min cür sənəd gəzdirməyə məcbursan. Çünki bu dəfə tüfeylilər, obıvatellər, müftəxorlar, Əbülfəzin deyil, həmin o hərbi milisin, dolayısı ilə bürokratik aparatın simasında cəmlənib.

# 1005 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #