Fəxri Uğurluya məktub

Fəxri Uğurluya məktub
30 oktyabr 2017
# 12:27

Əzizim Fəxri, dünən Kulis.az-da sənin “Məryəmin oğlu” adlı hekayəni oxudum. Və deyim ki, hekayə məni bərk tutdu.

İki nəfərin dialoqundan ibarət hekayədə gördüyümü – məni tutanı yazmaqdan özümü saxlaya bilmədim. Yəni bu balaca yazı ürəyimdən təpdi. Bilirik ki, yazıçılıq içini sərgiyə çıxardıb günə verməkdi. Yazar içinin dərinliyinə yenə bildikcə özünü daha yaxşı üzə çıxarda bilir. Bu təbiət hadisəsinə bənzəyir. Qabdakı südün qaymağı südün üzünə toplanır. Yazıçıda isə əksinə olur - qaymaq lap alta çökür.

Yazıçı həmin alta çökən qaymağın yerini dəyişəndə - yəni içinin altını üstünə çevirib üzə çıxardanda mətn gözəl olur. Sənin haqqında bəhs edilən hekayəndə bu, obrazların dialoqunda, onların psixoloji məqamları şərh etməsi vasitəsiylə ortaya çıxır. Və məncə yazıda Fəxri Uğurlu imzasının özünəməxsusluğu da elə burdadı - obrazların daxili aləminə işıq tuta bilmək.

Məncə, yazıçı üçün işıq tutmaq həm də azdır, həm də o işıqda axtardığını görə bilmək, yaratdığın obrazı saldığın vəziyyətə uyğun dindirə bilmək, həmin vəziyyətə, mənzərəyə gendən durub tamaşa edə bilmək vacibdir. Yazının bir özəlliyi də onun gözəl dilə və poetikaya sahib olmasındadır. Hekayədə sözlər öz anasının yanında mışıl-mışıl yatmış körpəni xatırlatdı mənə.

Sözlərin heç biri özünü qəriblikdə hiss etmir, hər bir söz öz evində-eşiyindədir, yerləri dəyişik düşməyib. Bu nənələrimizin danışdığı, bizə miras qoyub getdiyi dildir ki, bizim orda sözləri al-dəyiş yazmağa haqqımız yoxdu. Görəsən dil mütəxəssisləri bilirmi ki, nənələrimizin dilində “şenlik” sözü şənlik sözünün eyni deyil, ondan daha geniş anlamı ifadə edir.

Anam gənc bir ailə özünə gorgah quranda deyərdi – orda şenlikləniblər, yəni ev olublar. Və ya belə bir anlamı – filankəs bu gün şenliyə çıxdı, yəni ortalığa, işığa çıxdı. Yazıçı belə sözləri yaşadan mətnlərlə dilin ruhunun keşiyində durur məncə. Etiraf edim ki, bir də ona heyran oldum ki, uzun illərin dostu olduğumuz halda, bir dəfə də sənin dilindən ərklə kiməsə “mənim filan yazımı oxudunmu” sözünü eşitməməyimdir. Sənin bir yazıçı kimi özünü ağır aparmağın həm də istedadın lal olmasının göstəricisidir.

Hekayəyə görə səni öpürəm.

Hörmətlə,

Dostun İlham Qəhrəman

# 1408 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #